Cəbhədə əsgər, səhnədə
general, yaddaşlarda
bəy oğlu bəy...
– HƏYAT HEKAYƏTİ
Ömrünün sonlarında,
90-ı keçib 100-ə doğru istiqamət alanda hansı
rolunu soruşsan, monoloqunu, dialoqunu əzbərdən söyləyərdi.
Ən çox sevdiyi obraz Cabbarlının Aydını,
Səməd Vurğunun Vaqifi idi. Aydın rolunu
Cabbarlının xanımı Sonanın bəyəndiyindən
şövqlə danışardı. Cabbarlının əsərlərinə
sevgisindən böyük oğlunun adını Aydın
qoymuşdu. Bir də Cahandar ağanı müzakirə etməyi
çox sevərdi. Onun bütün hərəkətlərini
Azərbaycan kişisinə örnək hesab edərdi.
Bu yerdə oxucu söhbətin kimdən getdiyi duymamış deyil, yəqin. Bəli, Cahandar ağanın əvəzsiz ifaçısı, Xalq artisti Ələddin Abbasovdan.
Lent.az doğum günündə aktyorun “Həyat hekayəti”ni danışır.
5 may 1922-ci ildə Gəncədə Aslanla Minaxanımın ailəsində doğulub. Ailədə 4 qardaş, iki bacı idilər. Kiçiyi Ələddin idi. Onun adını böyük qardaşı qoyub. Deyib ki, əlində sehrli gücü olsun Ələddin kimi, hamımızın arzularını həyata keçirsin. Hamısı oxuyan uşaqlar idilər. İkisi müəllim oldu, üçüncüsü həkim. Qızlar ailə qurub, evdən getdilər. Qaldı kiçik qardaş. Ələddin, deyəsən, həqiqətən də sehrli gücü olacağına inanıb, dərslə işi olmadı, oxumadı. Sevə-sevə getdiyi yalnız dram dərnəyi idi. Özünü tanıyandan baxdığı tamaşaların təsirinə düşmüşdü. “Aktyor olacam” deyib durmuşdu. Nə atası, nə də böyük qardaşı onun aktyor olmasını istəmirdilər. Ələddinsə inadından dönmürdü.
Bu uşaqlıq inadı sonradan qarşısıalınmaz arzuya döndü. Nəhayət, bu arzu onu heç bir təhsili olmadan, dərnəkdən Gəncə Dram Teatrının səhnəsinə aparıb çıxartdı.
Böyük qardaşı onun aktyor olmaq istəyinin ötəri həvəs olmadığını anlayıb, atasına – qarşısını ala bilməyəcəyik, ata, bəlkə xeyirlisi odur, qoy getsin - dedi.
Atası üzücü sükutdan sonra, gözləri yol çəkib bir nöqtəyə zillənmiş halda - ona de, heç olmasa olursa yaxşı aktyor olsun, səhnədə nizə tutan olmasın – deyir.
İlk rolları uşaq rolları olub. Cabbarlının
“Sevil” dramında Gündüzdən başlayıb peşəkar
səhnə fəaliyyəti. Ona qədər iki il teatrın yardımçı heyətində
təcrübə keçir, kütləvi səhnələrə
çıxır. Atasının “nizə tutan olmasın” fikri
bir an beynindən çıxmır. “Doğrutmalıyam, özümü
doğrultmalıyam ki, atam nizə tutan
olmadığımı görsün. Bu
gün nizə tutduğum bu səhnədə qəhrəmanları
oynamalıyam” - deyirdi özünə.
Tarixini, keçmişini əzbər bildiyi Gəncə
Dram Teatrının aktyor truppasına 1939-cu ildə ştata
götürülüb. Bütün yaradıcılığı
bu teatrla bağlıdır, yəni teatrın sonrakı
tarixini yazanlardandır. Gənc, təcrübəsiz
vaxtlarında teatrın peşəkar kollektivi - xalq artistləri
Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd
Bürcəliyev, Sədayə xanım Mustafayeva,
Zülfüqar Baratzadə, əməkdar incəsənət
xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət
korifeyləri ilə bir səhnəyə çıxıb. Bu peşəkar aktyorları sonradan özünün
məktəbi adlandırırdı. Həm
də hər biri bir məktəb idi - deyirdi.
Əyalət teatrında tanınmaq, sevilmək hər
aktyorun işi deyil. Bu aktyorların taleyi iki cür olur – ya səhnədə
tanınıb sevilir, ya da səhnənin kölgəsində
qalırlar. Bu səhnədən başqa
tanına biləcəkləri başqa məkan olmur - əyalətdə
aktyorun başqa fəaliyyət sahəsi, kinostudiya telestudiya
yoxdur. Nə olacaqsa, o əyalət
teatrının səhnəsində olacaq, ya da olmayacaq. Səhnədə arzuladığı, kənarlarında
oynadığı əsas rolların bir addımlığında
idi ki, müharibə başladı.
