Virusun gətirdiyi uğur, dünyanın
izlədiyi
ailə, cırtdan evdə
bir gün - REPORTAJ
...Tale onu Moskvaya,
Pekinə, hətta uzaq Floridaya, Mayamiyə belə aparıb
çıxarmışdı. Qusarın dağ kəndindən,
Hildən olan bu cavan oğlanın, necə deyərlər əlinin
duzu çox qısa zamanda uğur qazandırmışdı
ona. Və…
Və günlərin bir günü okeanın o biri tayından durur gəlir kəndlərinə. Ana-atasını görməyə. Amma geri qayıda bilmir. Lənətə gəlmiş pandemiya...
Hə, qayıda bilmir geri. Amma bu pandemiyanı nə qədər lənətləsə də, bir şöhrət də gətirir ona. Bu gün onu on milyonlarla insan tanıyır dünyada. Milyon yarım insan isə hər gün onu - Əmiraslanı izləməkdədir. Təkcə Əmiraslanı da yox ha? Anası Əzizə xalanı, atası Hörmət kişini. Onların bişirib hazırladıqları ləziz-ləziz təamları. Və o təamların necə hazırlanmasını...
Qusarın mərkəzindən 15 km aralıda yerləşir Hil. Ən böyük kəndidir
rayonunun. Hə, yaddan çıxmamış onu da deyək ki,
bir zamanlar rayonun mərkəzi də elə Hil olub.
Evlərini
tapmaq o qədər də çətin olmadı. Həmkəndliləri
dünyaca məşhur yerlilərinin evinə gedən yolu həvəslə
göstərdilər bizə.
Qapını
döyürük. Bizi Hörmət kişi
qarşılayıb evə dəvət edir. Bir az da gileylidir nədənsə.
Bunun səbəbini isə bir azdan biləcəyik...
Onlar nəinki
Azərbaycanda, bütün dünyada “Kənd Həyatı”
adlı YouTube kanalıyla məşhurlaşdılar. Təbiətin
qoynunda, ocaqda bişirdikləri müxtəlif yeməklərin
hazırlanmasını elə bu kanala yüklədikdən
sonra bir də gördülər ki, milyonlarla insan onları izləyir.
- Bu,
oğlumun ideyası idi. O, uzun müddət xarici ölkələrdə
aşpaz kimi fəaliyyət göstərib, Moskvada, Pekində
və Amerikanın Florida ştatında, Mayamidə işləyib.
Keçən il bizi görməyə gəldi. May ayında
qayıtmaq istəyirdi ki, pandemiya düşdü, gedə bilmədi.
Elə o vaxtdan burada qalası oldu. Hazırda özü
Bakıda yaşayır. İşsiz qaldı və
bekarçılıqdan nə edim deyə
düşündü. Sonra da belə bir ideya irəli
sürdü. Hobbi kimi başladığı bu iş biz
heç düşünməzdik ki, bu qədər maraq
doğurar.
Əslində
bu evdə aşpazlıq ənənəsi, necə deyərlər
olub. Evin xanımı Əzizə xala kənd toylarında, məclislərdə
aşpazlıq edib həmişə. Elə Əmiraslana ilk
yardımçı da Əzizə xala olub.
-
Oğlum “Yutub” kanalı açdı və anası yeməkləri
bişirərkən çəkdiyi videoları ora yerləşdirdi.
Yavaş-yavaş izləyici toplandı.
Paylaşılan
videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə
yerləşdirilir. Qısa müddətdə milyon yarım
abunəçi toplayan kanalın videoları dünyaca məşhur
yemək səhifələrinin diqqətini çəkib. Məsələn,
26 milyondan çox izləyicisi olan “Taste Life” səhifəsi
onların videolarını həvəslə
paylaşırlar. Həmin videoları isə milyonlarla insan
baxır.
Tərəvəzçiliklə
və heyvandarlıqla məşğul olan ailə həftə
ərzində iki yemək videosu hazırlayır. Bişirilən
yeməklərdə özlərinin becərdiyi tərəvəzlərdən
istifadə olunur. Və hər dəfə izləyicilərinə
müxtəlif yeməklər təqdim edirlər.
Çəkilişləri
həm evlərinin həyətində, həm də evdən
xeyli uzaqda yerləşən meyvə bağlarında edirlər.
Həmin meyvə bağında qurduqları kiçik ev
cırtdanların evciyini xatırladır. Bəlkə də
bura gələnlərin diqqətini elə videolardan
gördükləri mənzərə çəkir.
- Əslində, fərqli heç nə
etmirik. Öz mətbəximizin yeməklərini bişiririk.
Tskan, afar (göy qutabı) və digər gündəlik
hazırlanan yeməklər. Hər şey adi həyatda
olduğu kimidir. Tək fərq ondadır ki, öz
yetişdirdiyimiz məhsullardan yemək hazırlayırıq.
Yeməklərin ocaqda hazırlanması da digər xoşagələn
haldı.
Hörmət
kişi deyir ki, məşhur olandan sonra onların evindən
qonaq-qara əskilmir.
- Sanki
bizim əlaqə nömrəmizi metroda elan ediblər.
Bakının küçələrinə vurublar. Hər kəs
zəng edir. Bura hər cür insan gəlir. Ailəsi ilə gələnlər
də olur. Açığı, bizim onlara ayıracaq
vaxtımız yoxdur. Kənd təsərrüfatı ilə məşğul
olan adamlarıq. Elə bilirlər burada olanlar bekardı. Gəlirlər
ki, onlara qonaqlıq verək. Belə olmaz axı.
Hə,
yuxarıda qeyd etmişdik, gileylidir, narazıdır nədənsə
Hörmət kişi. Bax, buna görə imiş.
- Xaricdən
gələnlər də çox olur. Fransadan gələn
olub. Amerikadan da gəlmək istəyənlər də var idi,
amma razılaşmadıq. Biz heç kimdən heç nə
istəmirik. Heç bir dəstək də gözləmirik.
Vaxtı ilə gəlib bütün kanallardan çəkilişlər
ediblər. Çox sağ olsunlar. Amma bundan sonra lazım deyil.
Elə bu cür öz işimizə davam etmək bizə yetərlidir.
Heç kimlə görüşmək istəmirik.
Əzizə
xalanı soruşuruq. Evdə olmadığını deyir.
Oğlu isə iki gündən sonra gələcək növbəti
çəkiliş üçün. Qapını
ağzında ağacdan yonulmuş stol və stulu göstərir.
- İstəyirik
ki, hazırladığımız hər şey təbii olsun.
Elə özüm bu stol və stulları ağacdan
yonmuşam. Allah qoysa, bir neçə beləsini də
hazırlayacam.
Qapın
ağzında qəfil dillənir.
- Siz məni
doğru anlayın. Vallah bezmişik Adam qarşılayıb
yola salmaqdan. Axı biz kəndli adamlarıq. Qapıda bilirsiz nə
qədər iş var? Gəlin sizə çay dəmləyim.
Elə otlardan ki dadını heç vaxt
unutmayacaqsınız...
...Təşəkkürümüz bildiririk. Çünki həm bizim həm də onun işləri var…
Unikal.- 2021.-
16 aprel.- S.19.