Deyirdi ki, ata Polad şəhid oldusa
biz niyə qorxaq? – REPORTAJ
Qəhrəmanlar can verir, yurdu
yaşatmaq üçün… Polkovnik-leytenant Ruslan
Tağıyevdə də hər kəsdən və hər
şeydən çox sevdiyi Vətəni uğrunda
canını fəda etdi.
Tağıyev
Ruslan Fuad oğlu 1982-ci ilin iyunun 12-də İsmayıllı
rayon Qubaxəlilli kəndində doğulub. İlk təhsilini
İsmayıllı rayon 3 saylı orta məktəbdə
alıb. Uşaqlıqdan milli ruhda, vətənpərvərlik
əhval ruhiyyəsində böyüyən Ruslanın ən
böyük arzusu hərbiçi olmaq olub. Hələ məktəbdə
oxuduğu illərdə hərbi oyunlara tez-tez qatılar və
hər zamanda qalib gəlib birinci olmaq arzusu ilə
yarışardı.
Atası
Fuad Tağıyev deyir ki, Ruslan sərrast atış üzrə
məktəblilər arasında 3-cü yer tutduğu gündən
artıq qəti qərarını verdi. “Hərbiçi
olacağam”. Valideynləri onun bu fikrindən
daşındırmağa çalışsalarda Ruslan
inadından dönmədi. Heydər Əliyev adına Ali Hərbi
Məktəbə daxil olan sıravi kursant 2004-2012-ci illərdə
Naxçıvanda qulluq edir, 2012 – 2014-cü illərdə
Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici,
2014-2017-də Şəmkirdə N saylı hərbi hissədə,
2017-2020-ci illərdə isə Nazirliyin birinci idarəsinin
birinci şöbəsinin baş zabiti olaraq vətənə
xidmət edib. 2019-cu ilin fevral və iyul aylarında isə
Ruslan Tağıyev təhsilini Çinin Pekin şəhərində
davam etdirir: “Poladın ölümü ona o qədər pis təsir
eləmişdi ki, ruhsuz vəziyyətdə dinməz, söyləməz
elə ortada gəzirdi. O, Poladın dəfninə gəldi onu
çiynində yola saldı. Onlar həm də dost idi,
qonşu qalırdılar orda. Deyirdi ki, ata elə oğul şəhid
oldusa biz niyə Vətən yolunda şəhid olmaqdan qorxaq.
İndi də müharibə edib torpağımızı
almasaq biz başı aşağı necə gəzə bilərik.
O, torpaqlar bizi gözləyir”.
Vətənimizin
müstəqilliyi, torpaqlarımızın azad olunması naminə
ölümü gözə alan Ruslan ailəsi ilə bir
neçə saatlıq son görüşündə “məndən
nigaran olmayın, mən ya qalib gələcəm, ya şəhid
olacam, şəhid verməyən xalqın mənliyi olmaz.
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” deyərək
vidalaşıb: “Gəldi həyətdə maşının
yanında anası ilə görüşdü, maması
ağladı, amma onun səsində bir əzm var idi ki, hər
dəfə deyirdi biz qalib gələcəyik. Heç vaxt səsində
bir kövrəklik hiss eləmədim. O, hazırlaşıb gəlmişdi
vidalaşmağa. Mənimlə görüşəndə mən
də kövrəldim, dedim, bala özünü qoru, dedi, ata,
hər an hər şey ola bilər. Ona görə
hazırlıqlı olun”.
Anası
Lətifə Tağıyevanın sözlərinə görə,
Ruslan hər zaman onları şəhidlik xəbərinə
hazırlayıb: “Atasına demişdi ki, ata, bu müharibəni
siz udmalı idiniz, sizin uda bilmədiyiniz müharibəni biz
udacağıq və gələcək balalarımıza
qoymayacağıq qalsın. Deyəndə ki, orda ehtiyatlı
ol, deyirdi bu müharibədir, özü də ən
qızğın müharibə. Hər zaman şəhidlik xəbərim
gələ bilər”.
