Stalinin “gözəl”i, 4 il sonra “dirilən”
bəy, Gülçöhrənin nisgilli ölümü
Bu
gün SSRİ xalq artisti, Stalini özünə məftun edən
Azərbaycan gözəli Leyla Bədirbəylinin 100
yaşı tamam olur. Lent.az Ramilə Qurbanlının “33 pərdəli
dram” kitabından L.Bədirbəyliyə həsr olunmuş
yazısını təqdim edir.
1938-ci
ildə Moskvada Azərbaycan Mədəniyyəti günləri
keçirilirdi. Mədəniyyət kollektivinə Üzeyir bəy
Hacıbəyov rəhbərlik edirdi. Konsertlərdən birinə
Stalin də gəlmişdi. Səhnədə Azərbaycan
Dövlət Filarmoniyasının rəqs kollektivinin
çıxışından sonra Stalin kollektivlə
görüşdü və yanında əyləşmiş
Üzeyir bəyə qızlardan birini göstərib, kimliyi ilə
maraqlandı. Üzeyir bəy “Leyladır, bizim rəqqasə
qızlardan biri” deyə cavab verdi. Stalin qızı yanına
çağırıb, qucaqladı və alnından
öpdü: “Sən əsil Azərbaycan gözəlisən” -
dedi.
Xan nəvəsi,
bəy qızı
Həmin
bu Azərbaycan gözəli Bakıda - İçərişəhərdə
doğulub boya-başa çatmışdı. Atası
Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindəndir.
Anası şəmkirli Bikə xanım Musaxan qızı isə
xan nəslinə mənsub idi.
Leyla
ailədə tək uşaq deyildi, amma ailənin ərköyünü
idi. Atası da ona xüsusi diqqət göstərərdi. 12
yaşında belə atasının qucağında gəzərmiş.
Bir qonaqlıqdan, gəzintidən qayıdanda “yoruldum” deyən
kimi atası Leylanı qucağına alarmış.
Anası
Bikə Əli Bayramov klubuna-qadınların dərnəyinə
gedirdi. Qızını da özü ilə aparırdı.
Leylanın incəsənətə marağı da o vaxtdan
yaranmağa başlayır.
O, səhnəyə
çox gənc yaşlarında çıxıb. Heç 16
yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi
çalışırdı. Şəxsən Leyla
üçün rəqslər qurulurdu. “Toy”
və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə”
rəqsləri məhz onun üçün nəzərdə
tutulmuşdu. Filarmoniyada çalışdığı
illərdə “Ayna”, “Bakının işıqları” filmlərində
çəkilir. 1941-ci ildə isə onu Azərbaycan
Dövlət Akademik Dram Teatrına dəvət edirlər.
Beləcə Azərbaycan teatrına yeni imza
daxil olur - Leyla Bədirbəyli.
Tamaşalarda həmişə baş rolları
oynayırdı. Öz işinə çox ciddi, məsuliyyətlə
yanaşması onu hamıya sevdirmişdi. Çıxış
edəcəyi tamaşaya 2 saat əvvəl gələrmiş.
Peşəsinə çox sadiq və məsuliyyətli
olduğundan onun sirlərinə də dərindən yiyələnirmiş.
Məsələn “Solğun çiçəklər”də
Saranı oynayırdı. Bu tamaşada sonda
Sara ölür. O tamaşanı Leyla dəfələrlə
oynayıb, amma bir dəfə də olsun tamaşa qurtarıb pərdə
açılanda o, səhnəyə baş əyməyə
çıxmayıb. Deyirmiş axı, Sara
ölüb, mən necə çıxıb
tamaşaçıların qarşısında baş əyim?
Leyla Bədirbəylinin teatrda ilk
çıxışı M.İbrahimovun “Məhəbbət”
tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin
“Tufan”ında Klaşa obrazını yaradıb. Bundan
sonra teatr səhnəsində “Pəri cadu” tamaşasında Pəri,
“Vaqif”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun
çiçəklər”də Sara, “Almaz”da Almaz, “Şərqin
səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də
İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi
qızı”nda Göyərçin, “Şeyx Sənan”da
Zöhrab, “Uzaq sahillərdə” Anjelika, “Otello”da Dezdemona,
“Canlı meyit”də Liza və digər rollar ifa edib.
Gülçöhrəni
ona Üzeyir bəy sınaqsız, amma imtahanla verib
1945-ci il gəlib çıxır. Leyla
Bədirbəyli artıq həm teatrda, həm də kinoda bir
neçə obrazlar oynayıb, tanınır, sevilir.
Stalin “Arşın mal alan” musiqili
komediyasını çox sevdiyindən onun filminin çəkilməsi
ilə bağlı göstəriş verir. Üzeyir
bəy Hacıbəyli əsas rollara Rəşid Behbudovla Leyla
Bədirbəylini seçir. Gülçöhrə
roluna 100-dən artıq namizəd var idi. Onların
hər biri sınaq çəkilişlərində
olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq
çəkilişlərində iştirak etməyib. O,
Üzeyir bəyin dəvəti və təşəbbüsü
ilə filmə çəkilib. Filmin çəkilişləri
yay aylarında Şüvəlanda gedirdi. Sınaq
zamanı rol alınmırmış. Bunu görən
Üzeyir bəy Leylanı yanına çağırıb
deyir: “Qızım, mən səni bu filmə çəkə
bilməyəcəm. Çünki bu rol səndə
alınmır”. Leyla qayıdır evə.
