“Düşmən bu dəfə onu ürəyindən
nişan alır...”
– Şəhid kapitan
necə tarixə düşdü?
Xəlilov Ruhin Müzəffər
oğlu. 1987-ci il martın 13-də Cəbrayıl rayonunun Məzrə
kəndində anadan olub. Xırdalan qəsəbəsində 1
saylı orta məktəbin məzunu olub. Bakı Asiya Universitetinin
hüquq fakültəsini bitirib. Ədliyyə Nazirliyinin
İcra Baş idarəsində məsləhətçi vəzifəsində
çalışıb. Birinci dərəcəli dövlət
qulluqçusu, ədliyyə kapitanı olub. İkinci
Qarabağ müharibəsi başlayan gün könüllü
olaraq Cəbrayıl rayon hərbi komissarlığına
müraciət edib.
Ruhin
Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun
azadlığı uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olub. İkinci fəxri
xiyabanda dəfn edilib.
Ruhin
Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə
ölümündən sonra “Vətən uğrunda” medalı
ilə təltif edilib.
Azərbaycan
Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov
tərəfindən “Fəxri Ədliyyə
İşçisi” adı verilib.
Ruhin
İkinci
Qarabağ müharibəsinin ən qaynar dönəmlərində
onun qəhrəmanlığı, keçdiyi şərəfli
ömür yolu ilə tanış olmağa nail oldum. Bir
neçə dəfə qarşıma onun haqqında
hazırlanmış yazıların hər birinin
başlığında eyni sözlər, ifadələr
işlənirdi: Rahat kabinetini səngərə dəyişən
şəhidimiz...
Ruhin
doğurdan da nəinki isti kabinetini, həmçinin on minlərlə
vətən oğlu kimi ailəsini, yerini, yurdunu soyuq səngərlərə,
yağışlı, qarlı ön cəbhəyə dəyişənlərdən
və bu yolda canından keçənlərdən oldu.
İkinci
Qarabağ müharibəsində şəhid olan Ədliyyə
kapitanı Ruhin Xəlilovun evinin yoluna nabələd
olduğumdan məni mənzil başına onun bacısı
Gülnar və həyat yoldaşı Qərib bəy
aparacaqdı. Maşına əyləşəndə
qarşı tərəfdə əyləşən Gülnar
sanki məni görməklə, onlara nə üçün
getdiyimi bilməklə unutmadığı ağrısı
yenidən ağrımağa, qor verməyə başladı.
Yolboyu
Ruhinin adını zikr etmədən yorulmayan bu qara örpəkli,
qara paltarlı qadın elə evə çatana qədər də,
məni evlərindən yolana salanacan “Ruhin, Ruhin” deyib kirimədi.
Ruhinin
yoxluğu ilə soyuyan mənzilində isə bizi
gözünün yaşını örpəyi ilə silən
anası, həyat yoldaşı, qızları, bir də dərddən
ağırlaşmış, saçları qar kimi
ağarmış, dərdin ağırlığından
çiyinləri balacalaşan, ancaq baş verənlərə
baxmayaraq qamətini dik tutmağa çalışan atası
gözləyirdi.
Otaqdakı
hər kəs qəmgin, susqun əyləşib nədən,
necə başlayacaqlarını düşünürdülər.
Mənimlə üz-üzə bəstəboylu, arıq,
qarayanız, boynubükük Gülnaz ana əyləşmişdi.
Ruhinin anası ...
-
Bizim bir qızımız, bir oğlumuz vardı. Ruhin çox
tərbiyəli, mərifətli oğul idi. Ruhinin altı
yaşı olanda Cəbrayıl işğal olundu. Gəldik
Bakıya. O, burada öz biliyi, savadı ilə oxuyub universitetə
girdi, oranı da yaxşı başa vurdu. Hər şeyi
öz qüvvəsi, savadı hesabına elədi. Ədliyyə
Nazirliyinə imtahan verdi, qəbul olundu. Altı ilə
yaxın Biləsuvarda işlədi, ailəsi də onunla birgə
orda yaşadı. Sonradan Bakıya təyin olundu. Mən Ruhinin
bir dəfə nə mənim, nə atasının
sözünü çevirdiyini görmədim, allah ona elə
gözəl xasiyyət vermişdi ki. Elə bil elə
özü üçün yaratmışdı, cavan yaşda
da götürüb apardı.
