Habil Əliyev haqqında maraqlı faktlar

 

14 yaşlı qızla evləndi - Qısqanclıqdan evinə heç kəsi buraxmırdı

 

Ötən gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günü olub.

Milli.Az bu münasibətlə kulis.az-a istinadən sənətkar haqqında maraqlı faktları təqdim edir.

Habil Mustafa oğlu Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və xanəndə Xan Şuşinskidən muğam sənətini öyrənib.

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

Qardaşı Qabillə tar kursuna gedirlər, Qabil tarda istedadsız olur, heç nə çala bilmir, notu hiss eləmir. Habil isə hər şeyi dəqiqliklə öyrənirdi. Bir gün atası onları yoxlayır. Qardaşı tarı sinəsinə basıb səhv, ağlına gələni çalır, amma uzun-uzadı çalır, Habil isə öyrəndiyi bir-iki notu. Bunu görən atası Habilin boynunun ardından bir şapalaq vurub deyir, səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır.

Habil Əliyev Qəbələnin Qəmərban kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı olacaq Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım isə o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir. Sonralar universitetin kimya fakültəsində təhsil alan Şərqiyyə xanım, universiteti bitirəndən sonra heç bir zaman işləmir. Bu evlilikdən onların dörd övladı olur.

Bir gün Habilə deyirlər ki, get kaman ustası Nefton Qriqoryanın yanına o, sənə kamança haqqında bilmədiklərini başa salacaq. Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək eləmir. Habil hərləyib-fırlayıb bir gün onu içirdir. Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsan, sən deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik xrustal qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habilin əlində kamançanın futlyarını çıxarıb necə çalırsa, Əlibaba Məmmədov dəhşətə gəlir.

İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Allahı hesab olunan Şajaryanı Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.

Çox qısqanc kişi olub. Ölən gününə qədər həyat yoldaşını hamıya qısqanıb. Hətta ömrünün son günlərində, ən ağır vaxtlarında belə bu xasiyyətinə görə evinə Babək Niftəliyev və Ehtiram Hüseynovdan başqa heç bir musiqiçi gəlməyib.

Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul segah"ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq".

Hələ uşaqlıqdan kamança çalmağa həvəs göstərdiyini deyən sənətkar anası Nisə xanımın çömçəsi və oxlovu ilə kamança çalırmış:

"Anam əlindən çömçəni yerə qoyan kimi çömçəni, oxlovu götürüb dizimin üstünə qoyur, çalmağa başlayırdım. Yazıq arvad deyirdi dəymə, murdarlayırsan. Evimizin balkonunda otururdum, nə isə çalmaq, öyrənmək, yeniliklər eləmək istəyirdim. Bir də görürdüm, qonşudan ağı səsi gəlir, qara kağız gətiriblər. Bir gün bizə də böyük qardaşımın qara kağızı gəldi. Onun yolunu çox gözləyirdim, bilirdim ki, ailəni, uşaqları saxladığıma, sahiblənməyimə görə gəlib mənə sağ ol deyəcək. Amma gəlmədi... Çox çətin idi. Qışın soyuğunda, qarda-qiyamətdə dərsə gedirdim. Qarnımız ac, əynimiz çılpaq, əziyyət çəkirdik. Yazıq anam yastığın üzünü çıxarıb kamançanı bükürdü ki, islanmasın. Sinif soyuq olurdu, əllərim kamançanı tutmurdu. İçəri girən kimi müəllim deyirdi ki, çal görək nə çalırsan. Əsəbiləşib ağzına gələni deyirdi. O qədər utancaq idim, deyə bilmirdim ki, soyuqdan əlim tutmur. Sözəbaxan, yumşaq, tərbiyəli, qorxaq uşaq olmuşam. Hürən itdən də qorxurdum".

Başqa bir müsahibəsində isə Habil Əliyev deyir: Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdular. Soruşanda dedilər ki, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım".

Polad Bülbüloğlu ilə uzun illər münasibətləri yaxşı olmayıb. Habil Əliyevin tənqidçi kimi çıxışları olub, ifalar haqqında fikir bildirib. Və insanların çoxu onunla hesablaşırdı. Bu mənada o, Polad Bülbüloğlunun sənətini qəbul etmirdi. Və bədii şuranın ləğvindən sonra efirə çıxan bayağı musiqilərin günahını nazirdə görüb deyirdi ki, özü kimi musiqiçiləri efirə Polad çıxardır. Bu kimi fikirləri ilə o, həmişə Polad Bülbüloğlunu tənqid edir, nazir isə öz növbəsində onun yubileylərinin keçirilməsinə imkan vermir.

Adamlara, dostlarına lətifə qoşmağı xoşlayırmış. Bu lətifələrin də çox dərin mənaları vardı. Xanəndə Əbülfət Əliyev bir az xəsis adam olub. Bir gün Əbülfət Əliyev deyir ki, Cabbar Qaryağdıoğlunun qəbrinin üstünün götürək. Habil isə deyir ki, yaxşı fikirdi. Qəbrin üstünə də yazarıq ki, Əbülfət Əliyev adına Cabbar Qaryağdıoğlu qəbri.

Oğlu Rəvan Əliyev sənətə gələndə Habil Əliyevin tənqid etdiyi adamlar onun oğlunun üstünə hücum etdilər. Bu hücumlar o qədər çox olmuşdu ki, Rəvan Əliyev bir müddət gedib Türkiyədə yaşamalı oldu.

Müğənni Faiq Ağayevi birmənalı şəkildə qəbul etmirdi. Alim Qasımovun ən qatı tənqidçisi olub. Alimlə məzələnmək üçün deyirdi ki, başa düşürük ki, təzə şeylər oxudun, amma yorğan-döşəyi niyə səhnəyə çıxarırsan? Bununla yanaşı muğamın yeni variasiyalarını da qəti şəkildə qəbul etmirdi.

Böyük kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, səhhəti normallaşdıqdan sonra müalicəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılıb. Daha sonra yenidən komaya düşüb və sentyabrın 8-də vəfat edib. Habil Əliyev Bakıda I Fəxri Xiyabanda dəfn edilib.

 

Unikal.- 2020.- 12 sentyabr.-S.21.