Ölüm ayağında konsert, gözəl
aktrisanı aldadan rejissor,
qorxulu xəncər
yarası... - “Bizim filmlər”
Filmdə hadisələr Azərbaycanda
cərəyan edir. XIX əsrin
sonu – XX əsrin əvvəllərində zülmkarlara
qarşı mübarizə fonunda iki sevən gəncin məhəbbətidir
mövzu.
Lenr.az “Bizim filmlər” layihəsində “Qorxma mən səninləyəm”
filmini təqdim edir bu dəfə.
1978-ci ildə Bakıda payız çox isti keçirdi. Kinoda debütə
hazırlaşan gənc rejissor Yuli Qusman isə heç
sevinmirdi - havaya görə yox, məmurların kaprizləri
onun filmi tamamlamasına mane olurdu.
Hətta filmin əsas hissələrini
çıxartmağı tələb edirdilər. Qusmanın isə uzun illərdi
arzusu davanın, musiqinin bir yerdə cəmləşdiyi bir
film çəkmək idi: “Macəra və müzikl çəkmək
istəyirdim. Ona qədər bu janr ya çəkilməmişdi,
ya da az çəkilmişdi, bilmirəm. Hər halda, macəra olsa da, müzikl yox idi.
Bir dəfə sirkdə hündür, enlikürək bir kişi gördüm arenada. Qılınclarla,
xəncərlərlə elə oyunlar göstərirdi ki,
heyran oldum”.
70-ci illərin sonlarında osetin Kantemirovlar sülaləsi
sirk aləmini fəth etmişdi. Hər nömrədə
soyuq silahlarla riskli tryuklar göstərən isə Muxtarbəy
Kantemirov idi. Rejissor onu filmə, həm də
baş rola çəkmək istədiyini deyəndə,
Muxtarbəy indiyə qədər filmdə yalnız kaskadyor
kimi iştirak etdiyini deyib. Necə deyərlər,
daş atıb başını tutub ki, aktyor təhsilim yox, təcrübəm
yox, çəkilə bilmərəm.
Yuli Qusman onu uzun söhbətlərdən sonra
inandıra bilib. Razı salan kimi qayıdıb Bakıya
ki, “Azərbaycanfilm”in razılığını alsın.
Həmin vaxt Azərbaycanda qarşıda televiziya
üçün kino çəkmək məsələsi
dururmuş. Televiziya üçün
çəkiləcəksə, gərək orda Moskva da
iştirak etsin ki, mərkəzi televiziyada göstərmək
imkanı yaransın.
Ssenari yazmaq üçün Yuli Qusman dostları və
dövrün ən yaxşı ssenaristləri hesab etdiyi Yuri
Dunski ilə Valeri Fridə müraciət edir. Janr onlar
üçün yeni olsa da dostluq xatirinə
razılaşırlar.
Bir ilə “Onsuz da mən səni öldürməyəcəm”
adlı ssenari hazır olur. Sirk artisti Rüstəm
obrazı isə sırf Muxtarbəy Kantemirov üçün
yazılıb.
Bu dəfə də Kantemirovun obraz xoşuna gəlmir. Ssenarini oxuyur, deyir ki, mən
dağ çayı ətrafında böyüyüb kişi olmuşam, necə yəni məni orda
üzə bilməyən biri kimi göstərmisiniz, istəmirəm.
Dostunun gəlinini qaçırmaq səhnəsində də bəzi
məqamlarla razı olmur ki, kişi dostun gəlinini
qaçırtmaz.
Qusman sırf onu çəksin deyə çox məqamlarda
Muxtarbəylə razılaşmağa üstünlük verib. Onunla
razılaşandan sonra filmin adını da dəyişməli
olurlar - “Qorxma, mən səninləyəm”.
Bu dəfə Azərbaycanda məmurlar gəlin
qaçırılması kimi vəhşi adəti xatırlatmağı
lazım bilmirlər, “özümüzü dünyaya
rüsvay edə bilmərik” - deyirlər.
Filmin məsləhətçisi Rüstəm İbrahimbəyovun
dediyinə görə, filmi və onunla bərabər Yuli
Qusmanın siftəsini o vaxt Mərkəzi Komitəyə rəhbərlik
edən Heydər Əliyev xilas edib. “Gənc rejissorun ilk
işidir, heç nəyi kəsmədən,
bütünlüklə verilsin” - deyib.
