“Ən böyük xəyalım

oğlumu general görmək idi”-

Şəhid anası ilə SÖHBƏT

 

Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün. Yurdu yaşatmaq, torpaqlarımızı qorumaq üçün çox qəhrəmanlarımız can verdi. Bu qəhrəmanlarımızdan biri də şəhid Əli Nağıyevdir.

Arayış: Əli Nağıyev 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əli sadə və zəhmətkeş ailənin oğlu, utancaq və mədəni gənc idi. Bu sakit təbiətli Vətən övladı İkinci Qarabağ müharibəsi başlayan kimi bir an belə düşünmədən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 20-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli sərəncamına əsasən, əsgər Nağıyev Əli Mehman oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Modern.az-ın əməkdaşı şəhidimizin anası Lalə Nağıyeva ilə həmsöhbət olub.

- Lalə xanım, öncə oğlunuzun həyat yolu haqqında danışaq...

- Əli çox fağır, sakit, hamıyla mehriban olan oğlan idi. Dərslərini yaxşı oxumasa da, hər kəsin yanında hörməti, xətri vardı. Hamı sakitliyinə, xarakterinə görə ona qiymət verirdi. Müharibə zamanı cəbhəyə yollandıqdan sonra atası komandiri ilə danışanda onlar demişdilər ki, “biz bu günə kimi bu cür sakit, tərbiyəli uşaq görməmişik”. Əli hər zaman bizim başımızı uca edib.

Uşaqlıqdan vətən sevgisi ilə böyümüşdü. Bayrağımızı hər zaman yüksəklərdə görmək istəyirdi.

Müharibə başlamazdan öncə bizə dedi ki, hərbiyə gedib işləmək istəyir. Çox həvəsli idi. Məsləhətləşdik ki, pandemiya bitsin, hər şey normala dönsün sonra getsin. Bu qərarımızdan bir müddət keçmədi ki, çağırış gəldi. O qədər həvəsli idi, sevinclə yollandı cəbhəyə.

Füzuli və Xovavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdi. Xocavənd rayonunda şəhidlik zirvəsinə ucaldı.

- Cəbhəyə yollananda sizə sözü nə oldu?

- Demək olar ki, heç nə. Müharibə başlamazdan öncə zəng gəldi, Əlini təlimə çağırdılar. Tezdən saat 5-də qalxdı. Dedi ki, səhərə qədər yata bilməyib. Heç kimlə görüşmədi. O heç vaxt ayrılıqlara dözə bilmirdi, ağlayırdı. Qəlbi o qədər yumşaq idi ki... Kinoya baxırdı, bir də görürdün ki, gözündən yaş gəlir. Onun da qisməti belə gətirdi, müqəddəs zirvəyə ucaldı.

- Sonuncu dəfə kiminlə əlaqə saxlamışdı?

- 17 oktyabrda  qohumlarımızla, öz iş yoldaşları ilə danışıb. Hər şeyi hiss etmişdi sanki, hamı ilə danışıb, sağollaşıb. Sanki vəhy gəlmişdi ona.  Mənimlə də sonuncu dəfə 17 oktyabırda danışdı. Hər dəfə danışanda deyirdi ki, “ana, narahat olma, hər şey yaxşıdır. Çox yerləri azad etmişik, bu yaxınlarda xəbər gələcək”. Mən heç vaxt düşünməzdim ki, oğlum şəhid olar.....

- Şəhidlik xəbəri nə zaman verildi sizə?

- Oğlum şəhid olan zaman bizim toy günümüz, 30 illiyimiz idi. Səhər duranda gördüm ki, evimizin üzərində 200-dən çox qarğa uçur. Atasını çağırdım, dedim ki, ilk dəfədir bu qədər qarğa görürəm, bu nədir belə? Heç nə deyə bilmədi, susdu. O da çox təəccübləndi. Düşünməzdim ki, bu hadisə pis xəbərin işarəsidir...

Ayın 21-i oğlumu yuxuda gördüm, yanımda dayanmışdı, dedim ki, “Əli, paltarlarını çıxart yuyum, murdar erməni gülləsindən təmizləyim”. O heç nə eləmədi, sadəcə dayanıb baxırdı. Yuxudan durduqdan sonra çox rahat idim, heç vaxt içimdə o cür sakitlik olmamışdı.

Bu sakitliyimdən sonra ayın 22-si oğlumun şəhidlik xəbəri gəldi. Əli ayın 20-si şəhid olub. Lakin bizə heç kim məlumat verə bilməyib. Bizə xəbər verildikdən 2 saat sonra nəşi gətirildi. İcazə vermədim mən oğlumu görmədən aparsınlar. Düşündüm ki, bəlkə mənim oğlum deyil, Əlinin şəhid olacağına inanmırdım. Baxdım Əli idi, sanki mənim üçün həyat bir anlıq dayandı....

