"Mən heç vaxt partiyaçı
olmamışam" - Fərhad Xəlilov
Azərbaycan Rəssamlar
İttifaqında ittifaqın sədri Fərhad Xəlilovla
görüşməliyik. Binanın küçəyə
açılan pəncərəsinə gözümü zilləyib,
Fərhad müəllimin haçan ordan keçəcəyini
gözləyirəm. Baxmayaraq ki, bu günə qədər onu
ancaq şəkillərdə görmüşəm, amma
içimdə bir hiss var ki, yalnız şəkillərdə
gördüyüm bir adamı uzaq məsafədən belə
tanıyacam. Hisslərim məni aldatmır. Pəncərədən
gördüyüm onlarla insanın içərisində
saç düzümünə və fərqli geyim tərzinə
malik bir adam görürəm və görən kimi
tanıyıram: Fərhad Xəlilovdur. Salamlaşıb
otağına keçir, bir neçə dəqiqədən
sonra bizi dəvət edir, müsahibə başlayır...
Bütün
görüşlərin ənənəsi kimi, öncə əhvalını
soruşuram. “Sizcə, Şuşanı görüb gələn
adam necə olar? Çox yaxşıyam” cavabını verir.
- O zaman söhbətimizə elə Şuşa səfərinizdən, səfər təəssüratlarınızdan başlayaq.
- Şuşa ecazkar bir yerdir. Mən deyərdim
ki, neçə il keçirsə
keçsin, bu şəhərin ruhu dəyişmir. O ruh da
Şuşanın təbiəti, tarixi, yetişdirdiyi şəxsiyyətlərin
ruhudur. Cıdır düzündə olmaq, yenidən
o torpaqlara ayaq basmaq, bunları sözlə ifadə etmək
mümkün deyil.
- Bəs fırça ilə necə?
- (gülür) Hazırda Qarabağla bağlı əsər
işləyirəm.
- Pandemiya Rəssamlar
İttifaqının fəaliyyətinə necə təsir
göstərdi?
- Əlbəttə, mənfi təsir göstərdi. Hazırda
görüşlər keçirə, sərgi təşkil edə
bilmirik. Bunlar yalnız online
mümkündür ki, onunla da istədiyimiz effekti hələ
ki, ala bilmirik. Ümumiyyətlə, online həyat
yeni bir mədəniyyətdir. Buna öyrəşmək
vaxt tələb edir. Bizim nəsil
üçün bu, daha çətindir. Şəxsən
mən online adamı deyiləm.
- Rəssamlar İttifaqı Sovet
dövründə rəssamları evlə, emalatxana ilə təmin
edə bilirdi, indi də edə bilirmi?
- Sovet
dövründə çox şey var idi, həm də
çox şey yox idi. Mən heç vaxt partiyaçı
olmamışam, çünki sənət adamı
üçün azadlıq çox önəmlidir. Ancaq o dövrün də müsbət tərəfləri
var idi. Məsələn, Sovet
dövründə mən yaradılan imkanlardan istifadə edib
emalatxana tikdim, evlər payladım. Lakin
indi dövr başqadır. Biz dünya ilə
ayaqlaşmaq istəyiriksə, kommunizmin qanunları ilə yox,
bugünkü dünyanın qanunlarına əsasən
davranmalıyıq. Götürək elə
Fransanı. Fransada rəssamlara dövlət
tərəfindən nə qayğı var? Uzağı, dövlət müsabiqə yolu ilə
seçilən rəssamlara təqaüd verir. Cəmi
bir il müddətində təqaüd və
emalatxana, vəssalam. Ancaq bizdə rəssamlar
üçün ilbəil 70 təqaüd yeri ayrılır.
Üstəlik ayrı-ayrı rəssamlara evlər
də verilir. Bir sözlə, bu gün bizdə
rəssamlara olan dəstək orda yoxdur. Orda
rəssam ilk növbədə özünü təsdiq etməlidir.
Ancaq özünü təsdiq edənə qədər
oturub dövlətdən kömək gözləmir,
özü öz güzəranını təmir edir. Kimi fəhlə işləyir, kimi müəllim.
