18 il atasından xəbər
tutmayan "HÖKMDAR":
Bir dahi barədə
bir neçə kəlmə
“Yadımdadı,
atam 37-ci ilin 29 sentyabrında həbs edildi. 9 yaşım vardı onda. O, Laçın
rayonunun birinci katibi idi. 1938-ci ilin 4 iyununda isə “troyka”nın
qərarıyla onu güllələdilər. Biz onun
güllələnməsindən bir də 18 il sonra,
56-cı ildə xəbər
tutduq. Ona bəraət veriləndə”.
Tahir Salahovun
müsahibəsindəndi. SSRİ xalq rəssamı, bir çoxlarının “rənglər hökmdarı”
adlandırdığı dahinin. O dahi ki dünən 92 yaşında Almaniyada dünyasını dəyişdi.
Bacısı deyir ki, iki gün əvvəl
aparılmışdı Almaniyaya,
Moskvadan.
Hə, uzun illərdi ki, Moskvada yaşayırdı. 70 il əvvəl köçmüşdü sovetlərin
paytaxtına. 1950-ci ildə
Əzim Əzimzadə
adına Bakı Rəssamlıq Məktəbini bitirəndən
sonra, nəinki keçmiş SSRİ-nin,
dünyanın ən böyük incəsənət
məktəblərindən olan Moskva Dövlət
Rəssamlıq İnstitutuna
daxil olmuşdu. Və bununla da həyatı
Rusiyaya bağlanmışdı.
Amma həm özü, həm də yaradıcılığı
birmənalı Azərbaycana
bağlıydı...
Tahir Salahov 1928-ci il
noyabr ayının
29-da Bakıda anadan olub. Yuxarıda qeyd etdiyimiz kimi, atası Teymur Salahov həbs olunub güllələndikdən sonra
evdar qadın olan anası Sona xanım beş uşaqla
tək qalmışdı.
Böyük qardaşı Sabirin
11, ortancıl qardaşı
Mahirin 10, özünün
9, kiçik bacısı
Zərifənin 5 yaşı
vardı. Körpə Leyla
isə cəmi 2 aylıq idi.
1945-ci ildə Bakıda
orta məktəbi bitirir. Əvvəl Əzimzadəyə daxil olur, oradan
isə Surikova yollanır. 27 yaşında “Dalğa” və “Estakada”" adlı ilk əsərlərini
çəkir. 1957-ci ildə diplom işi olan Bakı
neftçilərinin həyatından
bəhs edən “Növbədən qayıdanda”
tablosu ona böyük şöhrət
gətirir.
"Növbədən
qayıdanda"
Salahovun əsərlərində Bakı,
Abşeron, qəhrəman
neftçilərinin həyatı
qırmızı xətlə
keçir desək, yanılmarıq. Onun “Təmirçilər”, “Xəzər
üzərində”, “Abşeron
qadınları”,
“Nardaran kəndi”
, “Dənizdə buruqlar”, “Xəzərdə
qayalar”, “Xəzərdə axşam”,
“Mərdəkan qalası”,
“Nardaranda küçə”
, “Xəzərdə sahil” əsərləri
bu qəbildəndi. Sonradan Salahov öz xatirələrində
yazacaqdı: “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni
yataqxanada qalmışam.
Məhz əməksevən obrazlarımı
da elə orada tapmışam”.
Onun haqqında bir dəfə belə demişdilər: “Görkəmli
Azərbaycan rəssamı,
qüdrətli fırça
ustası kimi Tahir Salahovu bütün dünya tanıyır. Deməli, Tahir Salahovun
sənəti vasitəsilə
beynəlxalq aləm həm də Azərbaycanı bir daha tanımaq imkanı qazanır”.
Mövzusundan, üslubundan, yanaşma tərzindən asılı
olmayaraq, Tahir Salahovun əsərlərinin
əksəriyyətində bir parça, bir ovuc, bir
cizgi Abşeron rəngi, ovqatı mövcuddur. Rəssamın yaradıcılığında
“Sənə, bəşəriyyət!”
tablosu xüsusi yer tutur.
"Sənə bəşəriyyət"
Təsəvvür edin, bu əsər
ilk dəfə 12 aprel
1961-ci ildə Bakıda
təşkil edilmiş
sərgisində nümayiş
etdirilir. Həmin gün isə
ilk insanın, Yuri Qaqarinin
kosmosa uçduğu gün idi. Sonradan Salahov deyəcəkdi: “1959-cu ildə,
insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən
həmin eskizi kətan üzərinə
köçürdüm və
məhz Yuri Qaqarin kosmosa uçan gün bu işi
sərgidə nümayiş
etdirdim”.
Tahir Salahov əvvəl SSRİ
məkanında və
Azərbaycanda, sonra isə Qərbdə və dünyada “sərt stilin” yaradıcısı
hesab olunur. Mütəxəssislərin qənaətinə görə, Tahir Salahovun tənqidi realist rəssam olduğunu qeyri-rəsmi şəkildə
olsa da, mütləq əksəriyyət
həmişə qəbul
edib. Görkəmli sovet rəssamlarından
Pavel Nikonov, Viktor İvanov, Qeliy Korjev və başqaları da sərt üslubda orijinal rəsm əsərləri çəkiblər.
Amma bütövlükdə rəssamlıqda
İttifaq miqyasında
sərt realizm sənət məktəbini
yaratmaq Tahir Salahova məxsus mühüm xidmətdir.
“O inanılmaz rəssam, görkəmli pedaqoq, çox gözəl oğuldur. Mən onun öz doğmalarına münasibətini,
yanaşmasını görmüşəm.
Öz anasına, mənim anama, qızlarına, nəvələrinə, mənə.
İstənilən adam ondan bir xahiş eləsə, o heç vaxt həmin adamı qırmaz, çalışar ki, ona kömək etsin. O, çox gözəl yemək hazırlamağı bacarır.
Şəxsən mənə bu
işi Tahir öyrədib. Ümumiyyətlə, mən ondan çox şey öyrənmişəm. O mənim üçün təkcə dost, sevimli həyat yoldaşı deyil, həm də müəllimdir”. Həyat yoldaşı Varvara Salahova deyir bu sözləri.
Sənətinə dövlət qayğısı
göstərilən böyük
sənətkar saysız-hesabsız
mükafatlara sahibdir. O, Sovet İttifaqının ən
yüksək təltifləri
və ordenlərinə
layiq görülüb,
Sosialist Əməyi Qəhrəmanı adını
alıb. Rusiyanın
"Vətən qarşısında
xidmətlərinə görə"
ikinci və üçüncü dərəcəli
ordeninə, müstəqil
Azərbaycanın ali mükafatı olan “İstiqlal”və “Heydər
Əliyev” ordenlərinə,
Bolqarıstan, Polşa,
Monqolustan və başqa ölkələrin
təltiflərinə, müxtəlif
medallarına və mükafatlarına sahibdi. 2015-ci ildə Azərbaycan
mədəniyyətinin inkişafında
müstəsna xidmətlərinə
və dünya təsviri sənət xəzinəsinə layiqli
töhfələrinə görə,
“Heydər Əliyev” mükafatına layiq görülüb.
Tahir Salahov neçə il idi ki, ürəyindən müalicə olunurdu. Bu məqsədlə ildə iki dəfə
Almaniyaya gedirdi. Bu, son gediş oldu.
Onun böyük ürəyi də məhz Almaniyada dayandı...
Səbuhi Məmmədli
Unikal.- 2021.- 28 may.- S.19.