Əli dəfn olunan zaman azan verildi, biraz da narın yağış yağdı. O qədər qəribə idi ki, hər şey. Allah bizə çox böyük səbr verdi...

- Oğlunuzu gələcəkdə necə görmək istəyirdiniz?

- Ən böyük xəyalım oğlumu general görmək idi. Hər zaman deyirdim ki, Əli, səni general görmək istəyirəm. Amma qismət olmadı, Allahın yanında yüksəkliyə qalxdı, şəhid oldu.

Mən bunu arzu edən zaman Əli Nağıyev adlı general yox idi. Lakin Sonra DTX-nın rəisi Əli Nağıyevə general rütbəsi verildi. Şəhid anası olaraq arzu edirəm ki, Əli Nağıyev bir şəhid ailəsini sevindirsin, özü ilə eyni adı, soyadı daşıyan şəhid ailəsinin evinə baş çəksin.

- Torpaqlarımız azad olunan zaman nə hisslər yaşadınız...

- Mən heç bir hiss keçirə bilmədim. Sadəcə, oturub ağlayırdım. Bilmirdim sevinim, yoxsa nə edim... Bizim heç vaxt ağlımıza gəlməzdi ki, oğlumuz şəhid olar...

Düşünürdüm ki, qələbə qazanacağıq, parad keçiriləcək, Əli də həmin paradda medallarla addımlayacaq. Lakin onun tabutu bayrağa bükülüb cənnətə yola salındı...

- Oğlunuzun azad etdiyi torpaqlara getmək istəyərsinizmi?

- Əlbəttə, kim istəməz ki, 30 ildən sonra azadlığına qovuşmuş torpaqlara ayaq bassın. Oğlumun şəhid olduğu yerə getmək istəyərəm...

Bir istəyim də var ki, Əli şəhid olduqdan sonra onun üzərində olan əşyalar bizə təhvil verilsin. Hərbi biletdən başqa heç bir əşyası bizə verilməyib. Çox yerlərə müraciət etmişik,  lakin xəbər yoxdur. Mən inanmıram ki, oğlumun üzərində heç bir əşya olmasın.

- Əlinin ən böyük arzusu nə idi?

- Arzularından biri evlənmək idi. Cəbhəyə yollanan zamanda dedi ki, “ana, gedi,m sağ-salamat qayıdım, evlənəcəm”. Onun toyunu görmək mənim də ən böyük arzum idi. Bilmirəm ki, sevdiyi bir qız vardə ya yox. Əvvəl bir dəfə elçiliyə getdik, lakin alınmadı. Allah bilib qismət etməyib.

Əli qohumları, dostları yanında hər zaman sevilən, hörmət qoyulan oğlan olub. Heç vaxt kiminsə xətrinə dəyməzdi, o qədər sevilirdi ki, təsəvvür edə bilməzsiniz... Bizim tanımadığımız insanlar onun yanına gəlirdi, özündən böyük insanlar... hamı onu o qədər çox istəyirdi ki... İndi də Əli üçün ağlayırlar. Kiməsə nə isə olan kimi hamıdan əvvəl Əli gedirdi, dəstək olurdu. O mənim sağ əlim idi, onunla nəfəs alırdım...

- Son olaraq şəhid ailələrinə nə demək istəyərsiniz?

- Bilirsiniz, övlad şirindi, vətən də şirindi, ikisinin arasında ayrı-seçkilik etmək olmur. Bu dərd gəlibsə, dözməliyik. Onlar vətən uğrunda şəhid oldular. Məkanları cənnət olsun. Allah hər bir şəhid ailəsinə səbr versin, qazilərimizə kömək olsun.

Şəhidin atası Mehman Nağıyev oğlunun xüsuysiyyətlərindən, ona olan arzularından danışıb.

- Əli mənim həm oğlum, həm də dostum idi. O, hər zaman özünə qapalı, təkliyi sevən uşaq olub. Oğlum o qədər sakit uşaq idi, onun kimi birini heç vaxt görə bilməzsiniz. Əli subay köçdü dünyadan. Düşünürdüm ki, evləndirərik, toyunu görərəm, lakin qismət olmadı.

Onun şəhidlik xəbərini eşitdiyim gündən sanki həyat dayanıb mənim üçün.

 

Mehri Qurban

 

Unikal.- 2021.- 2 iyul.- S.19.