Cümhuriyyətdə doğulub
işğalda ölən, ad günündə
yurdu talanan dahi – HƏYAT
HEKAYƏTİ
1945-ci ildə Türkmənistan
Opera və Balet teatrı azərbaycanlı bəstəkara
"Kəminə və Qazı" operasını
yazmağı sifariş edir. Sifariş vaxtında və
layiqincə yerinə yetirilir. Azərbaycan klassik musiqisinin
könül oxşayan nümunəsi - "Karvan" simfonik
muğamı həmin əsərin parçasıdır.
1955-ci ildən yenidən nəşr olunaraq, müstəqil
şəkildə yaşamaq hüququ qazanıb. Təsəvvür
edirsiniz, həmin möhtəşəm əsərin müəllifi
həm də "Oynaq topum", "Lay-lay", "Bənövşə",
"Bahar gəldi", "Yolka" kimi məşhur uşaq
mahnılarının bəstəkarıdır. Böyük
Hacıbəyovlar şəcərəsinin nümayəndəsi
Soltan Hacıbəyovdan gedir söhbət. Lent.az böyük bəstəkarın
doğum günündə onun “Həyat hekayəti”ni
danışır. “Karvan” simfonik muğamının sədaları
altında…
***
Onun doğum tarixində bir nüans diqqətimi çəkdi. Bir az da həsəd apardım o tarixdə doğulanlara. İndiyə qədər haqqında yazdığım sənətkarların tərcümeyi-halında adətən filanıncı ildə Azərbaycan SSR-də, yaxud Rusiyanın filan quberniyasında anadan olub cümləsi görmüşəm, xoş olmasa da. Soltan Hacıbəyovun isə tərcümeyi-halı belə başlayır: 1919-cu il mayın 8-də Azərbaycan Demokratik Respublikasının Şuşa qəzasında dünyaya gəlib.
Bir də
təəssüf doğuran bir aqibət... Buna sonda qayıdacağıq.
Soltan
İsmayıl oğlu Hacıbəyov həm də ona görə
xoşbəxt adam olub ki, Üzeyir bəy Hacıbəylinin əmisi
nəvəsidir, onun tərbiyəsini görüb. Üzeyir bəy
kimi böyüyü olan adam onun yarısı qədər
olmağa “məhkumdur”. Üzeyir bəyin yanında, onun tərbiyəsi
ilə böyümüsənsə, olma bəstəkar,
görüm necə olmursan…
Atası
İsmayıl görəndə ki, oğlu musiqi ilə nəfəs
alır, fikri-zikri musiqidir, onu Bakıya - əmisi Üzeyir bəyin
yanına göndərir.
Üzeyir
bəy onun duyumunu yoxlayıb, musiqi məktəbinə yönləndirir.
Soltan Hacıbəyov truba sinfində təhsil almağa
başlayır.
Musiqi məktəbindən
əvvəl onun məktəbi Üzeyir bəyin evi, onun
mühiti idi. Söhbət həm də elə bir dövrdən
gedir ki, respublikada gənc, istedadlı bəstəkarların
bütöv bir nəsli yetişirdi. Fikrət Əmirov,
Cövdət Hacıyev, Niyazi, Səid Rüstəmov.
Hamısı da Üzeyir bəyin yolunu davam etdirir. Həm də
S. Prokofyevin, D.Şostakoviçin məktəbindən bəhrələnirdilər.
Soltan Hacıbəyov məktəbdən kənardakı həmin
mühitdən aldığı dərslə tezliklə
Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyətə başlayır.
Yeni yaranmış teatrda musiqini bilənlərə, onu idarə
edə biləcək musiqiçilərə ehtiyac vardı.
Soltan Hacıbəyov bu ehtiyacı ödəyə bilən
şəxs idi, təhsilini başa çatdırmasa belə.
Teatr
mühiti onun böyük musiqiçi kimi yetişməsinə
zəmin yaradır. Əsəri xor və simfonik orkestr
üçün yazılmış "Pioner kantata"sı
və "Qızılgül" musiqili komediyasıdır.
"Qızılgül" əsəri 1940-cı ildə
Bakı Musiqili Komediya teatrının səhnəsində
tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq
şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur.
O zaman xalq musiqisinin əsaslarını Üzeyir bəy
Hacıbəyli özü tədris edirdi.
Tələbəlik
illərində Soltan Hacıbəyov iki prelüd və
fortepiano üçün sonata, "Çiçəklərin
söhbəti", "Neft haqqında nəğmə"
mahnılarını, "Quşcuğaz", "Tənha
yelkən ağarır" romanslarını, simli kvartet,
simfonik variasiyalar yazır.
Teatr mədəniyyətini
yaxşı mənimsədiyindən bir çox tamaşalara
musiqi bəstələyib. Mirzə İbrahimovun "Məhəbbət",
"Kəndçi qızı", Səməd Vurğunun
"İnsan", Süleyman Sani Axundovun "Eşq və
İntiqam", Sabit Rəhmanın "Əliqulu evlənir"
və sair.
1941-ci ildə
müharibə başlayandan sonra dövrünün
bütün sənətkarları kimi, onun da
yaradıcılığı istiqamətini dəyişir. Qəhrəmanlıq
mövzuları həmin dövr mədəniyyətin şah
damarı idi.
