Tofiq Quliyev öz oğlu ilə işləməkdən
niyə
imtina etdi? - "Babək" filminin pərdəarxası
Bu
ekran əsərində görkəmli sərkərdə,
siyasi xadim, Xürrəmilərin azadlıq hərəkatına
başçılıq edən Babəkin bioqrafiyasının
əhəmiyyətli hissəsi-əsasən ərəb
işğalçılarına qarşı mübarizəsi təsvir
olunur. 1979-cu ildə lentə alınan filmdə ictimai-siyasi-mədəni mühitin təsvirindən
başqa, daxildə gedən siyasi mübarizələr də əksini
tapıb.
"Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə istehsalı olan “Babək” milli kinomuzun ən yaxşı tarixi filmidir. Əslində Azərbaycan kinematorafiyasında tarixi kinonun ənənəsi güclü və zəngin deyil. İstər sovet, istər müstəqillik dönəmində çəkilən tarixi-bioqrafik filmlərin əksəri bədii-estetik, özəlliklə dramaturji, ssenari, elə rejissor işi baxımından da uğursuzdur. Çox təəəssüf ki, müstəqillik qazandığımız dönəmdə “Babək” kimi irimiqyaslı, uğurlu film çəkilmədi.
Yeri gəlmişkən, “Babək”
kinomuzun ən bahalı filmi, müasir dillə desək,
blokbasterdir. Ümumi
büdcəsi 1 milyon 650 min rubl olan filmə Moskva 650 min,
Bakı 1 milyon rubl ayırmışdı. Və birinci
kateqoriya alan “Babək”ə bir il ərzində 35 milyon
tamaşaçısı baxıb, üstəlik, o, 60-a
yaxın
ölkə tərəfindən
alınıb.
Filmin vizual üslubunda poetik təsvirlər,
dialoqlarında pafos üstünlük təşkil edir. Lakin bütün
situasiyalarda- istər siyasi müzakirə və
döyüş səhnələrində, istər sevgi
münasibətlərinin, istərsə də ata-oğul
konfiktinin təsviri zamanı qəhrəmanlıq və
dramatik pafos filmin strukturunda təbii şəkildə əriyir
və bu zaman pafos saxtalıq kimi yox, personajların gündəlik
nitqinin, həyatının zəruri parçası kimi meydana
çıxır.
Heç şübhəsiz ki, qaldırdığı
problemlərə görə “Babək” bütün dövrlərimizlə
səsləşir. Amma əlbəttə ki, məsələ
təkcə filmin mərkəzində dayanan problemlərdə
deyil. Ona qalsa, müstəqillik dövrümüzdə
lentə alınan, “Cavad xan”ın, “Hökmdarın taleyi”nin də ideya problematikası müasir
tariximizin gerçəklilkləri baxımından
aktualdır. Ancaq adı çəkilən ekran
işlərinin bədii keyfiyyəti aşağıdır.
Bu filmlərdəki aktyor oyunlarının
(xüsusən də baş rolların ifaçıları
Nurəddin Mehdixanlını, Fəxrəddin Manafovu nəzərdə
tuturam) keyfiyyətindən isə danışmağa dəyməz.
Əgər biz real Babəki Rasim Balayevin parlaq
(sözün həqiqi mənasında) ifasındakı Babəklə
eyni səviyyədə qəbul ediriksə, bu sözləri
Cavad xanın, İbrahimxəlil xanın ifaçıları
haqda demək olmaz.
“Babək” filmində daha önəmli məsələ
Eldar Quliyevin, operator Rasim İsmayılovun hekayənin adekvat
ekran həllini, ifadə vasitələrini, estetikasını
tapmasıdır. Bundan başqa ssenari (Ənvər Məmmədxanlı)
də yığcam, səliqəli işlənib. Babəkin siyasi mübarizəsi ilə yanaşı
digər paralel xəttlər-onun qadınlarla münasibəti,
oğlu ilə münaqişəsi, idarəçilik
bacarığı əsas xəttlə bütünləşir.
Vacib bir məqamı qeyd edim ki, “Babək” filmini
Həsən Seyidbəyli çəkməliydi. Kino tədiqiqatçısı
Nəriman Əbdürrəhmanlının sözlərinə
görə, Həsən Seyidbəylinin “Babək” filmindən
imtinasının səbəblərindən biri ssenarist Ənvər
Məmmədxanlı ilə arasındakı fikir
ayrılığı olub, bundan başqa Mərkəzi Komitənin
mədəniyyət şöbəsinin müdiri Azad Şərifov
da imkan verməyib ki, Seyidbəyli ssenarinin strukturunu dəyişsin:
“Həsən müəllim öz konsepsiyasını
qoymağa, ssenarini dəyişdirməyə
çalışıb. Ənvər Məmmədxanlının
ssenarisi əslində tarixi faktlara söykənmirdi. Seyidbəyli Ziya Bünyadovu film istehsalata
buraxılanda məsləhətçi kimi dəvət
etmişdi. Ziya Bünyaov müsahibələrində
deyir ki, mən çox çalışdım ki, ssenari
müəyyən ərəb mənbələrinə söykənməsin,
çünki onları çox saxtalaşdırıblar.
