Bakıya gizli səfər, illərdir qorunan əmanət:

Rəsulzadənin qeyb olan qızının ürəkdağlayan həyat hekayəti

 

Gecə Cəmşidin evinin qapısını naməlum bir adam döyür. O, kiçik bir məktubu Cəmşidə uzadıb, elə gəldiyi kimi də yox olur. Hə, hər şey məlum idi. Əmanət yiyəsi əmanətini tələb edirdi. Bəlkə də xahiş edirdi. Amma nə fərqi var; hər iki halda əmanət yiyəsinə çatmalı idi. Çünki o, kişi sözü vermişdi. Və təxminən bir aydan sonra Cəmşid əmanəti Məhəmməd Əminə çatdırır, özü də Ankarada. Həmin əmanət isə “Əsrimizin Səyavuşu” kitabının əlyazması idi. Məhəmməd Əminin “bir kəndli” adlandırdığı şəxs isə qaçaq Cəmşid.

1943- il... Bakıdan eyni istiqamətə bir gənc qadın üz tutur. Onu heç kim tanımamalı idi. Tamamilə üzünü örtən, onu tanınmaz edən bir geyimdə çıxmışdı yola. Amma izlənilirdi. Hiss edirdi özü . Bəs, hara gedirdi o? Bu qədər təhlükəli yola niyə çıxmışdı? Ümumiyyətlə bu gənc qadın kim idi?

27 yaşlı Xalidəydi, Xalidə Rəsulzadə. Məmməd Əmin Rəsulzadənin qızı Xalidə. Qazaxıstanın Taldı Kurqan şəhərindən Aktauya düz 3500 km məsafə qət etmişdi. Oradan isə Bakıya gəlmişdi gəmiylə. Həm tamamilə gizli.

Tarixçi-alim Zaur Əliyev danışır:

Uzun zaman idi ki, Məmməd Əmin Rəsulzadənin ailə üzvləri barədə müxtəlif yazıları izləyirəm. Mənə maraqlı olan Bakıya Qazaxıstandan gizli yolla gələn qızı Xalidə Rəsulzadənin taleyi idi. Bir dəfə Rəis bəy Rəsulzadəyə zəng elədim. O, da bu barədə məlumatsız olduğunu dedi. Mən bu işin dalınca düşüb Qazaxıstandan başlayan Neftçalada izi itən bir səfəri araşdırmağa başladım”.

Tarixçi-alim Zaur Əliyev

1916-cı ildə Məhəmməd Əmin Rəsulzadənin ailəsində doğulub Xalidə xanım. Rəsulzadə ailəsinə olan repressiyaya məruz Xalidə Qazaxıstanın Taldı Kurqan vilayətində sürgün həyatı yaşamağa başlayır. 1940-cı ildə anası Ümbulbanu xanımın vəfatından sonra ailənin kiçik övladları Azərlə Xalidə tək qalırlar.

Ardını da elə Zaur bəyin özü danışsın:

Artıq ailə darmadağın olur. Xalidə xanım sürgündə nənəsi Maral xanımı, anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn edir”.

Bundan sonra Xalidə xanım Qazaxıstandan baş götürüb Bakıya qaçmağı planlaşdırır. O, 1943-cü ildə Taldı Kurqandan Qazaxıstanın Xəzər sahillərinə  gəlib çıxır. Bakıya səfər edən gəmiyə bilet əldə edir. Qulluqçular olan otaqda qalan Xalidə Bakıya çatan kimi İçəri Şəhərə, qohumu Seyid Hüseynin evinə gedir. Qeyd edim ki, Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı Ümgülsüm Sadıqzadə ilə ailəli olan 1938-ci ildə güllələnən Seyid Hüseynin evində gizli yaşayır”.

İlkin ehtimala görə, Şamaxıya getmək planı olur Xalidə xanımın.  Bəs niyə Şamaxıya? Əslində Şamaxıya da yox, Lahıca. Şamaxıdan atasının da keçdiyi dağ yollarıyla Lahıca qohumlarını tapmaq istəyirmiş. Çünki Lahıcda Müsavatın çox güclü dayağı olub. Lahıclı Rəsul Rəhimoğlu Rəsulzadənin yaxın dostu idi. Bir Rəsulzadənin qızı Lətifə Lahıcda ərdə olmuşdu. Onun əri Daməd Hacımüslümoğlu məhz bu kənddən idi. Orada xeyli qohumu vardı. ən əsası bir versiyaya görə, Lahıcda Rəsulzadəyə məxsus xeyli sənəd əşyalar, necə deyərlər əmanət vardı.

, Xalidə onun dalınca düşən iki xüsusi xidmət orqanı işçisini görüb fikrini dəyişir. Bileti indiki Neftçala istiqamətinə alır.

Qatarda saxlayırlar onu düşürürlər. Bir neçə saat milis idarəsində qalan Xalidənin taleyini həll etmək üçün Bakıya, ordan da Moskvaya zənglər edilir. Qərar belə olur. Onu gizlətmək”.

Belə bir ehtimal var ki, Xalidə Rəsulzadənin Neftçalada adalardan birində yerləşdirirlər. Bəs, onun sonrakı taleyi necə olur? , bax, bunu hələ bilən yoxdur.

“Ad və soyadını dəyişdirən Xalidə Rəsulzadə barədə bundan sonra heç bir məlumat yoxdur. Neftaçalaya gedib bunu araşdıran zaman bir neçə ağsaqqala görüşdüm. Onlar da deyirdilər ki, o zaman Neftçalada belə şayiə gəzirdi ki, “bəyin bacısını gətiriblər”. Bu, sadəcə bir deyimdir. Yəqin ki, bəyin qızını nəzərdə tutublar. Düzü arxivlərdə Xalidə Rəsulzadənin orada hansı adla soyadla saxlanması barədə heç bir məlumat tapa bilməmişəm...Amma mütləq bir gün o sənəd üzə çıxacaq...”

Digər bir ehtimal da var. Deyilənlərə görə, elə ki, Xalidə xanım Neftçalaya çatır onu tutub aparırlar. Güman olunur ki, elə rayonun köhnə qəbiristanlığında da güllələnir həmin o gənc qadın...

Bir sözlə, əsil müəmma...

 

Lamiyə Məmmədova

 

Unikal.- 2021.- 4 iyun.- S.18.