“Kəsilən ayaqlarımın göydə
fırlandığını
gördüm” -
Qazi Camal Alxasov
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan qazi Camal Alxasov Sumqayıt Reabilitasiya Mərkəzində müalicə alır. Burada göstərilən xidmətdən razı olan Camal reabilitasiya nəticəsində əl barmaqlarının hərəkət etdiyini söyləyib.
Vətən uğrunda hər iki ayağını qurban verən 20 yaşlı qazi Azvision.az -ın əməkdaşı ilə söhbətində döyüş yolundan danışıb, Ağcabədidə N saylı hərbi hissədə xidmət etdiyini deyib. O, oktyabrın 4-də təxris olunmalı idi. Lakin sentyabrın 27-də başlayan müharibədə iştirak edərək, düşmənə qarşı sonadək vuruşub:
“Mən sürücü idim. Müharibə dövründə hərbçilərimizə silah-sursat, yemək daşıyırdıq. Yəni ordunun təminatına baxırdıq. Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində təminat daşımışam. Oktyabrın 31-də Qubadlıda alınmış erməni postunda maşınımızın qaldığı deyildi. Komandir bizə həmin maşını çıxarmağı tapşırdı. Post uğrunda səhər qızğın döyüşlər olmuşdu və post ermənilərdən alınmışdı. Yalnız bir təpə qalmışdı. Biz ora getdik. 3 nəfər idik, maşını təmir etməyə başladıq. Yarım saat olardı ki, həmin alınmayan təpədən ermənilər bizi mərmi yağışına tutdu. Birinci mərmi maşının qabağına düşdü. Onda gözümdən və əlimdən yüngül yaralandım. Həmin vaxtı biz postun içərisinə doğru qaçdıq. Daha 2 mərmi atıldı. Onda heç nə olmadı. Uşaqlar artıq postun zirzəmisinə düşmüşdülər. Posta 10 metr qalmış dördüncü mərmi atıldı və arxamda yerə düşdü. Onda dalğa məni göyə qaldırıb tulladı. Həmin vaxt qəlpə kəsən ayaqlarımın göydə fırlandığını gördüm. İki dəfə qışqırdım, yoldaşlarım məni sürüyüb posta saldılar. 3 saat orda qaldım. Çoxlu qan itirdiyimdən gözlərim tutulmuşdu. Onda bəxtim gətirdi ki, ayağımın şah damarını qəlpə yandırmışdı. Ermənilər dayanmadan həmin əraziyə mərmi atırdı və maşınlar gəlib bizi götürə bilmirdi”.
Camal qeyd edib ki, postdan çıxandan sonra Qubadlının Xanlıq kəndindəki hospitalda 7 saat əməliyyat olunub.
“Ayaqlarımı tikəndən sonra Füzulinin Diaqnostika Mərkəzinə göndərdilər, orada mənə qan köçürüldü. Daha sonra Bakıda Hərbi hospitala gətirdilər, 84 gün orada yatdım. Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.
Hazırda sağ qolum sınıqdır. Quraşdırılan aparat çıxmalıdır və qolumda 5-6 sm vətər çatmır, onu tikməlidirlər. Sağ əlimdə 2 barmağım işləmir, fizioterapiya olunub açılmalıdır. Sol əlimdə bir barmağım yoxdur. Başımda 9 qəlpə var idi, 7-ni çıxarıblar, ikisi qalıb. 2 qəlpə belimdə idi, onları da çıxarıblar. Başımdakı qəlpələrin çıxarılması təhlükəlidir. Qolumda və ayağımda daha iki qəlpə var. Onların heç biri çıxarılmayıb.
Mənim üçün Almaniyadan protez ayaqlar sifariş olunub. Martın 15-dən sonra məni çağıracaqlar, müalicə
üçün qalacağam
ki, ayaqlarımın şişi çəkilsin. Ondan sonra
belimdən bağlanan
ayaq protezi taxılacaq və yeriyə biləcəyəm.
Qazilərə göstərilən xidmətə görə dövlətimizə, Ali Baş
Komandana təşəkkürümü
bildirirəm”.
Aytən Zəhra
Unikal.- 2021.- 5 mart.- S.19.