Şəhid nənə
Ruhinin
ata nənəsini Cəbrayıl işğal olunan ərəfədə
ermənilər öldürür. Nənəsinin şəhid
olma xəbəri altı yaşlı Ruhinin həmişəlik
hafizəsinə həkk olunur. Onun döyüşə, vətəni
qorumağa getməsində bu faktın da sözsüz ki, rolu
olub. Müzəffər bəy bu barədə danışmaqda
çətinlik çəksə də, sözlərini
göz yaşında islada-islada danışır:
-
1993-cü ildə rayonumuz işğal olunanda, biz rayondan
çıxanda ermənilər anamı öldürdülər.
Bu hadisə Ruhinin könlündə qaldı, iz buraxdı. O,
bu barədə heç kimə heç nə demirdi, amma hiss
edirdim ki, anamın ölümünün tarixini içində
saxlayır, bunun fikrini edir. Ona görə özü də
getdi, şəhid oldu (kövrəlir). Həmişə qohum-əqrəbadakı
uşaqlara deyirdi ki, tarix fənnini, tarixinizi yaxşı
öyrənin və bilin ki, nənəmizi kimlər
öldürüb, harda, necə şəhid olub. O, çox
oxuyan uşaq idi. Həmişə deyirdi ki, insan öləndə
də savadlı ölməlidi.
Ruhin
bacısı Gülnardan iki yaş balaca olsa da, ona əsl
qardaş kimi dayaq olur, onu qoruyur. Gülnar xanım
qardaşı ilə bağlı günlərini
xatırlayır:
-
Ruhin həyatda da, şəkillərdə də
yaşından çox böyük görünürdü,
amma 33 yaşı vardı. İndi o, mənim yadımda bir qəhrəman
kimi qalıb. Amma qəhrəmanlıqdan da əlavə o,
axı mənim kiçik qardaşım idi... O, çox sakit,
söz danışmayan uşaq olsa da, deyib-gülməyi
xoşlayırdı. O, mənim üçün həm
bacı idi, həm də qardaş (ağlayır).
Biz
evdə iki uşaq olmuşuq, Ruhin məndən iki yaş
balaca idi, amma mənə həmişə kömək olub.
Valideynlərimiz işləyirdi. Mən evi süpürəndə
o, silirdi, paltar yuyanda Ruhin yemək bişirirdi. Mən ailə
qurandan sonra mənə zəng edib deyirdi, nə problemin olsa, mənə
deyərsən, ataya, anaya heç nə deməzsən. Biz hər
sözümüzü bölüşürdük. Onun elə
sirləri var ki, ancaq mən bilirəm, mənimkiləri də
Ruhin. Amma bircə getdiyini mənə demədi, onu məndən
gizlətdi (ağlayır).
- Bəs
Ağcabədidə olanda onunla danışanda da hiss etməmişdiniz
cəbhədə olduğunu?
- Bir
dəfə soruşdum ki, ordan səni aparmayıblar cəbhəyə?
Gülə-gülə dedi ki, məni neynirlər, qoca
kişiyəm, qocaları aparmırlar. Sən demə,
müharibənin düz ortasında imiş bu sözləri
deyəndə. Son danışıqlarımızın birində
mən ondan yenə soruşdum ki, sən qayıtmırsan,
axı sən əsgər deyilsən, işin-gücün
qalıb burda, gəl. Onda mənə dedi ki, Gülnar, mən
burda əsgərəm, sən də uşaq deyilsən. Vəssalam,
onun o sözündən sonra bildim ki, Ruhin Ağcabədidə
yox, cəbhədədi, amma heç kimə heç nə deyə
bilmədim.
Məhəbbət, bir ömür
boyu...
Sevib-seçdiyi
qızla, Günellə ailə quran Ruhin ailəsinin həyatını
gözəlləşdirməyi, nağıla çevirməyi
bacaran ailə başçılarından olub. Günellə
Ruhin dostları vasitəsi ilə tanış olublar. Bu
tanışlıq böyük məhəbbətə
çevrilir. Günel onun əsgərə getməsini,
qayıtmasını, oxuyub universiteti bitirməsini gözləyir.
Beləliklə, aradan düz yeddi il keçir, səbirli
sevgililər ailələrinin razılığı ilə evlənirlər.
Doqquz illik ailə həyatı bu cütlüyə iki qız,
bir oğlan uşağı bəxş edib. Günel
xatırlayır, yadına salır, sevdiyi insanlar, həyat
yoldaşı, dostu, sirdaşı ilə olan günlərini...
- Mən
Ruhini böyük məhəbbətlə sevmişəm.
