Gizli eşqin qaçağı, çar
zabitinin
“partizan”
oğlu, Kralın son arzusu...
HƏYAT HEKAYƏTİ
"Sərt
Mixaylo siması heç vaxt dönüb lirik Məcnun ola bilməz",
- dedilər. Rejissor isə inadından dönmədi,
çünki seçdiyi aktyorun potensialını duyurdu. Beləliklə,
heyrətamiz “Mixaylo” həm də əsrarəngiz Məcnuna
çevrildi...
Lent.az
-ın “Həyat hekayəti”ndə bu dəfə
özüdür; nə Sovet İttifaqı Qəhrəmanı,
əfsanəvi kəşfiyyatçı, nə də lirik qəhrəman,
tarixin ən böyük aşiqlərindən biri olan Məcnun.
Nodar Şaşıqoğlundan danışacağıq... Bu
gün doğum günüdür.
Hərbçi ata
Batuminin
Türkiyə ilə sərhəddə yerləşən kəndində
İzzət Rəcəb oğlu Şaşıqoğlu
adlı bir keçmiş çar zabiti olub. Onun anası azərbaycanlı,
atası acar, bir babası Anadolu türkü, nənəsinin
biri rus imiş. Bu keçmiş zabitin xanımı
gürcü idi, onun anası rus, ata nənəsi tərəfdən
turklərlə qarışığı vardı.
Nodar
bu ailədə dünyaya gəlib. Repressiyaya
uğramış məşhur Azərbaycan aktyoru Ülvi Rəcəb
Nodarın əmisi idi.
Nodarın
atası 1914-cü ildə rus-türk müharibəsində
vuruşan zaman Ülvi balaca imiş. Onun üstündə əsirmişlər
ki, evin sonbeşiyi, həm də son ümididir. Sən
saydığını say, gör fələk nə sayır.
Bu qədər qorunan qardaş gənc yaşlarında
repressiyaya uğrayacaqmış. Tale...
Türk
ola-ola rus ordusu tərəfdə vuruşmalı olan İzzət
Şaşıqoğlu birinci və ikinci dərəcəli
"Georgi" ordenli ştabs-kapitan idi. Kapitanın parlaq hərbi
karyerası olub, Rusiyada vətəndaş müharibəsi gedən
zaman istefaya çıxmışdı, nə
"qırmızılar", nə də
ağqvardiyaçılar tərəfdə vuruşub. Sovet dövründə Stalin
repressiyalarından onu xilas edən də elə bu fakt olub.
Nadinc oğul
Nodar tək
övlad olmasına rəğmən, atası onu ərköyün
böyütməyib. Deyirmiş ki, oğlunu əsil kişi
kimi böyütmək istəyirsənsə, ona düşmən
kimi yanaş.
Bununla belə,
atası Nodarın nadincliyinin qarşısını ala bilmirdi.
Bu yerdə ağlıma nənələrin bir fikri gəlir:
qanında o qədər millətin qarışığı
olan adam bir yerdə otura bilər?
Elə
bir gün olmayıb ki, atasına Nodarın oxuduğu məktəbdən,
ya haradansa şikayət gəlməsin.
Balaca
Nodar sovet hökumətinin təhsilə xüsusi yer
ayırdığı vaxtlarda oxuyub. Dəcəlliyindən
beş dəfə məktəbdən qovulub ayrı-ayrı məktəblərdə
oxusa da, mükəmməl təhsil ala bilmişdi.
Rus dili
olimpiadalarının birində hətta birinci yeri tutmuşdu.
Bütün Gürcüstanda rusca qiraət müsabiqəsində
onunla bir sırada dayana bilən olmadı. Gözəl şeir
deməyi də vardı Nodarın. Onu oxuduğu məktəbdən
ümumittifaq bədii qiraət müsabiqəsinə namizəd
vermişdilər. Nodar da, müəllimi də əmin idi ki,
o, birinci yeri tutacaq, amma...
Müharibə
imkan vermədi. Həmin illəri Şaşıqoğlu ailəsi
Tiflisdə yaşayırdı. Müharibə daha yarım il
davam etsəydi, Nodar da döyüşçü
yaşına çatacaqdı.