İkinci konflikt filmə hazırlıq mərhələsində
maliyyə yeyintisi ilə bağlı olmuşdu və Seyidbəyli
buna etiraz etmişdi”.
Nəticədə Seyidbəyli filmdən imtina edib. Bir müddət
filmə rejissor tapılmayıb. Kinostudiyanın
sədri Cəmil Əlibəyov onu bir neçə rejissora təklif
etsə də, razılaşmayıblar. Kinostudiya
rejissor üçün Moskvaya müraciət edib. Ordan isə Eldar Quliyevə həvalə etməyi məsləhət
görüblər. Eldar Quliyev öncə,
“Babək”in onun mövzusu olmadığını desə də,
sonradan çəkməyə razılaşıb. Və
o vaxt xəstəxanda müalicə alan
Seyidbəyli ilə məsləhətləşərək
onun xeyir duasını alıb. Rejissorun
atası, bəstəkar Tofiq Quliyev buna görə “Babək”də
oğlu ilə işləməkdən imtina edir. Çünki o, Seyidbəylinin əksər filmlərində
onunla əməkdaşlıq etmişdi. Və
Seyidbəylinin imtinasından sonra “Babək” də bəstəkar
qismində çalışmağı etik saymır.
Rejissor
Ziya Şıxlinskinin sözlərinə görə, Seyidbəyli
ssenaridə ilk epizodu dahiyanə işləmişdi: “İlk səhnə
Babəkin uşaqlığından başlayır, zədrüştlüklə
bağlı bayram keçirilir. Onda nə islam,
nə xristianlıq dini qəbul edilmişdi. Bu
zaman ərəblər hücuma keçərək vəhşilik
törədir və Babək baş verən qəddarlıqların
şahidi olur. Yəni ondan sonra o, Babək
olur”.
Bu mənada “Babək” filmində müəyyən
dramaturji boşluqlar olsa da, yəni Babəkin mübarizəsinin
səbəbi yetərincə əsaslandırılmasa da (yeri gəlmişkən,
Pərvinlə Babəkin ilk tanışlıq epizodları
çəkilsə də, xoronometrajın uzunluğu səbəbində
ixtisara salınıb. Və Pərvinin sonrakı səhnələrdə
Babəklə həmin tanlşlıq epizodunu
xatırlatması da əhvalatda müəyyən
anlaşılmazlıq yaradır), bütün hallarda film kino
tariximizdə layiqli yeri tutur və tamaşaçı onu
sevir.
Sözsüz ki, “Babək” hər şeydən əvvəl
ideya filmidir. İdeyalılıq filmin hər epizodunda əksini
tapır. Təsadüfi deyil ki, filmdə səslənən
çox fikirlər aforizmə çevrilib: “Lakin sən
analamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il
boyunduruq altında sürünməkdən daha
üstündür. Azadlıq verilmir,
alınır, qan bahasına, qurban bahasına. Qorxaq yüz dəfə ölür igid bir dəfə.”
Vurğulanan məsələlərdən biri ölkədaxili
daxili konflikt səbəbindən milli birliyin
alınmamasıdır. Cavidanın (Şahmar Ələkbərov) Əbu
İmranla (Yaşar Məmmədov) düşmən münasibətini
Babək yoluna qoymağa, onları milli birliyə
çağırsa da buna nail ola bilmir.
Onların təkbətək döyüşün xarakteri və
bir-birini qətlindən sonra, meyitlərin mizanı ilə
müəllif aktual mesaj verir: hakimiyyət uğrunda
ambisiyalardan, lazımi məqamda güzəştə getməməkdən
heç kəs fayda götürmür və bu mübarizədə
qalib tərəf yoxdur.
Emosional və
məzmunca güclü, təsirli səhnələr, dialoqlar
təkcə peşəkar akyor oyununun yox, eyni zamanda dəqiq
seçilmiş planlar, rakurslar, montaj həlli, mənalı
pauzalar, rəssam işi (Mayis Ağabəyov) və s. sayəsində
baş tutur. Babəki sevən iki qadının
ilk tanışlıq səhnəsində Babəklə Zərnisənin
(Amaliya Pənahova) lakonik dialoqu, effektiv, dolğun portret
planları, psixoloji mizanlar sevgi üçbucağının
mahiyyətini dəqiq xarakterizə edir. Belə
epziodlardan biri də ata ilə oğul Buğday (Məmməd
Verdiyev) arasındakı münasibətin təsviridir. Ata-oğul konflikti tədricən sərkərdə-döyüşçü
müstəvisinə keçir.
Filmin əsas ağırlıq mərkəzi
sözsüz ki, Babək rolunun ifaçısı Rasim
Balayevin öhdəsinə düşür. Rasim Balayevlə
“Nəsimi” filmində işləyən Seyidbəyli onu “Babək”ə
baş rola təsdiq edir. Bəziləri “Nəsimi”dən
sonra rejissorun bu addımı risk kimi qəbul edir. Lakin Eldar Qulyevin də onun seçimini dəyişməməsi,
alınan nəticə Seyidbəylinin rejissor
intuisiyasının dəqiqliyini və aktyor seçimindəki
peşəkarlığını göstərir.
