Gizlin dəfn edilən böyük aktyor –
Ermənini
kinostudiyadan qovub
5 may Adil İsgəndərovun
doğum tarixidir...
Onun haqqında düşünəndə nədənsə
gözlərimin önünə əvvəlcə “Qanun naminə”
filmində yaratdığı Kamilov obrazı gəlir. Əynində
mundir, başında papaq əllərini qaldırıb köhnə
kişilərə xas “Çal, mənim havamı çal,
"Heyvagülü"" deyir və
ağır-ağır oynamağa başlayır. Bir də həmin filmdəki sonuncu kəlməsini
xatırlayıram “Kaş, Tanrı mənə bir az da
ömür verəydi, onda mən bilərdim necə
yaşayardım”.
Bəlkə
bu Kamilov obrazının daxili dünyası ilə Adil İsgəndərovun
iç dünyası arasında nə isə bir
bağlılıq var... Kamilova möhlət
verilsəydi, əvvəlki həyatından fərqli olaraq
yalnız xeyirxah əməllərlə məşğul
olardı. Çünki onun daxili
dünyası safdır, sadəcə şeytan əməlinə
qalib gələ bilməyib. Bəs, Adil
İsgəndərovun özünə bu möhlət verilsəydi,
nə edərdi? Görəsən,
ömür boyu getdiyi düz yoldan, şəxsiyyətini, mənliyini,
sənətini hər şeydən üstün tutduğu
üçün çəkdiyi başağrılarından
qurtulmaq üçün əks istiqamətə
yollanardımı? Yəqin ki, yox, çünki...
Tanrının bizə bəxş etdiyi kiçik zaman kəsiyini
hərəmiz bir cür başa vururuq. Kimisi sadəcə
gəlir bu özülü ədalətsiz qoyulmuş
dünyaya, ona verilən vaxtın keçəcəyini
gözləyə-gözləyə yaşayır, kimisi
çarpışır-vuruşur var-dövlət toplamaqla məşğul
olur. Eləsi də var ki, ona verilən həmin
qısacıq vaxtda özündən sonrakı
ömrünü qazanır. Adil İsgəndərov
kimi...
Adının qarşısından bilərəkdən
dürlü-dürlü titullar yazmıram. Əslində
həm rəsmi şəkildə, həm də qeyri-rəsmi
xalq artisti idi.
Həqiqətən xalqın olan sənətkarı xalq
unutmur, şəxsiyyəti və sənəti bütöv
olanlar bu gün də xalqın yaddaşındadır, onu rəsmən
yada salmasalar da nəsillər dəyişir, amma o ad əbədi
qalır.
Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa
Turabov... siyahı o qədər də uzun deyil. Sayı
o qədər də çox sənətkarlar arasında Adil
İsgəndərovun da imzası var.
Onun quruluşunda “Vaqif”
tamaşası 1064 dəfə
oynanılıb
Bakı
Teatr Texnikumunda aldığı təhsillə qane olmayan məzun
A.Lunaçarski adına Moskva Teatr Sənəti
İnstitutunda oxuyub. Moskva Bədaye və
Vaxtanqov teatrlarında təcrübə keçib. Tam
hazır vəziyyətdə Akademik Milli Teatra gələn Adil
İsgəndərovu bir il sonra baş
rejissor təyin edirlər. İlk rejissorluq işinə “Polad
qartal” tamaşasından başlayan İsgəndərov milli
teatrın səhnəsində “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad
və Şirin”, “Aydın”, “Şərqin səhəri”,
“Otello”, “Cavanşir” kimi tamaşalara həyat verir.
Onun quruluşunda “Vaqif” tamaşası milli teatrın səhnəsində
düz 1064 dəfə oynanılıb. “Otello”
tamaşasından Ələsgər Ələkbərovun şəkli
Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən
və heyran qalan ingilislər tamaşanı lentə alıb
aparıblar. Tamaşa vaxtı Moskva
teatrının pərdəsi alqışların səngiməməsinə
görə düz 17 dəfə bağlanıb və yenidən
açılıb. Azərbaycan teatrına
onlarla rejissor və aktyor nəsli bəxş edən sənətkar
milli teatrın yeni binaya köçürülməsinə razı
olmur, yeni bina akustikasız olduğundan böyük teatr
üçün yaramır deyir. Eşitmirlər
onu. Sənətkar həqiqəti izhar
etdiyi üçün incidilir və nəticədə
sözünü geri götürmədən teatrı tərk
etməli olur.