Üç
məktəbə qəbul olundu, birini seçdi, amma...
On yeddi
yaşının tamamında atası Nodarı Moskvaya təhsil
arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən
seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl
bil", - deyir.
Nodar eyni
vaxtda həm Teatr İnstitutuna, həm üç teatr studiya-məktəbinə
imtahan verir. İşini ehtiyatlı tutur - heç olmasa, birinə
qəbul olunsun. Tale elə gətirir ki, bütün
imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin
hamısına qəbul olunur. Seçim qarşısında
qalanda evə, atasına zəng edir, qərara gəlirlər
ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus
qızları, yaraşıqlı türk, qafqazlı
oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə
getmədiyinə görə kim qınaya bilər? Heç kim
qınamadı. Nəticədə 12 fəndən “iki” alan gənc,
yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.
Növbəti
il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə
daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə
başlayır ki, başı işə, təhsilə
qarışsın. Təyinatla Kiçik Teatrın aktyoru
olmalıykən, Taqankadakı teatrda işləməyə
başlayan Şaşıqoğlu bir il keçməmiş
orada darıxmağa başlayır.
Erməni qaynana
Amma bu bir
il müddətində evlənməyə də vaxt
tapmışdı. Qadın heyranlarının arasından
seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng
olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini
qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi
xanımından da ayrılmağının səbəbkarı
erməni qaynanası oldu. Nodar Şaşıqoğlu evini
xanımına verib, ailədən də, işdən də
ayrıldı.
Nodar
Şaşıqoğlu ümumilikdə dörd dəfə
evil olub, hər dəfə də evini növbəti
xanımına verib, bir çamadanla çıxıb.
Taqanka
teatrında işlədiyi vaxtlardan artıq kinolara çəkilməyə
başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç
ilk dəfə onu "Böyük döyüşçü
İsgəndər bəy" adlanan filmində Sultan Mehmet
roluna çəkdi.
Özü
də əvvəlcə aktyordan soruşub ki, türk
sultanını oynaya bilərsən? Nodar
Şaşıqoğlu - "Mənim əcdadlarım türk
olub", - deyib.
Film
çəkilişindən sonra teatrın qapıları onun
üzünə bağlandı - o vaxt teatr aktyoru filmə
çəkilməməli idi. Ancaq zaman keçdi və Nodar
Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu.
Əlvida, Moskva... Salam, Bakı
Həmin
vaxt Bakıdan kinorejissor Rəşid Atamalıbəyov
Taqankadakı tamaşalara baxmaq üçün gedibmiş.
Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə
görüşən rejissor ona əsl tapıntı
olduğunu deyib. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı
Mehdi Hüseynzadə rolu üçün tapıntı.
Rəşid
Atamalıbəyov Mixaylo haqda çəkiləcək filmin
ikinci rejissoru idi.
Azərbaycanlı
qəhrəman, baş rol... Şirnikləndirici təklif idi,
amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı
ilə vidalaşmalı idi. Razı oldu, çünki bu şəhərdə
onun qohumları yaşayırdı, çoxdan gəlmək
istədiyi, nədənsə onu hər zaman çəkən
bir şəhər idi Bakı. Qohumu Mərziyyə Davudova da hələ
sağ idi, ondan çox şeylər öyrənmək
olardı. Anası da Bakıya vaxtaşırı gəlirdi.
Bütün bunları düşünüb, razılıq
verdi.
Bu rola
onlarca namizəd var idi. Dövrünün tanınmış
aktyoru Möhsün Sənani də sınaq çəkilişində
iştirak edirdi. Onda güclü komizm vardı. Mehdi
Hüseynzadə rolu isə ciddi simalı aktyor
axtarırdı. Həm də ciddiliklə faciəvinin bir
simada birləşməsi.
“Mixaylo”nun özü kimi...
