Mehdi Hüseynin “Nizami” pyesi: “Mən “Sirlər
Xəzinəsi”ndə
olanların yüzdə birini demişəm”
Gəncə
yaxınlığında bir ovlaq yeri. Yaşıl bir təpənin
başında şah dayanıb uzaqlara baxır. Arxadan vəzirin
gəldiyini hiss edən şah ona tərəf dönür və
deyir ki, Nizamini çağırmağa gedən qasid
qayıdıbmı? Vəzir Nizamidən bir xəbər yoxdur
deyir. Görünür ki, o, həddindən artıq məğrurdur.
Şah vəzirin sözünü təsdiq edir və Nizamini əsərlərindən
tanıdığını söyləyir. Onun Qaf dağı
kimi məğrur və əyilməz olduğunu bildirir.
Vəzir isə deyir ki, Nizami nə qədər məğrur olsa da, hökmdarın qarşısında əyilməlidir. Şah kiminsə gəldiyini görür. Bu gələn qasiddir. O, yenə tək gəlir. Qasid şaha deyir ki, Nizami hüzurunuza gələcəkdir. Nizami gəlmək istəmirdi, ancaq Bərdənin fəlakətindən xəbər tutanda hökmdarın fərmanından boyun qaçıra bilmədi. Bəli, Nizami Bərdəyə kömək məqsədi ilə hökmdarın hüzuruna gəlmək istəyirdi. Bu zaman vəzir şaha deyir ki, Munis Gəncə şairləri ilə deyişməkdən qayıdıb. Şirvan sarayının Munis kimi şairləri var ikən, sizin könlünüz güləcəkdir. Şah isə deyir ki, amma Nizami ayrı aləmdir, onun şeirlərində ilahi bir qüdrət var. Söhbətin bu məqamında Munis Gəncə valisi ilə gəlib şaha təzim edir. Şah Munisdən soruşur ki, Gəncə şairləri ilə deyişdinmi? Munis bütün deyişmələrdə böyük hökmdarın adını göylərə ucaltdığını söyləyir. Hətta yalan danışaraq Nizaminin onun qarşısına çıxmadığını deyir. Munis dediklərini təsdiq etmək üçün Gəncə valisinə müraciət edir. Munis deyir: “Şahı aldatmaq ən böyük cinayətdir. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Gəncə valisi özü söyləsin”. Valı söhbətə qoşulur: “Munis doğru buyurur. Mənim Nizamidən şikayətim vardır, şahım. O, Məhsəti Gəncəvidən dərs almışdır. Özü də xırda qoşmalardan başqa, heç nə yaza bilmir". Saray şairi Munis, Gəncə valisi əl-ələ verərək Nizamini şahın (Şirvan şahının) gözündən salmağa çalışırlar. Şah deyəndə ki, “…Nizaminin hər bir misrası almaz kimi itidir. Ürəklər daşdan da olsa, onları kəsib özünə yol açacaqdır”. Onda vali dözmür: “Hökmdar özü bilən yaxşıdır. Gələr görərsiniz. Dinsiz üsyankarları belə sevirsinizsə, Nizamini də sevəcəksiniz”. Şah validən də, saray şairi Munisdən də fərqli olaraq, Nizami barədə də ədalətli fikir söyləyir və valiyə deyir: “Sən yanılırsan, vali, mən Nizaminin qəzəllərini ürəkdən sevmişəm. Onlar doğrudan da, nadir incilərdir. Şirvan sarayı bu nadir inciləri yaradan ustada malik ola bilsə, böyük İsgəndər özü mənə qibtə edəcəkdir”. Şirvan şahı Nizami kimi böyük sənətkarı öz sarayında görmək istəyir. Əslində bu, şahın sənətkara verdiyi qiymətdir. O istəyir ki, sarayda, onun ətrafında görkəmli insanlar, şairlər olsun. Ancaq Munis kimi saray şairləri, valilər buna qısqanclıqla yanaşır. Hökmdarın ətrafında olan belə qısqanclar həmişə tarixdə öz bəd