Üzeyir bəyin tələbəsinin
ürək dağlayan sonu
Dostlarını evindən qovdu,
oğlu köhnə vaqonda səfil həyatı yaşadı
“Unikal” Kulis.az-a istinadən əməkdar artist Fatma Mehrəliyeva haqqında maraqlı faktları təqdim edir.
Fatma Yusif qızı Mehrəliyeva 1926-cı ildə Quba rayonunda anadan olub. Fatma xanım uşaqlıqdan çox çətinliklər görüb. 3-4 yaşlarında olarkən anası vəfat edib. Onu bir müddət Quba rayonunun İspik kəndində yaşayan xalası Əsməgül himayə edib. Xalasını yaddan çıxarmayan sənətkar gənclik illərində tez-tez onu yad edər, İspik kəndinə qonaq gələrmiş.
***
Hələ kiçik yaşlarından
öz səsi ilə qohum-qonşunun, müəllimlərinin sevgisini
qazanan Fatma Qubada orta məktəbdə
tədris olunan nəğmə dərslərində
xüsusi fəallıq
göstərərmiş. Müəllimləri
onun bu məharətini
dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında
iştirak etmək üçün Bakıya
göndərir. Festivalda
"Qubanın ağ alması" xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası
dahi Üzeyir Hacıbəyovun diqqətini
cəlb edir.
Üzeyir
bəylə tanışlığı
Fatma Mehrəliyevanın
həyatında böyük
rol oynayır. Üzeyir bəy ona əsil ata
qayğısı göstərir.
Fatmanı məktəbdə
oxudur, ona musiqi təhsili almaq üçün şərait yaradır. Beləcə, Üzeyir bəyin xeyir-duası Mehrəliyeva üçün
uzun həyat yolunda yaşıl işığa çevrilir.
***
Mehrəliyeva xanəndəlik fəaliyyətinə
1940-cı ildən Azərbaycan
Dövlət Filarmoniyasının
nəzdində "Sazçı
qızlar" ansamblında
başlayır. Geniş
konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar
edən Fatma Mehrəliyevanın sorağı
bütün Azərbaycana
yayılır.
***
1941-1945-ci
illərdə Böyük
Vətən Müharibəsi
də Fatma xanımın həyatına
təsirsiz ötüşmür.
O, tez-tez cəbhədə
hərbçilərin qarşısında
çıxış edir.
Fatma xanımın cəbhə repertuarında
Ü. Hacıbəylinin vətənpərvərlik
nəğmələri geniş
yer tutur. Bəstəkarın Səməd
Vurğunun sözlərinə
bəstələdiyi "Şəfqət
bacısı" mahnısının
ilk ifaçısı məhz
F. Mehrəliyeva olub. Lakin həmin ifanın lent yazıları
qalmayıb.
Rejissor Rza Təhmasib 1945-ci ildə "Arşın
mal alan" filmini lentə alanda Telli obrazını heç düşünmədən
Fatma Mehrəliyevaya həvalə edir.
***
Azərbaycan ifaçılıq sənətində
adı hörmətlə
çəkilən F. Mehrəliyeva
1960-cı ildə əməkdar
artist fəxri adına
layiq görülür.
Ondan bizə yadigar qalan və
qorunan nəğmələri
- "Qubanın ağ
alması", "Azərbaycan
maralı", "Ahu
kimi", "Qaragilə"
hələ də sevilir. Amma bu
lent yazıları içərisində
"Kəsmə şikəstə"nin
müstəsna yeri
var. Elə ona görə də sənətkarlar bəzən
bu muğama "Fatma şikəstəsi"
də deyirlər.
Qohumları deyir ki, 90-cı illərin əvvəllərində Fatma xanım bir qədər diqqətdən kənarda qalır və səhnədən uzaqlaşmağa başlayır. Böyük sənətkarın qohumu Balaşirin Hacıməmmədov o illəri belə xatırlayır:
"Sonuncu dəfə o, dayım oğlunun toyunda iştirak edib. Səhv etmirəmsə, 87-ci il idi. Gözəl bir mahnı oxudu, rəqs də etdi. Sonradan heç yerdə görünmədi. Bir dəfə televiziyada hansısa kanaldan onun evinə çəkilişə getmişdilər. Qapını gələnlərin üzünə çırpıb demişdi ki, məni bu vaxta qədər yada salmayıblarsa, bundan sonra da ehtiyacım yoxdur".
Fatma xanım xəstə olanda onu heç kim axtarmırdı. Qubadakı evinə gedib, özünə qapıldı.
Həyatının son günlərini
yaşadığı zaman
sənət dostları
onu görməyə getmişdilər. Ancaq o sənət dostlarına da dedi ki,
siz mənə hansı qapını açdınız ki, bu gün mən
də sizin üzünüzə qapı
açım?
***
Xalq artisti, rejissor Vasif Babayev Fatma
xanımla bağlı
xatirələrini belə
bölüşüb:
"Fatma xanım həm qayğısızlıqdan,
təklikdən əziyyət
çəkirdi, həm
də onun maddi problemləri var idi. Həyat
yoldaşı yox idi, aldığı məvacib də ona çatmırdı. Çox pis vəziyyətə düşmüşdü.
Hətta bayıra çıxmağa da utanırdı. O, möhtəşəm
qadın idi. Təsəvvür edin, öz evində oxumağa başlayanda hamı - bütün İçərişəhər sakit dayanıb onun səsinə qulaq asırdı. O, sənətinin zirvəsində
olanda belə bəzi toylara təmənnasız gedirdi.
Ömrünün son illərini faciəli
şəkildə yaşayan
unudulmaz sənətkar
- Fatma xanım Mehrəliyeva 2000-ci il yanvarın 4-də vəfat
edib.
***
Bir neçə il əvvəl televiziya verlişlərinin birində
Fatma Mehrəliyevanın
oğlu Qalib Mehrəliyev 18 ildən sonra nəvəsi Fatimə ilə görüşüb. Verilişdə
Qalib Mehrəliyevin acınacaqlı taleyindən
də bəhs edilib. Belə ki, üç oğul, bir qız atası olan Q. Mehrəliyev illərdir səfil həyatı yaşayır.
2005-ci ildən Bakının
mərkəzi küçələrinin
birində, "Trolleybus parkı"
deyilən ərazidə
məskunlaşdığı köhnə vaqonda həyatla ölüm arasında mübarizə aparır.
Unikal.- 2021.- 18 iyun.- S.20.