“Ögey ana”da Qəmər xala - İsmayılın

nənəsi: Həqiqət Rzayeva kim idi?

 

Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər. Bu baxımdan Azərbaycan filmlərində kifayət qədər yaddaqalan obrazlar var.

Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri, Xalq artisti  Həqiqət Rzayevadır. Tamaşaçılar onu məşhur “Ögey ana” filminəki Qəmər xala obrazından tanıyırlar.

Bu gün - 20 may onun doğum tarixidir...

Modern.az saytı mərhum sənətkarın həyat hekayəsini oxuculara təqdim edir...

Arayış: Həqiqət Rzayeva 20 may 1907-ci ildə Lənkəranın Darquba kəndində anadan olub. 1917-ci ildən o, Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə opera və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış olur.

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" - Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. Lakin bu filmlərə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin, çox istedadlı bir kino aktrisası olduğunu da görürük. Onun xüsusilə "Ögey ana" filmində balaca İsmayılın nənəsi - Qəmər xala obrazını vurğulamaq lazımdır. Həqiqət xanım bu rolu o qədər təbii oynayıb ki, yəqin ki, Qəmər xalanı ondan başqa heç kəs belə canlandıra bilməzdi.

 

Uşaqlığı məhrumiyyətlər içərisində keçən aktrisa...

 

Onun əsil adı Süsən, soyadı Əliyeva idi, Həqiqət adını isə sonradan götürmüşdü. Xalq artisti heç zaman uşaqlığından danışmazdı. Məğrur görünüşlü bu xanım  yəqin, kövrələcəyindən qorxurdu... Ömrünün başlanğıcında həyat üzünə gülməmişdi. Həqiqət Rzayevanın uşaqlığı məhrumiyyətlər içərisində keçib. O, körpə ikən atası Əli kişi vəfat edib. Gur, məlahətli səsi, gözəl avazı ilə bütün Lənkəranda həvəskar xanəndə kimi tanınan Əli Əliyevdən bu dünyada 3 övlad yadigarı qaldı. Onun sağlığında kasıb yaşayan ailəsinin vəziyyəti ailə başçısının vəfatından sonra daha da ağırlaşdı. Üç uşaq - iki oğlan və bir qız anaları Zinyət xanımın ümidinə qaldı. Ana dərzilik etməklə balalarını güclə dolandırırdı. Bir müddət sonra Zinyət xanım Kərim adlı bir kişi ilə ailə qurdu. Bu evlilikdən Əntiqə adlı qızları olub. Ailələri bir az da böyüdü.

Dolanışıqları gündən-günə çətinləşirdi. Ailə  baş götürüb Bakıya gəldi, burada yaşadılar. 1918-ci ildə yenidən Lənkərana qayıtdılar. O zaman Həqiqət Rzayevanın 11  yaşı var idi. Məktəbə getmirdi. Lənkərana döndükləri bir il olardı, xəbər yayıldı ki, lənkəranlı Teymur bəy Bayraməlibəyovun qızı Məryəm xanım evində məktəb açır. Lənkəranı ev-ev dolaşan Məryəm xanım qızlarını məktəbə oxumağa göndərmək üçün anaları dilə tuturdu. Zinyət qonşu qadınlarla məslətləşdi, razılığa gəldilər ki, qızlarını Məryəm Bayraməlibəyovanın məktəbinə göndərsinlər.

1920-ci ildə Azərbaycanda qurulan Sovet hakimiyyəti Məryəm Bayraməlibəyovanın məktəbi üçün yeni bina verdi. Həmin məktəbi 1923-cü ildə başa vuran Həqiqət Rzayeva Lənkəran Maarif Şöbəsinin göndərişi ilə Bakıya, darülmüəllimatda oxumağa gəldi. Darülmüəllimatı 1926-cı ildə bitirib, müəllimlik diplomu aldı. Lakin gözəl səsi onun həyatını fərqli istiqamətə yönləndirdi. Onun ürəyəyatımlı ifasından təsirlənən lənkəranlı tamaşaçılar: "Atası Əliyə çəkib, onun da belə gözəl səsi var idi", - deyirdilər.