1941-ci ildə Ələddinin 19 yaşı vardı. Sıravi əsgər
kimi 1945-ci ilə qədər cəbhənin alovundan
keçib. Döyüş
yoldaşları ilə nəfəslərini dərməyə
imkan tapan kimi səngərin bir hissəsini səhnəyə
çevirib, onlara Otellonun monoloqunu, Vaqifin şeirlərini deyərdi.
Özündən böyük qardaşı ilə
Ələddinin payına düşmüşdü
vuruşmaq.
Müharibə başa çatanda Ələddin
qayıtdı, qardaşı yox...
Onun ölüm xəbəri atasını vaxtından
tez qocaltdı.
Ələddin Abbasovun ömür boyu təəssüfləndiyi
bir məqam vardı. “Atam məni səhnədə
Aydın kimi, Oqtay kimi, Qaçaq Nəbi, Qatır Məmməd
kimi, Cahandar kimi görə bilmədi, gördüyü elə
nizə tutmağım oldu” - deyirdi.
Müharibədən sonra teatrın, mədəniyyətin
yüksəliş dövrü idi. Sovet hakimiyyəti
öz ideologiyasını kütlələrə daha geniş
çatdırmaq üçün mədəniyyətə, təhsilə
önəm verirdi.
Ələddin Abbasovu taleyi vaxtında yönləndirmişdi. Tez bir zamanda səhnədə
böyük sənətkarlardan aldığı dərs,
keçdiyi məktəb onu uzaqlara, sənətin, şöhrətin
zirvələrinə qədər apardı.
24 yaşında teatrda sevdiyi qızla ailə həyatı
qurur. Teatrın kassasında çalışan Tamara onun
evlənmək təklifinə cavabını heç ləngitmir.
Ətrafda bu yaraşıqlı, artıq Gəncəbasarda
tanınan, sevilən aktyordan evlənmək təklifi almaq
arzusunda olan o qədər qız vardı ki.
Ələddin Abbasov Cabbarlının
dramaturgiyasını çox sevirdi. Onun sənət yolunda
Cəfər Cabbarlının əsərləri onurğa kimi
keçir. Bütün əsərlərinin
tamaşasında baş rolları oynayıb. Dünyaya gələn üç
övladının üçünün də adı
Cabbarlının qəhrəmanlarının adıdır.
Obrazlarını oğlanlarına verib,
böyük oğlunun adı Aydın, ikincinin Oqtaydır.
Qızı isə Gültəkin adını
daşıyır.
Evdə böyüyən uşaqların adını
daşıyan qəhrəmanları isə Gəncə
teatrının səhnəsində yaradırdı aktyor
Ələddin Abbasov. O tamaşalarla təkcə Azərbaycanda deyil, ölkədən
kənara da qastrollara gedirdi.
Ona görə Bakıdan sənətkar dostları tez-tez
Gəncə teatrının tamaşalarına baxmağa gəlirdilər.
Məmmədrza
Şeyxzamanovla, Adil İsgəndərovla, Mehdi Məmmədovla
yaxın dost olublar. Onun sənətinin
kulminasiyası sayılan Cahandar ağa obrazına çəkilməsinin
də səbəbkarı Adil İsgəndərov olub.
1969-cu ildə Ələddin Abbasov Gəncə
teatrının kollektivi ilə Tiflisdə qastrolda imiş. Eyni vaxtda iki
teleqramla onu Bakıya çağırırlar.
Teleqramın birini rejissor Hüseyn Seyidzadə vurmuşdu,
birini isə Adil İsgəndərov: “Təcili Bakıya gəl”.
Ələddin Abbasov Tiflisdən Bakıya gəlir. Kinostudiyada ona
deyirlər ki, səni “Dəli Kür” filminin çəkilişləri
üçün təcili çağırıblar. İnanmayıb ki, onu Cahandar ağa roluna çəkərlər.
Düşünüb ki, sıradan bir obraza
çəkərlər yəqin. Bir dəfə
başına belə bir olay gəlmişdi. “Onu bağışlamaq olarmı?” filminə dəvət
olunanda Tiflisdə qastrolda idi. Dörd
tamaşa ilə getmişdilər, hamısında Ələddin
Abbasov əsas rolları oynayırdı. Teatrın
rəhbərliyi Bakıya teleqram vurub ki, Ələddini
buraxsaq, gərək qastrolun ortasında onda iştirakdan imtina
edək. Bu da mümkün deyil. Nəticədə həmin filmə Ələddin
Abbasov çəkilməli olan Tərlan roluna kənardan aktyor
dəvət olunub.
“Dəli Kür”
filminin çəkilişlərinin başlanmalıdır,
amma Cahandar ağa tapılmır. Əsərin
müəllifi İsmayıl Şıxlı hər gün
kinostudiyaya gəlir, maraqlanır. Rolu
rejissor Adil İsgəndərova təklif edib. O vaxt
kinostudiyaya rəhbərlik edən aktyor deyib ki, məndən
Cahandar ağa olmaz, amma Gəncə Teatrında Cahandar ağa
var. Adil İsgəndərov onu Gəncə Teatrının səhnəsində
“Dəli Kür” tamaşasında Cahandar ağa rolunda
görmüşdü.
