Məşhur şairin
gizli sevdası...
Nəbi Xəzrinin inanılmaz
eşq macəraları - SÖHBƏT
Modern.az saytı jurnalist Səfurə
Çərkəzqızının mərhum Xalq
şairi Nəbi Xəzri ilə illər
öncə qələmə aldığı müsahibəsini
təqdim edir. İndiyədək internet mediada
yayımlanmayan müsahibə Nəbi Xəzrinin gənclik illərində
yaşadığı sevgi macəralarından
bəhs edir.
(Nəbi Xəzrinin sağlığında verdiyi bu müsahibə ilk dəfə elektron KİV-də təqdim olunur)
Kaş sakitcə incə telə dönüb mən,
Hörüklərin arasında gizlənim...
Cavanlığında uzun hörüklər ağlını başından alırmış. Elə bil Tanrı da onun xatirinə hərlədib-fırladıb qarşısına hörüklü xanımları çıxarıb... Şair Nəbi Xəzrini deyirəm. Sevgidə nələri görüb, nələri yaşayıb? Yəqin ki, sizə də maraqlı olar...
- Sevgi deyəndə həmişə yadıma o qız düşür. İlk məhəbbətimiydi... Onda balacaydım, 14 yaşım ancaq olardı.
- Kimiydi
o qız?
- Bir məktəbdə oxuyurduq. Xırdalanda. Divar qəzeti hazırlayırdıq, o qız da ordaydı. Birinci əllərini gördüm, ağappaq, qar kimi... Elə bil Veneranın kəsilmiş qollarıydı. Ürəyim uçundu. Sonra üzünə baxdım, gördüm gözəldi. O gündən düşdüm bəlaya. Nə gecəm vardı, nə gündüzüm. Bir ara görsənmədi, bəlkə də, xəstələnmişdi. Darıxırdım. İstəyirdim, tezliklə hər şeyi bilsin. Bir dostum vardı, dedi, mən sənə kömək eləyərəm. Şeir yazmışdım, verdim ona, qıza çatdırsın. Bərk-bərk tapşırdım ki, heç kəsin əlinə keçməsin. O da məni arxayın elədi. Bir neçə gün ötmüşdü, bir də gördüm, iki buğıburma oğlan mənə yaxınlaşdı. Üstümə yeridilər, dedilər, sən kimsən, hansı cürətlə bacımıza şeir göndərirsən? Sən demə, dostum şeiri aparıb verib qızın qardaşlarına. Biri cibindən bıçaq çıxardı. Qorxudan əsirdim. Dostum da kənardan mənə baxıb ləzzətlə gülürdü. Bu vaxt pioner dəstəsi marşla bizə yaxınlaşdı. Uşaqları görən kimi qızın qardaşları özlərini yığışdırdılar. Evə gəlib anama danışdım. Yazıq arvad başladı ağlamağa. Dedi, ay bala, arxasız uşaqsan, yapışanda bil ki, kimdən yapışırsan. Anam o qədər hədə-qorxu, “KQB”-nin əzab-əziyyətini görmüşdü ki. Bir axund vardı, bizə yaxın adamıydı, qızgilin də qohumuydu. Anam onu da götürüb getdi qızın adamlarının yanına. Dedi, oğlum uşaqdı, bilməyib, bağışlayın.
- Bununla da hər şey
qurtardı?
- Həə, yavaş-yavaş o qızı yadımdan çıxartdım. Sevgimi doğulmamış öldürmüşdülər.
- Bəs o qız necə oldu?
- Bir çobana ərə getdi. Aradan 10-15 il
keçdi. Leninqradda oxudum, Moskvada
Ədəbiyyat İnstitutunu
bitirdim. 1954-də evləndim. Rəhmətlik
ilə bir yazıçının evində
tanış olmuşduq, gözüm tutmuşdu onu.
- Bəs
ürəyiniz?
- Elə ürəyim də. Gülarəylə
mehriban ailə qurmuşduq...
- Deyirlər, şairin xanımı olmağı hər qadın bacarmaz...
- Bəs necə! Gündə bir söz danışırlar,
şayiələr uydururlar.
Bir ayağın da kı xaricdə...
- Bütün bunları
sakitcə yola verirdi?
- Yola da verirdi,
hər nazıma da dözürdü. Amma yaman qısqancıydı.
Elə bilirdi, dünyanın bütün qadınları
mənə aşiqdi.
Mən də o vaxtlar elə yerlərdə işləyirdim ki, istəsəm də, istəməsəm də adım hallanırdı.
Yazıçılar İttifaqının
katibi, televiziya üzrə müavin, mədəniyyət nazirinin
müavini...
- Sizcə, sevgi azadlığı nədi?
- Sevginin azadlığına
inanmıram!
- Niyə?
- Bu ancaq aldanışlara, açıq-saçıqlığa aparır. Sevgi taledi, insan öz
taleyindən necə azad ola
bilər? Gəlin sizə bir şey danışım, onda məni daha yaxşı başa düşərsiz.