Rasim
Balayevin qəhərmana, cəngavərə xas xarizması,
duruşu, ikinci plandakı mükəmməl oyunu, çətin
psixoloji vəziyyətlərdə sükutuyla, bədən
diliylə təmkinli ifası, gözləri ilə
danışması, səsinin, intonasiyasını
gücü, soyuqqanlı və emosional vurğuları
doğru zamanlaya bilməsi oyununun uğurunu təmin edir.
Fikrimi arqumentləşirmək üçün iki
epizodu misal çəkmək istəyirəm. Yuxarıda
qeyd etdiyim bir epizodda oğluyla konfliktdə o, ata statusundan sərkərdə
kimliyinə orqanik keçdiyi kimi, oğlunun ölümünə
reaksiyası zamanı da sərkərdə statusundan ata kimliyinə
keçiddə hisslər ardıcllığını dəqiq
oynayır. Və ya qəddar, paranoik təbiətli
xəlifə Mötəsim (Hamlet Xanızadə) əsir Babəki
sındırmağa çalışdığı epizodda da
o, sadəcə təsvirin diliylə reaksiya verir.
Filmdə
ədalət və müabrizlik simvolu kimi təqdim olunan Babəkin
tədricən çöküşünü
görürük: dostlarının ölümünün, bəzi
silahdaşlarının xəyanəti, sevdiyi qadın tərəfindən
tərk edilməsi, oğluna olan məyusluq üzündən
dərinləşən kədəri, ağırısı. Lakin yenə də onun daxili müqaviməti
sarsılmır. Son epizodlardan birində həmişə
qələbəlik olan masanın arxasında Babəkin təkliyi
onun tənhalığının və məğlubiyyətinin
vizual şərhidir.
Əsgərləri
ilə Həmədana kömək məsələsi
müzakirə olunan səhnədə məkanın atomosferində,
kompozisiyada Leonardo da Vinçinin məşhur “Sonunu şam yeməyi”nin əsərinin estetikasında istinad olunur. Yeri gəlmişkən belə bir məkan atmosferi
ayrı-ayrı səhnələrdə də işlənir.
Milsaçün, Afşinin (Həsənağa
Turabov) ittifaq təklifini çatdıran elçinin Babəkin
nəhəng kölgəsi fonunda kiçilmiş
vücudü epizodu. Gah lirik, gah
döyüş ruhlu, gah folkor musiqisi (bəstəkar Polad
Bülbüloğlu) epizodları tamamlayır.
Sovet dönəmində çəkilən filmlərdə
açıq səhnələrə məhdudiyyətlər
vardı. Ona görə o dövr rejissorlalmızın filmlərində
erotizm eyhamlı, incə estetika ilə işlənir. “Babək” də istisna deyil. Və
erotizm təkcə Zərnisənin ehtiraslı
baxışlarında təcəssüm olunmur. Burda rəssam işi də önəmli yer tutur.
Qədim interyerdə qırmızı rəng
xüsusi vurğulanır, məkanda dekorlarla, onları dnüzümü
və rənglərlərə intimlik şəraiti
yaradılır.
Uğurlu epizodlardan biri Babəkin Pərvinlə (Tamara
Yandiyeva) sonradan qarşılaşması səhnəsidir. İbn Bəisin
(Səməndər Rzayev) düzənlədiyi məclisdə
şəhvətli fraqmentlərlə Pərvinlə Babəkin
baxışlarındakı dərin sevgi paralel verilir və bu
məzmun, vizual ziddyyətini ortaya qoyur.
Çəkilişlər Naxçıvandan başqa,
Ramana qalasında, kinostudiyanın pavilyonunda, Surxanıdakı
"Atəşgah" məbədində aparılıb. Bəzz
qalası çəkilişləri Naxçıvanla Culfa
arasında olan məkanda lentə alınıb. Bəzz qalası Mayis Ağabəyovun tərtib etdiyi
dekorasiya əsasında hazrılanmışdı.
Döyüş səhnələrinə
"Mosfilm"in "Kavaler polku"nun diviziyası, əsgərləri,
həmçinin Naxçıvan sərhəd
qoşunlarının əsgələri cəlb olunub. Azərbaycandan
başqa, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik
film üçün 1500 dəstdən artıq paltar tikib.
Babək roluna Aleksandr Abdulov, Həsənağa Turabov,
Mikayıl Mirzə sınaq çəkilişlərinə dəvət
olunsa da, nəticədə Rasim Balayevin üzərində
dayanılır. Seyidbəylinin qurluşunda isə Zərnisəni
Şəfiqə Məmmədova, Pərvini isə Həmidə
Ömərova oynamalıydı.
Unikal.- 2021.- 15
yanvar.- S.18.