Qəhrəmanlıq dastanı yazanlardan biri...-

Şəhid Elxan Ramazanov

 

Azərbaycanımızın igid ərənlərindən ibarət olan şanlı ordusu dünyanın ən nüfuzlu təşkilatlarının 30 ilə yaxın bir müddətdə həll edə bilmədiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini 44 gündə döyüş meydanında həll etdi.

Bu azadlıq müharibəsi onu digər müharibələrdən fərqləndirən müsbət uğurlu cəhətləri ilə yadda qaldı. Vətən müharibəsi əsgərlərimizin igidliyi, qorxmazlığı, şücaəti, şəhadətə can atması, millətimizin eyni zamanda yumruq kimi birləşərək, hər vətənpərvər vətəndaşın orduya misli görünməmiş dəstək verməsi yaddaşlara köçdü. Qorxmaz, mərd, halallıqla böyüyən cəsur oğullarımızın bu fədakarlıqlarından, yaralı halda döyüşçü yoldaşlarını qanlı meydanlardan çıxarıb xilas edən, hətta düşmənə əsir düşməmək üçün əvvəlcə düşməni, sonra isə özünü öldürən, silah çatışmayanda azğınlarla əlbəyaxa olan, bıçaqla hücum edib zəfər çalan əsgərlərin igidliklərindən dünya hələ uzun müddət danışacaq, qibtə edəcəklər, örnək götürəcəklər...

Bəli, bu əsl müharibə idi, qanlı-qadalı müharibə... Şəhidlərimiz də oldu, qazilərimiz də... Sözsüz ki, bu böyük Qələbə sevincini bizə yaşadan belə qaziləri, şəhidləri, qəhrəmanları, ölməzliyə qovuşan belə igidləri təbliğ etmək, onları tanıtmaq hər birimizin müqəddəs borcudur...

Bu yazımda sizə bu Qarabağ savaşında tarixi iz qoymuş, gənc yaşlarında Vətənimizin bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olan Zaqatala rayonu Danaçı kəndindən həqiqi hərbi xidmətə çağırılmış Elxan Ramazan oğlu Ramazanovdan söhbət açacağam. Qəhrəmanımızın dünyaya göz açdığı Danaçı kəndi Zaqatala rayonunun ən böyük və avar xalqının nümayəndələrinin kompakt yaşadığı kəndidir. Kənd obalara bölünüb, hər obanın da öz adı var. Bu bağlı-bağatlı kənddən Birinci Qarabağ savaşında olduğu kimi, bu Vətən müharibəsində də onlarla mərd oğul erməni faşitslərinə, xainlərinə qarşı döyüşüb. Hətta 27 sentyabr 2020-ci il tarixində ermənilərin təxribatlarından sonra başlanan müharibədə Danaçı kəndinin düşmənlərə göz dağı olmuş gəncləri onları gəbərtməklə yanaşı, canlı qüvvəsini əsir götürüblər, zirehli texnikasını, çoxlu sayda silah-sursat ələ keçiriblər və onlarla erməni mövqelərini darmadağın ediblər.

Demək olar ki, müharibənin bütöv cəbhə xəttində avar döyüşçüləri şücaət göstəriblər. Müharibədə Danaçı kəndindən 2 nəfər şəhadətə qovuşub, 10 -dan yuxarı vətənpərvər isə ağır yaralanaraq qazi olub... Düşmən üzərində qələbədə onların zəhməti az olmayıb. Şəhidlik zirvəsinə ucalan, danaçılıların qürurla fəxr etdiyi Elxan Ramazan oğlu Ramazanov və Ruslan Mohuma oğlu Nəbiyev kəndin “Həsənoba” adlanan obasındandırlar. Hər iki şəhid igidimiz Danaçı kənd 1 saylı tam orta məktəbinin məzunudur. Rayonun ən qabaqcıl təhsil ocağının təcrübəli kollektivi məktəblilərə vətənpərvərlik ruhunun aşılanmasında böyük zəhmət sərf edirlər. Həmin məktəbin direktoru Əsəbəli Nəbiyevlə şəhid ailələrinə baş çəkməzdən əvvəl bildirdi ki, rəhbərlik etdiyi məktəbdə tez-tez Birinci və İkinci Qarabağ savaşları, ermənilərin törətdiyi vəhşiliklər, “Xocalı soyqırımı”, Azərbaycan torpaqlarının bədnam qonşular tərəfindən necə işğal olunması, onların təxribatları barədə tarixi faktlarla müzakirələr aparır, tədbirlər keçirirlər.