Tofiq
Tağızadənin "Uzaq sahillərdə" filmi Sovet
İttifaqında o zaman kəşfiyyatçı haqqında
çəkilən ikinci film idi. "Kəşfiyyatçının
şücaəti" adlanan birinci filmdə məşhur
aktyor Kadoçnikov çəkilmişdi. "Uzaq sahillərdə"
hər cəhətdən o filmi arxada qoya bildi. Daşkənd
festivalında film birinci yeri tutdu. Filmin nümayişindən
sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun
özüymüş kimi əlləri üstdə
aparırdılar. Əynindəki kostyumdan özlərində
nə isə bir yadigar saxlamaq üçün hərə bir
kəsim götürməkdən onu cırıq-cırıq
etmişdilər.
Bundan
sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda
yaşadı. Rejissor Məhərrəm Haşımov onu dəfələrlə
Rus Dram Teatrında işləməyə
çağırırdı. Hər dəfə imtina edirdi,
çünki filmlərə çəkilirdi. 50-ci illərin
sonu - 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in
ən parlaq aktyoru Nodar Şaşıqoğlu idi. Eyni vaxtda
iki-üç filmə çəkilirdi. Pula da pul demirdi.
Bakının gözəl vaxtları idi. Ona Bakıda ev də
vermişdilər. Bakının iki Mixaylosu vardı - biri
müharibədə həlak olan, biri Nodar
Şaşıqoğlu. Təkcə Mehdinin ailəsi yox,
bütün Azərbaycan bunu belə qəbul eləmişdi.
Küçədə
onu "Mixaylo" deyib, qucaqlayıb öpürdülər.
Nodar Şaşıqoğlu bu şöhrətdən
şaşırmırdı. Küçələrdə
piyada gəzməkdən çəkinmirdi.
Bakını niyə tərk etməli
oldu?
O zamanlar
Bakıda Rubinçik soyadlı məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını,
respublika rəhbərinin bütün səfərlərini o
çəkərmiş. Nodar Şaşıqoğlu ilə
də tanış imişlər,
gediş-gəlişləri varmış. Fotoqrafın
çox gözəl xanımı olub. Nodar
Şaşıqoğlu ilə bu xanım elə ilk
görüşdən bir-birilərinə aşiq olurlar.
Bu sevgi Nodar Şaşıqoğlunun hesab etdiyi qədər də
ötəri olmur, alovlanır, hisslərinə hakim ola bilmirlər. Bu həmin
dövr idi ki, Nodar Şaşıqoğlu Lətif Səfərovun
"Leyli və Məcnun" filmində Məcnun rolunda
çəkilirdi.
Həyatda
yaşadığı sevgi filmdə onun gözlərində
öz əksini tapır, Füzulinin misralarını qəlbindəki
dəli, ümidsiz sevgi ilə alovlandıran Nodar
Şaşıqoğlu sonralar bu rolu ən çox sevdiyi obraz
adlandırıb: "Filmdə dəli insanın surətini
yaratmamışam, məhəbbətin filosofunu
oynamışam", - deyirdi.
Filmdən fərqli olaraq, həyatda sevgisinə
qovuşur. Qadınla evlənirlər. Onun
soyadı Şepeleva idi. Atası
tanınmış məşqçiydi. Respublikada
bir çoxları bu izdivaca görə Nodar
Şaşıqoğlu ilə münaqişəyə girdi.
Mentalitet, adət-ənənə, hamısı
"baş rol"da oldu. Nodar
Şaşıqoğlunun Azərbaycanda bütün yolları
bağlandı, təbii ki, bu sahənin səlahiyyətli
şəxsləri tərəfindən. 70-80-ci
illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar
Şaşıqoğlunu bir rola dəvət etsinlər. Məsələn, "Dədə Qorqud" filmində
baş rola çəkilməli imiş. Amma
siyahıda adının üstündən qalın bir xətt
çəkilir, üstəlik Tofiq Tağızadəyə
irad bildirilir.
"Leyli və Məcnun" filminin Sankt-Peterburqdakı
səsləndirilməsi zamanı Azərbaycanın o vaxt əməkdar
artisti Nodar Şaşıqoğlu möhtəşəm
Aleksandrinsk Teatrında işə götürülür. Yenicə Məcnun
rolundan çıxmış aktyor teatrda ilk dəfə Don
Juanı oynayır.
