Aktyor Tofiq Mirzəyevi
Azərbaycandan İsrailə nə
apardı…
Tanımadığımız məşhur
Azərbaycan kinosunda maraqlı obrazlar
yaratmış məşhur aktyor Tofiq Mirzəyev bu gün – iyunun 16-da növbəti
ad gününü qeyd edir.
Modern.az-ın məlumatına görə, uzun illərdir İsraildə yaşayan və yalnız yay aylarında Bakıya qonaq gələn həmyerlimiz Tofiq Mirzəyevin bu gün 88 yaşı tamam olur.
Qeyd edək ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. O, "Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır.
Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və s. filmlərdə maraqlı obrazlar yaradıb.
Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar.
O, sənətə öncə musiqiçi kimi gəlib, sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib.
T.Mirzəyev Azərbaycan Konservatoriyasının
klarnet sinfini bitirib. Lakin qəfil xəstəlik
onun musiqi karyerasına son qoyub.
Belə ki, Tofiq Mirzəyev
1960-cı ildə ağır
xəstələnir və
həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.
Peşəsini dəyişmək məcburiyyətində
qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra
rejissor peşəsinə
yiyələnir.
Sənətçi ilə yaxından dostluq edən, eyni zamanda qohum
olan Azərbaycan Yazıçılar Birliyinin
sədri Anarın bildirdiyinə görə,
Tofiq Mirzəyevdə musiqiçi qabiliyyəti
lap erkən yaşlarından
üzə çıxıb. Amma müharibə
illərində anası,
qardaşı və bacısıyla cəbhəyə
yollanan atasının
yurdu Gədəbəydə
yaşamalı olduğundan
o, klarnet ifaçılığı
üzrə musiqi təhsilini yalnız 12-13 yaşlarından almağa
başlayıb. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet
ifaçısı kimi
görərək Dövlət
simfonik orkestrinə dəvət edib və Tofiq maestronun
rəhbərliyi altında
orkestrin tərkibində
Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb.
Onun rus və Avropa
bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə
dərindən bələd
olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb.
“Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz
Rüstəmbəyov, İsmayıl
Kələntərov, Vaqif
Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan
cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib”.
Anarın
bildirdiyinə görə,
özünün olduqca
maraqlı xatirələrində
Tofiq Mirzəyev təmsil olunduğu nəslin caza olan həvəsi barədə belə yazır:
"Məhz 50-ci illərdə
bizlər, müharibədən
sonrakı dövrün
uşaqları "Günəşli
vadinin serenadası",
"Dinki-Cazdan olan Corc"un ovsununa düşdük, ispan, italyan, fransız mahnılarının sədaları
Bakı küçələrini
bürüdü. Elə o vədələrdə
də ilk dəfə
radio məlumatlarına qulaq
asmağa başladıq.
Var-gücləriylə o səsi
batırırdılar, amma
bu hay-küyün və cırıltının
içində belə
bizim cavan qulaqlarımız "Amerikanın
səsi"nin Tanjer vasitəsiylə bütün dünyaya yayımladığı bir
saatlıq proqramını
tuta bilirdi. Yeri gəlmişkən, məncə,
böyük caz ifaçısı Pərviz
Rüstəmbəyov Bakıda
müharibə illərində
öz qəbuledicisini
təhvil verməyən
yeganə insan idi. Onun evində inqilabdan
əvvəlki nəhəng
palıd şkaf var idi. O, qəbuledicini gizlədib bura lampa quraşdırıb
keçirmişdi və
gecələr caza qulaq asırdı... Bizlər, cazla maraqlananlar kifayət qədər risk
edirdik. Çünki caz qadağalar
altında idl. "Bu gün caz
ifa etsən, sabah da vətəni
satarsan". Təbii ki,
biz çox ehtiyatlı
idik və çalışırdıq ki,
öz içimizə
heç kimi buraxmayaq".
“Tofiqin qeyd etdiyi kimi
risk və ehtiyat vacib imiş. Belə ki, Pərviz
Rüstəmbəyov bir
qədər sonra repressiya olunur və cazsevərlərin
dost kampaniyasına bir
çekist salınır.
Və o adamın kimliyi Tofiqə yalnız otuz ildən sonra məlum olur. 80-ci illərdə
Moskvada Tofiqlə artıq DTK polkovniki rütbəsində görüşən
həmin adam
etiraf edir ki, hər halda
o, heç kimi satmayıb. Amma əvəzində özü
də cazın qızğın pərəstişkarına
çevrilib və indi o, caz musiqilərindən
ibarət sanballı kolleksiyaya malikdir”,- Anar T.Mirzəyev
haqqında yazıb.
Yazıçının bildirdiyinə görə, Tofiq Mirzəyevin bir vaxtlar "Qaya"
vokal qrupunun hardasa xaç atası olması tamamilə təbii idi.
“Kvartetin bədii
rəhbəri Tofiqin kiçik qardaşı Teymur oldu, amma
onların baş məsləhətçisi, bir
rejissor kimi onları televiziyaya çəkən Tofiq idi. Tofiq Müslüm Maqomayev
və "Qaya" kvarteti ilə birlikdə keçmiş Sovetlər İttifaqının
şəhərlərində qastrol səfərlərində
olub, "Qaya" ilə birlikdə hətta Afrika ölkələrinə də
gedib çıxıb.
