Yaddan çıxmış sənətkarlar :
“Ögey ana”da evi yıxılan Arif -
İsmayılın atası
- Arifin evi yıxıldı!.. - Arifin evi yıxıldı!.. Məşhur “Ögey ana” filminə
baxanlar həyəcanla deyilən bu sözləri şübhəsiz
ki, yaxşı xatırlayırlar...
Bu
yazımızda Ögey ana”ın əsas qəhrəmanlardan
biri – İsmayılın atası Arif rolununun
ifaçısı – aktyor Fateh Fətullayevdən söhbət
açacağıq...
O Fateh Fətullayev
ki, önümüzdəki həftədə anım
günü qeyd olunacaq...
Beləliklə, Modern.az saytı “Yaddan
çıxmış sənətkarlar” layihəsində
Əməkdar artist Fateh Fətullayevin qısa həyat hekayətini
sizə təqdim edir.
Uzun illər keçməsinə baxmayaraq, kiçikdən -böyüyə hər kəsin sevə-sevə izlədiyi “Ögey ana” filmi Azərbaycanın şedevr ekran əsərləri sırasına daxildir. Film bu gün də Azərbaycan telekanallarının ekranlarını bəzəyir. “Ögey ana” filmi ilə Azərbaycanın kino tarixinə damğa vurmuş görkəmli rejissor Həbib İsmayılov Arif rolunu istedadlı aktyor Fateh Fətullayevə tapşırmaqda səhv etməmişdi. Çünki Fateh Fətullayev bu rolu möhtəşəm şəkildə ifa etməklə Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz qoya bildi...
Bu filmdə aktyor seçimi, natura çəkilişləri və musiqi bir-birini mükəmməl şəkildə tamamlayır. Fateh Fətullayev, Ceyhun Mirzəyev, Nəcibə Məlikova, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Həqiqət Rzayeva kimi tanınmış aktyorlar filmin uğurlu alınmasında böyük əmək sərf edib...
Kim idi Fateh Fətullayev?
O, 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açıb.
Əslən Masallının Ərkivan kəndindən olan Mirzə Möhsün Fətullazadə bir müddət Lənkəranda yaşayandan sonra, 1920-ci ildə ailəsini Bakıya köçürmüşdü.
Mirzə Möhsünün ailəsində boya-başa çatan dörd oğlunun və nəvələrinin adları Azərbaycanın görkəmli simalarının cərgəsində çəkilir.
Fateh Fətullayev bu ailənin böyük
oğlu idi. Onun əsl adı Fətulla olub. Ancaq görkəmli
şair Hüseyn Cavidin təkidi ilə adını dəyişərək
Fateh qoyub.
Fateh Fətullayev bir çox sayda teatr tamaşasında
maraqlı rollarda oynayıb, 20-yə yaxın filmdə rol
alıb.
Onun ən
məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli
iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy
obrazlarıdır.
“Ögey
ana” filmində İsmayılın ögey bacısı Cəmilə
rolunu canlandırmış aktrisa Sevinc Axundova Fateh Fətullayevlə
bağlı qısa xatirəsini Modern.az-la
bölüşüb:
“Filmdə mənim atam
Arifi canlandıran Fateh Fətullayev çox gözəl insan,
istedadlı aktyor idi. Filmdəki atam və
anam hər zaman mənə və digər uşaqlara dəstək
olurdular. Düzdür, uşaqlarla əsasən
rejissor özü məşğul olurdu. Amma
böyük aktyorlar da öz köməklərini əsirgəmirdilər.
İndiki zamanda mərhum Fateh müəllimin
qızı Zemfira xanımla da münasibətlərim var.
İmkan daxilində görüşür, əlaqə
saxlayırıq”.
Teatr və
kino aktyoru olan Fateh Fətullayev incəsənətdəki xidmətlərinə
görə, respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Yuxarıda qeyd etdiyimiz kimi, Fateh Fətullayevgil ailədə
dörd qardaş olublar. Bu ailədə böyüyən həmin
dörd oğlan və onların davamçıları Azərbaycanın
tanınmış sənətkarlarına çevriliblər.
Onun özündən sonrakı qardaşı Nüsrət
Fətullayev (1911-1987) tanınmış rəssam olub və Azərbaycan
milli teatr rəssamlığının formalaşmasında,
inkişafında böyük xidmətlər göstərib.
Sənət dünyasındakı xidmətlərinə
görə respublikanın Əməkdar incəsənət
xadimi və Xalq artisti fəxri adlarına layiq
görülüb.
Nüsrət Fətullayevin həyat yoldaşı
Hökümə Qurbanova Azərbaycanın məşhur
aktrisası və SSRİ xalq artisti idi. Qızı Vəfa
Fətullayeva da tanınmış aktrisa olub və cavan
yaşında vəfat edib.