əməllərini həyata keçirmiş, şahı istedadlı, qabiliyyətli, nüfuzlu, uzaqgörən insanlardan təcrid etmişlər. Şah Munis kimi saray şairlərinin, valilərin, təlxəklərin əhatəsində tez-tez çıxılmaz vəziyyətə düşmüş, xalqın ona olan etimadını itirmişdir. Əslində hökmdarın ətrafında nə qədər ağıllı, bilikli, əqidəli, vicdanlı, ədalətli, əxlaqlı, ləyaqətli insanlar olarsa, hökmdar bir o qədər dövləti mükəmməl idarə edər, xalqın hörmət və istəyini qazanar. Yalan-palan danışıqlar, qısqanc münasibətlər, istedadlı adamları gözdən salmaq dövlətə olan inam və etimadı azalda bilər, dövlətin diz çökməsinə səbəb ola bilər. Şah saray şairi Munis kimilərin, yalançı valilərin əhatəsində tək qaldıqda vurnuxur, əsəbiləşir və narahatçılıqla üzləşir. Mehdi Hüseynin “Nizami” pyesində olduğu kimi:
“Munis. Gəncə valisi haqlıdır, şahım. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Nizaminin işlədiyi cinayəti mən sizdən gizlətmək istəmirəm.
Şah. Cinayət?
Kimi öldürmüşdür? Vali, bu nə sözdür?
Vali. Adam öldürsəydi, mənə bu qədər təsir
etməzdi. O, Məhsəti xanımla birləşib,
böyük hökmdarı xalq içərisində rüsvay
edir. Belində xəncər gəzdirən əxiləri
başına toplayıb, xalqı üsyana
çağırır. Mən Məhsətinin
həcvlərini öz qulağımla eşitdim.
Şah.
Bəsdir. Bu sözlərin
biri doğru olsa, and içirəm gözə görünməz
böyük Tanrıya, mən Nizamini də, Məhsətini də
daşqalaq etdirəcəyəm. Amma siz
uşaq kimi sadəsiz. (Cibindən bəyazı
çıxardır) Bu qəzəllər
qoşma deyildir, gövhərdir. Xalq onu belə
şeirləri üçün sevir.
Munis. Bəlkə
də biz yanılırıq, ola bilər. Sizi bu rəyə gətirən Xaqanidir. O, mənim
düşmənimdir. Məni gözdən salmaq
üçün Nizamini tərifləyir. Mən
həmişə sizdən gizlədirdim. Amma
daha dözə bilmirəm. Hər şeyi açıb
deyəcəyəm: Nizaminin “Sirlər Xəzinəsi”ni xatırlayırsınızmı? O ölkəni
xarabaya döndərməkdən zövq alan
zalım Ənuşirəvanın simasında sizi təsvir
etmişdir.
Şah.
Aha, bu çox qəribədir. Demək, mən
bayquşların nəğməsindən həzz alıram, eləmi?
Munis. Mən həqiqət aşiqiyəm, şahım!”
Bəli, özünü tez-tez həqiqət aşiqi
kimi təqdim edən Munis Nizami Gəncəvini gözdən
salmağa, özünün sarayda yerini isti eləməyə
çalışır. Hadisələrin bu istiqamətdə cərəyan
etdiyi vaxt vəzir deyir ki, Bərdədən qasid gəlmişdir.
Qasid kömək istəmək məqsədi ilə,
əsir düşmüş bərdəlilərin vəhşi
xəzərlərin pəncəsindən xilas edilməsi
üçün şaha müraciət edir. Şaha onu da xatırladır ki, bir zamanlar
Şirvanı düşmənlər hədələyəndə
Bərdə cəngavərləri onlara kömək əlini
uzatmışdır. Qasid kimi şahın
yanına Bərdədən gələn Əbdək kömək
almaq üçün rica yox, tələb etdiyini bildirir.
O deyir: “Siz nahaq acıqlanırsınız, şahım. Xatırınızdadırmı, bərdəlilər
Şirvan qalasını müdafiə edərkən, yüzlərcə
qurbanlar vermişdilər. Bərdə cəngavərləri
ilə bərabər Şirvan qalasını düşmənlərdən
mən də bax, bu sinəmlə müdafiə etmişəm.
