Balet sənətinin sönməz ulduzu
Bu gün
görkəmli balerina Leyla
Vəkilovanın anadan olmasından 94 il ötür
Bir zaman səhnədə Qu quşu obrazını
canlandıranda, zərif bədəninin plastika
imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni
auditoriyaya çatdıranda, sənətsevərlərə
və pərəstişkarlarına ülvi
hisslər aşılayanda ağlına belə gətirməzdi
ki,
vaxt gələcək, o
da öz sənəti
ilə insanların qəlbində əfsanəyə
çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu
olan bu gözəl
qız səhnədə yaratdığı obrazlara
bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik
etməyi bacarırdı...
Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 94-cü ildönümü tamam olur.
Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda dünyaya göz açıb. Xoreoqrafiya məktəbində böyük sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənib, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.
Leyla Vəkilova müxtəlif illərdə A.Adamın Jizel, R.Qlierin Qırmızı lalə, P.Çaykovskinin Sonalar gölü, Yatmış gözəl, Şelkunçik, L.Minkusun Don Kixot, A.Kreynin Laurensiya, B.Zeydmanın Qızıl açar, B.Asafyevin Bağçasaray fəvvarəsi, Ə.Bədəlbəylinin Qız qalası, Q.Qarayevin Yeddi gözəl, İldırımlı yollarla, S.Hacıbəyovun Gülşən və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.
Sənətkar klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.
Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin Qız qalasında böyük məharətlə oynadığı Gülyanaq insanlara həyatsevərlik, paklıq aşılayırdı. A.Məlikovun Məhəbbət əfsanəsi baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Ə.Abbasov Qaraca qız baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulmuşdu. Q.Qarayevin Yeddi gözəlindəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.
Leyla Vəkilovanın səhnə qəhrəmanları müxtəlif dövrlərə və sosial təbəqəyə mənsub olsalar da, onları məhəbbətə bağlılıq və sadiqlik kimi ümumi cəhət birləşdirib. Balerinanı isə qəhrəmanlarına bağlayan onun sənətinə olan böyük sevgisi və sadiqliyi idi. Odur ki, sənətkarın yaratdığı obrazlar mükəmməl bədii-xoreoqrafik surətlər kimi balet sənətimizin incilərindəndir.
Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina Qız qalası, Yeddi gözəl və Gülşən əsərlərində baş rollarda çıxış edib. L.Vəkilovanın Moskva çıxışları azərbaycanlı balerinanın ulduz saatı adlandırılıb.
Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib.
Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Balerinanın 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.
Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Bu gün də biz
Leyla Vəkilovanın oynadığı
baletlərdən fraqmentlərə baxanda
xəyallarımızda dolaşan qəhrəmanlarımızı
görür, onların saf
hisslərinin təcəssümündən qəlbimiz riqqətə
gəlir. İnamla deyə bilərik ki, balerinanın ifası öz
ecazkarlığı ilə sənət aləmində bir əfsanəyə çevrilib.
Hələ neçə-neçə nəsil bu
incəsənət əfsanəsinin zəngin
yaradıcılıq yolu ilə
tanış olacaq, sənətdə ona bənzəməyə
çalışacaq.
Unikal.- 2021.- 5 fevral.- S.21.