Onunla nəfəs alırdım. Amma indi üç
uşağa görə onun yanına gedə bilmirəm
(kövrəlir). Mən hər dəqiqə sevgimi bildirən
insan idim, o, yox. Bəzən gecənin bir aləmi yuxudan
oyanıb ona sevgimi etiraf edirdim. Gülürdü, deyirdi, bilirəm,
yat. İndi elə bil allah mənə səbr verib, onsuz necə
qalmağım, yaşamağım mənə təəccüblü
gəlir. Onunla bir yerdə olanda deyirdim ki, Ruhin, bu
nağılın axırı bitəcək? Qorxurdum ki, nə
isə olacaq. Çünki çox xoşbəxt idik. İndi
hərdən oturub ağlayanda deyirəm ki, ay Ruhin, niyə məni
bir dəfə döymədin ki, görüm döyülmək
necə olur. O qədər səhvlərim olurdu ki, amma bir dəfə
xətrimə dəyməzdi. Həmişə deyirdi ki, sən
uşaqsan, birdən böyüyəcəksən. Haqlı
çıxdı, ölümü ilə məni birdən-birə
böyütdü.
Bizim
həyatımız nağıl kimi keçdi getdi. O, bu doqquz
ildə bir dəfə də olsun mənə səsini yüksəltməmişdi,
həmişə də mənə uşaq kimi baxırdı,
deyirdi, sən uşaqsan. Ruhinin işi çox gərgin idi,
amma elə ki qapıdan içəri girirdi, hər şeyi
unudurdu, gülərüz, mehriban olurdu. Ailəsinə,
valideynlərinə çox bağlı idi. Biz onun işi ilə
əlaqədar beş il Biləsuvarda qaldıq. O, hər həftə
bizi də götürüb Bakıya gəlirdi, həmişə
də deyirdi ki, atamgilə heç nə deməyək,
sürpriz edək. Gedək görək nə yeyib-içirlər,
necə dolanırlar. Axırda dözmədi, dedi, yox,
qayıdaq Bakıya. Ailəsi onun üçün hər
şey idi. O, bizimlə nəfəs alırdı. İşdən
gələndən sonra, yorğun olmasına baxmayaraq, hər
gün məni, uşaqlarını gəzməyə
aparırdı.
Arzular...
Ruhinlə
bağlı fikrimdə tutduğum suallardan birini verirəm:
-
Arzuları nə idi?
Ana,
bacı və həyat yoldaşı üçü də
birdən eyni cavabı verir:
-
Arzuları çox idi...
Gülnar
xanım davam etdirir:
- Deyirdi
rayona gedəcəm, orda ferma açacam, quzu, qoyun saxlayacam.
Torpağa bağlı adam idi. Cəbrayılı çox
sevirdi. O, cəbhədə olanda heç vaxt demirdi ki, hardayam.
Amma Cəbrayılda olub. Uşaqları ilə bağlı isə
ən böyük arzusu savadlı olmaları idi.
Yoldaşı uşaqlarını məktəbdə rus dili
bölməsinə qoymaq istəyirdi, Ruhin razı olmadı,
dedi, orda Azərbaycan tarixi fənni keçilmir.
Uşaqlarının ikisini də azərbaycan dili bölməsinə
qoydu.
Ruhinin cəbhəyə
getməsi, könüllü olaraq döyüşə
yollanmasının tarixi bir az əvvələ, yəni 2020-ci
il iyulunda Tovuz döyüşləri zamanı başlanır.
Heç kimə demədən hərbi komissarlığa gedir
və könüllü olaraq adını yazdırır. Həyat
yoldaşı bu haqda dəfələrlə Ruhindən
eşitsə də, onun bu addımı atacağına,
üç azyaşlı körpəsini qoyub gedəcəyinə
inanmır. Ancaq bir gün...
- ...Bir
gün Ruhin evə gəldi, dedi, Günel, adımı
yazdırdım, amma narahat olma. Mən bir az ağladım,
acıqlandım, axırda dedim ki, onda mənim adımı da
yazdır. Sən hara getsən, mən də səninlə gedəcəm.
Razılaşdı, şəxsiyyət vəsiqəmlə mən
də onlayn qeydiyyata düşdüm. Mənə hərbi
komissarlıqdan zəng vurub bacarıqlrımı
soruşmuşdular. İxtisasca tibb bacısı olduğumdan
ümidliydim ki, mən də onunla gedə bilərəm. Ancaq
sonradan Ruhin məndən xəbərsiz qeydiyyatımı ləğv
etdirib. O, təbii ki, məni qoymazdı, cəbhəyə
gedim. Sentyabrın 30-da Ruhin evə gəldi, dedi, sənədləri
hərbi komissarlığa təqdim edib qayıdacam. O, evdən
gedəndə gördüm ki, iş paltarında yox, mülki
geyimdə gedir. İş üçün gedirdisə, iş
paltarını geyinməli idi. Heç nədən
şübhələnmədim, çünki ağlıma gəlmirdi
bizi qoyub gedər... Dostu gəlib onu maşınla apardı,
saat 11-də zəng vuranda gördüm ona zəng
çatmır. Dostu mənə zəng vurdu, dedi, Günel,
Ruhin cəbhəyə getdi. O, əslində hər şeyi əvvəldən
bilirmiş. Mən o getməzdən bir gün qabaq qəfildən
dedim ki, gəlin şəkil çəkdirək.