O, darülmüəllimatı bitirən il Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurası və Mədən İşçiləri Həmkarlar İttifaqi tərəfindən "Damğa" Teatrı təşkil olundu. Əli Bayramov adına qadınlar klubunun səhnəsindəki uğurlu çıxışından xəbər tutan "Damğa"nın rəhbərləri bir-iki qızla bərabər onu da bu teatra dəvət etdilər.

Səhnəyə çıxdığından ailəsi hələ xəbərsiz idi. Elə bilirdilər gecə kursunda dərs deyir. Həqiqət anasından, atalığından, özündən yaşca böyük qardaşlarından çəkinir, hər gün evdən çadrayla çıxırdı. Teatra çatanda isə çadranı başından açaraq içəri girir, məşqlərdə, tamaşalarda iştirak edirdi.

 

Bər-bəzəksiz, uzun paltarlı qadın....

 

Həqiqət Rzayeva 1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə qurdu. 1928-ci ildə ilk övladları Həsən, 1930-cu ildə oğlanları Azər, ondan on il sonra isə qızları Sədaqət dünyaya gəldi.

Sədaqət Rzayeva anası haqqında xatirələrində qeyd edib ki, Həqiqət Rzayeva çox qayğıkeş, mehriban ana, gözəl həyat yoldaşı, evdarlıq qabiliyyətinə malik və ən əsası böyük insani keyfiyyətləri olan xanım idi:

 “Elə bir iş yox idi ki, mənim anam onun öhdəsindən gələ bilməsin. Yadımdadır ki, bizə qohumlarımız gələrdilər. Kimin nə problemi, nə dərdi olsaydı, mütləq anamdan məsləhət alardılar. Həqiqət xanım da canla-başla onlara kömək edərdi. Bundan  əlavə o, həyatda çox sadə biri idi. Aktrisa olmağına baxmayaraq bəzək-düzək sevməzdi. Səhnəyə sadə, qara məxmər, uzun paltarda çıxardı. Bəzək əşyalarından ancaq qolunda saat olardı. Mən həmişə ondan soruşardım ki, nə üçün başqa aktrisalar kimi bəzək-düzək əşyaları, qızıl-brilliant taxmır. O hər zaman “Mənim briliantlarım mənim balalarımdı” deyərdi”.

Rejissor Hüseyn Rzayev hər zaman hər yerdə həyat yoldaşı Həqiqət xanıma dəstək olub, onu müşayiət edib.

Həqiqət Rzayevanın qızı Sədaqət xanımın xatirələrindəndən:

“Atamla anam bir-birini çox gözəl başa düşürdülər, mehriban idilər. Bizim ailədə uşaqların tərbiyəsi, ailənin möhkəmliyi- bunların hamısı anamın çiyinlərində idi. Baxmayaraq ki, onun vaxtı çox az olurdu, lakin bizim tərbiyəmizlə ancaq anam məşğul olub.

Ailənin kiçiyi olduğumdan atamla anam qastrol səfərlərinə gedəndə həmişə məni də özləri ilə aparardılar. Anamın səhnə çıxışlarına əsasən səhnə arxasında qulaq asardım. Bir dəfə anam hansısa rayonda açıq səhnədə çıxış edirdi. Birdən görür ki, səhnədə bir əqrəb onun ayağına tərəf sürünür. Onu müşayiət edən musiqiçilər  özlərini  itirirlər. Ancaq anam  onların əksinə gülümsəyərək oxuyur və ayağının bütün ağırlığını əqrəbin üzərinə qoyur, bununla da konserti  başa vurur. O, çox cürətli, cəsarətli, mərd qadın idi. Bizim Buzovnada bir bağımız var idi. Orda anamın ilan öldürməyinin şahidi olmuşam”.

 

"Bax, budur aktrisa!"

 

1939-cu ildə Moskvada Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyü keçirildi. "Arşın mal alan" operası da göstərildi. Tamaşada belə bir səssiz səhnə var: Telli sənhəyə çıxır, paltarının geniş ətəyini bir tərəfdən belinə keçirib. Suyu çox çətinliklə səhəngə doldurub yavaş-yavaş səhnəni tərk edir. Moskvanın tanınmış tənqidçiləri, sənət adamları "Arşın mal alan"dan yazanda bu səhnəni xüsusi qeyd ediblər.