Kinostudiyada
1966-cı ildən başlayaraq “Azərbaycanfilm”
kinostudiyasına rəhbərlik etməyə başlayır. Yalnız
“Əhməd haradadır?” filminin quruluşçu rejissoru
olmağa vaxtı çatan Adil İsgəndərov filmlərdə
müxtəlif səpgili obrazlar yaradıb. Həmin illərdə ondan soruşurlar ki, bu illər
ərzində teatrsız necə qala bilirsiniz? Cavabında “Dişimi dişimə sıxıb
dözürəm” deyir. Kərbəlayi
İsmayıl kimi ötkəm, Kamilov kimi kövrək və
sadəlövh, gülsatan qıza valeh olan şişman alman məmuru
kimi obrazların yaradıcısı həm də, 1937-ci ildən
ömrünün sonuna qədər İncəsənət
İnstitutunda dərs deyib.
Kərbəlayiyə verilən
mükafat Qəmloya çatıb
Adil İsgəndərov tez-tez əyalət teatrlarına
gedərmiş. Aktyor Məlik Dadaşov onun belə səyahətlərindən
birinin tapıntısı idi. Söhbət
Məlik Dadaşovdan düşmüşkən,
“Axırıncı aşırım” filminin Tbilisidə
nümayişdən sonra baş rolun – Kərbəlayi
İsmayıl obrazının ifaçısı mükafata
layiq görülür. Adil İsgəndərov
mükafatdan imtina edir, böyük ürəklə həmin
mükafatı Qəmloya - Məlik Dadaşova verməyi məsləhət
görür.
Onunla işləyən aktyorların ailə vəziyyəti,
sosial həyatı ilə həmişə maraqlanarmış. O dövrdə çətin
vəziyyətdə yaşayan evsiz-eşiksiz xeyli aktyor Adil
İsgəndərovun köməkliyi ilə ev
alıb. Mərhum sənətkar Şahmar Ələkbərov
sağlığında həmişə Adil İsgəndərovun
onu ev-eşik sahibi etməyindən danışardı.
Onun üçün sənət şəxsi münasibətlərin
fövqündə olub.
Hanı
indi elə sənətkar ki, sənəti ambisiyalarından
üstün tutsun...
Bu qayğıkeş insan şəxsi münasibətlərlə
sənət müəyyən etməzmiş. Bir dəfə
xalq artisti Rza Əfqanlı ilə pərtləşirlər.
Bir neçə gün sonra Hüseyn Cavidin
“Şeyx Sənan” əsərini tamaşaya qoymaq
üçün rol bölgüsünə başlayan Adil
İsgəndərov baş rolu Rza Əfqanlıya həvalə
edir. Öz dostları rejissoru qınayır, etiraz edirlər
ki, sənin üzünə ağ olan adama
niyə baş rol verirsən? Cavab verir ki, qada, mən
o obrazda yalnız onu görürəm. Milli
Dram Teatrının o vaxtlarını görən qocaman sənətkarlardan
eşitmişik ki, teatrda hələ “Şeyx Sənan”
tamaşasının baxışı kimi baxış
olmayıb. Bütün zal dolu olub,
tamaşa 10 gün anşlaqla keçib. Kollektiv
təkcə o tamaşa ilə Tiflisdə 40 gün qastrolda
olub.
“Otello” tamaşasında da baş rolu Ələsgər
Ələkbərova verəndə onunla qanlı bıçaq
imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər
Ələkbərov düşmən olduğu Adil İsgəndərov
haqqında “On sozdal menya” – deyirmiş.