Direktor qeyd etdi ki, məktəbdə Vətən oğullarının qəhrəmanlıqları, şücaətləri, müharibədə iştirak edən kəndin gəncləri və şəhidləri barədə məktəbliləri məlumatlandıran güşələr yaradılıb. Məktəbin pedaqoji və məktəbli kollektivi şəhid ailələrini və onların qəbirlərini ziyarət edirlər. Əsəbəli müəllim bildirdi ki, Birinci Qarabağ savaşında məktəbin iki və bu Vətən müharibəsində də 2 məzunu şəhid olub.

Direktorun sözlərinə görə, İkinci Vətən müharibəsində Danaçı kəndindən olan ilk şəhid – Elxan Ramazan oğlu Ramazanov məktəbin fəxri, fəallığı ilə seçilən, nümunəvi, əlaçı şagirdi olub. Əsəbəli müəllim deyir ki, elimizin qəhrəman oğlu Elxan məktəbdə keçirilən bütün tədbirlərdə, fənn, idman yarışlarında xüsusilə seçilərdi və əvəzolunmaz gənc idi.

“Məktəbimizin pedaqoji kollektivi onun gələcəkdə savadlı, güclü mütəxəssis olacağına inanırdı... Lakin bizim istəkli, tərbiyəli, öncül şagirdimiz Elxan Ramazanov 9-cu sinfi əla qiymətlərlə bitirib, Azərbaycan Texniki Universitetinin Bakı Texniki Kollecinə qəbul oldu. Müharibə başlayanda artıq Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi Elxan. Sonra isə... Taleyinə, qismətinə bir baxın... Biz onun işıqlı gələcəyini görürdük... Amma Elxan başqa bir yol seçdi... Bu yol da zirvəyə gedir, ancaq bu yolda təkcə cəsurlar gedirlər, Elxan kimi...” deyir, Əsəbəli müəllim... Ani məqamda bu təcrübəli, ziyalı doluxsunur: “Heyf səndən, Elxan, ar olsun sənə qıyan namərd düşmənə, bu müharibədə sənin kimi neçə-neçə gələcəyimizin qurucusunu itirdik...” – deyə direktor, dodaqaltı pıçıldadı...

...Hər dəfə şəhid ailəsinə baş çəkəndə əbədiyyətə qovuşan say-seçmə igidlərimizin yaxınlarına, oğullarını vaxtsız itirmiş, qara libasını əynindən çıxarmayan, ümidləri kəsilməmiş analara, oğul itkisi ürəyində qaysaq tutmayan atalara, keçmiş xatirələri yaşadan qardaşlarıa, hələ də həsrətlə gözlərini yoldan çəkməyən bacılara, acı həqiqtələrə inanmayan əzizlərinə təsəlli verməyə söz tapmırıq. Hələ hər səhər şəhid məzarlarına al güllər düzən, ürəklərində sevgi və məhəbbət saxlayan o gözəlləri demirik...

Zaqatala rayonunun Danaçı kəndi, Həsənobada yaşamış şəhid Elxan Ramazan oğlu Ramazanovun ailəsi ilə elə məktəbin direktoru Əsəbəli Nəbiyevlə birlikdə görüşdük...

...Vətən fədaisinin atası ilə onun işi ilə əlaqədar görüşə bilməsək də, anası Nigar xanım və qardaşı Abdulla Elxanın keçdiyi qısa, lakin şərəfli ömür yolunu bizə xatırlatdılar, onun haqqında xatirələrini söylədilər... Öyrəndik ki, Elxan ailənin sonbeşiyi olub. Ramazanovlar ailəsinin böyük övladı olan 1993-cü il təvəllüdlü qız övladı artıq ailə həyatı qurub. Şəhid bacısının 2 övladı 9 1 qızı və 1 oğlu var. 1977-ci il təvəllüdlü Abdulla isə subaydır və Elxan həqiqi hərbi xidmətini başa vurduqdan sonra nişanlanmalı imiş...

Azərbaycanımızın düşmənlərdən azad edilməsi uğrunda gedən döyüşlərin birində canını fəda etmiş Elxan Ramazanov isə 25 yanvar 2000 -ci il tarixində dünyaya göz açıb. Sağ qalsaydı, 21 yaşını tamamlayacaqdə... Anası Nigar xanım deyir ki, çox sakit təbiətli, ürəyi yumşaq, dərslərə ciddi hazırlaşan, uşaqlıqdan təsərrüfat işlərində onlara kömək edən, məktəbdə əla qiymətlərlə oxuyan və hamının sevimlisi olan şəhid balası Texniki fənləri çox sevirdi. Arzusu Kompyuter Texnologiyası üzrə mütəxxəssis olmaq idi...

