Ölümcül diş ağrısı,
qadınların “düşməni”, “qisasçı”nın kədərli
sonu... -
Cəmi
49 ilə sığdı ömrü, kinolara çəkildi,
özü kino çəkdi. İki
qızını köçürdü. Əməkdar artist də
oldu, xalq artisti də. Sonra… bədxassəli şiş əvvəlcə
aktyora həyat kimi gərəkli simasını, sonra da məxməri
səsini əlindən aldı. Şahmar Ələkbərovdan
danışacam - “7 oğul istərəm”dən, “Arxadan
vurulan zərbə”dən sevdiyimiz xalq artisti, köhnə
kommunist Şahmar Ələkbərovdan.
İkinci dünya müharibəsinin
qızğın vaxtında, 1943-cü ildə Cavad xanın
yurdunda anadan olub. Amma əslən yaralı Qarabağdandır
– Cəbrayıldan. Atası Zülfüqar Cəbrayıldan,
anası İzulət əslən Tiflisdəndir. Onun 9
yaşı olanda ailəsi Bakıya köçüb.
Şahmar orta məktəbi 15 yaşında bitirib.
Gələcəyin xalq artisti
bütün fənləri yaxşı oxuyurmuş, xüsusən
dil öyrənmək qabiliyyəti və riyazi bilikləri
hamını heyran edərmiş. Ona görə də ailəsinə
“sənədlərimi universitetin şərqşünaslığına
verirəm” - deyib, İncəsənət institutunun aktyorluq
fakültəsinə verib. Ona qədər Lütfi Məmmədbəyovun
dram dərnəyində bu sənətin sirlərini öyrənibmiş,
o sirlərdən biri də, görünür, bu olub ki, ailən
razı deyilsə, onlarla razılaş, amma öz istədiyini
et.
Anası həqiqəti biləndə çox əsəbi
vəziyyət yaranıb evdə, amma sonunda
razılaşmalı olublar, çünki Şahmar Ələkbərovun
xarakterini bilirdilər, daha doğrusu, xarakterli olduğunu.
Dərnəkdə üç dost idilər – Həsən
Əbluc, Tariyel Qasımov və qəhrəmanım Şahmar
Ələkbərov. Həsən Əbluc
Politexnik İnstitutundan, Tariyel Qasımov Bədən Tərbiyəsi
İnstitutundan, Şahmar Ələkbərov isə orta məktəbin
10-cu sinfindən gəlirdilər dram dərnəyinə.
1963-cü ildə üçü də eyni vaxtda İncəsənət
institutunun aktyorluq fakültəsinə Rza Təhmasibin sinfinə
qəbul olunurlar. Səfurə İbrahimova, Nurəngiz
Gün, Bayram Hacıyev, Yalçın Rzazadə, Həsən
Əbluc, Tariyel Qasımov, Şahmar Ələkbərov həmin
sinfin məzunlarıdır.
Xalq artisti Tariyel Qasımov da ailəsindən
gizlin oxuduğu Bədən Tərbiyəsi İnstitutunu
atıb, İncəsənət institutuna qəbul olunmuşdu.
Ailəsi bunu biləndən sonra Tariyel Qasımov rayona evlərinə
gedə bilmirmiş, hətta atası ona cib xərcliyi verməkdən
də imtina edib. Bakıda kirayə pulunu verə bilməyən
Tariyeli dostu Şahmar aparır öz evlərinə. Anasına
deyir ki, Tariyelin kirayə haqqı verməyə imkanı
yoxdur, bizdə qalacaq. Tariyel Qasımov beş il
onlarda yaşayır, hətta Şahmar əsgərliyə gedəndə
atası dünyasını dəyişdiyi üçün -
anam təkdir, sən də onun oğlusan - deyə, yenə
Tariyeli evdən çıxmağa qoymur. Şahmar əsgərlikdən
qayıdınca Tariyel Qasımov evlənib onlarda qalır,
Şahmar qayıdandan sonra kirayəyə
çıxır.