Mən həmin adamları şəxsən
tanıyıram. Nyu-Yorkda Corc Siql adlı
bir heykəltəraş vardı, onun emalatxanası hində
idi. Çünki o heykəltəraşlıqdan
pul qazanana qədər toyuq saxlayaraq dolanırdı. Ta
dünya onu heykəltəraş kimi qəbul edənə qədər.
Bu gün dünya şöhrətli heykəltəraşdır
və həmin hini muzeyə çevirib. Tarixdə
də belə nümunələr çoxdur. Dövlət Van Qoqa emalatxana verməmişdi. Ancaq Van Qoq elə Van Qoq idi. İşini
sevən rəssam nə olursa olsun, yenə çəkəcək.
- Deyirsiniz ki, indi dolana bilməyən
hər rəssam toyuq saxlasın?
- Mən
demirəm ki, heç kimə kömək edilməsin, imkan
varsa, edilsin, lap gözəl. Ancaq oturub hər
şeyi dövlətdən gözləmək düzgün
deyil. Bu gün Rəssamlar
İttifaqının 2000 üzvü var. Mən 2000
emalatxananı hardan verə bilərəm? Yaxşı
haldır ki, bu gün bunu başa düşən gənc rəssamlar
var. Mən bu yaxınlarda iki gənc rəssamın
emalatxanasında oldum, çox təəccübləndim.
Gənclər öz emalatxanalarında çox
gözəl şərait qurublar. Deməli,
onlar rəsmlərindən qazanır ki, bu emalatxananı saxlaya
bilirlər. Dünya bu cür
yaşayır. Artıq Stalinin qanunları
ilə yox, yeni dünyanın qanunları ilə
yaşamağı öyrənmək lazımdır. Niyə Stalin deyirəm? Deməli,
1944-cü ildə Stalin bütün yaradıcı
ittifaqları vergilərdən azad eləmişdi. O dəstək
yaradıcı adamlara ona görə verilirdi ki, sistemin
ideologiyasının yaşadılmasına xidmət etsinlər.
Verilən imtiyazların əvəzində də
yaradıcı adam azadlığını
verməli olurdu. Bu günün rəssamı isə
belə yaşaya bilməz.
- Yeni nəsil rəssamlardan söz
düşmüşkən, gənc rəssamlarla aranız necədir?
Bu gün rəssamlıqda yeni tendensiyalar
yaranır və həmin yeniliklərdən bəhrələnən
gənc rəssamlar bəzən konservativliyi qəbul etmir.
Bu Sizi qıcıqlandırmır ki?
- Xeyr,
qıcıqlandırmır. Əgər istedad
varsa və bu fərqlilik istedada dayanırsa, bundan
qıcıqlanmaq yox, əksinə, dəstək olmaq
lazımdır. Elə gənc rəssam var
ki, bir ovuc rəngi divara vurub deyir ki, bu əsərdir və o,
həqiqətən də düz deyir, onun çəkdiyi əsər
olur. Eləsi də var ki, bunu kimdəsə
görür, edir və ortalıqda heç bir istedaddan
söhbət belə getmir. Bax, bunu
düzgün hesab etmirəm. Mən belə
adamlara hoqqabaz deyirəm. Hoqqabaz adam
da rəssam ola bilməz.
- Sizcə, bu gün Azərbaycan rəssamları
niyə dünyaya çıxa bilmir?
- Elə
bilirsiniz, Azərbaycan rəssamı bir dəfə
özünü göstərməklə onu dünya
tanıyacaq? Bu, çox çətin və uzun
müddət tələb edən bir işdir. Baxın, Avropanın öz sənət mafiyası
var, o mafiyanı yarıb keçmək sizə asan gəlməsin.
Bunun üçün düzgün siyasət
lazımdır. Sizə bir nümunə
deyim. Mən dünyaca məşhur rəssam
İlya Kobokovla dostam. Həmin İlya
Kobokov ötən əsrin altmışıncı illərindən
tanınır. Təxminən altı il
öncə onun bir sərgisində iştirak edirdim. Kobokov
yanımdakıları mənə göstərib dedi ki,
yorulmuşam bütün günü bu kuratorlarla oturub
durmaqdan. Ancaq onlardan uzaqlaşa da bilmirəm.