Borclu-borcluya belə cavab verməyə haqlı
deyildir”. Şah ona demişdi ki, “Kömək istəyən
adam əvvəlcədən xəbər
verərdi. Yaxşı, şəhər
yanıb külə dönəndən sonra, mənim köməyimdən
nə çıxar? ... çalışaram
sizin ricanıza əməl olunsun”. Şahın
bu fikirləri müqabilində Əbdək ona çəkinmədən
öz sözünü demişdir. Şah
isə heç kimə borclu olmadığını söyləyir.
Əbdək çəkinmədən deyir: “Qoy, bütün
dünya şahid olsun ki, daş ürəkli, quş beyinli
hökmdarlar ana vətənin qəlbinə yara vurmaqdan həzz
alırlar”. Şah təkidlə vəzirə
göstəriş verir ki, Əbdəki aparın, gün
batanda o, dar ağacından asılacaqdır. Şah bu fərmanında qəti olduğunu bildirir.
Vəzirin “Hökmdarın əmri Allah fərmanıdır,
şahım” deməsi Əbdəkə meydan verir.
Əbdək deyir: “Dayanın, siz də şahid olun: mən
düşmənə sinəsini qalxan tutub on yara almış
bir cəngavərəm. Hökmdarınız isə,
əli qanlı, həris bir cəlladdır. Qoy onun bu zülmündən sonsuz göylər də
fəryada gəlsin!” Əbdəkin
qollarını bağlayıb aparırlar. Munis yenə də
bu vəziyyətdən istifadə edərək deyir: “Bax,
Nizaminin bütün dostları belədir, şahım! Onun qəzəllərini oxuyan hər kəs mələk
kimi məsum da olsa, nəhayət belə bir asi olur”. Bu vaxt qasid xəbər verir ki, Nizami qulluğunuzda
hazırdır. Nizamini qasid gətirir, o,
şaha təzim edir. Gecikməyinin səbəbi
olduğunu bildirir. Şah ondan soruşur
ki, şairin xahişi nədir? Həm də
şah Gəncənin ən gözəl bağlarından
birində məclis qurulmasını, süfrə
asılmasını və Gəncə
yaxınlığında yeddi para kəndin şairə
bağışlanmasını deyir. Onu da
deyir ki, şair öz qəzəlləri ilə ruhumuzu
oxşasın. Nizami isə deyir ki, onun
oxuyacağı qəzəllər şahı yalnız kədərləndirə
bilər. Onun özünün kədəri
isə səbəbsiz deyildir. Nizami kədərinin səbəbini
şaha belə bəyan edir: “Ey hökmdar, gözəl Bərdəni
yandırıb külə döndərdilər. Azərbaycanın dilbər guşələrindən
biri də məhv olub getdi. Böyük bir
ölkənin xəstə qəlbinə yenə sağalmaz bir
yara vuruldu. Analar övladlarından,
bacılar qardaşlarından ayrı düşdü. Odur, baxın, Bərdənin yaralı igidləri sizdən
kömək istəyir. Qardaş
qardaşdan kömək istəyir. Of, mənim
elə bir qüvvətim olaydı ki, qılıncların
xarabaya döndərdiyi vətəni qələm gücünə
gülşənə çevirəydim. Hanı
elə hökmdar ki, bu xarabaları görərkən, ürəyindən
qopan ah səsi bütün dünyanı titrətsin?!” Munis Nizaminin bu fikirlərinə əsaslanaraq yenə
də onu gözdən salmağa çalışır və
şaha deyir ki, o, sizə böhtan atır. Şah Nizamiyə söyləyir ki, mən səni
üsyan etməyə çağırmadım. Sən mənim nəşəmi korlayırsan. Onsuz da sarayımda nəşəmi korlayanlar
azlıq etmir. Xaqaninin şeirləri, onun
göz yaşları artıq məni təngə gətirmişdir.
