“Ağciyərlərdə buzlu
şüşə effekti yeni
bir şey deyil və
təkcə koronavirusda olmur”
– Pulmonoloqdan maraqlı açıqlamalar
Pulmonoloq Eldar Zeynalov Gəncə
şəhərində çalışır. Dəfələrlə
ağır pnevmoniya xəstələrinin uğurlu müalicəsi
ilə bağlı ağciyərlərin öncədən və
sonrakı nəticələrini paylaşaraq, pnevmoniyanın əslində
elə də dəhşətli, qorxulu xəstəlik
olmadığını və müalicəyə tabe
olduğunu göstərib.
Bu yaxınlarda 70
yaşlı şəkərli diabet xəstəsində ikitərəfli,
ağır virus pnevmoniyasının 12 gün ərzində
uğurlu müalicəsi barədə paylaşdığı
fotofakt diqqətimizi xüsusilə çəkdi. Çünki həmin fotoda son zamanlar koronavirus
ağırlaşması kimi gündəmdə məşhur
olan ağciyərlərdə buzlu mat şüşə
effekti sindromu görünürdü. Deməli,
virus pnevmoniyası üçün xarakterik olan bu sindrom da
müalicə olunur. Düzdür, həmin
xəstənin koronavirusa yoluxub- yoluxmaması sual altında
idi. Xəstə ağır vəziyyətdə
pulmonoloqa müraciət edəndə, həkim onu testə
göndərsə də, cavabı gözləmədən
müalicəyə başlamışdı. Eldar
Zeynalov pnevmoniya zamanı itirilən hər saatın xəstənin
əleyhinə işlədiyini bildirir.
BUZLU ŞÜŞƏ SİNDROMU ZAMANI
AĞCİYƏRLƏRDƏ NƏ BAŞ VERİR?
Milli.Az
medicina.az-a istinadən bildirir ki,
bütün bu müalicə təcrübəsini nəzərə
alaraq, Eldar Zeynalovdan pnevmoniya və məşhur buzlu
şüşə sindromu barədə suallara cavablar
aldıq.
Pnevmoniya
və onun gedişatı, müalicəsi barədə həkimin
ətraflı müsahibəsini təqdim edirik:
- Həkim,son zamanlar hamının
dilində əzbər olan və əcnəbi həkimlərin
dəhşətlə təqdim etdiyi, koronavirusun
ağırlaşması hesab olunan "ağciyərlərdə
buzlu şüşə effekti" nədir, necə
yaranır? Bu zaman xəstənin ağciyərlərində
nə baş verir və bu həqiqətənmi qorxulu vəziyyətdir?
- Buzlu
şüşə sindromu tibdə yeni bir şey deyil,
radioloqlar, rentgenoloqlar, pulmonoloqlara çoxdan
tanışdır. Gündəlik
praktikamızda rast gəlirdik, sadəcə bu qədər
qabardıb, sadə insanlara çatdırmırdılar.
Buzlu şüşə və ya mat şüşə sindromu
ağciyərlərin kompüter tomoqrafiyası müayinəsi
zamanı bronx və damar
görüntüsünün saxlanması şərtilə,
ağciyərin toxuma sıxlığı ilə müşayət
olunan bir görüntüdür.
Rentgendə
bu görüntü buzlu, donmuş mat şüşəyə
oxşadıldığı üçün belə ad
qoyulub. Yəni bu söz radioloqların
icadıdır. Təbii ki, ağciyərlərdə
heç bir buzlaşma və şüşələşmə
getmir. Buzlu şüşəni oxuculara
şəkillərlə daha əyani göstərmək istərdim.
Buzlu şüşə görüntüsü heç
də həmişə xəstəlikdən, patoloji prosesdən
xəbər vermir. Bəzən yalançı buzlu
şüşə də görmək mümkündür.
Məsələn, arxası üstə
uzanmış xəstənin KT çəkimi zamanı cazibə
qüvvəsi nəticəsində qanın damarlara dolması
yalançı buzlu şüşə effekti əmələ
gətirir. Həmin şəxsi yenidən
qarnı üstə uzadaraq təkrar KT müayinə ediləndə
effekt itir və ağciyərlər normal görülür.
Digər misal isə sağlam insanın nəfəsalma
zamanı normal görünən KT çəkimi və nəfəsvermə
zamanı yalançı buzlu şüşə effekti ilə
bağlıdır.
Ona görə bu məsələdə çox diqqətli
olmaq lazımdır.
Buzlu şüşə təkcə koronavirus xəstələrində
rast gəlinmir. Bu effekt bir çox ağciyər xəstəliklərində
görülür.
