Sevgi və xəyanət burulğanı,
güllərə qərq edilən
tabut, dəfn
qadağası... – HƏYAT HEKAYƏTİ
Dünyadan
vaxtsız köçən insanların həyatı elə
bil sürət qatarına yüklənmiş olur. Hər
dayanacaqda dayanmayan, sürətlə, üz tutduğu yolun
sonuna tələsən qatara.
Sovet aktyoru Andrey Mironovu da taleyi surət qatarına
mindirmişdi, gedirdi. Nə etmişdisə, surətlə, daha
çox etməyə çalışmışdı elə
bil. Daha çox film, daha çox obraz və daha tez
tanınıb sevilmək...
Lent.az-ın məlumatına görə, Andrey Mironov
1941-ci ildə martın 7-də Moskvada dünyaya gəlib. Valideynləri
martın 8-nə yazdırıblar ki, doğum günü
bayram gününə düşsün.
Anası
Mariya Mironova, atası Aleksandr Menaker Rostovda qastrolda
rastlaşanda hər iksi ailəli olublar. Sevgiləri
o qədər alovlu olub ki, hər ikisi ailəsindən
ayrılıb və birləşiblər. Moskvada estrada teatrında işləyirdilər. Mironova və Menaker adlı yumoristik və musiqili
duetlə çıxış edirdilər.
Andrey, demək olar ki, teatrda dünyaya gəlib,
anasının sancıları səhnədə
başlayıb.
Uşaqlıqdan teatrda böyüyüb, kulisdən səhnədəki
valideynlərini izləyirdi. İlk dəfə səhnəyə
5 yaşında olarkən çıxıb. Anası
danışır ki, tamaşanın ortasında
tamaşaçılardan gurultulu gülüş və
alqış sədası yüksəldi: “Dönüb
gördüm ki, Andrey düz səhnənin ortasında əlini
əlinə vurub gülür. Necə aludə
olubsa, tamaşaya çıxıb səhnəyə”.
Evlərinə gələn bütün aktyorları
parodiya edərmiş Andrey. Hamı
anlayırmış ki, bu uşaq aktyor olacaq.
1948-ci ildə Andrey Moskvada 170 saylı məktəbə
gedib.
Uşaqlığı çox qayğısız
keçib. Futbol oynayır, döş nişanlarının
kolleksiyasını toplayır, çoxlu filmə
baxırdı. Həm də sinifdə
avtoritet sayılırdı.
Üçüncü sinfə qədər Andrey
atasının soyadını daşıyıb - Menaker. 40-cı illərin
sonunda SSRİ-də yəhudilərə qarşı
“kosmopolitizmlə mübarizə” siyasi kompaniyası
başlayır, Aleksandr Menakeri teatrdan xaric edirlər. 1950-ci ildə ata oğlunu ana soyadına keçirir
ki, uşağın problemi olmasın.
1952-ci ildə Andrey ilk dəfə filmə çəkiləcəkdi,
amma çəkiliş vaxtı meydançadan qovulub.
Kasıb uşaq rolunda çəkilməli idi, cındır
köynək geyinməkdən imtina edir, nə qədər
çalışırlarsa alınmır, neçə kadr məhv
olandan sonra Ptuşko onu çəkiliş
meydançasından qovur.
7-ci sinifdə oxuyanda Andrey teatr studiyasına
yazılıb, uşaq tamaşalarında oynayırdı. Valideynləri
onun aktyor olmasını istəmirdilər.
Anası Andreyi diplomat görmək istəyirdi. Ata-anası qastrolda olanda
Andrey gizlicə sənədlərini Şukin adına
teatr məktəbinə verir. İmtahanlarda necə
həyəcanlanıbsa, burnundan qan açılıb. Ona görə də təmsili dəfələrlə
təkrar deməli olub, nəticədə əla qiymətlə
çıxıb imtahandan. İosif
Rapoportun sinfinə düşən gələcək aktyor əla
qiymətlərlə oxuyurdu.
Tələbələrə dərs vaxtı filmə
çəkilmək qadağan edilmişdi. Sonuncu kursda
Andrey kino sınaqlarına getməyə başlayıb. Hətta bir filmə çəkilib, o qədər
maraqlı obraz yaradıb ki, müəllimi onu
bağışlayıb.
Andrey 1962-ci ildə teatr məktəbini əla bitirir, onu
Satira teatrına işə qəbul edirlər.