Çünki uzaqlaşsam, bilirəm ki, məni
məhv edərlər. Bəli,
gördüyünüz kimi Kobokov kimi istedadlı bir rəssam
da o siyasətlə hərəkət etməyə məcburdur.
Müstəqil Azərbaycanın cəmi 30
yaşı var. Bu işlər üçün zaman
lazımdır.
- Səhər sizə müsahibənin
vaxtını dəqiqləşdirmək üçün zəng
vurmaq istəyəndə birinci düşündüm ki, mən
rəssam Fərhad Xəlilova zəng edirəm, bəlkə hələ
oyanmayıb, çünki biz bilirik ki, rəssamların gecəsi,
gündüzü olmur. Bir tərəfdən də
düşündüm ki, Rəssamlar İttifaqının sədri
Fərhad Xəlilov yəqin bu vaxt işdə olar. Azad ruha malik yaradıcı bir adamın qalstuk
taxması çətin deyil?
- Sizin
verdiyiniz bu sualı mən 30 il qabaq sədr
seçiləndə özümə vermişəm. Mən hər ikisini bacara biləcəyəmmi?
Bəli, bu gün mən bunu bacarıram. Bəlkə rəssam kimi yanaşsam, hə, siz deyən
kimi, mənə saat onda zəng vurub danışa bilməzdiniz,
ancaq mən bu gün gördüyüm işin məsuliyyətini
bilirəm və ona görə davranıram. Ümumiyyətlə isə hər ikisi ilə də
məşğul olmaq mənə çətin deyil. Əgər mən bu gün səlahiyyətlərim
daxilində bir adama kömək edə bilirəmsə, bunun
özü də mənim üçün xoşbəxtlikdir.
Yaxşılıq özü də bir əsərdir.
- 1987-ci ildən bəri sədrsiniz. Yorulmamısınız?
- Yorulana
oxşayıram? Xeyr, yorulmamışam.
- Bəs, ittifaqın işləri
yaradıcılığınıza mane olmur ki?
-
Bilirsiniz, mən qırx yaşına qədər bir gün əlimə
fırça almasam, dözə bilməzdim. Bu
gün isə elə deyil. Bir sözlə, nə vaxt ki,
fırça bütün gün işləməli idi, mən
həmin dövrü doya-doya yaşamışam... Bu gün bir ilə görməli olduğum işi
bir günə görə bilirəm. Ona
görə də işləri çatdırmaq mənim
üçün çətin olmur.
- Sizin bir çox mövzuda əsərləriniz
olsa da, Fərhad Xəlilov deyəndə ilk ağıla
Abşeron gəlir.
-
Abşeronda yaşamışıq da. Abşeron
bizim canımızdadır. Mən hətta
rəsmlərimi də həmişə kənddə çəkirəm.
Demək olar ki, şəhərdə heç
işləmirəm. Düzdür, bundan
sonra ara-sıra şəhərdə də işləməyi
düşünürəm. İndiyə qədər
mənim şəhərdəki emalatxanamda məcburi
köçkünlər yaşayırdı, indi onlar gediblər
və indi oranı yenidən emalatxana kimi istifadə etməyi
düşünürəm.
- Deməli, emalatxananızı məcburi
köçkünlərə vermişdiniz.
- Etdiyim
xüsusi bir qəhrəmanlıq deyil. Böyütməyin.
- Çox vaxt sadəliyə
qaçırsınız nədənsə. Elə
yaradıcılığınızda da. Məsələn,
mən Sizin yaradıcılığınızda rokoko, barokko
gördüyümü xatırlamıram.
- Zəhləm
gedir rokokodan da barokkodan da. Heç vaxt sevməmişəm
onları. Mən həmişə sadəlikdən yana olmuşam. Məni başa
düşmək istəyən insan başa düşəcək.
Ümumiyyətlə, düşünürəm
ki, rəssam kiminsə xoşuna gəlmək üçün
çəkirsə, o, artıq rəssam deyil.
Unikal.- 2021.- 11
iyun.- S.20.