- Danışın...
- Bir şair dostum
varıydı. Onunla Suxumiyə, ordan da Yaltaya gedirdik.
Gəminin restoranında yeyib-içirdik.
Dostum durub bir xanımı
rəqsə dəvət
elədi, amma qadın oynamadı. Bu, mənə çox
yer elədi. Gördüm,
dostum da pərt olub. Fikirləşdim ki, necə olur-olsun, onu oynadacam. Durdum ayağa, dedim, siz mütləq mənimlə rəqs eləməlisiz. Elə bil himə bəndiymiş, o saat razılaşdı. Dedi,
mən özüm dostunuza rədd cavabı verdim ki, sizinlə oynayım. Stüardessaydı. Ayrılanda telefonunu verdi.
Moskvaya gələndə zəng elədim. Dəstəyi cavan bir qız götürmüşdü,
bunu səsindən duyurdum. Dedim, mənə Nelli lazımdı. Cavab verdi
ki, evdə deyil. Sonra başladı
sorğu-suala: kimsən,
nəçisən, Nelli
nəyinizə lazımdı?
Nəysə, aradan xeyli keçəndən sonra bir də zəng
vurdum. Yenə o götürdü, yenə Nelli evdə yoxuydu. Keçən dəfəki kimi
başladı məni
imtahana çəkməyə.
Hətta
gözlərimin rəngini
də soruşdu.
Sonra qayıtdı ki, sizi görmək istəyirəm. Dedi,
əynimdə ağ kürk olacaq, əlimdə də qəzet. Mənim qaldığım mehmanxananın
qabağında görüşməliydik.
Möhkəm qar yağırdi. O da ağappaq kürkdə, uzun hörüklər... Elə romantik görünürdü ki!
Elə bil qar dənələriylə
göydən enmişdi.
Uşağıydı, 15-16 yaşı olardı. Bir xeyli qarın
altında söhbət
eləyə-eləyə gəzişdik.
Sonra onu evlərinə ötürdüm. Ayrılanda
dedi ki, gözlə, sabah
da gələcəm. Səhəri
yenə görüşdük.
Bununla da macəralarımız başladı.
- Sevdiniz onu?
- Onu sevməmək olmazdı. Amma o da məni
hər şeyə, hamıya qısqanırdı.
Küçəylə gedirdik, peşmanıydım,
birinə baxam, başlayırdı dava-şavaya,
sonra küsürdü.
Bir az
keçən kimisə
hər şeyi unudurdu... Bakıya qayıtmışdım, bir gün ondan
teleqram aldım.
Bir həftədən sonra ərə gedirdi. Toydan qabaq mənimlə görüşmək istəyirdi.
Bilet alıb Moskvaya uçdum. Toya qədər bir
yerdə olduq, ona xoşbəxtlik dilədim.
- Bəs sevdiyinizi öz əllərinizlə başqasına
necə verdiz?
- Neyləyə bilərdim?
O, ailə qurmaq istəyirdi, mən onu bundan məhrum
eləyə bilməzdim.
- O vaxt evliydiniz?
- Həə. Üstümdə
ailə, oğul-uşaq
məsuliyyəti vardı.
- Sizcə, bu, sevgi azadlığıdı?
- Azadlıqdı, amma... Hər halda, mən evdə atanın başqa bir qadına, ananın da özgə kişiyə vurulmağını
qəbul eləmirəm.
- Sonra nooldu?
- Düz 25 il
görüşdük.
- Evdə xəbər tutmadılar?
- Yox.
- Belə ikili həyatdan bezmirdiz?
- Onunla keçən anlarım çox şairanəydi. Bir dəfə o, mənə dedi ki, oğlunun
gözlərinin şəklini
çəkib göndər,
saxlayacam. Mən də göndərdim.
Aradan bir müddət keçəndən
sonra dedi, sənin gözlərinin də şəklini böyütmüşəm, oğlununkuyla
yanaşı divardan asmışam. Səbəbini
soruşanda dedi ki, heç vaxt ərimin ağlına gəlməz
ki, o sənin gözlərindi, o birisi isə oğlunun. Ürəyim
istəyəndə doyunca
baxıram.
- O da sevgisini ərindən gizlədirdi?
- Əri çox sonralar xəbər tutdu... Mənim mavi rəngdən
xoşum gəlirdi.
O da məktublarımı
mavi rəngli lentlə bağlayıb saxlayırmış. Bir gün
əri görüb, hamısını oxuyub.
Sonra bircə kəlmə deyib: onun sənin həyatına təsiri çox olub.
- Bundan sonra da
görüşürdünüz?
- Həə.
- Bəs indi?
- 10 ildir Moskvaya yolum düşmür, heyif ki, ondan da xəbərim yoxdu.
- Heç məktublaşmırsız da?
- Yox, əvvəlki evində yaşamır, təzə ünvanını da bilmirəm.
1998
Səfurə
Çərkəzqızı,
Unikal.- 2020.- 7 mart.- S.20.