Snayperin
vurduğu baş leytenant...
Şəhid
atası: “Azad etdiyi torpaqdan gətirib məzarına səpdim”
İkinci Qarabağ müharibəsi
cəmiyyətə elə simalar tanıtdı ki, bəzən
həmin qəhrəmanları yaxından
tanımadığımız üçün
peşmanlıq hissi keçiririk. Bu savaş bizə həm kədər,
həm də sevinc hissini eyni anda yaşamağı öyrətdi.
Qəhrəmanlarımızın döyüş yolu, göstərdiyi
şücaətlər ailə üzvlərindən və ya
silahdaşlarının xatirələrindən bizə əyan
olur. Şəhidlərimiz Azərbaycan tarixinə dərin, bir
ömür unudulmayacaq izlər buraxdı.
Modern.az
saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.
Vətən
müharibəsində göstərdiyi qəhrəmanlığı
ilə yaddaşlara həkk olunan cəsarətli
döyüşçülərdən biri də baş
leytenant Səid Nofəl oğlu Rəşidzadədir.
Səid
Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli
rayonunun Horadiz qəsəbəsində anadan olub. 1993-cü ildə
ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb.
1996-2007-ci illərdə Bakı şəhəri
S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə
oxuyub. Daha sonra 2007-2011-ci illərdə Heydər Əliyev
adına Ali Hərbi Məktəbdə təhsil alıb.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələri
sıralarında hərbi xidmətə başlayıb.
Səid
Rəşidzadə Vətən müharibəsində
Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən
döyüşlərdə iştirak edib.
Şəhidin
atası Nofəl Qasımov Modern.az-a Səid haqqında daha ətraflı
danışıb.
“Mənim
azad edə bilmədiyim torpağı oğlum azad etdi…”
“Mən
Səid yaşda, 31yaşım olanda Füzuli rayonu İcra
Hakimiyyətinin başçısı təyin edilmişdim. Həmin
vaxtlar o torpaqlarda mən döyüşürdüm. Birinci
Qarabağ savaşında Füzuli Özünümüdafiə
batalyonunu komandiri kimi.
Düzdür,
neçə dəfə hücum etdim, itkilər versəm də,
Hadrutu azad edə bilmədim. Çünki o zaman bu qədər
təcrübəmiz yox idi.
Həmin
vaxtlarda Səidin 3 yaşı var idi. Onu səngərə
aparıb, silahdan atəş açmağı öyrədirdim.
Oğlum mənim azad edə bilmədiyim torpağı, öz
qanı ilə aldı.
Səidin
arzusu hərbçi olmaq idi. Onu vətən uğrunda getdiyi
heç bir yoldan saxlamamışam. Hər zaman “gedirəm” deyəndə,
“uğur olsun” söyləmişəm”.
Səid
Rəşidzadə hələ 2016-cı ilin aprel
döyüşlərində general Polad Həşimovla birgə
döyüşüb:
“Səid 2016-cı ildə baş verən
aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı
Polad Həşimovun rəhbərliyi altında
döyüşüb. Talış yüksəkliyinin
düşməndən geri alınmasında iştirak edib.
2018-ci
ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci
ilin iyulunda baş verən Tovuz döyüşləri
zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini
eşidəndə Səid çox pis oldu və özünə
qapandı.
O,
döyüş yoldaşı general Polad Həşimovun
qisasını almaq üçün müharibənin
başlamısını gözləyirdi”.
“Müharibə
başlayanda dözmədi, cəbhəyə getdi…”
“Sentyabrın 27-də Vətən
müharibə başlayanda Səid zabit kimi döyüşə
getmək üçün müraciət etdi. Əvvəlcə
ehtiyac olmadığını deyib, qəbul etmədilər.
Amma Səid gözləmədi.
Cəbhəyə
getdi. Əvvəlcə 1 həftə Ağcabədidə könüllülər
hazırladı. Daha sonra Füzuli rayonunun Horadiz kəndi
istiqamətində döyüşlərə atıldı və
irəliyə doğru 42 km döyüşdü. Hadrutun
girişində Şişqaya deyilən yüksəkliyi azad
edib, bayrağı sancan zaman snayper gülləsi ilə
vuruldu. Döyüş yoldaşları köməyə gəlsə
də, onu xilas etmək mümkün olmadı. Beləcə,
oğlum şəhidlik zirvəsinə yüksəldi.
Sonradan
həmin yüksəkliyi gedib ziyarət etdim. Şişqaya
Hadrutun girəcəyində yerləşir. Oradan bir ovuc torpaq
gətirib oğlumun məzarı üzərinə səpdim.
Səid
döyüş müddətində sinəsində bayraq gəzdirərmiş.