...Onun qəlbi qurub-yaratmaq eşqi ilə döyünürdü, arzuları çox-çox idi. Yaşıdları arasında sayılıb-seçilərdi. Hər bir işi məsləhətli görərdi. Kiminsə xətrinə dəyməzdi. Oğlum yaşadığımız Həsənobada yaşlı nəslin nümayəndələrinə daima kömək edərdi. O, 2016 –cı ildə aprel döyüşləri zamanı qardaşı Abdulladan nigaran qalmışdı. Tez-tez təkrarlayaraq deyərdi ki, “bu erməni dığalarının, daşnaklarının başları vaxtında əzilməlidir ki, sonralar yenidən başlarını yuvadan çıxarararlar, yenidən təxribatlar, faciələr törədərlər bu faşist xislətlilər, bədnamlar... ”Şükür Allaha ki, oğlum aprel döyüşlərində fədakarlıq göstərərək, neçə-neçə düşmənin başını əzərək, sağ-salamat hərbi borcunu yerinə yetirdi... 27 sentyabr 2020-ci il tarixdə başlanan daha böyük döyüş əməliyyatlarında da iştirak etdi, amma...” – dedi Danaçının fəxri Elxanın anası Nigar xanım... Və bildirdi ki, oğlu Bakı Texniki Kollecini bitidrikdən sonra (o, kolleci bitirməsi haqqında diplom almamışdı. E.M.), yəni 2019 –cu il iyul ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamışdı. Ailə üzvülərinin bildirdiyinə görə, Elxan hərbi xidmətinin il 3 ayını Müdafiə Nazirliyinin Goranboy rayonundakı “N” saylı hərbi hissəsində keçirib. Andiçmədən sonra Zaqatala torpağının mərd avar oğlu cəbhənin ön təmas xəttində düşmənlə üzbəüz mövqelərdə düşməndən torpaqlarımızı qoruyub və dəfələrlə ermənilərin təxribatının qarşısını alıb. Hərbi xidmətdə olduğu dövrdə 3 dəfə oğlu ilə görüşdüklərini söyləyən Nigar xanım bildirdi ki, Elxan Ramazanov “Ballı Qaya”dan sonra 3-4 ay Ağdam rayonunun ərazisində hərbi xidmətini davam etdirməklə yanaşı, hərbi təlimlərdə iştirak edib. Sonradan xəbər tutublar ki, müharibə başlayanda onun atıcı taboru Tərtər rayonunun Qapanlı kəndində olub.

Aprel döyüşlərinin fəal iştirakçısı Abdulla isə söylədi ki, atıcı minomyotçu olan qardaşı Elxan döyüşçü yoldaşları ilə birlikdə Cəbrayıl, Füzuli, Suqovuşanın azad olunmasında iştirak etdikdən sonra Ağdam və Ağdərə uğrunda gedən döyüşlərə qoşulublar. Eyni zamanda düşmənə sarsıdıcı zərbələr endirən döyüşçülərimiz, yəni Elxan Ramazanovun xidmət etdiyi tabor həmin ərazidə bir sıra uğurlu əməliyyatlar keçirib. Həmin vaxtlar, demək olar ki, cəbhənin bütün ərazisində qızğın döyüşlər gedirdi, hərbiçilərimiz ermənilərin həmlələri dəf etdikcə düşmən azğınlaşırdı...

Amma Şanlı Ordumuzun hər bir əsgəri, zabiti torpaqlarımızı azad etmək üçün xain qonşuları darmadağın edə-edə irəliləyirdi. Düzdü, bu döyüşlərdə Azərbaycanımızın cəsur oğullarından can verənlər, yaralananlar da az deyildi, ancaq digər döyüşçülərimiz ruhdan düşmür, düşmənə nifrət və qisas hissi ilə daha güclənirdilər... Günlərlə ac və susuz qalmalarına baxmayaraq döyüş meydanlarında şanlı Zəfər tariximizi yazdı Elxan kimi cəsur oğullarımız... Oktyabrın 4-də Ağdərə istiqamətində qızğın döyüşlər gedirdi, erməni faşistləri hərbiçilərimizin mövqelərini mərmi yağışına tutmuşdular, minomyotçularımız düşməni susdurmağa çalışırdılar... Elxangilin taboru kəşfiyyatçılarımızın müəyyənləşdirdiyi mövqelərə od ələyirdi. Həmin gün günorta saatlarında düşmən artilleriya qurğusundan atılan mərmiləri Elxanın lap yaxınlığına, yəni 10-15 metrliyinə düşərək partladı. Və Elxan həmin döyüşdə ağır yaralandı, başından, gözümdən, ayaqlarından ağır dərəcəli qəlpə yaraları aldı. Döyüşçü yoldaşları əvvəlcə Elxanı Ağcabədidəki hərbi hospitala yola salıblar...