Rola ondan başqa altı aktyor sınağa çəkilib,
keçməyiblər. Axırda İsmayıl Şıxlı rejissordan –
nooldu, ay seyid, bu boyda Azərbaycanda Cahandar ağanı oynayacaq
bir adam tapmadın? - soruşanda
rejissor Ələddin Abbasovu göstərib, “bax, bu oğlan
oynayacaq” - deyib. İsmayıl Şıxlı
aktyora ötəri bir nəzər salıb, narazı halda
başını bulayıb, gedir.
Sınaq çəkilişlərinə baxandan sonra isə
müəllif – budur, xalis Cahandardır - deyib, Ələddin
Abbasovu bəyənib. Leyla Bədirbəyli ilə Ələddin
Abbasovun sınaqları eyni vaxtda təsdiqlənib.
Əllədin Abbasov üçün Cahandar ağa
obrazı etalon idi. Deyirdi bəlkə mən də Cahandar
ağanın böyüklüyünü göstərə
bilməmişəm.
Ən çox sevdiyi aktyor Ələsgər Ələkbərov
idi. Deyirmiş, hamı məni Cahandar ağa obrazında
görürdü, mən Ələsgər Ələkbərovu.
Onun yaratdığı “Böyük dayaq”dakı Rüstəm
kişi obrazı sənətin zirvəsidir.
“Dəli Kür”ün
çəkilişləri başlamamış rejissor
aktyorlarla cıdıra gediblər ki, aktyorlar at
çapmağı öyrənsinlər. Hüseyn
Seyidzadəni dərd götürüb ki, indi Ələddin
Abbasovun Cahandar ağaya layiq at çapması
üçün nə qədər vaxt lazımdır.
Ələddin Abbasov heç nə demədən hələ
məşqçi gəlməmiş atın belinə
sıçrayır, cıdırı o tərəf - bu tərəfə
necə çapırsa, rejissor tamaşaçı
oturacağında quruyub qalır. Aktyor gülə-gülə
atdan düşüb “mən Kəpəzin ətəyindən
Murova, ordan Hacıkəndə, Samux meşələrinə qədər
at çapa-çapa böyümüşəm” - deyir.
Bu filmdən sonra Gəncəli aktyor Ələddin Abbasov
bütün sovet məkanında tanınır. Xarici ölkələrdən
onu kinolara çəkilməyə dəvət edirlər.
Gəncə teatrındakı rollarını
qoyub gedə bilmir. Onu Akademik Dram
teatrına dəfələrlə dəvət edirlər.
Gəncə teatrını qoyub gəlmək istəmir.
Onun oynadığı tamaşalara Gəncə
teatrı Bakıda fəaliyyət göstərən teatrlardan
daha çox qastrollara gedirdi.
Teatrda 300-dən artıq dünya və Azərbaycan
klassik əsərlərindən rollar oynayıb. Müasir
dramaturgiyadan da maraqlı obrazları var. “Kişilər”
komediyasındakı baş rolda görməyən inanmaz ki,
Ələddin Abbasov kimi dramatik xarakterli obrazlar aktyoru belə
bir komik obraz da yarada bilər.
“Azərbaycanfilm”
kinostudiyasının "Koroğlu", "Torpaq, dəniz,
od, səma", "Mən ki gözəl deyildim",
“Qatır Məmməd”, “Qətl günü”, “Məkanın
melodiyası”, “Mən ki gözəl deyildim”, “Özgə vaxt”
kimi 20 bədii filmdə əsas rollarda çəkilib.
Sənətə məhəbbətini övladlarına
da ötürə bilib. Böyük oğlu Aydın teatrda rəssamdı.
Qızı Gültəkin musiqi müəllimidir.
Nəvələrindən ikisi aktyordur - Samirlə
Elnur Gəncə teatrında babalarının yolunu davam
etdirirlər.
1971-ci ildə
Xalq artisti adına layiq görülüb.
Ömrünün son illərində Gəncə
Teatrının səhnəsində son dəfə “Mahnı
dağlarda qaldı” tamaşasında Böyük bəy rolunu
oynayıb.
Bir də ondan bir neçə il sonra, 90
illik yubileyində sevimli, doğma teatrının səhnəsinə
çıxdı - yubilyar kimi. Bütün
kollektiv başına yığışıb, onun
oynadığı rollardan danışdı, onun
rollarını oynadı. O isə səhnədə son
rolunu oynayırdı... “Gəncə Dövlət
Dram Teatrının binası 1868-ci ildə tikilib. 1895-ci ildə isə şəhərdə ilk
tamaşa qoyulub” – deyə heç unutmadığı tarixi
bir daha təkrarlayırdı yetirmələrinə. “Görürsünüz - deyirdi, istəyirsiniz
oynadığım bütün rolların sözlərini də
danışım sizə - Bircə ayaqlarım sözümə
baxmır”.
İki il sonra - 2014-cü ilin 13 iyulunda bu dünya ilə əbədi vidalaşdı. Gəncədə Fəxri xiyabanda dəfn olunub...
Unikal.- 2020.- 9 may.- S.21.