Yaddan çıxmış sənətkarlar:
“Bəxt üzüyü” filminin
veteranı - Tanrıbəy
dayı gerçək həyatda kim idi...
Azərbaycan teatr
rejissoru, pedaqoq, müəllim və istedadlı aktyor Nəsir
Sadıqzadə…
Bəlkə də,
çoxlarınız öz adı ilə onu
tanımadınız. Elə isə siz kinomuzun
incilərindən sayılan, uşaqdan böyüyə qədər
hər kəsin dəfələrlə izlədiyi “Bəxt
üzüyü” bədii filminin kadrlarını
gözünüzün önündə canlandırın.
Əsərdəki yaddaqalan Tanrıbəy obrazını
xatırladınızmı?
Həmin obrazı canlandırmış istedadlı aktyor Nəsir Sadıqzadədən bəhs edirik.
Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində rejissor Nəsir Sadıqzadənin həyat hekayəsini təqdim edir.
Arayış: Nəsir Müseyid oğlu Sadıqzadə 1926-cı ildə Şuşa şəhərində anadan olub. Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son 20 ilində əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. Müxtəlif illərdə C.Cabbarlının “Aydın”, M.İbrahimovun “Kəndçi qızı”, Ə.Nesinin “Bura gəlin”, B.Vahabzadənin “Yağışdan sonra”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, M.F.Axundzadənin “Hacı Qara”, O.İoselianinin “Araba hələ aşmayıb” və s. əsərlərə quruluş verib.
O, kino yaddaşımızda iz qoyan “Mən ki gözəl deyildim”, “Qətl günü”, “Qəzəlxan” kimi filmlərdə yaratdığı obrazlarla da xatırlanır.
Amma Nəsir Sadıqzadəni məşhurlaşdıran 1991-ci ildə çəkilən "Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy dayı obrazı olub.
“Bəxt üzüyü” filmində rol alan Xalq
artistləri Valeh Kərimov və Afaq Bəşirqızı
Modern.az-a Nəsir müəllimli xatirələrini
bölüşüblər.
“Mənim
istedadımı görüb səhnədə təbrik etdi”
Valeh Kərimov: “Nəsir müəllimlə tanışlığım Teatr İnstitunda oxuyanda olub. Mən axşam fakültəsində oxumağıma baxmayaraq, 4-cü kursda diplom tamaşası verəndə səhər fakültəsinin tamaşasında oynayırdım. Bu elə bir tamaşa idi ki, Səməndər Rzayev, Ceyhun Mirzəyev, Hicran Hüseynov, Vaqif Əliyev, Kamil Məhərrəmov kimi aktyorlar orada oxuyurdu. Məni onların diplom tamaşasında oynamağa çağırmışdılar. Nəsir müəllim də İnstitutun müəllimi idi.
Tamaşanı necə oynamağımı izlədi, istedadımı bəyəndiyi üçün gəlib səhnədə təbrik etdi. Mənə “Sumqayıtda teatr açılır və mən də ora baş rejissor gedirəm. İşləmək istəyirsənsə, ora gəl” dedi. Mən də böyük sevinc və məmnuniyyətlə qəbul etdim.
Və zaman yetişdi institutu bitirən kimi Sumqayıt
Teatrına getdim. Düzdür, hələ teatr
açılmamışdı, amma 6 ay idi tamaşa məşqləri
gedirdi. Teatrın direktoru yer
olmadığı üçün məni qəbul etmirdi.
Nəsir müəllim hətta direktorla
mübahisə etdi, sonda məni teatra qəbul etdilər.
Nəsir müəllim o zaman Sumqayıt
Teatrının baş rejissoru vəzifəsində idi.
1969-cu
ilin payızında Nəsir müəllim Sumqayıt
Teatrından getdi, amma getməzdən öncə
tamaşaları təhvil verdi. Mən də “Sevil” tamaşasında baş rolu -
Balaşı canlandırırdım. Həmin
vaxtdan sonra Nəsir müəllimlə əlaqəm kəsildi.
Bir də “Bəxt üzüyü” filmində
görüşdük. Düzdü, teatr aləmidi, ara-sıra
rastlaşırdıq. “Bəxt
üzüyü” filmində mən Moşunu, Nəsir müəllim
isə Veteranı oynayırdı”.