- O zaman buzlu şüşə
hansı xəstəliklərdə, hallarda daha çox
görülür?
- Bronxiollarda
və alveollarda iltihabi proses zamanı. Əgər
alveollar tam dolarsa, buzlu şüşə konsalidasiya ilə əvəzlənir.
Bu görüntünü də
aşağıdakı şəkildə görə bilərsiz.
Alveolların qismən maye ilə dolması (transudant və
eksudant).
Bir də buna ağciyər toxumasının
hipoventilyasiyası zamanı rast gəlirik.
- COVID-19
pandemiyası həm də pnevmoniyaları gündəmə gətirdi.
İnsanlar daha çox bu xəstəlikdən
qorxmağa başladılar. Pnevmoniyanı
qatil kimi görürlər. Əslində,
nəticələrinizdən də görünür ki,
müalicə olunur.
- Yeni
koronavirus infeksiyası barədə xəbərlər bir qədər
qorxulu görünsə də, əslində hər bir xəstəliyin
statistikası tibdə əsas götürülür. Koronavirusda isə 81% yoluxanlar xəstəliyi
yüngül keçirir, o dərəcədə ki, heç
bir simptom hiss etmir. Nadir hallarda yorğunluq və 37,1 dərəcə qızdırma olur.
14% orta ağır xəstələrdə hərarət,
titrətmə, öskürək olur və bu xəstələrin
50%-də yüngül rentgnenoloji pnevmoniya əlamətləri
görülür. Bu qismdə də ağciyərlərdə
buzlu şüşə sindromu görülmür.
Yalnız
5% xəstələr ağır keçirir, onlar da mütləq
stasionarda müalicə almalıdır və süni tənəffüs
aparatına ehtiyac ola bilər. COVID 19-un qorxulu tərəfi virusun çox qısa
müddətdə virus mənşəli pnevmoniyaya
çevrilməsidir. Buna ildirimvari
gedişat deyilir.
Pnevmoniyanın
özünün də növləri var. Etiologiyasına,
yaranma səbəbinə görə: bakterial, göbələk
və virus mənşəli olur. Bunlardan daha təhlükəlisi
virus mənşəlidir. Virus
pnevmoniyaları ta qədimdən mövcuddur, həmişə
həkimlərin diqqətində olub. Virus
pnevmoniyası respirator viruslardan, adi qripdən yarana bilər.
Pnevmoniya heç də hamını öldürmür,
burada yanaşı xəstəliklərin rolu var. Məsələn
diabet, ürək damar xəstəlikləri, təzyiq xəstələri. Bu insanlarda
pnevmoniyaların gedişatı kəskin olur.
Onlarla incə və ehtiyatlı davranmaq lazımdır.
Onkoloji xəstələrdə
pnevmoniya nisbətən ağır ola bilər.
Xroniki ağciyər xəstəlikləri olanlar da risk
qrupundadır.
- Doktor, bu yaxında yenə əcnəbi
mənbələr belə bir informasiya yaydı ki, siqaret
çəkənlər koronavirusa sanki yoluxmur, yoluxsa da
ağciyərləri virusa tab gətirir. Sizcə,
bu fakt həqiqətə uyğundurmu?
- Siqaret
çəkənlərin koronavirusa yoluxmaması,
yüngül keçirməsi və ağciyərlərinin
virusa daha davamlı olması barədə məqalə və
məlumatlar səhvdir. Ağciyərlərin bir
neçə xəstəliyi var ki, sırf siqaret çəkənlərdə
olur. Bu xəstələr risk
qrupundadır. Siqaret çəkənlər
pnevmoniyanı daha ağır keçirir, səbəbi də
ağciyər elastikliyinin pozulmasıdır.
Çox
insanlar deyir ki, virus pnevmoniyasından sağalandan sonra
ağciyərlərdə böyük fəsadlar, dəyişikliklər
qalır.
- Son diabet xəstəsi
paylaşımınızda da vurğuladınız ki, xəstənin
koronavirus testinin cavabını gözləmədən
pnevmoniyanı müalicəyə başlamaq lazımdır.
- İstənilən xəstəlikdə bir test və
analizə görə diaqnoz qoyulmur. Laborator və
rentgenoloji göstəricilər, xəstənin şikayətləri
nəzərə alınır. Xəstə
olub ki, virus pnevmoniyası ilə yaxınlaşır, əlamətlər
eynilə koronavirusda olduğu kimidir, hətta buzlu
şüşə effekti də görünə bilər.
