Zirzəmidə “meyit”,
Bakı küçələrində “ay lulu”,
“Allah kəssin
belə qazancı”...
– Onların filmləri
“Bizim
filmlər” varımızdı, dedik Lent.az -da həm də
“Onların filmləri” barədə yazaq. Bu layihədə özümüzün
yox, xaricilərin çəkdiyi filmlərdən
bəhs edilir. Layihənin üçüncü
filmi “Mosfilm”in istehsalı olan, bəzi
kadrları Bakıda çəkilən “Brilyant
əl”dir.
1968-ci ildə “Mosfilm”də Leonid Qaydayın rejissorluğu ilə lentə alınıb. 95 dəqiqəlik bədii filmdir, komediya janrında. Əsas rollarda da rejissorun komediyalarının qəhrəmanları – Yuri Nikulin, Anatoli Papanov, Andrey Mironov.
Söhbət Yer kürəsi insanlarının sayından çox baxış sayı olan, sitatları indiyə qədər dillərdən düşməyən “Brilyant əl” komediyasından gedir.
Maraqlısı odur ki, film real hadisələr əsasında
çəkilib. İdeyanı Leonid Qayday həyatdan
götürüb. Həm də
bir cümlə xəbərdən – qaçaqmalı
gipsdə keçirməyə
cəhd göstəriblər.
Filmin adı da ilk variantda “Qaçaqmalçılar”
olub.
Əvvəl ssenari sırf Yuri Nikulin üçün yazılıb. Ssenari müəllifləri də, rejissor da çalışıblar
ki, mümkün qədər əvvəlki
işlərindən qəlibinə
düşdükləri Şurikdən
və üçlükdən
qaçsınlar.
Onlara bir az yumşaq təbiətli, taleyin əli ilə kişilik, cəsarət tələb
edən qeyri-adi situasiyalara düşən
adam lazım idi.
Filmdə Anatoli Papanov və Andrey Mironov dueti də
uğurlu seçimdir. İkisi də
rollarına ayrı-ayrı
təsdiq ediliblər.
Rollarına başqa aktyorlar
da sınaq ediliblər, amma Mironovla Papanov ideal duet kimi artıq yaddaşlarda var idi.
Klara Luçko
isə cazibədar
Anna Sergeyevna roluna sırf təsadüf ucbatından düşməyib. Lazım olan
məqamda başqa çəkilişə getməli
olub, qayıdanda görüb ki, onun roluna artıq
Svetlana Svetliçnayanın çəkiblər.
Qayday Nonna Mordyukovanı evlər idarəsinin rəisi vəzifəsinə çətinliklə
təsdiq edib. Çünki hamı onun çəkilməsinin əleyhinə
olub, deyiblər ki, çox “kök” və “mənasız” görünür.
Hətta
məmurlar, çəkiliş
qrupunun tərəfini
saxlayıb onu çəkməməyi məsləhət
görübblər. Qayday isə
öz namizədinin arxasında durub və nəticədə çox yaddaqalan obraz alınıb. Hətta Eldar Ryazanov “inana bilmirəm ki, Qayday bu aktrisanı
o rola təsdiqləyər”
- deyib.
Çəkilişlər ev
şəraitində aparılıb.
Rejissor çəkilişlər üçün
ölkədən çıxmağın
əleyhinə olub.
Ona görə də İstanbulda çəkilməli
səhnələr Bakıda
lentə alınıb
– dənizkənarı “Qağayı”
restoranında, İçərişəhərdə.
Çəkilişlərdə çox sayda dekorasiyalardan və geyimlərdən istifadə
edilib.
Hətta bir dəfə belə bir hadisə
olub. Çəkilişdən sonra “Mosfilm”in zirzəmisində üstünə
ağ mələfə
çəkilmiş adamı
görən süpürgəçi
elə bilib ki, Nikulin çəkiliş
vaxtı ölüb. Çıxıb hay-haray salıb,
xəbərə Nikulin
özü də gəlib çıxıb.
Mələfəni açıb görüblər
ki, Qorbunkovun vertolyotdan yıxılması
səhnəsində çəkilməli
olan kukladır üstü örtülən.
