Yoxa çıxan “məbəd”, baş tutmayan
partlayış,
bəxtsiz sevgililərin
aqibəti – “Ölsəm, bağışla...”
“Xram vozduxa”nı bizim dilə bədii
tərcümə edə bilmədiklərindən filmin ilkin
adını dəyişib, “Ölsəm, bağışla”
qoyublar. Əslində tərcümə olunur
“Hava məbədi” kimi,
amma kino adına
oxşamır. Lent.az -ın “Bizim filmlər” layihəsində bu dəfə Rüstəm İbrahimbəyovun
ssenarisi ilə Rasim Ocaqovun ekranlaşdırdığı “Ölsəm,
bağışla” filmindən söhbət
açırıq.
“Ölsəm bağışla” filminin ssenarisi yazıçı təxəyyülünün məhsulu deyil, real həyat hadisələridir. Rüstəm İbrahimbəyov müharibədən sonra - 1946-cı ildə baş verən hadisələri qələmə alıb.
Filmin çəkilişləri 1988-ci ilin sentyabrında başlayıb. Rasim Ocaqovun əksər
filmləri payız aylarında çəkilib.
Rejissorlar filmlərini əsasən
yay aylarına saldığından payızda
kinostudiyanın pavilyonu
boş olardı.
Rasim Ocaqov da o taktikadan
istifadə edib, pavilyonun boş vaxtını tutardı.
Filmin də əksər hissələri kinostudiyanın
pavilyonunda lentə alınıb, hərçənd
filmə baxanda adam belə
zənn etmir.
Filmin rəssamı
Rafiz İsmayılov əvvəlcə Kislovodska
filmin çəkiləcəyi
məkanlara baxmaq üçün yollanır. Ssenariyə görə,
filmdə əsas hadisələr 1946-cı ildə
“Xram vozduxa” adlı restoranda baş verir.
Rafiz İsmayılov
Kislovodskda həmin restoranı tapa bilmir. Məlum olur ki, restoran çoxdan sökülüb. Restoran sahibini
tapıb, ondan “Xram vozduxa” restoranının
şəkillərini alır.
Qalanı rəssamın fırçasının
məhsuludur, yəni dekordur.
“Xram vozduxa” restoranı Kislovodskda hündür yerdə, havanın, oksigenin bol olduğu yüksəklikdə yerləşib.
O məkanı Bakıda İçərişəhərdə dekorla həll edirlər. Film əsasən
həmin yerdə və Kislovodskda çəkilib. Məsələn, filmin qəhrəmanı Yusifin (Fəxrəddin Manafov) Kislovodskda aldığı evdə olan çəkilişlər
həqiqətən orda
lentə alınıb.
Yusifin öldürüldüyü səhnə
də.
Gülya ilə (Gülzar Qurbanova) gəzdikləri yerlər, Lermontovun heykəlinin qarşısı...
hamısı Kislovodskda
çəkilənlərdir. Qalanları isə
Bakıda kinostudiyanın
pavilyonunda və İçərişəhərdəki dekorda lentə alınıb.
Yusif obrazına
bir neçə aktyor sınağa dəvət edilib. Şəki Dövlət
Dram Teatrının aktyoru
Fərman Abdullayev hətta sınaqdan keçib. Rasim Ocaqov Fərman
Abdullayevi sınaq çəkilişlərindən çox bəyənən
operator Rafiq Qəmbərovu
dinləyib, amma öz qərarını verib. Baş rolda Rasim Ocaqovun əksər filmlərinin qəhrəmanı
Fəxrəddin Manafov
çəkilir. Yusifin anasını
isə Gəncə teatrının aktrisası
Sədayə Mustafayeva
oynayıb.
Yusif müharibədə
kontuziya alıb, kəkələyərək danışır. Fəxrəddin Manafovun kəkələməsini
çox məşq etməli olmayıblar.
Aktyor kameranın qarşısına
keçən kimi vəziyyətə girib, kəkələməyə başlayıb.
Filmin peşəkar rəssamının
əməyi sayəsində
Moskvada plyonkaların aşkarlanması zamanı
qatar səhnəsinin
pavilyonda çəkilməsinə
inanmayıblar. Rafiz İsmayılov
hardansa köhnə vaqon tapdırıb. Onu söküb, kinostudiyanın
pavilyonunda quraşdırıblar.
Vaqonun yalnız üstü açıq olub ki, kameralar həm
də ordan qurulsun. Onun hərəkəti, pəncərədən görünən,
axan mənzərə
hamısı dekorun, texnikanın, insan əməyinin məhsuludur.