Cəsur
polkovnik-leytenantın son döyüş yolu Laçın
rayonunun Xanalılar kəndi uğrunda olur. Döyüş
yoldaşlarının xatirəsində Ruslan ölümün
gözünə dik baxan, cəsurluğu ilə əsgərlərinə
nümunə olan kəşfiyyatçı kimi qalıb:
“Yoldaşları bizə gələndə
danışırdılar ki, döyüşə gedəndə
qarşıda gedən özü olurdu. Əsgərləri də
onun arxasınca irəliləyirdi. Elə son
döyüşü Xanalılarda da Ruslan üç istiqamətdən
ən çətin yeri özünə götürərək
dərədə döyüşüb. Deyirlər güllə
başlarına yağsa da dayanmırdılar. Düşmənin
atdığı pulemyot qəlpəsi düz ürəyinə
dəyib. Döyüş yoldaşı Babək deyir ki, həmin
döyüşdə məni snayper vurdu, yaralandım. Onda
gördüm ki, Ruslanı da vurublar. Əvvəl şəhid
olduğunu bilmədim. Çağırdım gördüm
üzündə bir təbəssüm var. İnanmadım
şəhid olduğuna. Sonra gözlərinə baxdım,
gördüm, yox, həqiqətən şəhid olub. Onu
ayağından çəkib qayalığa gətirdik ki, nəşini
xilas edə bilək, orda qalmasın qəhrəmanımız”.
Həyat
yoldaşı Günay Tağıyeva deyir ki, Ruslan işdən
vaxt tapıb evə gələndə ilk işi
uşaqlarının təhsili ilə maraqlanmaq olurdu. Ən
böyük arzusu övladlarını Vətənə və
cəmiyyətə yararlı şəxsiyyət kimi
böyütmək idi: “Hər arzuları uşaqlarla
bağlı idi. Vaxt tapan kimi evə gələndə
uşaqlarla oynayar, onları gəzməyə aparardı,
özü təbiəti sevirdi deyə uşaqları da
rayonlarda təbiətdə gəzdirirdi”.
Ruslanın keçdiyi döyüş yolundan fəxrlə danışan atası deyir ki, Ruslanın həmkar dostları hər zaman onun nizam-intizamından danışardılar. İndi Ruslandan qalan xatirə cəbhədən gələn əşyaları və hamıdan gizli saxladığı, sirlərini bölüşdüyü, atasına əmanət etdiyi gündəliyidir: “Son dəfə ayrılanda maşından bir dəftərçə çıxardı verdi ki, ata, bunu saxla, mən olmayanda oxuyarsan. Mən də heç baxmadım içinə qoydum evə. O, şəhid olandan sonra baxdım gördüm ki, içində döyüş günlərindən xatirələrini yazıb. Gələcək arzuları, şəhid olan döyüş yoldaşlarının xatirələri, müəyyən hərbi qeydlər var o, dəftərdə”.
Xanımının sözlərinə görə, övladları Ruslanla qürur duyurlar: “Bəlkə də başqa cür rəhmətə getsəydi, uşaqlar bu qədər olğunluqla qarşılamazdı onun ölümünü. Atalarının ucaldığı zirvənin, şərəfin əslində aliliyini dərk edirlər. Ona görə səbirlə qarşıladılar. Mən bəzən ağlayanda mənə təskinlik verirlər. Onlar daha məğrur dayandılar. Həmişə də deyirlər ki, bizim atamız şəhid olduğuna görə biz atamızdan ayrı qaldıq”.
Ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif olunub qəhrəman kəşfiyyatçımız. Bu gün II Fəxri Xiyabanda olan məzarı təkcə yaxınlarının deyil, həmdə bütün Azərbaycanın ziyarətgah yeridir.
Unikal.- 2021.- 8 yanvar.- S.19.