O vaxt İncəsənət institutunda çox
böyük sənətkarlar dərs deyirdilər. Xüsusən Rza Təhmasiblə Adil İsgəndərovun
paralel kurslarından çıxan tələbələrin əksəriyyəti
bu sənətin yollarında azmazdılar, hərəsinin
öz yolu olardı. Bəzən sənətkarlar
arasındakı qısqanclıqdan yaranan
partlayışların qəlpələri tələbələri
“yaralayardı”, amma ölümcül olmazdı,
yenə önə sənət keçərdi. Şahmar
Ələkbərovun Rza Təhmasibin tələbəsi
olmasına rəğmən hələ üçüncü
kursdan Adil İsgəndərovun rəhbərlik etdiyi Milli Dram
Teatrına işə qəbul edilməsi də sənətin
qələbəsi idi.
Teatrda ilk işi Şekspirin "Lope de Veqa" tamaşasında
olub. Adil İsgəndərov onun gələcəyinə
inanırdı. Yaxşı aktyor
olacağını bilirdi. Şahmar Ələkbərov
teatrda hələ görünməyə imkan tapmamış
Adil İsgəndərovu teatrdan uzaqlaşdırırlar.
Bu həmin dövr idi ki, Akademik teatr hələ
indiki Musiqili Teatrın binasında yerləşirdi. Adil İsgəndərov teatrın o binadan
köçürülməsinə etiraz etmişdi. Bu da yuxarıların xoşuna gəlmədiyi
üçün onu teatrdan uzaqlaşdırıb “Azərbaycanfilm”
kinostudiyasına direktor təyin etmişdilər.
İnsan öz yerində olanda böyük uğurlara imza atır,
bəzən sadəcə sənin uğurlu olmağın kimlərəsə
sərf etmədiyi üçün ola bilər
vəzifəni böyütmək bəhanəsi ilə olsa belə,
yerindən dərbədər edirlər və... vay o günə
ki, orda da uğurlu olasan...
Nə isə,
mövzumuz başqadır... Adil İsgəndərov
kinostudiyaya gedəndən sonra yetirmələri də onun
arxasınca teatrı atıb, kinoya gedirlər. O vaxt bu, az qala kütləvi xarakter almışdı,
aktyorlar teatrdan kinoya gedirdilər, o cümlədən
Şahmar Ələkbərov. Adil İsgəndərov
onu kinostudiyanın nəzdində yaratdığı “Kino
aktyorluğu” studiyasına dəvət edib. O vaxtdan
Şahmar Ələkbərov "Azərbaycanfilm"
kinostudiyasında aktyor və rejissor kimi fəaliyyətə
başlayıb.
İncəsənət İnstitutunda dərs deyirdi, həm
də kinostudiyanın nəzdindəki aktyorluq kurslarında. Televiziyada
müxtəlif verilişlərdə aparıcılıq
edirdi. "Ulduz", "Molla Nəsrəddin"
radio verilişinin aparıcısı idi. Filmlərin
dublyajında iştirak edirdi. Məxməri
səsi vardı. Harda olursa-olsun, uğur
qazanırdı.
Kinoda ilk işi Kamil Rüstəmbəyovun
ekranlaşdırdığı “Dağlarda döyüş”
filmindəki Fərrux rolu idi. Şahmar Ələkbərovun
yaratdığı Qəzənfər ("Yeddi oğul istərəm"),
Oğul ("İntizar"), İman ("Axırıncı
aşırım"), Arif ("Həyat bizi
sınayır"), Azad ("Bakıda küləklər əsir"),
Qatır Məmməd ("Gəncəbasarlı
qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz
Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"),
Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"),
Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"),
İbrahim ("Atları yəhərləyin") kimi obrazlar
tam bir-birindən fərqlənən xarakterlərdir.
Şahmar Ələkbərov həm İncəsənət
institutunda həm də kinostudiyanın nəzdindəki
aktyorluq kurslarında dərs deyəndə artıq
tanınmış aktyor idi. Nəinki simasından,
onu artıq görmədən də səsindən
tanıyırdılar. Xanımı Kamilla
İncəsənət institutunda Şahmar Ələkbərovun
tələbəsi idi, teatrşünaslıqda oxuyurdu. “Azdramada Şahmarın da iştirak elədiyi
tamaşalara gedib baxırdım. Tam rusdilli
olduğum üçün o vaxtlar onun adı da dilimə
yatmırdı. Babam ərəbşünas
idi, bir gün məni başa saldı ki, bu adın mənası
nədi. Şahmar isə məni evlənəndən
sonra "Kamilə" deyə çağırırdı.