Amma test verilir, cavab neqativ çıxır, yəni koronavirus
deyil. Onda həkim virus pnevmoniyasının
standart müalicəsini aparır. 2-3-cü
testin cavabını gözləməməlidir.
Çünki pnevmoniya varsa, dərhal nəzarətə
götürülməlidir. Keçən hər
saat, sutka xəstənin əleyhinə işləyir. Ona görə də istənilən pulmonoloq testin
cavabı çıxana kimi müalicəsinə
başlamalıdır. Bizim praktikamızda
belə xəstələr olub.
- Pnevmoniyanın müalicəsi necə
aparılır?
- Virus əleyhinə
dərmanlar, dəstəkləyici preparatlar təyin olunur. Xəstəliyin gedişatına uyğun müalicə
sxemləri seçilir. Antibakterial terapiya
-antibiotiklər təyin edilir. Düzdür,
antibiotiklər virusa təsir göstərmir. Yalnız
virus pnevmoniyası zamanı bakteriyalar inkişaf edir və
iltihabi proses yaradır. Burda təbii ki, antibiotik
lazım olur. Hər bir xəstəyə fərdi
yanaşılır. Bir müalicə eyni
ilə bütün xəstələrə şamil edilə
bilməz.
Çox insanlar deyir ki, virus pnevmoniyasından
sağalandan sonra ağciyərlərdə böyük fəsadlar,
dəyişikliklər qalır. İstənilən xəstəlikdə
fəsad qalma ehtimalı var. Lakin əksər pnevmoniya xəstələri
sağaldıqda demək olar, heç bir iz qalmır. Ağciyərlərdə struktur dəyişikliyi
olmur. Alveollar mayedən, irindən
boşalıb, təmizləndikdən, fəaliyyətini bərpa
etdikdən sonra buzlu şuşə effekti itir və insan normal
yaşamına qayıdır.
- Bəs hansı müalicəvi ərzaqlar,
qidalar bu xəstələrə lazımdır? Bunların
təsiri varmı?
- Ümumdünya Səhiyyə Təşkilatının
göstərişlərinə görə, çox maye qəbul
etməli, şəkərdən çox istifadə
olunmalıdır. Təbii ki, diabet xəstələrindən
başqa. Zülal, karbohidrat və şəkərli
qidalar qəbul edilməlidir.
Qədimdən
nənə-babalarımızın milli türkəçarələrdə
tövsiyə etdiyi metodlar: isti, mürəbbəli çay,
ballı su, tərlətmələr, bol maye, duru yeməklər,
bulyonlar, xəmir xörəkləri, sarımsaqlı
qatıq, sirkə istifadə etmək olar. Bu
qidaların faydası var. Amma bunlar mütləq normal dərman
müalicəsi ilə yanaşı olmalıdır. Təkcə türkaçələrlə müalicə
olmur.
İsti
havalar koronavirusu öldürmür, sadəcə zəiflədir
- Bundan sonra bir həkim kimi pandemiya
və koronavirusdan gözləntiləriniz nədir? Virus necə davranacaq?
- Bu xəstəliyin
digər virus infeksiyaları kimi daimi immuniteti yoxdur, alimlərin
sözünə görə, 3-4 aylıq müqavimət
yaranır. 3-4 aydan sonra insan yenidən yoluxa bilər.
Necə ki, adi qripdə də insanlar ildə 2-3,
bəzən daha çox yoluxur, xəstələnir. Ona görə koronavirusdan tam sağalma deyə bir
şey yoxdur. İkinci-üçüncü
dalğa deyilən gözlənti var. Bundan sonra periodik olaraq
müəyyən artmalar, azalmalar, yoluxma dalğaları olacaq.
İstilər düşdükdə, respirator viruslara
yoluxmalar sıfıra yaxınlaşır. Bunun da bir
neçə səbəbi var. Virusu isti öldürmür, sadəcə
virusun geniş yayılıb, havada çox qalmasının
qarşısını alır. Virus hava
buxarlarında çox qalır və uzun məsafə qət
edə bilir. Yəni bir xəstənin
ağız suyundan havaya atılan virus 2-3 metr irəli və ya
geri məsafə qət edə bilər. İsti
havada virusun uzun məsafə qət etməsi mümkün
olmayacaq. Gün şüaları da virusun
yaşama ömrünü qısaldacaq. Bu
da xəstəliyin azalmasına səbəb olacaq.
Amma virus özünü soyuq və rütubətli
aylarda necə aparacaq, bunu zaman göstərəcək. İstənilən halda
pandemiya bitməyənə kim karantin şərtlərinə
əməl etmək və qorunmaq mütləqdir.
Unikal.- 2020.- 16
may.- S.19.