Şeyxin qorxunc
duası, Misir prezidentinin
heyrəti,
Şamaxıda qeybə
çəkilən cəsəd...
- Şeyx
doğrudan tarixi şəxsiyyət
olub, yoxsa bu, bir əfsanədi?
...Deyəsən, sualım xoşuna gəlmədi Nahidin. Necə yəni əfsanə? Belə əfsanə olarmı? Sussa da, sanki belə demək istəyirdi Nahid.
Necə yəni əfsanə? Axı buranı şəxsən o, məhz o özü tikdirib: Şirvanşah Şeyx İbrahim Əvvəl! I İbrahim. 1402-ci ildə, elə bu yerdə.
Necə adlandırmışdı Peterburqdan gələn şərqşünas Yohan Dorn oranı? Hə, “qartal yuvası”na bənzətmişdi. Və üstündən 619 il keçməsinə baxmayaraq, hələ də öz qartal əzəmətini qoruyub saxlaya bilib…
***
1965-ci ildə Misir Ərəb Respublikasının Prezidenti Camal Əbdül Nasir SSRİ-ə səfərə gəlir. Səfərin proqramına uyğun Əbdül Nasirin müsəlman respublikalarının birinə, Azərbaycana dəvət olunur. Azərbaycan səfərində isə onun proqramına isə bir neçə dini abidənin ziyarətini də daxil edirlər. Bakıda görməli yerləri gəzən Misir prezidentinin paytaxtdan sonra ilk getdiyi yer Şamaxı olur. Şamaxıda isə onu əvvəlcə bir türbəni göstərirlər. Sal qayaların üzərində inşa edilmiş əzəmətli bir türbəni. Misir ehramlarının yanından gəlmiş Misir prezidenti, elə həmin o piramidalarının bəlkə yüzdə bir boyda olan bu möhtəşəm tikiliyə heyranlıqla baxır.
- Bu
nədi belə?
“Diri Baba”nın türbəsidir - deyirlər. Əbdül Nasir sınıb-dağılmaqda olan pilləkənlərlə bir təhər türbəyə qalxır. İçəri girir. Ziyarətini edir. Və… onu müşayiət edən sovet rəsmilərinə deyir:
- Mən bir xahiş edə bilərəmmi?
Xahişmi? Hamı heyranlıq içindədi. Görəsən, nə xahiş edəcək dünyanın ən qədim dövlətinin başçısı?
- Cənab Brejnevə
mənim xahişimi çatdırın. Bu türbə mütləq təmir edilsin.
Xahişin SSRİ-nin ali rəhbərinə çatdırılıb-çatdırılmadığı məlum deyil. Amma məlum olan budur ki, el arasında “Diri Baba” kimi tanınan bu türbə hələ də məğrurcasına dayanıb durur. Bayaq dediyim kimi: üstündən 619 il keçsə belə…
***
Rəvayət olunur ki, “Diri Baba”nın əsil adı Pirməhəmməd olub. Şeyx Pirməhəmməd xəlvəti təriqətinin yolçusu imiş. Başqa bir rəvayətə görə, Şeyx ömrünün son günlərini hücrəyə çəkilərək, ibadət etməklə keçirir. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur. Amma müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Bu hələ harasıdır?! Şeyx öləndən 300 il sonra belə onun bədəni çürüməmiş, olduğu kimi qalıbmış. Bir gün müridləri yenidən həmin yerə gələndə, Şeyxin cəsədinin qeybə çəkildiyini görüblərmiş. Və bundan sonra şeyx Pirməhəmmədin hələ də haradasa olduğunu özlərinə təlqin ediblər. Bu səbəbdən həmin yerdə türbə tikiləndən sonra buraya “Diri Baba” adı verilib.
1647-ci ildə məşhur türk səyyahı Övliya Çələbi bu yerlərə, daha dəqiqi, keçmiş Mərəzə qəsəbəsinin yerləşdiyi əraziyə çatanda türbəni də ziyarət edir. Mərəzəyə səyahətdən sonra isə “Diri Baba” haqqında yazır:
“Şirvana çatmamış məlum oldu ki, hündür bir mağarada mübarək bir zat yatırmış. Hətta ağ əbası var imiş, üstünə bir parça toz da qonmurmuş. Uzun müddətə çürüməməsinə baxmayaraq, ətrafı gözəl qoxu saçarmış. Cəsədindən gözəl qoxu gələrmiş”.
Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən “Diri Baba” digər səyyahların da diqqətini özünə cəlb edib. Fransanın İran şahlığından elçisi Adam Oleari, holland səyyahı Kornelius Devrin və digər səyyahlar yol qeydlərində bu abidədən yazıb və hətta türbənin rəsmini də çəkiblər. Yeri gəlmişkən, vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbədə tədqiqat işi aparıb. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Peterburqda Ermitajda saxlanılır. Türbədə dəfn olunan müqəddəsin kimliyi haqda isə heç bir məlumat yoxdur.
“Diri Baba” türbəsi günbəz formasındadır. Birinci mərtəbədə ikitağlı pəncərə və qapısı olan otaq var. Abidənin əsas hissəsi ikinci mərtəbə sayılır, bura geniş salon və əsas mağara hissədən ibarətdir. Həmin mağarada Diri Babanın hücrəsi yerləşir. Ehtimal edilir ki, hücrədə məzar var. Amma içərisində kimin yatdığı bəlli deyil. Həmin Şeyx Pirməhəmmədin, ümumiyyətlə, burada dəfn edilib-edilmədiyi də sual altındadır.
Nahidin dediyinə görə, Şeyx Pirməhəmmədi başqa bir müqəddəs övliya, Şirvanda and yeri olan müqəddəs Şeyx Əyyub Baba dəfn edib. Bir maralı məqama fikir verin; Şeyx Əyyub Baba 1730-1796-cı illərdə yaşayıb. Buna tarixi mənbələrdə də rast gəlmək olur. O, Azərbaycanın tanınmış sufi şeyxlərindən, övliyalarından biri olub. Şeyx Əyyub bir övliya kimi Şərq təsəvvüf tarixinə adını yazdıranlardandı. Fikir verin, “Diri Baba”nın cəsədinin 300 il çürüməməsi və qəfildən yoxa çıxması barədə fərziyyələrlə, onun Şeyx Əyyub baba tərəfindən dəfn edilməsi, sonuncunun yaşadığı illərlə üst-üstə düşür.
Türbənin ətrafındakı gizli mağaralar haqqında da xeyli fərziyyələr var. Məsələn, həmin mağaraların Gülüstan qalasına aparıb çıxarması barədə də rəvayətlər dolaşır. Nahid deyir ki, həmin mağarların arasında gizli keçidlər olub. Sonralar bu keçidlər uçqunlar nəticəsində bağlanıb. Ya da torpaq onları basıb. Hazırda bu mağarlarda geniş arxeoloji tədqiqatlara ehtiyac var. Bu gün türbə ətrafında aşkar edilmiş mağaralardan isə yalnız ikisinə girmək mümkündür.
Qayanın içərisində yonulmuş türbənin birinci mərtəbəsi dəhlizdən və türbə xidmətçisi üçün ayrılmış otaqdan, ikinci mərtəbəsi isə böyük salondan ibarətdir. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında səliqə ilə düzəldilmiş daş pilləkən mövcuddu. Qayanın içərisində yonulub tikildiyinə görə, binanın ancaq cənub tərəfə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı, fərqli detallar da mövcuddur. Elə bu məqamın özü də araşdırılmalıdır.
Yeri gəlmişkən, Mərəzə dünyada yeganə yerdir ki, burada 72 müqəddəs dini obyekt var. Hər biri də ayrı-ayrı şəfa ocağı, müqəddəs kimi qəbul edilir. Bir əhvalat da danışırlar. Deyilənə görə, Mərəzənin axundu Abdulvahid Türkiyədə təhsil alarkən yerli Şeyxlərdən belə bir söz eşidir: Osmanlıya gələn bəla Mərəzəyə getsin!
Abdulvahid bu sözdən pis olur. Şeyxdən
soruşur ki, niyə
mənim elimə-obama
qarğıyırsan? Şeyx
isə cavabında deyir: “Mərəzənin
72 övliyası, “Diri
Baba”sı var. Bütün
dərd-bəlanı məhv
edəcək!
Dərd-bəladan uzaq olmaq arzusuyla...
Səbuhi Məmmədli
Mərəzə
Unikal.- 2021.- 12 fevral.- S.20.