Filmə
yaxşı musiqini yazmaq və həm də ifa etmək
üçün Qusman ən layiqli namizəd Polad
Bülbüloğlunu görür:
“Polad çox populyar idi, yaxşı mahnı
yazırdı və əla ifa edirdi. Aleksey Didorovun sözlərinə
yaxşı mahnı yazmışdı. Əsil
bizim kino üçün yazılmışdı elə bil.
Filmə isə mahnını özü ifa edən
gənc aktyor lazım idi. İstəmirdim
səs başqasının olsun”.
Qəhrəmanlardan biri - bəyin qızını sevən
Teymur müğənnidir. Rejissor istəyirdi ki,
həmin obraza özü oxuya bilən aktyoru çəksin.
Çox götür-qoydan sonra yaradıcı
qrup qərara gəlir ki, Teymur rolunu ən yaxşı elə
Polad Bülbüloğlu özü oynaya bilər, öz
mahnılarını ifa etməklə.
Qaraqaş, qaragöz, milli qız
Qusman Polad Bülbüloğlunu da aktyorluğa çəkib
gətirə bilir. Onun sevgilisi Tellini çox axtarırlar.
Nəhayət, Moskva Kinematoqrafiya İnstitutunu
yenicə bitirib gələn Həmidə Ömərovada
dayanmalı olurlar. Qaraqaş, qaragöz,
milli qız.
Rüstəmin yaxın dostu, cigit San Sanıç
obrazı məxsusi aktyor Rolan Bıkov üçün
yazılmışdı. Amma rejissor həmin obraza yalnız Lev
Durovu gördüyünü deyib.
O vaxt Lev
Durov artıq canlı əfsanə idi. Muxtarbəyovla da dost
olduğundan Lev Durov tez razılaşıb çəkilməyə.
Sergey Yurski də pristav rolu üçün çox
götür-qoy etmədən razılaşıb,
çünki doğma şəhəri Leninqradda o vaxt
ağır dönəm keçirirdi. Şəhər rəhbərliyi ilə
problemləri vardı, bir az ordan
uzaqlaşmaq xeyrinə olardı.
Həm də onu başqa kinostudiyalar həmin
söz-söhbətə görə dəvət etmirdilər. Uzun fasilədən
sonra “Azərbaycanfilm” dəvət etmişdi. Sergey Yurski buna görə həmişə Azərbaycan
və azərbaycanlılar haqqında sevgi ilə
danışarmış. Çəkilişlər
vaxtı Yuli Qusman onu Bakı kənarında pansionatda
ömrünün son günlərini yaşayan atasının
yanına aparır. Yaşlanmış məşhur
psixiatr olan atası oğlunun qonağı olan aktyora deyir ki,
çox sevdiyim aktyor və ifaçısan. Yəqin bir daha səni konsertdə görmək mənə
daha qismət olmayacaq. Səhəri gün
aktyor öz konsert qiyafəsini geyinib, pansionatda iki saatlıq
konsert proqramı ilə canlı çıxış edir.
Axmağın tapılması
Yuli Qusmanın ən çox əziyyət çəkdiyi,
tapa bilmədiyi aktyor Mərdan obrazını oynayacaq aktyor
olub. Yaradıcı qrup axtarışla gəlib Şəki
teatrına çıxırlar. Səhnədə
9 dəqiqəlik epizodik rolda oynayan Cahangir Novruzovu rejissorun
gözü tutur. Və əslində
çoxdan tanıdığı aktyora “sən əla aktyor
olmusan” - deyib, onu filmə çəkilməyə dəvət
edir.
Çəkilişlər başlar-başlamaz “Azərbaycanfilm”in
çox da yüksək səviyyədə olmayan texnikası
xarab olur. Bir “Arriflex” kamera onları yarı yolda qoysa işlər
çətinləşərdi. Operator
Valeri Kərimov bu texnikanı Qax rayonun İlisu qəsəbəsində
çəkilişlər vaxtı dağa, qayaya,
uçurumlara sürtə-sürtə birtəhər çəkib
başa çatdıra bilib. Yeni
texnikanın gəlməsini gözləmək vaxt itkisi idi.