25 il həmin teatrda çalışıb. Teatrın baş rejissoru Valentin Pluçek idi, aktyor
tezliklə onun favoriti olub. Rejissor - bu gəncin
qeyri-adi temperamenti və talantı var - deyib.
Tezliklə Satira teatrına bilet tapmaq qəhrəmanlığa
dönür.
Mironovun oyununda nə isə maqnit kimi çəkirdi
tamaşaçını.
Andreyin kino fəaliyyəti rejissor Aleksandr Zarxinin “Mənim
kiçik qardaşım” filmi ilə başlayır. Bu, onun kinoda
ilk ciddi işi idi.
Onun ardınca “Üç üstəgəl iki”
komediyası uğurla nümayiş olundu. Andrey
üç məzəli dostun birini oynayırdı.
1965-ci ildə Mironov Andrey Ryazanovun “Avtomobildən qorunun” əfsanəvi
filmində rol alır. Onun ifası kinotənqidçilərin tərifindən
düşmürdü.
Bundan sonra Andrey Mironovun çəkildiyi filmlər
ardıcıllıq təşkil edir və sadəcə
uğura məhkumdur. Rejissorlar məhz onu filmlərinə
çəkmək üçün növbələşirlər.
“Ədəbiyyat dərsi”, “Həyata bərabər il”,
“Brilyant əl”. Sonuncu filmdə aktyorun daha bir istedadı
açılır – ifası. Oxuduğu “Talesizlik adası” mahnısı hitə
çevrilir.
Ondan sonra çəkildiyi bütün filmlərdə həm
də mahnı oxuyurdu.
Eldar Ryazanovun “Qoca quldurlar” və İtalyanların
Rusiyada qeyri-adi sərgüzəştləri” filmlərində
çəkiləndən sonra aktyora əməkdar artist fəxri
adı verilib.
Sonuncu adıçəkilən filmdə çəkilişlərdə
italyan aktyorları heyrətə gəliblər ki, belə də
aktyor olar, bütün tryuklarda özü çəkilir.
Ən çox uğur qazandığı muzikllar idi,
kinematoqraf onun sayəsində qazanırdı.
Qızıl
fonda daxil olan daha bir film onun iştirakı
ilə “12 stul” filmi idi.
Çoxseriyalı filmdə Andrey Mironov Ostap Bender roluna
çəkilib.
1981-ci ildə populyarlığı o həddə
çatmışdı ki, baş rola tərəf
müqabilini özü seçirdi, rejissor yox. “Mənim ərim
olun” filminə Yelena Proklova belə seçilmişdi.
Filmin çəkilişləri vaxtı şayiə
yayılmışdı ki, onlar həqiqətən sevgilidir. Sonralar həqiqətən
də Mironov belə fikrə düşmüşdü, amma
aktrisa yox. Çəkilişlərin
sonunda aktrisa dekorator Aleksandr Adamoviçlə sevgili
çıxdı.
Tənqidçilərin
fikrincə, aktyorun əsil istedadı “Mənim dostum İvan Lapşin” filmində açılıb. Andrey Mironovun qəhrəmanı filmdə vanna
otağında özünü güllələməyə cəhd
etməsini necə yaradıbsa, indiyə qədər teatr və
kinoaktyorluq fakültələrində o epizod tədris olunur.
Andrey Mironovun şəxsi həyatında sevgi romanı
çox olub.
Qadınlar onun dərdindən dəli olurdular.
Heç özü də az qadınpərəst
deyildi. 1971-ci ildə ilk dəfə Yekatrina
Qradova ilə evlənib - “Baharın on yeddi anı” filminin Keti.
(https://lent.az/xeber/heyat-hekayeti/meshur-aktyoru-seven-professor-qizi-sohretin-zirvesinden-keci-saxlamaga-enen-rabiteci-colorred-heyat-hekayeticolor-353812)
Bir qızları da dünyaya gəlir – Mariya Mironova, indi
aktrisadır.
Cəmi üç il sonra
ayrılırlar, Mironovun xəyanəti ucbatından.
İkinci arvadı aktrisa Larisa Qolubkina olub. 10 il
sevgili olandan sonra evləniblər, aktrisa ona ərə getməyə
razılığı belə gec verib.
Mironov
onun qızı, aktrisa Mariya Qolubkinanı öz adına
yazdırıb.
Evli olduğu halda da sevgililəri olub. İndiyə
qədər onun əsil sevgisinin Tatyana Yeqorova olduğu dillərdə
danışılır.