Sağlığında
kişilərə belə də məsləhətlər
verib: "Həyatda həmişə Don Juan olmuşam. Amma mənim kimi Don Juan kişilərin heç birinə
arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun
olsunlar. Bu, fəlakətdir.
Görün, məcnunluğuma nələri qurban verdim... Mən bütünlüklə Bakı həyatımı,
kino yaradıcılığımı məhəbbətimə
qurban verməli oldum.
Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız
teatrın qastrol səfərləri ilə neçə ildən
bir bura gəlirdim. Yadıma gəlir,
Aleksidzenin tamaşaya qoyduğu "Antiqona" və
"Günün gur vaxtı" ("Ças pik")
tamaşalarıyla bura gəlmişdim. Çox
uğurlu tamaşalar idi. Biri klassik yunan
faciəsi, digəri müasir psixoloji dram. Qastroldan
savayı, bəzən həyat yoldaşımın burdakı
işləriylə əlaqədar Bakıya bir neçə
günlüyə gəlməli olurdum. Bunlara
baxmayaraq, Bakı mənim üçün onda keçmiş
idi. Artıq Peterburq həyatımı
yaşayırdım. Əvvəlki xasiyyətimdə
qala-qala" (El jurnalı).
Xasiyyətindən özü də şikayətçi
olub. Növbəti dəfə ailəsindən
ayrıldı. Ailəsini, ərini, hər
şeyini qoyub onunla gedən xanımdan ayrıldı, evini
verib çıxdı. Bakıdakı mənzilini
isə onun atasına bağışlamışdı.
Onu Aleksandrinsk Teatrından üç dəfə xaric
ediblər. Sonra yenə qəbul ediblər. Xaric
olmağının səbəbi isə tez-tez fərdi
yaradıcılıq səfərlərinə
çıxmağı, o vaxtkı təbirlə desək,
“xaltura ilə məşğul olmağı” idi. Həm pul qazanmalı idi, həm də yeni münasibətlər
axtarırdı, darıxırdı.
Bakı isə onun üçün böyük məna
kəsb edirdi.
Ömrünün sonlarında yenə bura -
Bakıya qayıtdı. Bura onun sevdiyi, onu
sevənlərin çoxluq təşkil etdiyi şəhər
idi.
Azərbaycan teatrını da çox sevirdi. Bütün
filmlərdə onun səsi olan Əli Zeynalov və özü
xasiyyətdə Eldəniz Zeynalovla dostluq edərdi. Hər ikisinin dəfnində də Bakıya gəlib.
Barat Şəkinskayanı sevərdi, hər gəlişində
onunla görüşə can atarmış. Bir
dəfə özünü saxlaya bilməyib, onu sevdiyini deyib.
Barat Şəkinskaya gülümsəyərək,
"eyni sözləri əmin Ülvi də deyib mənə",
- deyə etiraf edib.
Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik
bir qız oldu, evləndilər. Fürsət tapan kimi ona xəyanət
edən bu qadını da Nodar Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır.
Bakıya
qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə
başlayan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə
gələrək, ona son arzusunu çatdırır: "Mənim
üçün "Kral Lir" tamaşasını qoy, Kral
Liri oynayım, teatrın və dünyanın qapısını
arxamca örtüb, gedim", - deyir.
Dünyanı işinə, möcüzəsinə bax,
İlahi. Elə də oldu.
Bakıda, Heydər Əliyevin ona
bağışladığı mənzildə uzun müddət
xəstə yatdı. Moskvadan dörd arvaddan qalan iki oğlundan
biri gəlib onun yanında qalırdı. Oğlanlarının
ikisinin də adı Nodardır. Çünki
hər ikisi dünyaya gələndə artıq ataları
onları tərk edib getmişdi. Anaları
da onun adını oğlanlarına verib.
Özündən
sonra yer üzündə iki Nodar Şaşıqoğlu, bir də
yüzlərlə yaratdığı obraz qoyub getdi...
(Ramilə Qurbanlı, "33 pərdəli
dram" kitabından)
Unikal.- 2020.- 14
mart.- S.20.