Hələ
sovet vaxtı ermənini kinostudiyadan qovub
Tələbəsi
Əbdül Mahmudbəyovu dinləyək: “Moskvada mənimlə
birgə bir erməni təhsil alırdı. Azərbaycan
dilini də gözəl bilirdi və təhsilimizin sonunda bu erməninin
ssenarisi ilə bir film çəkmək qərarına gəldim.
O vaxtlar “Azərbaycanfilm”ə Adil müəllim rəhbərlik
edirdi. Gəldim yanına, çox sevindi,
çünki onun yetirməsi idim. Görüşdük,
söhbət etdik, vaxt yetişdi, Adil müəllim ssenarini
açdı ki, baxsın. Bir də
gördüm kişinin rəngi ağardı, oxuyub ki, rejissor
Əbdül, ssenari Akopyan. Akopyan da
yanımızdadır, qayıtdı ki, qada, bu ermənidir?
Dedim, bəli, amma Bakıda doğulub. Qada, cəhənnəmə
doğulub, bəs sən bu gədəni bura gətirəndə
görmədin ki, girişdə “Azərbaycanfilm”
yazılıb? Üzünü tutub Akopyana,
qayıtdı ki, dur tərpən Sabunçu vağzalına,
min qatara birbaşa “Ermənifilmə” get. Sonra da
mənə xəbərdarlıq etdi ki, bir daha belə qələt
etməyim.”
İkinci Fəxri Xiyabanın ilk fəxri
sakini
Kamal
Xudaverdiyevin xatirələrindən: “Adil müəllim kurs rəhbərim
olub. Biz sənətin əlifbasını Adil
İsgəndərovdan öyrəndik. Mənim
ilk filmə çəkilməyimin də səbəbkarı o
oldu. “İstintaq” filmində kənardan
aktyor dəvət olunmuş bir obraza məni məsləhət
görmüşdü. Bunu yalnız mənim
üçün etməmişdi, Rasim, Şahmar, ümumiyyətlə
o dövrdə üzə çıxan bütün aktyorlar
onun tapıntısı idi. Filmlərə
kənardan aktyor dəvət olunmasının
qarşısını alıb, öz aktyorlarımızı
tanıtdı. Sübut etdi ki, bizdə də
bacarıqlı gənclər var. Bir rejissor onu eşitmək
istəmirdi, Adil müəllim ondan soruşdu ki, niyə
özümüzünkülərlə işləmirsən?
Cavab verdi ki, mən
özümüzünkülərlə işləyə bilmirəm.
Dedi, qada, onda mən kənardan rejissor çağıraram
bizim aktyorlarla işləyər. 15 aktyor dəvət
etməkdənsə, bir rejissor dəvət etmək daha sərfəlidir.
Adil müəllimdən sonra elə kişi
görməmişik. O, tamam başqa kişi
idi. İnandırıram sizi onu laqeyidlik məhv
etdi.
Teatrın 100 illiyində məndən qabaqda oturmuşdu,
onun hansı hisləri keçirdiyi mənim içimə
süzüldü. Teatrda can qoymuş, özül qoymuş bu adamı bir
kimsə yada salmadı. Kişi içində
qovruldu. Demədilər ki, 100 illiyə teatrı bu kişi gətirib.
“Belə laqeydliklər insan ömrünü qısaldan
başlıca amillərdəndir. Əgər o, insan sənətkardırsa,
deməli ömrü çox, lap çox qısa olacaq...
1978-ci ilin sentyabrında Tanrının Adil İsgəndərova
verdiyi o qısacıq vaxt sona çatdı. Həmin
gün “dahi Sovet rəhbəri” L.İ.Brejnev Bakıya növbəti
rəsmi səfərə gəlibmiş. Sənətkarı
rəhbərin gəlişindən yaranan bayram əhval-ruhiyyəsi
pozulmasın deyə, gizlin-gizlin axşamın
qaranlığında divar dibi ilə aparıb indiki İkinci
Fəxri Xiyabanda səssiz-səmirsiz torpağa
tapşırıblar. Adil İsgəndərov
Zaqafqaziyanın ilk SSRİ xalq artistidir.
Unikal.- 2021.- 8
may.- S.21.