“Səhnədə aktyorla işləməyi
mükəmməl bilirdi”
“Nəsir müəllim
çox istedadlı insan, pedaqoq-rejissor idi. Bu, hər adama qismət olmur. Səhnədə
aktyorla işləməyi, işləyib aktyora dərs verməyi
mükəmməl bilirdi. Pedaqoji cəhətdən
çox savadlı idi. Aktyorlar tam hazır
olmamış, tamaşanı səhnələşdirməzdi.
Aktyor yetişdirən müəllimlər az-az
olub, onlardan biri də Nəsir müəllimdir.
“Bəxt üzüyü” filmində tərəf
müqabili olduq. Film Şüvəlanda çəkilirdi
deyə, biz də Yazıçılar İttifaqının
sanatoriyasında bir yerdə qalırdıq. Hər gün görüşürdük, söhbət
edirdik. Nəsir müəllimlə yaş
fərqimiz çox olsa da, bizdən biri idi. Böyüklə, kiçiklə necə
davranacağını bilən bir müəllim idi. Bizim hünərimiz çatmazdı ki, onunla zarafat
edək. Nə qədər
zarafatçıl olsaydı da, həmişə məsafəni
gözləyirdi.
Xasiyyətcə sadə, zarafatçıl idi. Amma məşqlər
zamanı çox tələbkar müəllim olurdu. Tələbəyə öyrətdiyini geri istəyirdi.
Nəsir müəllimlə xatirələrim az
olsa da, onun kimi pedaqoqun çox olmadığını bilirəm”.
“Nəsir müəllimin adı gələndə
tələbələri onu hörmətlə anırlar”
Yazıya xalq artisti Afaq Bəşirqızının
xatirələri ilə davam edirik.
Afaq Bəşirqızı:
“Nəsir müəllimlə “Bəxt üzüyü” və
“Qara volqa” filmlərində birgə çəkilmişik. Amma Nəsir müəllimi pedaqoji fəaliyyətindən
də tanıyırdım.
Kim Nəsir müəllimin tələbəsi olubsa, onun
adı gələndə üzlərində hörmət,
sevgi, təzim kimi fərqli bir ifadə olur. Tələbələrinin
hamısı Nəsir müəllimi çox istəyirdi.
Nəsir müəllim həddindən artıq
savadlı, gözəl pedaqoq və istedadlı aktyor olub.
Nəsir müəllim çox sakit, mədəni,
gözəl insan idi. Mən onun haqqında ancaq hörmətlə
danışa bilərəm və bu mənim borcumdu.
Həqiqətən çox təəssüf edirəm
ki, “Bəxt üzüyü” filminə qədər mən onu
yaxından tanımamışdım. Ümumiyyətlə, Nəsir müəllim
kimi pedaqoqları tanımağa bütün xalqın
ehtiyacı var. Elə ağsaqqaları tanımağa yeni nəslin,
hətta yaşlı nəslin də ehtiyacı var. Dediyim kimi,
Nəsir müəllim çox savadlı pedaqoq idi. Ən önəmlisi isə tələbələri
“Nəsir müəllimin tələbəsi olmuşam” deməkdən
qürur duyurlar”.
Müsahiblərimiz
yaddaşlarından süzülüb gələn xatirələrlə
bir neçə dəqiqənin içində uzaq
keçmişə boylandılar...
“Böyük şəxsiyyət idi”
Nəsir Sadıqzadə haqqında xatirələri qələmə
almaq üçün söhbətimizə onu daha yaxından
tanıyan, tələbəsi və həmkarı rejissor
Rövşən İsaxla da həmsöhbət olduq.
Onun ilk cümləsi bizə Nəsir müəllim haqqında
daha da müsbət fikirlər yaratdı.
“Nəsir müəllimlə
mənim çoxlu xatirələrim var. Onun kimi bir insandan necə
danışacağımı bilmirəm. O sözün
bütün mənalarında böyük şəxsiyyət
idi. Sənətini onun kimi sevən birini hələ
ki həyatımda rast gəlməmişəm. Düşünün,
Nəsir müəllim tələbələrinə “mənə
salam vermə, mən içəri daxil
olanda ayağa qalxma. Amma sənətini sevirsənsə,
gözümün işığısan” deyirdi. Bu onun həyat prinsipi idi. Tələbələrinə
müəllim yox, ata kimi davranırdı.