Gecə nə isə düşünürsə,
səhər yenidən gəlir Üzeyir bəyin yanına və
onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı
uğurlu yaradır. Üzeyir bəy isə
“mən belə dedim ki, gedib öz üzərində
çalışasan” deyir. Və beləcə Leyla Bədirbəyli
dünya ekranlarına çıxan “Arşın mal alan” filminə çəkilir.
Anasının
dişləri onun sevgisinin güdazına gedib
Leyla Bədirbəyli 1937-ci ildə, yəni hələ
16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin
ömrü çox qısa 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova ərə gedir.
Onların tanışlıqları Filarmoniyadan
başlayıb. Kamil Aslanov diş həkimi olub, amma rəqs
etməyi xoşlayırmış və gözəl də rəqs
edirmiş. O da Əli Bayramov klubuna gedirmiş. Görünür,
elə o vaxtdan Leylada gözü olub. Yenə
bacısı xatırlayır: “Anam danışardı ki, bir
gün Leyla gəlib deyib ki, yaxşı bir diş həkimi
var, gedək onun yanına. Yəqin anamın
dişi ağrıyırmış. Görünür,
onlar görüşürmüşlər, ancaq anama deməyə
utanıb. Hər dəfə də
anamı aparanda Kamil olun bir dişini çəkirmiş.
Anam həmişə deyərdi ki, mən
dişlərimi qızımın yolunda qurban elədim. Elçi gələndə isə artıq hər
şey bəlli oldu. Anam dedi ki, bunu elə əvvəldən
deyərdin, mən də dişlərimi çəkdirməzdim”.
Leyla ilə
Kamilin bir neçə il övladları
olmur. Bu illər ərzində Leyla Bədirbəyli
artıq bütün SSRİ məkanında
tanınmış aktrisa olur.
“Arşın
mal alan” qısa vaxt ərzində dünya
şöhrəti qazandı və dünyanın bir çox
xalqları bəstəkarın sehrli musiqisinə, mənalı
yumoruna valeh oldular. “Arşın mal alan”a
görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli
1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ
Dövlət mükafatı adlandırıldı) layiq
görüldülər.
Leyla Bədirbəyli yaratdığı
Gülçöhrə obrazı ilə əlaqədar
dünyanın müxtəlif ölkələrindən məktublar
almışdı. Bolqarıstandan gənc qadının ona göndərdiyi
məktubu bu sözlərlə qurtarır: “Mən beş
oğlun bir bacısına məharətlə
oynadığınız Gülçöhrənin
adını verdim. Bolqarıstanın
Gülçöhrəsi Sizin kimi şöhrət qazansa,
özümü xoşbəxt sayaram”.
Onun kino taleyi uğurlu olub. Həmişə
yüksək insani keyfiyyətlərə malik milli koloritli
qadınların obrazlarını oynayıb. O, 50-yə
yaxın bədii, televiziya bədii, qısametrajlı bədii
filmdə çəkilib. Onun “Fətəli xan”
və “Koroğlu” filmlərində yaratdığı Tuti Bikə
və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli,
incə və etibarlı arvadları deyil, həm də igid, cəsur
məsləkdaşlarıdır.
“Onun böyük ürəyi” filmindəki Xalidə
rolunda isə aktrisa böyük psixoloji həssaslıqla insan
xarakterinin pərakəndəliyini və inamsızlıq
hissini açıb göstərə bilib. Xalidə
obrazı aktrisa Leyla Bədirbəylinin xarakterinə, təbiətinə
uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib.
Azərbaycan və Özbəkistan
pambıqçılarının ənənəvi
dostluğundan söhbət açan “Görüş”
kinokomediyasında məhəbbət mövzusu ilə
bağlı bir neçə süjet xətti var. Bunlardan biri
Bilqeyis - Musa xəttidir. Filmdə gənc pambıqçı
Bilqeyisin obrazını Leyla Bədirbəyli yaradıb.
Aktrisa
müxtəlif illərdə çəkilmiş “Kölgələr
sürünür” filmində Leyla, “İntizar”da Ana, “Sevil”
film-operasında Tafta, “Gilas ağacı”nda nənə, “Bizim
küçənin oğlanları”nda Leyla,
“Çarvadarların izi ilə”də Məfruzə, “Vulkana
doğru”da Gülsum, “Kişi sözü”ndə Ana, “Dərviş
Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif,
Ağasif”də nənə, “O dünyadan salam”da Kəblə
Fatma və başqa filmlərdə maraqlı surətlər
yaradıb.
Faciə
ardınca faciə
Ailədə də hər şey yaxşılığa
doğrudur. İllər sonra - 1947-ci ildə ilk qız
övladları - Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları olur.