Mən də hirslənirdim, deyirdim ki, onda mən
də səni "Şurik" deyə çağıracam.
Onun mənimlə evlənmək istədiyini də qəribə
qarşılamışdım. Çox ərköyün
idim. Heç atamgil də razı deyildilər
ki, aktyorla ailə qurum. Amma Şahmar
inadından dönmədi, dörd ildən sonra atamın
razılığını aldı. Atamla
sonralar çox dostlaşdılar. Şahmarın
atasının əsli Qarabağdan, Cəbrayıldan idi.
Mənim isə ana nənəm şuşalı
idi. Elə nənəmin işə
qarışmağı məsələnin həllinə
müsbət təsir göstərdi. Şahmarı
tanıdığım gündən həmişə
görmüşəm ki, daim nə iləsə maraqlanır,
dünyagörüşünü genişləndirməyi
xoşlayırdı. Dil qavramaq qabiliyyəti
də güclü idi. Tarixlə, müxtəlif
dinlərlə maraqlanırdı. Ömrünün
axırına qədər belə idi”.
Şahmarla Kamilla xanımın əkiz qızları
(İzulət, Ləman) olandan sonra aktyor kənarda olan çəkilişlərə
ailəsini də aparırmış ki, gözünün
önündə olsunlar. Rayonlarda, soyuq havalarda həm
xanımı, həm də qızlar xəstələndiyindən
Şahmar Ələkbərov daha onları aparmaq fikrinə
düşmür, amma çəkilişlər uzun çəkəndə
ailəsi üçün çox darıxırmış,
arada qaçıb onlara baş çəkib yenidən
qayıdarmış işinin başına.
Əbdül Mahmudovla Ənvər Əblucun
ekranlaşdırdıqları “Firəngiz” filminin çəkilişləri
vaxtı Feyzi rolunda çəkilən Şahmar Ələkbərova
dişinin ağrısı rahatlıq vermirdi. Arada gedib
stomatoloqa dişinin problemini həll etmişdi, amma gələndən
sonra da rahatlıq tapmırdı. Bu dəfə
də stomatoloq dilini zədələmişdi. Çəkiliş vaxtı zədəni soyuqdan
qoruya bilməyib, soyuq çəkib. Çəkilişlər
bitincə xoraya çevrilib. Nə qədər
müalicə, dərman, xora sağalmayıb, axır ki, bədxassəli
şişə çevrilib.
Əməliyyat
edib şişi kəsirlər, amma sonrası necə olacaq,
heç kim bilmir. Şahmar
Ələkbərov həm yaradıcılığında, həm
də şəxsi həyatında hansı planlar varsa,
hamısını birdən yerinə yetirib sonuclamaq istəyirdi.
Artıq kinoya çəkilə bilmirdi,
çünki əməliyyatdan sonra həm simasında, həm
də nitqində qüsurlar vardı. Nə
o yaraşıqlı sima, nə də məxməri səs
qalmışdı. Aktyor film çəkməyə
qərar verir. Zatən, film çəkmək
arzusu vardı, amma belə tez çəkəcəyi
ağlına gəlməzdi.
Elçinin ssenarisi ilə “Sahilsiz gecə” filminin çəkilişlərinə
tez başladı. Çəkilişlər uzun sürmədi,
amma film qəbul olunmadı. Hətta
çox böyük etirazlara səbəb oldu. Kinostudiyanın qarşısına etirazçı
qadınlar belə yığışdılar, aktrisaları hədələyirdilər.
Şahmar Ələkbərov Nuriyyə Əhmədovaya,
Mehriban Xanlarovaya zəng vurub “studiyaya gəlməyin” – deyə
xəbərdarlıq etməli olmuşdu. Film
müharibənin qadınların həyatında hansı fəsadları
yaratmasından danışırdı. Tamaşaçı
isə yalnız əxlaq tərəfini əlində bayraq
edib, etiraz səsini ucaltmışdı. Hərəkətli
dövr idi, indi kinoya baxan da az
tapılır, nəinki etiraz edən.
Onun ardınca dərhal Əliağa Vahidin həyatından
bəhs edən “Qəzəlxan” filmini (1991) çəkib
tamamladı Şahmar Ələkbərov.