İllər sonra Tatyana “Andrey Mironov və mən”
adlı avtobioqrafik roman yazıb. Aktrisa yalnız sevgilərindən
deyil, teatr həyatı, həmkarlarının Mironovun parlaq
istedadını qəbul edə bilmədikləri barədə
çox həqiqətləri qələmə alıb.
İlk dəfə Mironovun səhhətində problem
özünün 1978-ci ildə büruzə verib, Daşkənddə
qastrol vaxtı.
Beyninə qan sızmışdı, həkimlər
meningitdən olduğunu deyiblər. İki aya müalicə
olunub teatra qayıdan aktyoru tamaşaçıları gül
yağışına tutmuşdular.
80-ci illər onun üçün ağır illər
oldu. Bütün bədəni ağırlaşıb
ağrıyırdı, beynində ağır əməliyyat
keçirməli oldu.
Xəstəlik onu nə filmdən, nə də səhnədən
ayıra bilməmişdi.
1987-ci il
avqustun 5-də Andrey Mironovun ən yaxın dostu
, aktyor Anatoliy Paponov mənzilində ölmüş vəziyyətdə
tapılır. Papanov hamam vannasında ürək
tutmasından ölmüşdü. Ondan əvvəl
aktyor onu kiminsə boğmağa cəhd etdiyini dəfələrlə
dilə gətiribmiş. Hətta buna
görə baxıcıya da gedib.
Andrey Mironov yaxın dostunun bu şikayətinə səhlənkar
yanaşmaqda günahlandırırdı özünü,
özünə bağışlaya bilmirdi.
Məzarının başında mən indi sənsiz necə
qalacam, necə oynayacam? - deyib: “Xahiş edirəm məni də
apar özünlə”.
Pərəstişkarları da bu xahişini aktyora
bağışlaya bilmirlər ki, özü
ölümünü xahişlə alıb.
1987-ci ilin yayında Mironov teatrla Riqaya qastrola getmişdi.
Avqustun 14-də səhər oteldə yaxşı səhər
yeməyi yeyir-kolbasa, pendir, üstündən kofe. Kökəlməkdən
çox qorxduğu üçün həmişə belə
yeməzdi. Sonra da gedib tennis oynayır.
Riqada hava çox isti imiş həmin gün.
Bu da azmış kimi, tərləməsi
üçün xüsusi kombinzonla düşüb parkda
qaçır.
Axşam tamaşada səhnənin ortasında huşunu
itirib yıxılır. Moskva teatrının bədii rəhbəri
dərhal onu səhnənin arxasına aparıb, süni nəfəs
verməyə başlayır. Özünə
gəlmədiyini görüb, səhnəyə
çıxır, tamaşaçılara biletlərini
qaytarıb getməyi xahiş edir.
Kiminsə təşviş içində özünə
gəlməsi üçün ona verdiyi nitroqliserin, vəziyyətə
əks effekt göstərib, arteriya damarı partlayıb. Tamaşaçılar
arasında həmin vaxt təsadüfən Riqada olan
tanınmış neyrocərrah Eduard Kandel də olur. Həkim onu ayıldıb, xəstəxanaya
götürür.
Həkimin həmkarları ilə məsləhətləşmə
uzun çəkir. Onların otaqdan çıxanda simalarında
ölüm ifadəsi olub. Diaqnoz qorxulu idi
- beyin damarlarının partlaması nəticəsində beyinə
qan sızması.
İki
gün sonra - 1987-ci il avqustun 16-da 46 yaşlı Andrey Mironov
dünyayla vidalaşır. Daha doğrusu, onu
zorla “yaşadan” aparatdan ayırmağa qərar verilir.
Həmin axşam Mironov yenə səhnəyə
çıxmalı idi. Tamaşaçılara biletləri
qaytarıb, pullarını geri almağı xahiş etdilər.
Lakin heç kim kassaya yaxınlaşıb
bileti qaytarmadı.
Aktyorun nəşini Riqadan Moskvaya gətirdikləri yol
boyu əhali küçələrə çıxıb,
ehtiramla onu müşayiət edirdilər. Onu gətirən
maşın güllərə qərq edilmişdi.
Avqustun
20-də onu dəfn etdilər, dəfndə həmkarlarından
heç kim iştirak etmirdi, rəhbərlik
qastrolu pozmağa heç kimə icazə verməmişdi...
Ramilə Qurbanlı
Unikal.- 2021.- 12
fevral.- S.19.