O da mənə qarşı üsyan edir. Nizami
çəkinmədən şaha deyir ki, şairi Xaqani kimi
qolu zəncirli bir qula çevirmək olar, zindana da atmaq olar,
ancaq onun azad xəyallarını zəncirləməyə
hökmdarın gücü çatmaz. Şah
Nizamini öz sarayına dəvət etsə də, sarayın
böyük şair Əbülülanı zindanda
çürütməsini, şairlər peyğəmbəri
Xaqaninin də yolunun ora olmasını Şirvan
şahının üzünə deyir. Şah
Əbülülanın da, Xaqaninin də üsyankar
olduqlarını, Nizaminin dalğın çöhrəsini kədər
buludlarının bürüdüyünü, səsindən
şikayət yağdığını söyləyir.
Bu zaman bir çox mətləblərə aydınlıq gətirmək
üçün Mehdi Hüseyn “Nizami” pyesində obrazları
öz düşüncələri ilə üz-üzə
qoyur:
“Nizami. Müqəssir mən deyiləm. Nə etmək
ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər!
Şah.
Aha, demək Munis haqlı imiş. Sən məni
zalım Ənuşirəvana bənzədirsən, eləmi?
Nizami. Mən
yalnız həqiqəti yazmışam, hökmdar!
Şah.
Həqiqət, həqiqət!.. Şairlərdən başqa, bu yükü
daşıyan yoxdurmu?
Nizami. Həqiqət doğrudanmı yükdür? Lakin bu yükü yalnız ürəyi olan insanlar
daşıyır.
Şah.
Vəzir, söylə ki, Nizami gəldiyi yol ilə
geri qayıtsın.
Vəzir.
Şairin əlindən zəhər içmək
də xoşdur, şahım. Nizami belə
rəftara layiq deyildir.
Şah.
Onun özünü də, əsərlərini də oda atmaq
belə azdır!
Nizami.
Ey hökmdar, mən sənin zülmündən şikayət
edən məzlumların ah-naləsiyəm! Mən
parçalanmış bir ölkənin şikəst ürəyindən
qopub gələn bir fəryadam! Mən “Sirlər
Xəzinəsi”ndə olanların yüzdə birini demişəm.
Mən bir güzgüyəm ki, sənin həqiqi
simanı göstərmişəm. Əgər sifətin
eybəcərdirsə, onun ləkəsini təmizlə! Bəs nə üçün güzgünü
sındırırsan?
Şah.
Vəzir, fərmanına əməl olunsun!
Vəzir.
Hökmdarın əmri Allah fərmanıdır,
şahım”.
Beləliklə, yenə də Munisə meydan
açılır. O hər dəfə səsləndirdiyi fikrini “İndi
gördünmü, şahım, mən həqiqət
aşiqiyəm, mənim vicdanım ləkə götürməz!”
bir daha şaha ünvanlayır. Şah isə
Munisin haqlı olduğunu təsdiqləyir. Vali də bir
tərəfdən şahın və Munisin mövqeyinə
havadar olur: “Şahım, o, Məhsətinin fikirlərini təkrar
edir. Nizami onun şagirdidir, o, bütün
cavanları zəhərləyib yoldan çıxardır”.
Baxın, şah,
Munis, vali birdir, Nizami isə təkdir. Şahı da, Munisi də, valini də birləşdirən
haqsızlıq, laqeydlik, eqoistlik, ağıllı və vətənpərvər
insanların qənimi olmaqdır. Tarixin hər
bir mərhələsində belə olubdur. Nizami isə şahı da, şahın sarayında
olan saray şairi Munisi də, valini də haqqa, ədalətə
çağırır. O, saray əhlinin ədalətli
olmasını istəyir, vətənin, yurdun, xalqın qeydinə,
qayğısına qalmasını istəyir. Ancaq
nədənsə, saray əhli buna heç zaman hazır olmur
və bunu bacarmır. Bununla da Nizami ədalətli
şah, ədalətli saray axtarışında nəinki
yaşadığı dövrə, gələcək illərə
və əsirlərə də öz ideal fikrini ismarıc kimi
ünvanlayır. Nizami onu da ismarıc edir
ki, xalqı, vətəni, yurdu istəyən adamları qolu zəncirli
bir qula çevirmək olmaz. Onların azad
fikirlərini zəncirləməyə heç kəsin, o
cümlədən hökmdarın gücü çatmaz.