Gənc bəstəkarın
da yaradıcılığında qəhrəmanlıq
mövzusunda yazdığı, həm də ilk "Birinci
simfoniya"sı idi. Bu əsər Azərbaycanda yeni təşəkkül
tapan milli simfoniya janrının ilklərindədir.
Özü
hesab edirdi ki, həyatının əhəmiyyətli hadisələrindən
biri 1944-cü ildə Tiflisdə Zaqafqaziya
respublikalarının musiqi ongünlüyündə
dirijorluğu ilə bu simfoniyanın ifa olunması olub. Məşhur
sovet bəstəkarı Reynhold Qliyer yazırdı: "Onun
bacarığına şübhə ola bilməz. O,
böyük zövqə malik, musiqinin texniki xüsusiyyətlərinə
sahib bir bəstəkar olacaqdır".
O illərdə
Soltan Hacıbəyov qəhrəmanlıq mövzusunda ona
şöhrət gətirən "Karvan" simfonik lövhəsini
yaradır (1945). Öncə də qeyd etdiyim kimi, əsər
Türkmənistan Dövlət Opera və Balet Teatrının
sifarişi ilə "Kəminə və Qazi" adlı
operanın içində "Şur" muğamı əsasında
bəstələnib. Sonradan simfonik parçanı yeni bir əsərə
çevirib.
"Karvan"
simfonik lövhəsi adamı xəyalən qumlu Asiya
çöllərinə, şirin şərq
nağıllarına aparır. Ahəstə irəliləyən
dəvə karvanı gah sakit axarla gedir, gah da qum fırtınasına
düşür… Bu möhtəşəm musiqi insan həyatının
keşməkeşini doqquz dəqiqəyə
sığışdırır. Elə bil rəssamın
peyzajıdır, gözlərin önündə canlanan
tablodur. Həm də insan həyatıdır. Dinləyirsən
və düşünürsən ki, bu musiqini dinləyən
qatı cinayətkar əməlindən əl çəkib
çox humanist insana çevrilər.
Müharibə
vaxtı əsərləri arasında
"Döyüşçülər nəğməsi",
416-cı Taqanroq diviziyasına həsr edilmiş marş da var.
Müharibə
dövrü üçün bura qədər bəsdir. Zənnimcə,
incəsənət adamına müharibənin təsiri onun
yaradıcılığının, əsərlərinin
janrını dəyişməkdir. İndi bu
yaxşıdır, yap is başqa söhbətin mövzusudur.
Hər halda sənətkar sevgidən, bəşəri dəyərlərdən
ruhlanıb yazsa daha yaxşıdır, nəinki müharibədən.
Məsələn,
50-ci illərdə bəstəkar məhz bu dediyim mövzularda
əsərlər yaradıb. "Gülşən" baleti
insani münasibətlərə, estetik mövzulara toxunur.
50-53-cü
illərdə bəzi xalq mahnı və muğamları xalq
çalğı alətləri orkestri üçün
işləyir - "Sarı bülbül", "Leyla",
"Qarabağ şikəstəsi".
Bolqarıstan
və Çexoslovakiya səfərindən sonra "Bolqar
süitası" və "Çex rəqsi" əsərləri
meydana gəlir.
Yüzlərlə
yetirmələri ilə bərabər Azərbaycan mədəniyyətinə
İsmayıl Hacıbəyov adlı bir oğul da bəxş
edib ki, bəstəkarlıqda öz yolu olub. İsmayıl
Hacıbəyov 2006-cı ildə 56 yaşında dünyadan
köç etsə belə, əsərləri ilə
yaşayır.
1948-ci ildən Soltan Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, 1948–62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru olub. 1969 – 1974-cü illərə qədər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. Xalq artisti fəxri adına layiq görülmüşdü.
Onun doğum tarixində bir nüans diqqətimi çəkdi. Bir az həsəd apardım o tarixdə doğulanlara. İndiyə qədər haqqında yazdığım sənətkarların tərcümeyi-halında adətən filanıncı ildə Azərbaycan SSR-də, yaxud Rusiyanın filan quberniyasında anadan olub cümləsi görmüşəm - xoş olmasa da. Soltan Hacıbəyov isə 1919-cu il mayın 8-də Azərbaycan Demokratik Respublikasının Şuşa qəzasında dünyaya gəlib.
Bir də təəssüf doğuran bir aqibət var, demişdik yuxarıda.
Soltan Hacıbəyov müstəqil ölkənin vətəndaşı kimi doğulsa da, 19 sentyabr 1974-cü ildə 55 yaşında Bakıda - Azərbaycan SSR-də, işğal olunmuş məmləkətdə vəfat etdi... 18 il sonra isə onun doğum günü Şuşanın – ruhumuzun, musiqimizin, dahilərimizin vətəni olan bu incinin qətli, işğalı günü kimi tarixə düşdü...
Fəxri xiyabanda uyuyur. Sumqayıt musiqi məktəbi
onun adını daşıyır...
Ramilə Qurbanlı
Unikal.- 2020.- 9 may.- S.19.