Digər qardaşı Şəmsəddin Fətullayev (1913-1975)
konservatoriyada təhsil alıb. Bir müddət Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Dram
Teatrının musiqi hissə müdiri, Musiqili Komediya
Teatrında baş dirijor işləyib. Bəstəkarlar
İttifaqının üzvü idi.
Sonuncu qardaşı Nurəddin Fətullayev (1916-1973) Bəstəkarlar
İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən
sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə
müdiri işləyib. Nurəddin Fətullayevin
oğlu Hafiz Fətullayev də aktyor və rejissor idi.
Tənqidçi-alim
Vaqif Yusifli Fətullayevlər sülaləsindən bəhs edən
"Bir ağacın altı budağı" adlı
oçerkində yazır:
““Nəslin
yarpaq tökümü” belə başlandı: əvvəlcə
dördüncü - ən kiçik qardaş Nurəddn vəfat
etdi (1973). 1975-ci ildə Şəmsəddin bu
işıqlı dünyaya vida dedi. Sonra
böyük qardaş Fateh ömür karvanını başa
çatdırdı (1986). İkinci qardaş - Nüsrət,
bəlkə də bir az çox yaşayardı, amma
gözünün ağı-qarası olan qızı Vəfanın
ölümü (1987) sanki belini qırdı,
qızının dünyadan nakam getməsi Nüsrəti də
həmin il dünyadan apardı.
Nüsrət,
Fateh, Şəmsəddin və Nurəddin Fətullayevlər...
Bir zamanlar Azərbaycan səhnəsinin aparıcı siması
olmuş bu ərkivanlı qardaşlar əsl istedad sahibləri
idilər... Nüsrəti,
Fatehi təkcə Azərbaycanda deyil, Şərq ölkələrində
və dünyanın bir sıra ölkələrində də
tanıyırlar. Nüsrəti, Səməd
Vurğun demişkən, rəsm dünyasının
qüdsiyyətinə görə, Fatehi isə "Ögey
ana" filmindəki İsmayılın atası Arif roluna
görə.
"Ögey ana" yeganə filmdir ki, baxmaq istədikcə
baxırsan. Baxırsan, kövrəlirsən, yanırsan,
yaxılırsan, sonda uşaq kimi sevinirsən. Tamaşaçını belə haldan-hala salan Fateh
Fətullayevlə (Arif) Nəcibə Məlikovanın (Dilarə)
qeyri-adi oyun tərzləridir. Bu qüdrətli
ifa tərzlərindən, bu cütlüyün ecazkar məharətindən
təlqin olunan halətlər isə tamaşaçını
ekrana daha yaxın oturmağa vadar edir. Balaca İsmayılın
(Ceyhun Mirzəyevin) dəcəlliyi də, şətəlliyi
də, pintiliyi də, dərslərindın geri qalması da,
yoldaşlarına, xüsusilə bacısına amansız
olması da, valideynlərinin sözünə məsuliyyətsiz
yanaşması da Fateh Fətullayev və Nəcibə Məlikova
cütlüyünün ifa maneralarının qüdrətindən
yaranan bədii məntiqin fonunda tamaşaçıların
içini göynədir, onları mütəəssir edir...”.
Yeri gəlmişkən, "Ögey ana" filmi ekranlara
çıxandan sonra təkcə Azərbaycanda deyil,
bütün keçmiş SSRİ məkanında məşhur
olub. Deyilənə
görə, 1958-ci ildə ekranlara çıxmış
"Ögey ana" filminin SSRİ ərazisində
nümayişindən sonra Rusiyanın Kemerovo şəhərindən
yeniyetmə bir qız filmdə ogey ana rolunu ifa edən aktrisa Nəcibə
Məlikovaya məktub yazır.
Rusiyalı
qız “Äîðîãàÿ Ìà÷åõà” müraciəti ilə başlayan məktubunda
yazırmış:
“Anam yoxdur. Atamın həyat yoldaşına ”ana”
deyə bilmədiyim üçün fikir edirdim. Siz də ögey oğlunuzdan “ana” sözünü
eşitmədiyiniz üçün fikir edirsiniz. Biz sizinlə eyni dərdin sahibləriyik. Amma sizdən fərqli olaraq, məni üzən daha
bir səbəb var - ağrı. Ögey
anam mənə nifrət edirdi. Məni zirzəmiyə
salıb günlərlə orda bağlı saxlayırdı.
Hər dəfə məni ora salanda, nə vaxt
çıxaracağını bilmirdim. Mən
onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya
yalvarırdım ki, ora salmasın. Bu,
onların məni döyməsindən daha işgəncəliydi.