Qızlarının ikisinə də elçi gəlirdi. Qızların
fikrini öyrənib ikisini də nişanladı və hər
ikisinə eyni gündə toy çaldırıb,
köçürdü. Bütün bunlar
dəhşətli ağrıların fonunda olurdu. Müalicə, kimya və davam, “harda
qırıla-qırıla” deyə.
Kamilla
xanım danışır: “Düz yeddi il bu əzab-əziyyət
davam etdi. Gecələr bir neçə dəfə
oyanıb ağrısı olub-olmadığını xəbər
alırdım. Şahmar mürəkkəb
müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına
mətinliklə dözürdü. Çox möhkəm
iradəli adam idi. 92-ci ilin
qışında onu Hamburqa apardıq, orda dedilər ki, təbabət
burda gücsüzdü”.
Həkimin hökmünü aktyor bilmir. Bakıya
qaytarıb onu xəstəxanaya yerləşdirirlər ki, guya
müalicən burda davam edəcək. Qızları,
xanımı gecə-gündüz onun yanında olurlar.
Zaman axıb gedir - 1992-ci il avqustun 12-də
49 yaşında əzablarına son qoyur Tanrı.
Qızları onun itkisini qəbul edə bilmirdilər. Anaları
deyir ki, hətta mənə elə gəlirdi ki, mənə
baxışları “niyə sən yox, o” deyirlər. O qədər
atalarına bağlı olublar.
Dostu xalq
artisti Tariyel Qasımov danışır: “İkinci kursu
qurtaranda atam artıq barışmışdı mənimlə,
amma Şahmar yenə məni buraxmadı, onlarda
qalırdım. Hamı tətilə çıxmışdı.
Mən də Ağstafaya getmişdim. Aradan bir 10 gün keçmişdi ki, bir də
gördüm, Həsən Əbluc, Şahmar Ələkbərov
və müəllimimiz Məlik Dadaşov bizim kəndə gəldilər.
Atam hamımızı yaylağa göndərdi.
Şahmar, Həsən, mən qərara gəldik
ki, başımızı keçəl qırxdıraq. İstəyirdik instituta gələndə
uşaqlardan fərqlənək ki, biz kənddə, yaylaqda
olmuşuq, başımız da keçəldi. Mən onların ikisindən də yaşda
böyük idim. Bizdə ən kiçiyi
Şahmar idi. Yəni Şahmar Həsəndən
bir-iki yaş, Həsən də məndən bir dörd
yaş kiçik idi. Dedim ki, ən kiçiyimiz kimdirsə,
o qırxdırsın başını. Şahmar dedi: “Niyə,
yol böyüyündür. Əvvəlcə
böyük qırxdırsın”. Mən də
oturdum başımı keçəl qırxdırdım.
Həsən də başını keçəl
qırxdırdı. Növbə Şahmara
çatanda bir də gördük Şahmar meşəliyə
doğru qaçır. “Adə, hara
qaçırsan?” O başını qırxdırmaq istəmədi
və qırxdırmadı da. Yəni məni də,
Həsəni də aldatmışdı. Sonra bizim
yanımıza gəlib dedi, “ayə, sizi instituta qəbul etməyəcəklər.
İnstitut keçəl-küçəl yeri
deyil”. Yəni mən saçlı
oğlanam, siz keçəlsiniz. Şahmar o
vaxt belə bir zarafat etmişdi. Onun
ölüm xəbərini eşidəndə həyəcandan
maşını vurdum. Şahmarın evi
kinostudiyanın yanında idi. Ordan da qəbiristanlığa
aparıb, dəfn etmişik. Bizim
yarımız getmişdi. Mənim yaxşı
yadımdadır, Şahmarı məzara qoyub üstünü
örtəndə Həsən Əbluc onun qəbri
üstündə möhkəm ağladı və dedi ki,
“darıxma, qardaşım, mən də tezliklə gələcəm”.
İki ildən sonra Həsən Əbluc rəhmətə
getdi”.
İndi anasının adını qoyduğu
qızı İzulət Belçikada yaşayır,
yoldaşı diplomatdır. Ləman pediatrdı, Bakıda
işləyib yaşayır. Kamilla xanım təqaüddədir,
nəvəsinə baxır – Şahmara...
Unikal.- 2020.- 18 yanvar.-
S.20