Xüsusi təyinatlı döyüşçü: “Mənə nəsə olsaydı,

üç qızım “Vətən sağ olsun” deyəcəkdi”

 

İkinci Qarabağ Müharibəsində iştirak edən yüzlərlə könüllü döyüşçü qəhrəmanlıq göstərməklə ad-san qazandı, orden və medallarla təltif olundur.

Modern.az saytı Vətən Müharibəsində iştirak etmiş belə döyüşçülərdən daha birini oxuculara tanıdır.

Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Emin Tahirzadə hazırda da xidmətə davam edir. Eminin sözlərinə görə, 44 günlük Vətən savaşından öncə hər zaman döyüşlərdə iştirak etməklə bağlı xəyalları olub:

 “1996-cı ildən hərbidə xidmətdəyəm. Öz istəyimlə hərb sahəsinə gəldim. Hər kəsə bəllidir ki, hərb sahəsini seçənlərin daxilində vətən sevgisi güclü olur. Məhz həmin sevgi bizi bu sahəyə  gətirir. Hərbin öz qayda-qanunları var. O qaydalara tabe olanda hər şey normal olur. Təbii ki, İkinci Qarabağ müharibəsinin nə vaxt başlayacağını bilmirdim. Bu barədə heç bir məlumatım yox idi. Ancaq Qarabağın azadlığı üçün döyüş məqamının gələcəyini hiss edirdim. Əmin idim ki, nə zamansa biz Qarabağın azadlığı uğrunda meydanlara axışacağıq. Çünki biz heç zaman Qarabağ itkisi ilə barışa bilməzdik. Şəhidlərimizin ruhu bizi heç vaxt bağışlamazdı”.

Qəhrəmanımız deyir ki, döyüş əmri veriləndə artıq xəyalların gerçəkliyə yaxınlaşdığını anlayıb:

“Bizə döyüşmək əmri verildi. Təbii ki, biz də o əmri qürurla icra etdik. Döyüş arenamız geniş oldu. Füzuli rayonunun Alxanlı kəndindən başlayıb Cəbrayıl, Zəngilan, Laçın və Qubadlı  uğrunda savaşdıq, nəhayət Şuşada dayandıq.

Əsgərlərimizin  döyüş əhval-ruhiyyəsi yüksək idi. Hər kəs sidq ürəklə döyüşürdü. Hərbçi olduğum üçün döyüş yoldaşlarımın müharibə ilə bağlı əhvalını bilirdim. Amma heç hərbçi olmayan oğullarımızda da döyüş əzminin daha yüksək olduğunu görəndə qürur duyurdum”.

Üç qız övladı böyüdən qəhrəman ata deyir ki, ailəsi onun müharibədə iştirakını normal qarşılayıb: “Böyük qızım tələbə, o biri qızlarım isə məktəblidir. Böyük uşaqların müharibə barədə düşüncələri və yanaşmaları fərqli olur. Həyatı sərbəst formada dərk edə bilirlər. Qızlarım ataları ilə qürur duyurdular. Mən müharibəyə gedən kimi bayrağımızı pəncərəmizin üzərində asmışdılar. Evə qayıdanda üçrəngli bayrağımızı görəndə qürur hissi yaşadım. Müharibə dəhşətli hadisədir. Müharibədə bir işartı olanda insan sevinir. Ancaq döyüşə gedən əsgər hər çətinliyi gözə alır. Mənim də ailəm müharibə ilə bağlı nə varsa, hamısını gözə almışdı. Elə ailələr var ki müharibədə olan yaxınlarına görə nigaran qalırlar. Ancaq bizim ailədə hər kəs güclü olduğu qədər, hər şeyə də hazır idi. Mənə nəsə olsaydı  “Vətən sağ olsun” deyəcəkdilər”.