“Nəsir müəllimlə
bağlı sizə maraqlı bir hadisə
danışım...”
“1991-ci
il, dekabr ayı... SSRİ
dağılmışdı, ölkədə vəziyyət
çox qarışıq, iqtisadiyyat yox vəziyyətində,
ərzaq mağazalarında vitrinlər bom-boş idi.
Nəsir müəllim bir axşam məni və digər
tələbə yoldaşımı evlərinə dəvət
etdi.
“Axşam dərsdən sonra pyesi də götürüb bizim
evə gəlin, redaktə edək,
çatdırmırıq”-dedi. Pyesi redaktə eləməyə
başladıq, az müddət
keçmişdi ki, “pyesi yığışdırın” dedi.
Biz də təəccübləndik,
çünki Nəsir müəllimin məşqləri ən
azı 3-4 saat davam edərdi.
Daha sonra
həyat yoldaşı Müslümə xanıma “gətir”
dedi. Müslümə xanım bizə çox
dəbdəbəli süfrə açdı. Süfrəyə qəribə bir yemək qoyuldu.
Nəsir müəllim şuşalı olduğu
üçün bu süfrənin Şuşa
mətbəxindən olduğunu dedi. Biz də
dillənmədən şam yeməyinə başladıq.
Şam yeməyi qurtardıqdan sonra rəhmətlik
stolun üstündəki iki dənə portoğalı da
dilimləyib, qarşımıza qoydu. Nəsir
müəllimdən bunun səbəbini soruşdum. O,
kövrəldi və belə bir açıqlama verdi...
“Bir tələbəm
ötən gün mənə bir quzunun yarısını, bir
də bu göy-göyərtini gətirmişdi. Dünən quzunun ətini bişirdik, amma bir tikə
də yeyə bilmədim. İlin,
günün pis vaxtında bəlkə tələbələrimdən
ac olanı var deyə düşündüm”.
“Quzu əti bitənə qədər
tələbələrini şam yeməyinə dəvət
etdi”
“İnanın ki, biz gələn günün səhərisi
daha iki tələbəni, o biri gün başqa tələbəsini
şam yeməyinə dəvət etdi. O vaxta qədər ki, quzu əti
artıq bitdi... Nəsir müəllim tələbələri
olmadan o ətdən yemədi. Nəsir
müəllimin necə biri olmağı elə buradan
görünür.
Nəsir müəllim vaxt tapdıqca, tələbələri
harda işləyirdisə, gedib onları ziyarət edib, çətinliklərinin
olub-olmadığını yoxlayırdı. Bu insanın
evinin qapısı tələbələrinə həmişə
açıq olub. O, övladı ilə tələbəsi
arasında fərq qoymayıb”.
“Nəsir müəllimin xəstəliyi
onu birdən apardı”
“Mən institutu bitirdikdən sonra qısametrajlı film
çəkmək arzusunda oldum. Allah rəhmət
etsin, filmdə Məlik Dadaşovau da çəkmək istədim.
O Məlik Dadaşov ki, onun filmlərinə
baxa-baxa böyümüşəm. Mən onu çəkmək
istədiyimi deyəndə, Məlik Dadaşovun çətin adam olduğunu söylədilər. Mən də Nəsir müəllimin yanına gedib
istəyimi bildirdim. O da mənə “Məlik Dadaşovun
bütün kaprizləri ilə mən oynayaram. Təki sən
onu çəkmək istə” dedi. İnanırsınız,
çəkiliş müddətində heç vaxt məni tək
qoymadı. Düzdü, onun yanında nəyəsə
quruluş verməyə çəkinirdim, amma o mənim
heç bir işimə müdaxilə etmədi.
Nəsir müəllimlə son gününə qədər
əlaqəmiz olub. Onun baməzə zarafatları, gur
saçları, həmişə əlini ağzına tutub
gülməyi vardı. Xəstələnib
əhvalı pis olanda tələbələrinin gözünə
elə görünmək istəmədi. Son
bir həftəni mən onu görmədim. Nəsir müəllimin xəstəliyi onu birdən
apardı”.