Nigar xanım yenə də sakitcə, kədərlə həmin anları xatırlayır: “Oğlum azğınlarla müharibəyə başlayandan sonra Tərtərdə olanda 2 dəfə bizimlə telefonla danışmışdı: “Nigaran qalma Ana, ata, bacı, əzizlərim, tezliklə düşmən üzərində qələbə qazanıb, xoş müjdələr eşidəcəksiniz, Vətənimizin azadlığı uğrunda döyüşmək özü böyük şərəfdir...” demişdi. Lakin oktyabrın 12 –də...

Respublika Mərkəzi Hərbi Hospitalının həkimi zəng vuraraq bildirdi ki, oğlum Elxanın üzərində 2 dəfə cərrahiyyə əməliyyatı aparılıb və üçüncü əməliyyata hazırlaşırlar. Bizə məlum oldu ki, oğlum Ağcabədi rayonundakı hərbi hospitaldan vəziyyəti ağır olduğu üçün 1 həftə sonra Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitala köçürülüb. Oğlumun vəziyyəti çox ağır olduğundan, əməliyyatlar aparmaq üçün Türkiyədən xüsusi təcrübəli həkimlər dəvət olunub. Həkimlərin bildirdiyinə görə, Elxan 3-cü dəfə cərrahiyyə əməliyyatı olunmalı idi və buna hazırlıq gedirdi. Türkiyəli həkimlərin rəyinə görə, oğlumun cərahiyyə əməliyyatının təxirə salınması məsləhət görülür. Çünki Elxan çoxlu qan itirdiyindən fiziki cəhətdən xeyli zəifləmişdi... Onun yaşamasına ümidləri az idi...

Həkimlərin səylərinə baxmayaraq, Elxan Ramazan oğlu Ramazanov aldığı qəlpə yaralarından hospitalda dünyasını dəyişdi... Vətən yolunda şəhadətə qovuşdu 22 oktyabr 2020 –ci il tarixdə...

Qeyd edək ki, Elxanın atası Ramazan kişi, həyat yoldaşı Nigar ana Danaçı kəndində böyük hörmət sahibidirlər. Qardaşı Abdulla isə Rusiya Federasiyasında çalışırdı...

23 oktyabr 2020-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda döyüş meydanında ağır yaralanaraq, hospitallarda yaşamaq eşqi ilə mübarizə apararaq, cəmi 21 yaşında ömrünün bahar çağında əbədiyətə qovuşan Elxan Ramazanov elliklə, böyük hörmət və izzətlə torpağa tapşırıldı. Bütöv Azərbaycanımızın, doğulub boya-başa çatdığı Danaçı kəndinin fəxri, qəhrəmanı kimi... Ruhun şad olsun, el qəhrəmanı!

Prezidentin sərəncamı ilə Elxan Ramazan oğlu Ramazanov “Vətən uğrunda” medalı ilə təltif olunub...

...Bu gün təkcə mən yox, bütün Azərbaycan, Nigar ana, sənin oğlunun hünərindən danışır, igidliyindın yazırlar, sizlərin bitməz-tükənməz qəhrəmanlıqlarından. Çünki elə bir şücaət göstərmisiniz ki, qəhrəmanlıq dastanı yaratmısınız ki, onu yazmaqla, danışmaqla bitməz, bitməyəcək də.

Sizin igidliyinizə, şanınıza yaraşan sözlər də, bu Vətənin – Odlar yurdumuzun ər, qəhrəman oğulları da...

Danaçı kənd sakinləri, Daxili Qoşunların zabiti Xalid və Sərhəd Qoşunlarının zabiti Kamal Mustafayev qardaşları Danaçı kəndindən olan şəhidlər Elxan Ramazan oğlu Ramazanovun və Ruslan Mohuma oğlu Nəbiyevin əziz xatirəsinə Həsənobada öz hesablarına “Xatirə Bulağı” kompeksi inşa ediblər.

 

Elman MALIYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Unikal.- 2021.- 26 fevral.- S.18.