Sonralar Üzeyir Hacıbəyli Həqiqət Rzayevaya danışıb ki, "Arşın mal alan"da Tellinin lal səhnəsinə baxan Sovet hökumətinin rəhbəri Stalin də deyib: "Bax, budur aktrisa!".

Həqiqət xanım vətənpərvər qadın idi. Böyük Vətən Müharibəsində konsert briqadası ilə ön cəbhəyə gedərək əsgərlər qarşısında çıxışlar edib. O, müharibə illərində tank alınması üçün fonda pul da vermişdi. Qəzetdə çıxış edib digər sənət yoldaşlarını da onun kimi olmağa çağırmışdı...

 

Səhnəmizin Qəmər xalası....

 

1953-cü ildə Həqiqət Rzayeva sənətdən getməyə qərar verdi. Opera Teatrının direktoru Məhərrəm Haşımov "Həqiqət xanım, bəlkə keçib ikinci partiyaları, Leylinin anasını, Məcnunun anasını oynayasınız" deyəndə onun cavabı belə oldu: "Yox, mən özüm səhnədən gedirəm". Və işdən getmək barədə ərizə verir.

Oğlu Azər Rzayevin xatirələrindən: "Yəqin, başa düşürdü ki, bu yaşda səhnənin nə Ərəbzəngisi ola bilər, nə Əslisi, nə də Leylisi. İstəmədi ki, məcnunu olduğu teatrda ona "get, get, sən o Leyli deyilsən" desinlər. Əslində, o, Leylinin anasını, Məcnunun anasını oynamışdı. Ancaq onda səhnəyə yeni gəlmişdi, təcrübəsi, şöhrəti yox idi”.

Həqiqət Rzayeva böyük, əzəmətli rollardan sonra kiçik rollara qayıtmazdı. Səhnədən getməyə razı olardı, buna yox. Belə də etdi. Opera Teatrından gedəndən sonra konsert fəaliyyətinə başladı.

Ömrünün son bir neçə ilini Opera Teatrında müəllim-konsultant işlədi. Bura işə dəvət etmişdilər. O da bildiklərini məmnuniyyətlə gənclərə öyrədirdi. Asəf Zeynallı adına Musiqi Məktəbində də dərs dedi. Rübabə Muradova, İslam Rzayev və başqa istedadlı tələbələri oldu.

Həqiqət Rzayevanın aktrisalıq istedadı həm də Azərbaycanın kino sənətini zənginləşdirdi. 1958-ci ildə "Ögey ana" filminə çəkildi. Bu, kinoda ilk rolu deyildi. Azərbaycanda çəkilən səssiz filmlərdə Həqiqət Rzayeva da iştirak etmişdi. Sonralar davamlı olmasa da, kino sahəsində fəaliyyətini davam etdirib.

"Ögey ana" filminə onu rejissor Həbib İsmayılov dəvət etdi. Həmin filmdəki Qəmər xala Həqiqət Rzayevanın kino sənətində ən məşhur rolu oldu. Oğlu Azər Rzayev xatirələrində yazır ki, istedad öz yerində, amma Qəmər xala rolunun bu qədər uğurlu alınmasının bir səbəbi də vardı: Qəmər xala surəti xasiyyətindəki bütün sərtliyi, mülayimliyi ilə sanki Həqiqət Rzayevanın özüydü. O da son dərəcədə ötkəm, ciddi, mərd qadınıydı. Eyni zamanda övladlarını, nəvələrini çox sevən, onların yolunda hər bir fədakarlığa hazır olan yumşaq, nəcib ürəyi var idi.

1966-cı ildə vəfalı həyat yoldaşı Hüseyn Rzayev 60 yaşına çatmamış vəfat etdi. Üç il sonra ölüm Həqiqət Rzayevanı da haqladı. O, kor bağırsağından əməliyyat olunandan sonra cəmi 3 gün yaşaya bildi. Təəssüf ki, aktrisa zamanında müraciət etmədiyi üçün həkimlər ona kömək edə bilmədilər və 1969-cu il avqustun 2-də Həqiqət Rzayeva vəfat etdi....

 

Unikal.- 2021.- 22 may.- S.21.