Yaddan
çıxmış sənətkarlar:
Gəray bəyin –Sənət
dostlarının itirdiyi aktrisa
Səməd Vurğunun “Komsomol
poeması” əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmi
yeni bir cəmiyyət yaratmaq uğrunda mübarizə
aparanlarla köhnə cəmiyyətin silahlı nümayəndələri
arasında gedən qanlı mübarizədən bəhs edir.
Tərəflərdən birini Bəxtiyar və onun komsomol dəstəsi, digərini isə Gəray bəy və köhnə quruluşun tərəfdarları təmsil edir. Lakin filmdə baş verən hadisələr bu iki tərəfin apardığı ölüm-dirim savaşları ilə məhdudlaşmır. Komsomolçu Cəlalla Gəray bəyin qızı Humayın qarşılıqlı məhəbbəti də filmin əsas süjet xəttini təşkil edir.
Humay öz kökünə, adət-ənənələrə möhkəm tellərlə bağlıdır. O, əmisi oğlu Cəlalı böyük bir məhəbbətlə sevir, lakin atasının razılığı və xeyir-duası olmadan ailə qurmaq istəmir. Buna görə də Cəlalın qoşulub qaçmaq barədə təklifini də qəbul etmir.
Bu yazımızda biz “Yeddi oğul istərəm” filmindəki Humaydan bəhs edəcəyik. Daha doğrusu, Humay obrazını yaratmış aktrisadan.
Elə aktyor və aktrisalar da var ki, yaratdığı tək bir obrazla kino aləmində dərin iz buraxıb. Belə aktrisalardan biri də Humay rolunun ifaçısı Zemfira İsmayılovadır…
Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə aktrisa Zemfira İsmayılovaya həsr olunub.
Çoxumuz onu “Yeddi oğul istərəm” filmindəki Gəray bəyin qızı Humay obrazı ilə tanıyırıq. Gənc və gözəl aktrisa bu filmdən əvvəl də səhnədə yer alıb, amma kino tarixində məhz Humay obrazı ilə yadda qalıb…
Filmdə təsirli bir səhnə var: Humayın döyülmə anı… O, atasına qarşı mübarizə aparan komsomol Cəlalın deyiklisidir. Cəlalı Humayın atası, sovet quruluşunun düşməni Gəray bəy öldürtdürür. Komsomolçu Bəxtiyar isə əqidə yoldaşı Cəlalın ölümündə Humayı günahkar bilərək, onu amansızcasına döyür.
Aktrisa Zemfira İsmayılova bu təsirli səhnədə və digər epizodlarda məharətlə çıxış edir… Həmin səhnənin sonunda Humayıb Bəxtiyara “babamınn qanını sənə halal edirəm” deyib hadisə yerindən uzaqlaşaraq kiçik nöqtəyə çevrilir, ölüb-ölmədiyi belə bilinmir.
Zemfira İsmayılovanın həyatı ilə bağlı hər hansı bir informasiya mənbəyi yoxdur. Lakin əldə etdiyimiz məlumata görə, aktrisa Bakıda dünyaya gəlib və elə bu şəhərdə təhsil alıb, işləyib.
Onun kinoya
ilk gəlişi “Dəli Kür” filmi ilə olub. Zemfira
İsmayılova bu filmdə “Pakizə” rolunu canlandırıb.
Sonralar “Sevil” (Gülüş), “Yeddi oğul istərəm”
(Humay), “Ən vacib müsahibə” (neftçi), “Gilas
ağacı” (Sadıqın anası), “Həyat, sən kiminsən?”
(Məleykə), “Bizim küçənin oğlanları”
(Gülyaz), “İşgüzar səfər” (Roza) filmlərdə müxtəlif dərəcəli
rolları ifa edib.