Deyirmiş ki, hansı kəndi birinci azad etsələr, həmin
bayrağı oraya sancacaqmış. Şişqaya yüksəkliyinin
alınması üçün göstəriş gəlib. Səid
olan bölük həmin ərazini təmizləyib. O, sinəsindəki
bayrağı Şişqaya yüksəkliyinə sancan zaman
snayperlə vurulub. Yoldaşları bayrağın üzərinə
Səidin adını yazıb, həmin yüksəkliyə
sancıblar. Oktyabrın 11-də Səidin şəhid xəbəri
gəldi, 12-də isə Hadrutun azad olunduğu deyildi”.
“Səid kaskasız, bronijiletsiz
döyüşürmüş…”
“Oğlumla aramızda sərhəd var
idi deyə, onun haqqında çox şeyi bilmirdim.
Yoldaşları indi mənə Səidin necə
döyüşdüyü, hansı keyfiyyətlərə
malik hərbiçi olduğu barədə
danışırlar.
Onların
sözlərinə görə, Səid əsgərləri
qorxmasın deyə bronjiletsiz, kaskasız
döyüşürmüş. Özünü hər
döyüşdə irəli atarmış. Maaşı verilən
kimi siqaret alıb, əsgərlərinə paylayarmış.
Səidin
bir sözü var idi – “Vətən sağ olsun”. Hər nə
olurdusa, bu sözü deyirdi. Müharibəyə
yollandığı zaman da “Ata, vətən sağ olsun” dedi və
getdi.
Son dəfə
oktyabrın 9-u mənə zəng etdi. Bir az
danışdıq. Harada olduqlarını soruşdum. Daha sonra
“soyuq su içməyin” dedim. Sən demə onlar heç su
tapmırmışlar. Oktyabrın 11-də şəhid xəbərini
aldıq”.
Səid
özünə çox qapalı bir oğlan idi.
Arzularından, istəklərindən danışmazdı. Amma
əsl zabit idi. Hərbçi necə olursa, elə biri idi.
Maraqlıdır ki, dostları
ondan danışanda deyirlər ki, çox gülərüz
imiş.
Səid
tanıdığı-bildiyi adamlardan kimin nə problemi
olurdusa, həll etmək üçün mənim yanıma gətirirdi.
Heç kimə hərbiyə aid bir söz belə demirdi.
1992-93-
cü illərdə mən döyüşən zaman 125 şəhid
vermişdim. Oğlum
da 126-cı şəhidim oldu. Səidin şəhid xəbəri
gələn zaman ilk düşündüyüm
bölüyü kimin idarə edəcəyi oldu.
Çünki müharibədə komandir lazımdı. Şəhidə
hər zaman ağlaya bilərik. Amma biz qələbə
çalmalıyıq. Biz indiyə qədər gənclərimizə
fərasətsiz biriləri kimi baxmışıq. Amma gənclərimiz
44 günlük müharibədə necə vətənpərvər
olduqlarını sübut etdilər.
Səid
şəhid olduqdan sonra onun nəşini Füzulinin Babı kəndində
torpağa tapşırdım. Səid ata kəndimizi
özü azad etdi”.
“Biz Səidin qisasını
aldıq…”
Səid Rəşidzadənin
döyüşdüyü taborun komandiri, mayor Hacı Rəhimov
şəhidi belə xatırlayır…
“Mən Səidgilin
tabor komandiri idim. Səid müharibənin 5-ci günündən
bizimlə birgə döyüşüb. O, mənə deyəndə
ki, müharibəyə könüllü gəlib, həmin an
onun necə mərd, cəsur döyüşçü
olduğunu anladım. Döyüş
tapşırıqlarını yerinə yetirən zaman demək
olar ki, Səidlə birgə olurduq. O, heç nədən
qorxmayan, çəkinməyən bir savaşçı idi.
Ona necə dəfə ehtiyatlı olmağı barədə xəbərdarlıq
etmişdim.
Səidlə
Hadrut istiqamətindəki yüksəklikləri təmizləyə-təmizləyə
irəliləmişik. Orada düşmənin bir neçə
postu qurulmuşdu. O yüksəkliklər təmizlənməsəydi,
Hadruta giriş mümkün olmazdı. O yüksəklikləri
təmizləyən zaman böyük qarşıdurma oldu. Səid
düşmənin bayrağını endirib, Azərbaycan
bayrağını yüksəkliyə sancan zaman snayper
gülləsinə tuş gəldi.
Biz Səidin
qisasını aldıq, orada dalğalanan bayrağın üzərinə
Səidin adını yazdıq.
Səid
kimi oğullarımızın vətən uğrunda şəhid
olması çox qürurvericidi. Şəhid ailələri
başlarını dik tutsunlar”.
Baş
leytenant Səid Rəşidzadə ölümündən
sonra “Vətən uğrunda” və “Xocavəndin azad
olunmasına görə” medalları ilə təltif olunub.
Fidan İlqarqızı
Unikal.- 2021.- 5 fevral.- S.19.