"Qələbə
şəhidləri" kitabı
Gəncədə evlərdə təqdim edildi
Hər görüşə unudulmaz anlar, qürur, nikbinlik hakim oldu
Gəncədən yenicə qayıtmışıq. İkinci Qarabağ
müharibəsində torpaqlarımızın
erməni işğalçılarından
təmizlənməsində misilsiz şücaət göstərərək əbədiyyətə
qovuşmuş igidlərin evlərində
olmuş, valideynlərinə,
doğmalarına "Qələbə
şəhidləri" kitabının
birinci cildini təqdim etmişik. Bu görüşlərin hər biri orijinallığı,
bənzərsiz lövhələri
ilə yadda qalıb. Hamısına
unudulmaz anlar, qürur və nikbinlik hakim olub.
Cəmi 18 evə baş çəkməli idik. Çünki
həmin cilddə adları yer alan gəncəlilərin
sayı bu qədər idi. Daha 60-dan yuxarısı ilə görüşlərimiz
sonrayadır - "Qələbə
şəhidləri"nin
digər 9 cildində Vətən yolunda canlarını qurban verən hər bir azərbaycanlımızın
adı doğulduğu
şəhər, rayon, qəsəbə
və kənddən asılı olmayaraq yer alacaq.
Kitabın nəşrinin, materialların
toplanmasının, təqdimatının
təşəbbüsçüsü İbrahim Hüseynovun sədri olduğu "Aran" Uşaqların Sağlam Gələcəyi
İctimai Birliyidir. Redaktoru isə
mənimlə yanaşı
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, gənc həmkarım Leyla Nəsirlidir.
Birinci cildin təqdimatına başlanılıb. Salyan və
Neftçalada yaşayan
şəhid ailələri
ilə görüşlər
keçirilib. Qərara
almışıq ki, imkan daxilində bu
nəşrlər bilavasitə
həmin igidlərin həyata pərvazlandıqları
doğma yurdlarında
valideynlərinə, yaxud
əzizlərinə əl-əl
verilsin. Gəncəyə səfərimizdə də bunu planlaşdırmışdıq.
Baxmayaraq
ki, Şəhər İcra Hakimiyyətində
çoxdan bəri yaxından tanıdığım
şöbə müdiri
Həsən müəllim
də bütün gününü bu işə sərf etməyə hazır idi. O, təşəbbüsümüzü
xeyirxahlıq nümunəsi
adlandırdı, söhbət
əsnasında vurğuladı
ki, birinci cilddə 18 nəfər gəncəli şəhid
barədə materiallar
toplanıb, ümumi sayları isə 80-ə yaxındır. Yaratdığımız "Gəncə şəhidləri" saytından
istədiyiniz məlumatı
əldə edə bilərsiniz, biz də köməyimizi əsirgəməyəcəyik.
Belə razılaşdıq ki, ünvanlar əlimizdə olduğundan rəsmi şəxslərsiz qapıları
özümüz ərklə
döyək. Belə də etdik.
Birinci şəhərin Todan qəsəbəsində yaşayan
Səlim Hümbətovun
qapısını döydük.
Bakıda olanda dəfələrlə
zəngləşmişdik, kitab istəmişdi.
Demişdik evində şəxsən
özünə təqdim
edəcəyik. Hümbətovlar ailəsi Gəncədə
hərbi vətənpərvərlik
məktəbi də sayıla bilər. Özü də, qardaşı Sabir də birinci Qarabağ müharibəsinin
iştirakçısıdır. Hər ikisi xüsusi təyinatlı qüvvələrin
tərkibində döyüşlərdə
iştirak edib. Hərbi pensiyaçıdırlar. Oğlu Ruslan atasından və əmisindən nümunə götürüb.
İki uşağı yadigar qalıb. Yəqin oğlu 7 yaşlı
Səlim də nə vaxtsa ata yolunu davam
etdirəcək.
Ruslanın döyüş yolundan, igidliklərindən ailədəki
muzey-guşə söhbət
açırdı. Azı bir
kitablıq mövzu
var. Eləcə də
ata yurdlarında olduğumuz hər bir ölməz igidimizin həyatı yazarlara geninə-boluna mövzular verir.
Adıgözəlov ailəsində isə Allahverdi kişi və
Sücaət nənə
ilə söhbətlərdən
aydın oldu ki, əslən Güney Azərbaycanın
Əhər şəhərindəndirlər.
Hər iki Qarabağ müharibəsində əslən
Cənubdan olanların
şücaətlərindən fəxrlə danışdılar.
Nəvələri İbrahim Azər
oğlu Məmmədovun
nəinki bu qəhrəman nəslə,
eləcə də igidlər yurdu Gəncəyə şərəf
gətirməsi ilə
fəxr etdiklərini dilə gətirdilər.
Allahverdi kişi
balaca nəvəsi Arazı göstərərək
dedi ki, yavaş-yavaş ona niyə bu adı
qoyduğumuzu anlatmaqdayıq.
Təbii ki, missiyamız nə qədər nəcib olsa da köməksiz keçinə bilməzdik. Bu mənada şəhər
4 saylı musiqi məktəbində pianino
müəllimi işləyən
Sara Əkbərova da yaddaşımızda qaldı.
Təkcə dəstəyə görə yox, həm də əzizini cəbhədə
itirmiş ürəyi
sızıltılı bir
insan kimi. Beləcə şəhidlərdən
mayor Aqşin Nazim oğlu İbadovun və daha iki
nəfərin ailələrinə
çatacaq kitabları
aidi şəxslərə
verməyi öhdəsinə
götürdü...
Nəcib məqsədlə yola çıxana Tanrı yardımçıdır, hətta
tanımadığın insanlar
isə dəstək verənin olur. Yenə Gəncəyə
qayıdacağıq, bu
dəfə fərqli ünvanlara, daha iri həcmli yazılar qələmə
almaq üçün.
Rəhim Hüseynzadə,
əməkdar jurnalist,
kitabın redaktoru
Unikal.- 2021.- 16 aprel.- S.18.