“Azərbaycan
deyiləndə ayağa
dur ki...”-
Məmməd Arazın əziz xatirəsinə
Xalq şairi
Məmməd Araz Azərbaycan ədəbiyyatında
çoxcəhətli və
zəngin ədəbi
irsinə, sənətkarlıq
qüdrətinə görə
özünəməxsus yeri
və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və
şərəfli, bütövlükdə
Vətənə və
sənətə həsr
olunmuş əsl şair-vətəndaş ömrü
yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin
daha çox onun yaradıcılığında
öz əksini tapıb. Məmməd Araz özü
də şeirlərində
bunu dəfələrlə
etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə
deyilir: “Əsl tərcümeyi-hal şairin
şeirləridir. Şair
çox halda öz yazılarının
baş qəhrəmanı
ola bilir”.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli
şeirlərilə Məmməd
Araz vətəndaş
qeyrətli ədəbiyyat
nəhəngidir. Bu görkəmli
şair həm də milli azadlıq
ideyalı əsərləri
ilə istiqlal şairi olaraq əbədi şöhrət
qazanıb.
Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 87-ci ildönümü
tamam olur. Böyük sənətkarın
təkrarolunmaz yaradıcılığı
zəngin ənənələrə
malik milli ədəbiyyatımızı yeni
mərhələyə çıxarıb,
Azərbaycan fəlsəfi
və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.
Məmməd Araz böyük poetik ilhama malik
olan sənətkarlardan
idi. Sözün və sənətin
Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan
keçib.
1933-cü
il oktyabrın
14-də Şahbuz rayonunun
Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə
Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar
1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında
bədii ədəbiyyat
redaksiyasının müdiri,
sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət”
qəzetində baş
redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqının
poeziya bölməsinə
rəhbərlik edən
Məmməd Araz
1974-cü ildən ömrünün
sonunadək “Azərbaycan
təbiəti” jurnalının
baş redaktoru olub.
Böyük sənətkar 2004-cü ilin
dekabrın 1-də Bakıda
vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz, əslində, bütün ömrü boyu bir vəzifəni
icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında
vətəndaşlıq borcunu
yerinə yetirməkdir.
Böyük istedadı
və poetik bacarığı sayəsində
Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli,
Mirzə Ələkbər
Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək
hamının gördüyü
və bildiyi, lakin dilə gətirməyi bacarmadığı
məsələləri ictimai
düşüncənin məhsulu
edib, Azərbaycanda vətəndaşlıq poeziyasının
əsasını qoyub.
Gənc yaşlarından başlayaraq
yarım əsrdən
artıq davam edən Məmməd Araz yaradıcılığı
mənsub olduğu xalqa layiqli şair
– vətəndaş xidməti
nümunəsidir. Onun şeirinin
əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”
məşhur misraları
müasir dövrdə
poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.
Məmməd Araz yaradıcılığının
baş qəhrəmanı
Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”,
“Mənim Naxçıvanım”,
“Ata ocağı”, “Ana yurdum,
hər daşına üz qoyum” şeirləri vətən
mövzusunda ən yaxşı əsərlər
kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda
çox yazılıb.
Azərbaycana çoxlu şeirlər
ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb.
Bu şeirin bütün
intonasiyası şair
qəlbinin ağrılarından,
fəal vətəndaş
narahatlığından keçir.
Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır.
Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının
mürəkkəbliyi, tarix
və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi
fundamental məsələlərə həsr olunub.
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
Unikal.- 2020.- 17 oktyabr.- S.21.