2 seriyalı filmə isə çəmi 3 ay
ayrılmışdı. Yararsız texnika
ilə məşəqqətli çəkiliş prosesini
yaradıcı qrup üçün asanlaşdıran ancaq
yerli sakinlər olurdu. Hər cür köməyə
hazır idilər, kütləvi səhnələrdə də
məmnuniyyətlə çəkilirdilər. Nə lazım olsa, evlərindən
daşıyıb gətirirdilər. Bu
gün də İlisuda “Qorxma, mən səninləyəm”
filminin burda çəkilməsi ilə bağlı xatirə
stendlər var.
Qusmanın Həmidə Ömərovanı
aldatması
Maraqlı bir məqam da olur orda. Dağdan Tellini
düşürmək üçün möhkəm kəndir
tapılmadığından Həmidə Ömərovanın
dublyoru epizoda çəkilməkdən imtina edib. Qusman
üzünü Həmidə xanıma tutub – sənət naminə
riskə getməkdən başqa yol yoxdur - deyir: “Sənin nə
çəkin var ki ip saxlamaya. Qoy, bu sənin həyatında
ilk və bəlkə də son tryukun olsun”.
Həmidə
Ömərova deyir ki, kənardan Muxtarbəy mənə
baxıb razılaşma işarəsi verir, gənc
aktrisa, yeni bitirmişəm kino məktəbini: “Qusman dedi ki, sənin
qonorarını ikiqat verəcəm. Onsuz da
razılaşmalı idim. Çəkildim,
iplə sürüşüb ürəyim əsə-əsə
aşağı çatdım, ipi açdılar. Yaxınlaşdım Qusmana ki, siz mənə min manat
artıq verməyi söz vermisiniz ha. Qayıtdı
ki, Həmidə, sən sübut etdin ki, Kinematoqrafiya
İnstitutunu nahaq yerə qırmızı diplomla başa
vurmamısan. Halaldı sənə, amma pul
mənim deyil, dövlətindir”.
Tryuklarda isə heç bir problem yaranmırdı. Çünki
Kantemirovun öz komandası işləyirdi o sahədə.
Atlarla tryukları Muxtarbəy özü edirdi,
hamısı yüksək səviyyədə. Yalnız dağda partlayış və
daşların aşağı yuvarlanması lazımı
effekti verməyib. Yuli Qusman o
partlayışı eşşək anqırtısına bənzədib,
bizə isə dəhşətli partlayış lazım idi,
alınmadı deyib.
Çəkilişlərə
Muxtarbəy 20 il bir yerdə işlədiyi
Almaz adlı atını gətirib. At deyildi,
qardaşı imiş kimi yanaşırdı ona,
silahdaşı kimi. Çəkilişlərdə
at xəstələnir. Muxtarbəy atın gözlərindən
hiss edir bunu. Məlum olur ki, nalbənd Kantemirovlardan hansısa
incikliyin qisasını almaq üçün məqsədli
şəkildə mismarı düzgün
yerdən vurmayıb və atın qanına virus
düşüb. Səhərə qədər ölməkdə
olan atının yanında qalan Muxtarbəy səhər yuxulu
halda çəkilişdə həyatında minlərlə dəfə
etdiyi tryukda elə bir yanlışa yol verib ki, az
qala ona həyatı bahasına başa gələcəkmiş.
Xəncərləri bir birinə bağlayıb
qalanın başına atmaq istərkən ayağının
altından daş qaçan Kantemirovun əlindəki iti xəncərlər
onun ayağını sümüyə qədər kəsib.
Səhnə başa çatınca heç nə
büruzə verməməyə çalışsa da
çox qan itirməsi onun özündən getməsi ilə
nəticələnib.
Qanaxmanı kəsmək mümkün deyilmiş, arteriya
kəsilibmiş. Yaxın xəstəxanaya çatmaq
üçün isə bir saat vaxt lazımmış. Yaxın tibb məntəqəsində yaşlı
feldşer deyib ki, mənim bir iynəm var, bir də sapım.
Narkozsuz necə tikim? Kantemirov
ya dözməli idi, ya da öləcəkdi. Deyib ki, jqut verin, dişlərimin arasında
sıxacam, siz tikin. Kantemirov o
ağrının altında bir də at çapa biləcəmmi,
sənətimə qayıda biləcəmmi? –deyə əzablı düşüncələrlə
məşğul imiş. Özü hiss edirdi ki, sinir zədələnməsi
var, çünki ayağını hiss etmirdi. İbtidai
üsulla yara tikilir.
Həmin gün Bakıdan iki cərrah gəlib, onu əməliyyat
edir. Əməliyyatdan bir həftə sonra Muxtarbəy
çəkiliş meydançasına qayıdıb.