Qastrollar zamanı ağ ciyəri
fəsadlar verdi və o, klarnetlə vidalaşmalı oldu”.
Tofiq Mirzəyev
daha sonra musiqidən ayrılmadan musiqili filmlər rejissoru olmaq üçün Moskva gedib. O, Bakıya döndükdən
sonra televiziyada işləməyə başlayıb,
portret filmlər çəkib, bəstəkar
Fikrət Əmirov, dirijor Nazim Rzayev,
müğənnilər Rəşid
Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırlayıb.
Anarın
Tofiq Mirzəyev haqqında danışdıqları:
“Kinematoqraf da hollivud bənizli bu yaraşıqlı kişidən yan keçə bilməzdi. Amma bununla
belə, doğrusu, ona bir qədər
gec diqqət etdilər. Tofiqi ilk dəfə kinoya
Maqsud İbrahimbəyovun
ssenarisi əsasında
çəkdiyi "Uşaqlığın
son gecəsi" filmiylə
Arif Babayev gətirdi. Tofiq danışırdı ki, kinostudiyanın Bədii Şurasının
filmə baxışından
sonra o, həyəcanlı
imiş. Kinostudiyanın direktoru, incəsənət
məsələlərində heç bir güzəştə getməyən
Ədil İsgəndərov
onu kabinetinə çağırır.
"Hə, indii deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz". Tofiq belə
düşünürmüş. Ədil İsgəndərov
isə cəmi bircə kəlmə deyib: “Sən çəkiləcəksən".
Bundan sonra Tofiq Mirzəyev
35 filmə çəkilib,
özü də təkcə "Azərbaycanfilm"də
yox, (əlbəttə,
əsasən orada), həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada.
"Mosfilm"də
o, tanınmış rus
aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı "Cinahsız
cəbhə" filmində
çəkilib. Bu filmdə o, döyüş
zabiti Əliyev roluyla öz yaxın dostu memar Rasim Əliyevin
atası, müharibə
iştirakçısı, akademik Həsən Əliyevin obrazını canlandırıb. Bakıda Arif
Babayevlə yanaşı,
Həsən Seyidbəyli,
Rasim Ocağov, Tofiq İsmayılov da ona öz
filmlərində rol veriblər. Üzeyir Hacıbəyovdan bəhs edən filmdə mən də onu çəkmişəm.
Aparıcı rolunda.
Belə
görürəm, Tofiqlə
mənim dost, kino sahəsində həmkar olmaqdan əlavə, həm də qohum olmağımı deməyin vaxtı çatdı. Tofiq mənim həyat
yoldaşım Zemfiranın
böyük bacısı
Elmira Səfərovanın əridir.
Tez-tez bizdə, ya Tofiqlə Elmiranın evində, Səfərovların
Mərdəkandakı bağında
görüşüb uzun
illər can bir qəlbdə yaşamışıq,
dəfələrlə birlikdə
Azərbaycanın rayonlarına,
Şəkiyə, Şuşaya,
Gəncəyə səfər
etmişik. Qışda Göygölün qarlı sahilində kabab bişirmək üçün nə qədər eləsək də, ocaq qalaya
bilmədik. Axırda kömək
üçün meşəbəyiyə
müraciət etməli
olduq.
"Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları"
filmində Tofiqlə işləmək mənə
rahat və xoş idi. Bir musiqiçi kimi o, filmin musiqi tutumunu
dərindən hiss edirdi,
bir rejissor kimi də ona
hansısa tapşırığı
verməyə ehtiyac yox idi. O, necə lazımdısa, elə də oynayırdı.
Tofiq ünsiyyətdə
də çox maraqlı insandı. O, öz
zəngin həyatında
baş verən hadisələrdən, ən
müxtəlif insanlarla
görüşlərindən saatlarla danışa bilər. Yadımdadı, bir dəfə
bizim mənzildə təxminən günorta ikidən başlanan söhbətimiz gecə ikiyəcən çəkdi.
Özü də danışan
elə əsas Tofiq idi”.
Yazıçı Anarın bildirdiyinə görə, həyat yoldaşı Elmira Səfərovanın
ölümü Tofiq Mirzəyevə dəhşətli
sarsıntı yaşadıb.
“Həyat yoldaşının
vəfatından sonra Tofiq, şərait elə gətirdi ki, İsraildə məskunlaşmalı oldu
(onun mərhum anası Bellə İlyinşina yəhudiydi). Amma Bakı - dünyaya gəldiyi, işlədiyi,
məhəbbətini, dostlarını
tapdığı bu şəhər onu həmişə özünə
çəkir”.
Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğuldur. Oğlu Teymur isə Avropada yaşayır.
Aktyor İsraildə fəaliyyət göstərən Haifa-Bakı cəmiyyətinin üzvüdür.
A. Qorxmaz
Unikal.- 2020.- 18 iyun.- S.20.