Ana deyib çağırmağa, kömək istəməyə
kimsəm yox idid. Sizin kimi ögey anaya mən dönə-dönə
“əziz ana” deyib qucaqlar, onun istisinə
sığınardım. Amma siz bu filmdə
öz oyununuzla bizə doğrumu deyirsiniz? Doğrudanmı,
belə ögey analar olur?..”.
"Ögey ana"da ata rolu ilə tamaşaçı
sevgisi qazanmış aktyor Fateh Fətullayevin maraqlı həyat
yolu olub. Tənqidçi-alim
Vaqif Yusifli onun yaradıcılıq yolunu belə xarakterizə
edir:
"...Ən
gözəl rolu hamının etiraf etdiyinə görə,
Qoqolun "Müfəttiş"ində Xlestakov olub. Bu tamaşanı 1952-ci ildə Mehdi Məmmədov
hazırlamışdı. Sonralar tanınmış teatr
tənqidçisi Cəfər Cəfərov yazacaq: "Ən
çətin problem Xlestakov rolunun ifası ilə bağlı
oldu. Mehdi Məmmədovun
bu rol üçün yeganə namizədi Fateh Fətullayev
idi. Vaxtilə bu məşhur komediyada yüksək
sənət nümayiş etdirərək parlamış
Hüseyn Ərəblinskidən və Mehdi Mərdanovdan sonra
yeni Xlestakov yaratmaq gənc bir aktyor üçün heç də
asan məsələ deyildi. Lakin Xlestakov
Fateh Fətullayevin bəlkə də teatr sənətində ən
yaxşı roluna çevrilə bildi".
Oçerkdə
Fateh Fətullayevin öz müasirlərinin könüllərinin necə fəth etdiyindən, sənətə,
ailəyə münasibətindən də söz
açılır:
"Fateh Fətullayev bir insan kimi də sevilirdi. Həmişə
əlindən yaxşılıq gəlirdi. Ciddi, zabitəli,
səliqəli kişi idi. Deyirdi
ki, aktyor yaxşı, səliqəli geyinməkdə gərək
nümunə olsun, Ərəblinskiyə oxşasın.
Fateh Fətullayev gözəl ailəsi var idi. Həyat
yoldaşı Şəfiqə xanım vaxtilə rəqqasə
olub. Qızı Zemfira isə ingilis dili
müəllimidir. İndi bu ailə Fatehlə
bağlı xatirələr işığına
bürünüb".
Qeyd edək ki, "Ögey ana" filmində Fatel Fətullayevin
oynadığı Arif rolu aktyorun öz səsi ilə deyil,
kadr arxasında qalan Azərbaycanın xalq artisti Əli Zeynalov
tərəfindən səsləndirilib.
Fətullayevlər
sülaləsi ilə bağlı araşdırmanın müəllifi,
yazıçı Nurəddin Ədiloğlu bildirir ki, bu nəsil
istedadı ilə Azərbaycana başucalığı gətirib
Dörd
qardaşdan üçü: Fateh Fətullayev, aktrisalar Sona
Hacıyeva və Nəcibə Məlikova, Nüsrət Fətullayev,
Nurəddin Fətullayev.
“Teatr səhnəsində elə tamaşalar olub, həmin
tamaşaların bütün ağırlığını
Fətullayevlər öz çiyinlərinə
götürüblər. Məsələn, 1976-cı ilin
yanvarında Seyfəddin Dağlının "Mənziliniz
mübarək" komediyasının quruluşçu rəssamı
Nüsrət Fətullayev və aparıcı rollardan birini
oynayan Fateh Fətullayev (Elgün rolunda) idi. Təxminən,
bir ay sonra, yəni fevral ayında Xalq şairi Səməd
Vurğunun "İnsan" pyesində (mənzum faciəsində)
əsas rollardan birini Fateh Fətullayev (Polkovnik Hans rolunda),
birini Nüsrətin həyat yoldaşı Hökümə
xanım, birini onların əziz övladı Vəfa Fətullayeva
(həkim Dildar rolunda), birini isə bu ailənin bəstəkar
övladı Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev
(alman zabiti rolunda) oynayıb. Belə faktlara isə
həyatda çox nadir hallarda rast gəlmək
mümkündür. Fətullayevlər sülaləsinin timsalında qeyd
olunan bu nadir hadisəni yazıya
almaq, oxucuya, teatr həvəskarlarına çatdırmaq ilk
növbədə bizim
- qələm sahiblərini mənəvi
borcudur...”.
Fateh Fətullayev 1986-cü ilin 4 mayında Bakı şəhərində
vəfat edib.
Önümüzdəki həftə 77 yaşında
işqlı dünyaya vida etmiş bu məşhur sənətkarın
anım günü olacaq...
A.
Qorxmaz
Unikal.- 2020.- 2 may.- S.19.