Şuşada Müdafiə
Nazirliyinin
təşkilatçılığı
ilə kitab təqdimatı keçirilib
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən Azərbaycanın
mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində
Müdafiə Nazirliyinin təşkilatçılığı
ilə kitab təqdimatı keçirilib.
Məhşur
“Gəncə qapısı” tarixi memarlıq abidəsinin
qarşısına toplaşan 44 günlük Vətən
müharibəsinin iştirakçıları və ölkəmizin
mirvarisi olan gözəl Şuşamızın müdafiəsində
bu gün də mərdliklə dayanan Azərbaycan Ordusunun hərbi
qulluqçuları əvvəlcə xalqımızın
ümummilli lideri ulu öndər Heydər Əliyevin, Birinci və
İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini
hörmət və ehtiramla yad ediblər.
Hərbi
hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat
üzrə müavini polkovnik Elşad Əbilov bu gün
Şuşada kitab təqdimatı keçirilməsinin
heç də təsadüfi olmadığını qeyd edərək
bildirib ki, Şuşada tarixən elmə, təhsilə, ədəbiyyat
və incəsənətə böyük maraq olub. Vaxtilə
burada zəngin muzeylər, kitabxanalar fəaliyyət göstərib.
“Məclisi - üns”, “Məclisi - fəramuşan” poeziya məclislərində
onlarla şairlər formalaşıb, püxtələşib,
inkişaf edib. Yurdumuzun bu füsunkar guşəsi Azərbaycanın
mədəniyyət xəzinəsinə görkəmli rəssam,
şair, alim Mir Möhsün Nəvvab, şairə və rəssam
Xurşudbanu Natəvan, ədəbiyyatımızda tarixi dram
janrının banisi Əbdürrəhim bəy Haqverdiyev, milli
dramaturgiyamızda faciənin əsasını qoyan Nəcəf
bəy Vəzirov, ilk ədəbiyyat tarixçisi,
maarifçi, Qori və Qazax seminariyalarının müdiri
Firudin bəy Köçərli, satirik şeirmizin təməlini
qoyanlardan biri Qasım bəy Zakir, Şərqdə ilk
operanın banisi, böyük dramaturq, musiqili komediya
janrının yaradıcısı, qüdrətli publisist
Üzeyir Həcıbəyli, ilk tarixi romanlar müəllifi
Yusif Vəzir Çəmənzəminli, Azərbaycan dövlətçiliyinin
ilk nəhəng ideoloqlarından biri, yazıçı –
publisist, alim, erməni terrorizminə qarşı ilk türk
“Difai” milli təşkilatının yaradıcısı
Əhməd bəy Ağayev və neçə-neçə
böyük sənətkarlar bəxş edib.
Nəzərə
çatdırılıb ki, Şuşa və
şuşalılar zaman-zaman yadellilərin hücumlarına məruz
qalsalar da tarixin sərt sınaqlarından uğurla
çıxıb, bu müqəddəs torpağı
canları, qanları bahasına mərdliklə qoruyublar.
2020-ci
ildə Ermanistanın təxribatlarına cavab olaraq dövlətimizin
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı
ilə başladığımız Vətən müharibəsi
məhz Şuşanın işğaldan azad edilməsi ilə
Zəfərlə başa çatıb.
Əməkdar
incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü
polkovnik Abdulla Qurbani tədbir
iştirakçılarını salamlayaraq məlumat verib ki,
müəllifi olduğu “Vətən müharibəsi şəhidləri”
nəşri yeddi kitabdan ibarət olacaq və bu kitablarda Vətən
müharibəsində şəhadətləri ilə tarix
yazan, adları tarixə yazılan üç minə yaxın
şəhidimizin həyatı, Vətənə sədaqətli
xidmətləri və şanlı döyüş yolu barədə
ətraflı məlumatlar veriləcək.
Birinci
kitab Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif
olunan hərbi qulluçularla görüşdə
çıxış edərkən dediyi bu fikirlərlə
başlanır: “Allah bütün şəhidlərimizə rəhmət
eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin
yaxınları üçün təsəlli odur ki, onlar
öz canlarını Vətən uğrunda qurban verdilər.
Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi
bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli
odur ki, şəhidlərimizin intiqamını biz
döyüş meydanında aldıq. Şəhidlərimizin
qanı yerdə qalmadı...”
Təqdim
olunan 800 səhifəlik ilk kitabda Azərbaycan Ordusunun şəhid
zabit və gizirlərinin əbədiyaşar ömürlərinə
çıraq tutulur. Bütün cəbhələrdə, eləcə
də Şuşa istiqamətində, Şuşa şəhərində
son gülləyə, son nəfəsədək vuruşan qəhrəman
şəhid döyüşçülərimiz ehtiramla
xatırlanır. Nə qədər müstəqil Azərbaycan
dövləti var, nə qədər qədirbilən
xalqımız var onlar heç vaxt unudulmayacaq, xatirələri
əziz tutulacaq, adları əbədiləşdiriləcək,
bu kimi nəşrlərdə, ürəklərdə
yaşayacaqlar.
Kitabın
ilk nüsxələri Şuşaya qədər şərəfli
döyüş yolu keçmiş və xidmətləri Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin sərəncamları
ilə yüksək qiymətləndirilmiş, orden-medallara
layiq görülmüş hərbi qulluqçular Tural Qocayev,
Elçin Hüseynov, Cavid Mustafayev, Yusif Əlizadə,
Şamxal Novruzlu, Nizam Aydəmirova və hərbi hissənin
kitabxanasına hədiyyə edilib.
Aprel
döyüşlərinin, o cümlədən Vətən
müharibəsinin qəhrəman
iştirakçılarından olan reaktiv – artilleriya batareyasının
komandiri Elçin Hüseynov, müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçusu şəhid Nizami Aydəmirovla
birgə döyüşlərdə fəal iştirak edən
qardaşı əsgər Nizam Aydəmirov
çıxış edərək şəhidlərin
intiqamını artıqlaması ilə aldıqlarını və bu
gün də Müzəffər Ali Baş Komandanın əmri
ilə istənilən döyüş
tapşırığını yerinə yetirməyə
hazır və qadir olduqlarını vurğulayıblar.
Müəllif
və tədbir iştirakçıları yüksək
poliqrafiya keyfiyyətinə malik “Vətən müharibəsi
şəhidləri” silsiləsindən birinci kitabın nəşrə
hazırlanmasında və işıq üzü görməsində
göstərdiyi xeyirxah köməyə görə Müdafiə
Nazirliyinin və Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rəhbərliyinə, eləcə də
“Apostrof-A” nəşriyyatınnın kollektivinə minnətdarlıq
ediblər.
Məlumat
üçün bildiririk ki, nəşr olunan birinci kitab 26
İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri
Gününədək şəhid ailələrinə,
respublikanın mərkəzi muzey və kitabxanalarına hədiyyə
ediləcək.
Unikal.- 2021.- 4 iyun.- S.19.