Eynilə Yusifin müharibədə
ZİS-5 maşınının bombardmana düşdüyü
səhnə də əl işidir. Pirotexnikin, rəssamın,
kaskadyorun və sair.
Maşını Bakıda bir kolleksiyaçıdan kirayəyə
götürüb, Xətai
rayonunda, indi rayon prokurorluğunun yerləşdiyi
ərazidə fəaliyyət
göstərən zavodda
təmir etdirirlər.
Sözügedən səhnə Güzdək kəndində çəkilib. Moskvadan 4 kaskadyor
dəvət olunur.
Kabinəni taxtadan quraşdırırlar
ki, maşın çevriləndə sürücünü
əzməsin.
Çəkiliş zamanı partlayış anı ilə kameranın vəziyyəti
üst-üstə düşmür. Yəni partlayış
nəzərdə tutulduğundan
daha tez olur, həmin anı kamera götürə bilmir.
Nəticədə kadrın yenidən
çəkilməsi üçün
maşın təmirə
getməlidir. Bu da uzun prosesdir.
İki həftə Moskvadan gələn kaskadyorların
da Bakıda qalması filmin büdcəsinə xeyli maddi ziyan gətirir.
Növbəti çəkilişdə həmin
səhnə üçün
daha iki operator cəlb edilib. Bu dəfə alınır, amma yenə gözlənilən effekt olmur.
Maşın çevriləndə içindəki
Fəxrəddin Manafov
yox, kaskadyor olur. Aktyorun partlamış maşından
çıxdığı səhnə ayrıca çəkilib.
Daha bir səhnə filmə ayrılan vəsaitin əsas hissəsini yeyib.
Gülya evdə ət çəkir, Yusif pəncərədən onu
izləyir. Birdən ağ-qara kadr
rənglənir, Gülyanın
əynindəki xalat qırmızıya dönür.
Bu hal filmdə
məna kəsb edir. Film dilində
gələcəyə ümid,
qarşıda işıqlı
günlərin olmasına
inam var mənasını verir.
Bu kadr 6 dəfə
çəkilir, heç
biri Rasim Ocaqovun ürəyincə olmur. Həmin kadrlar rəngli
plyonkaya çəkilir,
rəngli plyonka isə çox bahadır. Hələ onu demirəm
ki, montaj vaxtı 6 kadrdan birincisi filmə salınır. Həmin kadr
çəkiləndə yağışı
yağdıran yanğınsöndürən
maşındır. Damlaların işığın
altında yağış
effekti verməsi üçün gül sulayandan istifadə edilib. O qədər gur suyun altında
damcı effektini üstəlik suçiləyənin
köməyi ilə
ala biliblər.
Kino belə nəsnədir. Həmin səhnədə
söz yoxdur, yalnız aktyorun cizgiləri sözü əvəz etməlidir.
Fəxrəddin Manafovun üzündəki
ifadə yağış
damlaları ilə birgə dil açıb danışır.
Gülya roluna da sınaqda
olan aktrisalar çox olub. Moskva Kinematoqrafiya
İnstitutunu yenicə
bitirib gəlmiş Gülzar Qurbanova sınaqdan keçir.
Gülya
onun kinoda ilk roludur.
Filmdəki dava səhnəsi üçün çox yer axtarılıb. Rasim Ocaqov operatorla rəssama “siz tapın, mən baxım” - deyib. Bir gün təsadüfən
üçü də
İçərişəhər Qala qapısının ağzından keçib, bulvara çay içməyə gedirmişlər.
Eyni vaxtda məkan diqqətlərini çəkib
və rəssam buradır - deyib, - tapıldı.
Filmdə
Muxtar Manıyev, Hacı İsmayılov, Həsən Məmmədov
da çəkiliblər.
Bəstəkarı Emin
Sabitoğludur - Rasim Ocaqovun filmlərindəki əsas “silahdaşı”.
Filmin premyerası 1989-cu il oktyabrın 24-də
olub.
"Ölsəm, bağışla"
filmi 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin 1-ci festival-müsabiqəsinin
mükafatını qazanıb. 1992-ci ildə
Türkmənistanda keçirilən
1-ci Regional İpək Yolu
kinofestivalında ən
yaxşı qadın və kişi roluna görə Gülzar Qurbanova və Fəxrəddin Manafov festivalın baş mükafatı olan "Qran pri"ni qazanıblar.
Unikal.- 2020.- 16 may.- S.21.