Aktyorlar gülməli olsun deyə belə bir oyun oynayıblar.
Çəkilişlərdə Mordyukova ilə Mironov heç yola getmirdilər. Aktrisa mübahisə
zəminində aktyoru
“ana uşağı” adlandırandan sonra isə aranı düzəltmək heç
mümkün olmayıb.
Yaradıcı qrup onların
bəzi səhnələrini
bir yerdə olmasınlar deyə təxirə salmalı olublar.
Dekoratorlar müəyyən situasiyalarda nə isə icad etməli olurdular. Məsələn, sualtı çəkilişlər lazım idi balıq tutma səhnələrində. O vaxt su altında işləyə bilən kameralar hələ yox idi. Ona görə də xüsusi kolba düzəldib kameranı onun içində quraşdırdılar və sadəcə balaca gölməçədə çəkiliş edə bildilər.
Çəkiliş çox vaxt aparıb. Anatoli Papanov binəva +18 dərəcə suda saatlarla oturmalı idi. Operatorun günahı ucbatından növbəti kadr alınmayanda Papanovun dönüb ona “İdiot” deməyini də kamera qeydə alır. Reaksiya Qaydayın xoşuna gəlir və o kadrı filmə əlavə edirlər. Bu səhnə filmdə Qaydayın çoxbilmişliyi nəticəsində saxlanıb. Məmurlar onu kəsməyi istəmişdilər, çünki bəsit və yorucu səhnə alınmışdı. Rejissor həmin səhnə üçün bəstəkara mahnı sifariş verir. Musiqi sədaları altında səhnə canlanır və kəsilmə söhbəti bununla da bitir.
Filmdə çox təsadüfi adamlar da rol
alıb. Avtobazada dispetçer işləyən
qız İstanbul (əslində isə İçərişəhər) küçələrində “ay lulu, ay lulu” deyərək Semyon Semyoniçi yoldan çıxartmağa çalışır.
Rejissor onu sırf cazibədar
görkəminə görə
çəkir filmə.
Ondan sonra Viktoriya Ostrovskaya daha iki filmə çəkilib və ekranlardan yoxa çıxıb.
“Oqonyok” jurnalının müxbiri Leonid Pleşakov isə çəkiliş meydançasına Nikulinlə müsahibə üçün gəlmişdi. Qayday onu görən kimi düşünür ki, belə tipaj gərək bu filmdə olsun. Jurnalist qəribə görkəmdə Semyon Semyoniçə yaxınlaşıb siqaretini yandırmaq üçün od soruşur.
“Uşağa dondurma, qadına gül” səhnəsində uşaqların yediyi həqiqətən dondurmadır və onlar hər kadrda bir dondurmanı yeyiblər, kadr isə səkkiz dəfə çəkilib. Və səkkiz dəfə Mironovun üzünə dondurma, daha doğrusu, yaxşı yayıldığı üçün dondurma adına kəsmik çırpılıb. Sonunda aktyor – “Allah kəssin belə qazancı” - deyə gülüb.
Filmin finalı lirik planda çəkilmişdi, Qorbunkovun bütün ailəsi binanın girişinə çıxır. Semyon Semyoniçin hər iki qolu gipsdədi. Nadejda ərinin qolundan tutub, ona ana olacağını xəbər verir. Bu səhnəyə görə Qaydayı qınayırlar ki, məişətə çox düşüb. Ona görə də final dəyişdirilir. Yeri gəlmişkən, qaldırıcı kranın qarmağı filmin sonunda Nikulinə həqiqətən möhkəm dəyib. Aktyorun bundan xəbəri olmadığı üçün həm də təbii alınıb. Ssenaridə olmasa da, bu kadr filmə salınır.
“Brilyant əl” prokata 1969-cu ildə çıxır. Dərhal da şöhrət qazanır. Birinci il filmə
76 milyon 700 min adam baxır. Bu, görünməmiş
uğur idi. Sovet prokatında onun uğurunu yalnız “XX əsrin dəniz quldurları” keçə
bilib.
Ramilə Qurbanlı
Unikal.- 2020.- 18 iyun.- S.21.