“Həyat elə gətirdi ki, biz Nəsir
müəllimlə Şuşada da olduq”
“Nəsir müəllim Şuşada olanda körpə
uşaq kimi sevinirdi. Elə Şuşaya sonuncu səfəri
bizimlə birgə oldu. İnstitutdan
qastrola getmişdik. Biz qayıtdıqdan çox
keçmədi ki, Şuşa işğal
olundu. Nəsir müəllim bizə Şuşa
ilə bağlı çoxlu xatirələrindən
danışıb. Təbii ki, Nəsir müəllimə
Şuşanın işğal olunması çox pis təsir
etdi. İndi Şuşa azad olundu. Çox sevinirəm ki, hazırda Nəsir müəllimin
ruhu şaddır.
Nəsir
Sadıqzadə kimi insanlar çox az olur. Sənəti sevmək olar, amma özünü sənətə
fəda edən insanlar çox azdır. Nəsir
müəllim teatrla, tələbələri ilə nəfəs
alırdı, öz həyatını bu yolda qurban
vermişdi. Teatr olmadığı gün
onun üçün həyat dayanırdı.
Həddindən artıq çox mütaliə edirdi. Hətta deyə
bilərəm ki, onun oxumadığı pyes yox idi. Çiynində hər zaman bir çanta olardı.
Çanta da kitabla dolu olardı. Teatra, incəsənətə aid hər şeyi
oxuyurdu.
Nəsir müəllim haqqında daha nələr-nələr
danışa bilərəm. Onun haqqında
danışsaq, bizə günlər, aylar yetməz. Mən çox xoşbəxt insanam ki, belə bir sənətkarın
tələbəsi olmuşam”.
“Mən ondan həyata
baxışı öyrənmişəm”
Mərhumun oğlu Hürmüz Sadıqzadə də
atası ilə bağlı xatirələrini bizimlə
bölüşüb.
“Ailəcanlı,
dostcanlı, istiqanlı idi. Heç vaxt tək
gəzməzdi. Amma arada oturur, eynəyini
taxıb, yazı yazmağa başlayırdı. Atam heç vaxt tələbələrini bizdən
ayırmırdı. Mən ondan həyata
baxışı, həyatda heç bir şeyi sevgidən, məhəbbətdən,
ailədən, dostdan, vətənindən üstün
tutmamağı öyrənmişəm. Onun
övladı olmaq çox qürurvericidir”.
İlləri vərəqləmək Nəsir müəllimin
tələbələri, yaxınları üçün də
çətin idi. Nəsir Sadıqzadə kimi sənətkarlar,
ən əsası sənətini sevən insanlar çox
azdır. Uzun illər keçməsinə
rəğmən sevgi ilə xatırlanan, yaddaşlara həkk
olan sənətkar haqqında deyiləcək şeylər
çoxdu.
30 ildən artıq müddətdə Mədəniyyət
və İncəsənət Universitetində müəllim
kimi fəaliyyət göstərən Nəsir Sadıqzadənin
milli teatr tariximizdə də özünəməxsus yeri və
yolu var. Onun yetişdirdiyi tələbələr hazırda incəsənətin
bir çox sahələrində uğurla fəaliyyət
göstərirlər. Xalq artistləri Azər Paşa Nemətov, Hacı
İsmayılov, Məmməd Səfa, Əməkdar artistlər
Elman Rəfiyev, Firdovsi Atakişiyev, Ayşad Məmmədov, aktrisa
Zemfira Əbdülsəmədova Nəsir müəllimin
tanınmış tələbələrindədirlər…
Onlar Nəsir müəllimin tədris metodikasından, tələbələri
ilə iş prosesindən, təcrübəsini səxavətlə
bölüşməsindən saatlarla danışa bilərldilər...
Şuşanın məşhur Cavanşirlər nəslindən
olan Nəsir Sadıqzadə 1996-cı ildə vəfat edib və
Bakıdakı “Qurd Qapısı” qəbristanlığında
dəfn olunub.
Fidan İlqarqızı
Unikal.- 2021.- 1 may.- S.21.