Aktrisa ilə
bağlı apardığımız araşdırmalar nəticəsində
məlum oldu ki, Zemfira İsmayılova kino aləmindən ailə
qurduqdan sonra, həyat yoldaşının təkidi ilə
gedib. Demək olar ki, səhnədən uzaqlaşması ilə
bütün sənət yoldaşlarından, ictimaiyyətdən
də uzaqlaşıb. Çünki aktrisanın kinodan
sonrakı həyatı haqqında demək olar ki, kimsə hər
hansı bilgiyə sahib deyil…
Zemfira
İsmayılova haqqında xatirələrini həmkarları
bizimlə bölüşüb:
“Pərəstişkarları, ona
vurğun olanlar az deyildi…”
“Yeddi oğul istərəm” filmində
Humayın sevgilisi olmuş Cəlal obrazının
ifaçısı, Azərbaycanın xalq artisti Ənvər Həsənov
Zemfira İsmayılovanın yaxın dostlarından biri olub. O,
Zemfira xanımın yaxın dostlarından olsa da,
maraqlıdır ki, aktrisanın ailəsi haqqında dostluq
etdikləri müddətdə bir kəlmə belə eşitməyib:
“Mən
kinostudiyada çalışanda Zemfira xanım hələ
cavan idi, bizdə redaktor işləyirdi. Həmin o illər ərzində
Zemfira ilə dostluğumuz yarandı. Bizim dostluğumuza
söz ola bilməzdi, hər kəs münasibətimizə pərəstiş
edirdi.
Onun Musabəyov
küçəsində birotaqlı evi var idi. Onda mən,
İntiqam adlı bir redaktor dostumuz və Zemfira xanım həmin
evdə
yığışıb söhbətləşərdik,
filmləri müzakirə edərdik. Zemfiranın ailəsi
haqqında isə heç nə bilmirdik, çünki
heç özü də bu mövzuda danışmağı
sevmirdi. Onu tanıyandan tək görmüşəm, tək də
yaşayıb. Amma qonaqpərvərliyinə söz ola bilməzdi.
Çayı, kofesi, bir də dadlı tortu süfrədən
heç əskik olmazdı. Adamı evində elə ürəklə
qarşılayırdı ki… Yəqin bu da tək
yaşamağından irəli gələn məsələ
idi. Həm də o, hamını özünə yaxın
buraxmazdı, amma sevdiyi adamları da həqiqətən
sevirdi.
Heç
vaxt görmədim ki, Zemfira hansısa rola iddia irəli
sürsün. Yəni nə film, nə rol desən
razılaşıb oynayardı. Çünki o kinonu çox
sevirdi, səhnəyə vurğun idi. Onun pərəstişkarları,
arxasıyca gəlib-gedənlər də az deyildi.
Çünki çox gözəl xanım idi.
İlk dəfə “Yeddi oğul istərəm” filmində
tərəf müqabili olduq. Bu filmdən sonra Zemfira xanım
kino aləmindən uzaqlaşdı. Film yayımlanandan sonra da
1 ya 2 dəfə görüşə bildik. Bir də xəbər
tutdum ki, Moskvaya gedib. Elə ondan sonra da əlaqələrimiz
tamamilə kəsildi. Amma o, həmişə mənim ürəyimdədir…”.
“Hamımız onu “Güləyən
qız” çağırırdıq…”
Xalq artisti, kinorejissor Əbdül
Mahmudov da Zemfira İsmayılova ilə yaxın dost olub.
Rejissorun sözlərinə görə, Zemfira
İsmayılova kinodan tez getməsəydi, bu sahədə hələ
çox uğur əldə edəcəkdi:
“Adil
İsgəndərov o vaxt kinostudiyaya rəhbər gələndə
milli kadrların işə cəlb olunmasında böyük
rol oynadı. Yəni onadək kinostudiyanın çoxu rusdilli
adamlardan ibarət idi. Adil İsgəndərov kinostudiyanın
nəzdində rejissorluq, ssenaristlik və aktyorluq üzrə
milli kadrların işə cəlb olunması
üçün 3 illik kinoaktyor studiyası açdı. Mən
də orda dərs keçən pedaqoqlardan biri idim. Zemfira
İsmayılova da o kursda ilk buraxılış qruplarından
birində olub və tanışlığımız da elə
baş tutub. Oxuduğu qrupda baxımlı və gözəl
xanımlardan biri olduğuna görə elə ilk kursdan
rejissorların diqqətini özünə çəkə
bilmişdi. Qısa müddətdə də çox sürətlə
filmlərə çəkilməyə, uğur qazanmağa
başladı”.