Çəkilişlər boyu axsasa da filmdə bu hiss edilmir,
etdirməyib, tryukları da özü edirmiş.
Gənc Qusmanın ahıl sənətkara
hədəsi
Filmdə Mirzə Babayev də çəkilib. Tellinin
atası Fərzəli bəy rolunda.
Azərbaycanın məşhur sənətkarı
çəkiliş prosesində anlayır ki, fonoqram ilə
oxuya bilmir. Dəfələrlə kadrı yenidən çəkirlər.
Fonoqram ilə Mirzə Babayevin dodaqlarının
tərpənişi üst-üstə düşmür ki,
düşmür. Axırda Qusman ona “sən yaxşı
müğənnisən, amma çox pis aktyorsan” - deyir. Ona qədər də xarakterik obrazlar oynayan Mirzə
Babayev bu töhmətə dözmür, fonoqramla elə ifa
edir ki, Qusman özünü saxlaya bilməyib stresdən
gülür. Yəni bu dəfə əla
alınır.
Mirzə Babayevlə daha bir hadisə olub. Buruqdan neft əvəzinə
su çıxanda, Petrovu oynayan aktyor - indi Səməd
Vurğun adına Rus Dramasının rəhbəri Aleksandr
Şarovski - rejissora pıçıldayır ki, bəlkə,
su arxadan onun üstünə sıçrasın. Sərin havada Mİrzə Babayevin üstünə
soyuq suyun gözlənilmədən dağılması təbii
kadrın alınması ilə nəticələnsə də
Mirzə Babayevin Şarovskiyə qəzəbi ilə bitib.
Film 1980-ci ilin oktyabrında hazır olub. Bədii
Şuranın üzvləri daxili baxışda doyunca
gülüb, filmi qəbul ediblər. Bir
neçə gün sonra fikirlərini dəyişib,
premyeranı təxirə salıblar. Məlum
olub ki, kino məmurlarını karate olan epizodlar qorxuya
salıb. 80-ci illərin əvvəlində
idmanın bu növünə qadağa qoyulmuşdu. Filmdə də bu təhlükəli idman
növünü müsbət qəhrəmanlar göstərir.
Qusman depressiyaya düşür. Məxsusi o səhnələr
üçün xüsusi karate dərsləri kursu təşkil
edib, qruplar yaratmışdı. Bir
neçə səhnəni yenidən çəkməli
olurlar. Müəllim karate adı çəkmədən
hansısa milli oyunu uşaqlara təlim keçir. Guya söhbət güləşdən gedir.
Nəhayət, film ilk dəfə Mərkəzi
televiziyanın efirinə çıxır və dərhal da
populyarlıq qazanır.
Muxtarbəy Kantemirov ondan sonra çox filmlərdə
çəkilib, amma Rüstəm obrazı onlardan ən
sevimlisidir – deyir.
“Qorxma, mən səninləyəm” dövrün ən
uğurlu kommersiya filmi idi.
Filmin mahnıları da tezliklə populyarlaşır. Orda çəkilən
aktyorlar həmin gündən bütün ittifaqda barmaqla
göstərilir. Tellinin qanuni nişanlısını
oynayan Cahangir Novruzov deyir ki, səhəri gün Moskvada taksi
sürücüsü məni tanıyıb uzun bir yolu tam
pulsuz apardı və dedi ki, mən gedib evdə bu gün kimi
gördüyümü danışacam.
Filmdə böyük sənətkar Həsənağa
Turabov (Üçgöz Cəfər) əsas rollardan birinə
çəkilib. Onun Teymuru qovub tutmaq istədiyi səhnədə
Teymur qalanın başına çıxıb oxuyur.
Musiqini çox sevən Üçgöz Cəfər
düşməni mahnı ifa etdiyi üçün onu vura
bilmir: “Ah, bir görün o necə oxuyur! Bir az
da oxusa, mən onu öldürə biləməyəcəm” -
deyir.
Düzdür, filmin nümayişindən sonra gənclər
xəncərlə gəzir, karate ilə məşğul olur,
bəlkə də dəmir betonu barmaqla deşmək istəyən
neçəsinin barmağı qırılmışdı,
amma bütün bunlarla birgə film humanizm aşılayan
döyüş, macəra, musiqili komediya idi.
Unikal.- 2020.- 2 may.- S.20.