Yoldaşlarını xilas edən, qanaxmadan şəhid olan

döyüşçü - Emin İsmayılov evin tək övladı idi

 

Bu gün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Emin Tahir oğlu İsmayılovun doğum tarixidir.

Modern.az-ın məlumatına görə, Emin  Tahir  oğlu İsmayılov 21 may 2001-ci ildə  Bakı şəhəri, Nəsimi rayonunda  anadan  olub. Əslən Cəbrayıl rayonundan olan Emin İsmayılov Nəsimi rayonundakı 54 saylı tam orta məktəbin məzunu olub.

Emin İsmayılov evin tək övladı idi – nə bacısı, nə də qardaşı vardı. Anası onu yoxsulluqla böyütmüşdü

Doğma el-obasının düşmən tapdağında qalmasını heç zaman həzm edə bilməyən Emin talassemiya daşıyıcısı olduğundanayaq altının düzlüyünə görə hər zaman qorxurmuş ki, onu hərbi xidmətə aparmazlar.

Amma 2019-cu ilin iyun ayında arzusuna çatır və həqiqi hərbi xidmətə yollanır. Emin Goranboy rayonunda hərbi xidmətdə olduğu vaxtda Vətən müharibəsi başlandı. Və Emin də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak etdi.

Kiçik çavuş E.İsmayılov Suqovuşan, Kəlbəcər isitiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edib. Müharibə vaxtı çoxlu sayda yaralı və şəhidlərimizi döyüş meydanından xilas edib.

Yaxınlarının dediyinə görə, oktyabrın 1-də döyüş vaxtı ayağından güllə yarası alıb. Yaralı olmasına baxmayaraq döyüş yoldaşlarını tək buraxmayıb. Belə ki, özü də yaralanmasına baxmayaraq, 9 yaralı əsgəri döyüş bölgəsindən çıxara bilir.

Əsgər yoldaşları danışır ki, komandiri onun ayağından yaralandığını, həm də evin tək oğlu olduğunu nəzərə alaraq, əmr edib ki, çox irəli getməsin. Lakin Emində olan mərdlik, vətənə bağlılıq hissinin qarşısını heç kəs ala bilməyib.

Onun hərbi xidməti başa vurmasına iki ay qalmışdı. Sonuncu dəfə anası Məlahət xanımla 2020-ci il sentyabrın 30-da danışıb.

Emin anasına həmişə deyirmiş ki, mən sənin başını uca edəcəm. Elə də oldu, anasına verdiyi sözü tutdu.

Emin İsmayılov 6 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına  şəhid  olub. Döyüş yoldaşlarının dediyinə görə, Emin qanaxmadan ölüb. Həmin gün üç yerindən güllə yarası alıbmış.

Oktyabrın 6-da şəhid olan Eminin meyiti düz 40 gündən çox neytral ərazidə qalıb. Həmin müddətdə  övladından heç bir xəbər-ətər ala bilməyən Məlahət ana oğlunun əsir düşdüyünü heç vaxt ağlına gətirməyib. “Mənim oğlum əsir düşməz” deyib.

Ana övladının tabutu gələnədək ümidini kəsməyib. Noyabrın 20-də Eminin nəşi evinəı gətirilib.

Qəhrəman şəhid 2-ci  Fəxri  xiyabanda  dəfn  edilib.Subay idi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  İsmayılov  Emin  Tahir  oğlu  torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

 Unikal.- 2021.- 22 may.- S.19.