Müsahibimiz
deyir ki, iki filmdə Zemfira İsmayılova ilə bərabər
çalışıb:
“Həqiqətən
də o çox şirindilli, istiqanlı qız idi.
Zarafatı deyib-gülməyi də çox sevirdi. Boşuna ona “Güləyən
qız” adını qoymamışdıq. Ən adi zarafata belə
ürəkdən gülürdü. Bəzən iş rejimi
çətin olurdu, yorğun olurduq. Elə olanda Zemfiranı
danışdırıb güldürürdük, inanın
bütün kollektivin kefini aça bilirdi.
Kinostudiyada
kursun işi dayanandan sonra Zemfira İsmayılova Moskvaya gedib
poliqrafiya üzrə təhsil aldı. Ondan sonra Azərbaycana
qayıdıb “İşıq” nəşriyyatında işlədi.
O dövrün kitablarının bir çoxunun redaktə
olunmasında onun rolu böyükdür. Lakin çox təəssüf
olsun ki, poliqrafiya sahəsi onu kinodan tamamilə
uzaqlaşdırdı.
Zemfira
İsmayılovanın ailə həyatı da uğursuz olub.
Evlənəndən sonra həyat yoldaşı kino aləmindən-
səhnədən uzaqlaşmasını istədi, o da buna
qarşı getmədi.
Baxmayaraq
ki, kino sahəsində çox az müddət qaldı, amma
çalışdığı müddətdə mükafat
da aldı…”.
Azərbaycanın
xalq artisti Tariyel Qasımov da bir ekran əsərində – “Həyat
sən kiminsən?” adlı filmində Zemfira İsmayılova
ilə tərəf müqabili olub. Tariel Qasımovun sözlərinə
görə, aktrisa kino kollektivinin hamısına qısa
müddətdə özünü sevdirə bilmişdi:
“1972-ci
ildə televiziya yaradıcılıq birliyi ilk çəkdiyi “Həyat sən kiminsən?”
adlı filmə baş rolda oynamaq üçün məni və
Zemfira İsmayılovanı dəvət etdi. Film Nabranda
çəkildiyi üçün 1 ay orda qalmalı olduq. Elə
demək olar ki, Zemfira İsmayılova ilə ilk
tanışlığım da o filmdə olmuşdu. Çox təmizkar,
özünəbaxımlı və mehriban qadın idi.
Baxmayaraq ki, bu filmdən əvvvəl “Yeddi oğul istərəm”
filmində Humay obrazını oynamışdı, amma qətiyyən
özünü dartmırdı, qürrələnmirdi. Hətta deyərdim ki, yeri gələndə
kollektivdə hamıya çay süzüb qulluq da edirdi.
Kollektivdə hər kəslə xoş münasibəti var
idi. Kimsə deyə bilməzdi ki, Zemfira İsmayılova ona
qarşı pis olub.
Özü
şəhər qızı idi, çox ziyalı idi.
Zamanın tələbinə görə həmişə
zövqlü geyinərdi. Çox təəssüf edirəm
ki, kinodan gedəndən sonra əlaqəmiz olmadı.
Ümumiyyətlə, bu illər ərzində kimsə onun
haqda nəsə deməyib mənə. Sağ
olub-olmadığını belə bilmirəm”.
Biz də
Zemfira İsmayılovanın hazırda həyatda
olub-olmadığnı dəqiqləşdirə bilmədik.
Əlaqə saxladığımız sənət
adamlarından kimsə onun vəfat etdiyini, başqa biri
İsrailə köçüb getdiyini söylədi. Hətta
evləndikdən sonra övladı olmadığını deyənlər
də tapıldı… Amma dəqiq məlumat söyləyən
olmadı…
Əzizə Zeynal
Unikal.- 2020.- 25 iyul.- S.21.