Şuşa qalasında qəbirüstü abidələr

 

Abidələr təkcə tarixi əhəmiyyəti olan hadisəyə ucaldılan heykəl, qoyulan nişangah və qədim dövrlərə aid mədəniyyət əsəri deyil. Görkəmli şəxsiyyət və tanınmış adamların məzarı üstündə onların şərəfinə yaradılan heykəltəraşlıq və memarlıq əsərləri də bu qəbildəndir. Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa qalasında da tarixdə iz qoyan görkəmli sənət adamlarının xatirəsini əbədiləşdirən qəbirüstü abidələr vardı...

Şuşa karvansaraları haqqında məlumat verən Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev AZƏRTAC-a müsahibədə deyib: “Cıdır düzündə ana babası Mir Fəseh ağanın adı ilə adlandırılan qəbiristanlıqda Molla Pənah Vaqifin məqbərəsinin yaxınlığında Mir Möhsün Nəvvab Qarabağının qəbirüstü abidəsi vardı. Mir Möhsün Nəvvabın oğlu Mir İbrahim Ağamirzadə qəbir daşı üzərində maddeyi-tarix yazmışdı: “Böyük Nəvvaba, heyiflər olsun! Öz dövrünün arif, kamil şəxsiyyəti olmuşdur. Seyidin nəsli, peyğəmbərin pak övladı bir çox kitablar yazmışdır ki, cahanda yadigar qalsın. Allah ona rəhmət eləsin hər vaxt gecə-gündüz. Nəvvab 1919-cu il rəbiləvvəl ayının 29-da vəfat etmişdir”.

1960-cı ildə UNESKO-nun xətti ilə Mir Möhsüm Nəvvab Qarabağının qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulmuşdu. Onun müəllifləri heykəltəraş Tokay Məmmədov və memar Rasim Əbdürrəhmanov idi”.

Müsahibimiz mövzunu davam etdirərək bildirib: “1980-ci ildə şairin anadan olmasının 150 illiyi münasibətilə 1980-ci ildə İmarət adlanan memarlıq kompleksində Natəvanın qəbirüstü abidəsi qoyulub. Müəllifi heykəltəraş Elcan Şamilov idi. O, mövzunu xüsusi qayğı və səmimiyyətlə işləmiş, Natəvanı təkcə bədii söz ustası kimi yox, həm də bir ana, zərif qadın kimi təsvir etmişdi. Kompozisiyada əsas iki xətt - kədər və nikbinlik öz əksini dolğun şəkildə tapmışdı. Şairin üzündə məruz qaldığı bütün ağrı və çətinliklərlə yanaşı, xeyirxahlığın da izləri görünür. O, təkcə əzab çəkən bir qadın deyil, həm də mənəviyyatca gözəl insan, mübariz qəhrəmandır. Heykəltəraş Natəvana xas olan həyatı detalları kompozisiyada böyük bir ilhamla canlandırmışdı. Əsərdə üz cizgiləri, paltar bükümləri də sənətkarlıqla öz həllini tapmışdı. Şairin baxışları həyatdan vaxtsız köçmüş və yanında uyuyan oğlu Mirabbasın məzarına dikilib. Müəllif əsərdə şairin duyğu və hisslərinə ictimai məna verməyə çalışıb. Natəvanın çöhrəsi, saçları, geyimi elə ahənglə əks olunmuşdu ki, tamaşaçı, sadəcə olaraq, əsərə baxmır, elə bil axıb gələn kədərli bir melodiyanı dinləyir. Bu gözəl sənət əsəri Natəvanın həyatının bir növ rəmzi ifadəsinə çevrilib.

Tamaşaçı xalqının oduna yanan bu həssas insanın mətin iradəsinə inanır. Surətin psixoloji dərinliyi, təsvir elementləri Natəvanı tamaşaçıya bir ana kimi də təqdim edir. Bu mənada abidə Natəvanın simasında XIX əsr Azərbaycan qadınlarının yeni ifadəsidir”.

Tədqiqatçı-jurnalist Şuşada ucaldılan digər qəbirüstü abidəni də xatırladıb: “Anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə -Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrin görkəmli şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı”.

 

Unikal.- 2021.- 16 aprel.- S.21.