Hərbçi ailəsində böyüyən Emin Tağızadə atasının ona verdiyi tövsiyədən də söz açıb:

“Bizim ailə hərbçi ailəsidir. Babam 1941-45-ci ildə olan İkinci Dünya müharibəsinin, atam isə Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Atam danışır ki, Birinci Qarabağ savaşı  44 günlük Vətən müharibəsindən xeyli fərqli idi. Bu baxımdan ki, o zaman güclü ordumuz yox idi. İkinci Qarabağ müharibəsi başlayanda atam mənə uzun məsləhətlər vermədi. Yalnız bunu dedi: “Vətən anadır. Ana da qeyrətimizdir. Oğul, get vətənimizi, qeyrətimizi qoru”.

Qəhrəmanımız döyüş vaxtı şəhid olan yoldaşlarından da danışıb:

“Müharibə vaxtı xeyli yaxın dostlarım şəhid oldu. Çörək kəsdiyim dostumun şəhid olması məni çox üzdü. Ancaq “Vətən sağ olsun!” dedik. Belə bir atalar sözümüz var: “Ölüm qaşla göz arasındadır”. Doğru fikirdir. Müharibədə bunun şahidi olmaq və bu hissləri yaşamaq isə ağırdır. Heç gözlənilməyən yerdən ölüm insanı ağuşuna ala bilər. Müharibə gedən ərəfədə söhbət etdiyimiz qəhrəman oğlanlar bir saniyənin içində şəhidlik zirvəsinə yüksəlirdi. Ermənilər snayperdən daha çox istifadə edirdilər. Döyüş vaxtı mən də tank mərmisindən yaralandım. Beyin silkələnməm oldu”.

Xüsusi Təyinatlı Qüvvələrin çavuşu bəzi məqamlara da toxunub:

“Hadrut rayonunun Şur kəndi uğrunda qızğın döyüş gedirdi. İgid oğullarımızn sayəsində Hadruta daxil olmuşduq. Orada daimi yaşayış olduğundan evlər çox idi. Bəzi ermənilər silahları atım qaçsalar da, bəziləri evlərin zirzəmisində gizlənmişdi. Ən pisi o idi ki, erməni döyüşçülərlə qəfil zirzəmidə rastlaşdım. Evə daxil olanda altda tunel vardı. Düzdü, öncədən evin altında tunel olması barədə məlumat verilmişdi. Ancaq tam dəqiqliklə orada ermənilərin olacağını düşünmürdük.  Erməni kəşfiyyatçılarla üz-üzə gələndə hər iki tərəf silahlı idi. Dərhal atəş açıb kəşfiyyatçılardan birini vurdum.

Şuşada oğullarımız sidq ürəklə döyüşüb. O cəsarəti, əzmi, döyüş ruhunu sözlə ifadə etmək o qədər də asan deyil. Topxana meşəsindən keçmək çox çətin idi. Mən və döyüş yoldaşlarım günlərlə meşədə qalmışıq. Bakıdan  bizə şorqoğalı göndərilmişdi. 2 günü döyüş yoldaşlarımızla 1 litr su, 12 ədəd şorqoğalı ilə yola vermişik. Şuşaya girəndə ilk düşündüyüm şey məscidi görmək idi. Şuşanı dağılmış, viran qalmış formada təsəvvür edirdim. Çünki Cəbrayıl tam, Zəngilan və Qubadlının isə bir çox  kəndləri xarabalığa çevrilmişdi. Ancaq Şuşaya daxil olanda məscidin restavrasiya olunmuş halını gördüm. Ən maraqlısı isə yoldaşlarımızın Şuşa məscidində azan verməsi idi. Azan səsinə o qədər sevindik ki!”.

Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Emin Tahirzadə onu da deyib ki, müharibə yekunlaşandan sonra adını “Şücaətə görə” medalına təqdim ediblər, amma hansısa səbəblərdən təltif olunanlar siyahısına düşməyib ki, bu da döyüşçünü çox üzüb.

 

Unikal.- 2021.- 5 mart.- S.18.