Həqiqəti yazanlar, həqiqəti deyənlər
ürəyi daş olanların qəlbinə yol tapa bilməz.
Bəşəriyyətin bütün bəlalarının
kökündə də bu oppozisiyaların əbədi
mövcudluğu, bu oppozisiyaların əbədi
barışmazlığıdır. Haqq-ədalət
tərəfində dayananların nə topu, nə də
topxanası olur. Onların gücü
xalqın onlara olan məhəbbətidir. Bu
həqiqət də tarixən əbədi olan bir həqiqətdir.
Mehdi Hüseyn bu həqiqəti “Nizami” pyesində oxucuya təqdim
etməyi bacarır:
“Vali. Doğrusu,
mən xalqın qəzəbindən qorxuram, şahım! Məhsətini sevməyən çox azdır.
Bütün Gəncə onun başına and
içir. Ona yaxın durmaq olarmı?
Beli xəncərli igidlər məni tikə-tikə
doğrarlar.
Şah.
Gəncədə özündən başqa, tərəfdarın
yoxdurmu, Vali?
Vali (tərəddüd içində). Hökmdarın əmri Allah
fərmanıdır, şahım!
Şah.
İndi mənim fərmanımı dinlə, Vali! Məhsəti
burada, bax, mənim ayağımın altında daşqalaq
edilsin! Bu Nizaminin sinəsinə dağ çəkər.
O, mənim təklifimdən boyun qaçırdı. Mən ondan intiqam alaram. Durma, get! Mən bu
üsyankarlar yuvasına od vuracağam. Qoy Gəncədə şair səsi yox, bayquş naləsi
ucalsın!”
Şah öz rahatlığı, nəşəsi,
eyş-işrəti üçün yurdu, xalqı və
onların problemlərini düşünmür. Nizami isə
problemlər içərisində, daha doğrusu, xalqın,
yurdun problemləri içərisində sarayda yaşamaq istəmir.
Onun şair vicdanı, xalqa və yurda
bağlılığı buna yol vermir. Şah
və saray əhli isə bu hislərin hər birindən
çox-çox uzaqdırlar.
Mehdi Hüseyn “Nizami”pyesində
yaratdığı Nizami obrazı ilə bu fikri “Mən “Sirlər
xəzinəsi”ndə olanların yüzdə birini demişəm”
elə-belə demir. Bunun səbəbləri
aşağıdakılardır.
a)
Şirvan şahı hökmdar kimi Nizamini sarayda görmək
istəyir. Onun arxasıyca qasid göndərir.
Şah Nizaminin ilahi şeirlərinin qüdrətindən
nəşələnməyə, sarayının və
özünün adını göylərə ucaltmağa
çalışır. Ancaq bunu Nizami istəmir.
Nizami ilə yanaşı, saray şaıri Munis və Gəncə
valisi də bu işə qol qoymağa mane olurlar;
b) Nizami
şahdan Bərdəyə kömək istəyir. Bərdədən əsir aparılan bərdəliləri
vəhşi xəzərlərin əlindən almağı
xahiş edir. Ona bağışlanan yeddi
para kəndi qəbul etmir. Ona görə
ki, bunların hamısı şəxsi qazancdır. Ancaq
Nizami xalqın və yurdun qazancını istəyir, bu yolda
mübarizə aparır;
c)
Şirvan şahını yalnız özü, saray əhli və
sarayının nüfuzu maraqlandırır. Ona
görə də o, Gəncədə də, Bərdədə
də bayquş səsinin, bayquş naləsininucalmasına
narahat olmur. Hətta Gəncədəki Məhsəti və
Nizami kimi üsyankar şairlərin yuvasına od
vurmağa fərman verir.
Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
Unikal.- 2021.- 9
aprel.- S.20.