Leyla xanımın bacısı Ofeliya Bədirbəyli
daha bir maraqlı hadisəni xatırlayır. Hərbçi
olan və müharibəyə gedən atası haqqında
1943-cü ildə itkin xəbəri gəlir. Bikə xanım adət-ənənəyə sadiq
qalaraq, həyat yoldaşının yasını saxlayıb,
qırxını verir. 4 ildən sonra
gözlənilməz bir hadisə baş verir. Sara Qədimova ilə Leyla Bədirbəyli yaxın rəfiqə
olublar. Hətta evləri yaxın olduğu
üçün Filarmoniyaya da birlikdə gedib-gələrdilər.
Bir gün onlar Sara xanımgildə olarkən
telefon zəng çalır. Ondan Leylagilin
orada olduqları barədə soruşurlar və deyirlər ki,
Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım çaşır, bilmir nə etsin və
Kamili çağırıb, ona deyir. Stol
arxasında oturarkən Kamil deyir: “Yeməyimizi burada yedik,
çayı da gedək anangildə içək”. Evə
yaxınlaşanda Sara Qədimova deyir: “Leyla, gedək evə
görək ki, atan qayıdıb”. O isə: “Nə
danışırsan, elə şey olar? Atamın
xəbəri 3-4 il əvvəl gəlib”. Pilləkənləri
qalxanda Sara xanım fikirləşirdi və həyəcan
keçirirdi ki, Leyla atasını sağ və salamat geri
dönmüş görəndə nə edəcək:
“Qapını açanda gördü ki, evdə çoxlu adam var. Əvvəl qorxdu, elə bildi, anama nə
isə olub. Ancaq içəri girib atamı
görəndə qışqırıb ağladı və
ürəyi getdi”.
Leyla Bədirbəylidən Tanrı heç nəyi əsirgəməmişdi. Çox
gözəl idi, istedadlı idi. Onu sevən,
anlayan, qiymətləndirən və həyatın
bütün təzyiqlərindən qoruyan həyat
yoldaşı vardı. 55 il bir yerdə
xoşbəxt, qayğısız həyat
sürmüşdülər. İki qız
övladları vardı. Bütün bunlar
Leyla xanımın təravətli qalması üçün
stimul idi.
1995-ci ildə, bir gün həyat yoldaşı ona “sənə
yeni maşın almaq üçün Almaniyaya gedəcəm”
deyir. Leyla xanım maşınları olduğu
üçün etiraz edir, “neynirsən yeni maşını,
mənə bu da bəsdir” deyir. Kamil “o maşın daha sənə
yaraşmır” cavabını verir və sabah
Almaniyaya biletlə evə gəlir.
Hər şey bir göz qırpımında olurmuş. Ailənin
böyüyü sözü deyir, biletlə gəlir və səhəri
Almaniyaya yola düşür. O, maşını
alır, yol uzun olduğu üçün məsuliyyəti
öz boynuna çəkməyib orda yaşayan bir dostu ilə
Bakıya doğru yola çıxırlar. Yağışlı
havada necə olursa maşın sürüşüb yoldan
çıxır və hər ikisi qəzada həlak olur.
Onun cənazəsi Bakıya gələndə
Leyla xanım dərddən şoka düşür.
Ərini ürəkdən sevən həyat
yoldaşı üçün bu itkiyə dözmək
çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd
üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir
faciə baş verir. Leyla Bədirbəylinin
böyük qızı Lalə xanımı Kukla
Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə
dağ çəkir. İki böyük
itki Leyla xanımın ömrünü şam kimi əritməyə
başlayır. Bu iki ölümdən
sonra o özü də tədricən ölməyə
başlayır. Həyatdan küsür.
Ər, övlad itkisindən sonra özünə
qapanır. 3-4 il isə ümumiyyətlə,
evdən çölə çıxmır. Onun
üçün artıq heç nəyin marağı yox
idi. Nə televizora baxırdı, nə də
mütaliə edirdi. Hətta heç kimlə
görüşüb danışmaq belə istəmirdi.
Bunu eşidən o vaxtkı ölkə
başçısı Heydər Əliyev Leyla Bədirbəyliyə
“İstiqlal” ordenini təqdim etmək üçün onu evdən
çıxarda bilir. İllər ərzində bu
görüş, bu evdən çıxma ilk və son dəfə
olur. Yenə özünə qapanır.
Onu həmin təqdimetmə mərasimində
görənlər Leyla xanımın niyə evə
qapıldığını yaxşı anlayırdılar.
Azərbaycan gözəli belə dərd
içində, yaşlı, miskin kimi yaddaşlarda qalmaq istəmir.
Onu əvvəlki, Gülçöhrəli Leyla
kimi xatırlamalarını istəyir.
1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli
gözlərini əbədi olaraq yumur. Dünyasını
dəyişən gün də o, heç kimlə
danışmayıb. Hamıdan, həyatdan,
taleyindən küskün kimi sadəcə gözlərini
yumub və gedib.
İndi onun adını kiçik nəvəsi
daşıyır.
Ramilə Qurbanlı
Unikal.- 2020.- 11 yanvar.-
S.20