Qızlarım dərhal onun boynuna sarıldılar. Ancaq şəkillərə
indi də baxanda onun gözlərindəki kədəri hiss
edirəm. Hətta şəkillərin birində gözlərindəki
yaşı da indi görürəm. O, hər şeyi
bilirmiş, amma bizdən gizlədirdi.
- Hər
şeyi biləndən sonra onunla danışanda ilk
sözünüz nə oldu?
- Zəng
vuranda, dedi, narahat olma, Ağcabədidəyəm. Bizi sakitləşdirdi,
arxayın saldı. Mən də kim zəng vururdusa, deyirdim,
nigaran qalmayın. Onunla danışanda ilk sözüm nə vaxt gələcəksən
oldu. Mən elə bilirdim ki, o, həqiqətən də
qayıdacaq, axı onun burda vəzifəsi, işi və biz
vardıq. Müharibənin necə bir şey olduğunu mən
ağlıma gətirməzdim. Döyüşdə olduğu
21 gündə bizim hamımıza dedi ki, mən heç hərbi
paltar da geyinməmişəm, arxa cəbhədəyəm.
Amma sonra məlum oldu ki, bizi aldadıb, o, hərbi paltarda ən
ön sırada olub, sıravi əsgər kimi
döyüşlərdə vuruşub.
Böyük şübhə
Ruhinin
şəhid olması ailəsindən heç kimin
ağlına gəlmir. Hamı əmin olur ki, o, sağ-salamat
geri qayıdacaq. Səbəb isə çox sadə idi. Ruhin hər
şeydə birinci idi, ağıllı, təmkinli adam idi. O,
özünü ölümün ağzına verməzdi.
Lakin Ruhin şəhid olur və bu dəfə də birinci
olmağı bacarır. O, Ədliyyə Nazirliyinin ilk şəhidi
kimi tarixə düşür. Sonuncu dəfə o, Günelə
işğaldan azad olunmuş Cəbrayılından zəng
vurub deyir, Günel, mən indi torpağımdayam,
hazırlaşın, sizi bura ekskursiyaya gətirəcəm.
Atası
Müzəffər kişi deyir ki, oğlu onlara dəfələrlə
zəng vursa da, o, da onlardan ön cəbhədə olduğunu
gizlədir:
- Mənə
zəng vuranda da gəlinimə, yoldaşıma dediyi sözləri
deyirdi. Sonuncu zənglərinin birində dedi ki, Cəbrayıldaydım,
ancaq indi Ağcabədiyə gəlmişəm, amma
aldadıb. O, Cəbrayılı, Füzulini, Qubadlını
ala-ala üzü Laçına doğru gedənlərin
içərisindəymiş, elə Qubadlılda da şəhid
olur. Orda heç kim bilməyib ki, Ruhin vəzifəlidir.
Özünü çox sadə aparıb, amma
görünüşündən, hərəkətlərindən
hər kəs ona kapitan deyirmiş. Ruhin vətən, Cəbrayıl
görməmişdi axı, bala. Altı yaşından
onları Bakıya gətirmişdim. O, vətənpərvərliyi
burda öyrəndi.
Ailə
Ruhinlə sonuncu dəfə oktyabrın 19-da
danışır. Ruhin hər şeyin yaxşı olduğunu
deyib, sağollaşır. Ayın 20-si və 21-i ona zəng
çatmır. Oktyabrın 21-də Ruhin yaralı
döyüş dostunu xilas etmək üçün irəli
atılır, onu qarın boşluğundan yaralayırlar, ancaq
o yaralını yerə qoymur, dartıb güllə
altından çıxarmağa davam edir. Düşmən
növbəti dəfə onu ürəyindən nişan
alır və Ruhin elə həmin an da şəhid olur.
Dostları isə hava qaralandan sonra Ruhinin meyitini ərazidən
çıxara bilirlər. Ancaq heç kim ailəyə bu qara
xəbəri verə bilmir. Gülnaz xanıma deyirlər ki,
Ruhin yaralanıb, gətiririk. Ruhinin anası tibb
işçisi olduğundan o, bu xəbəri şübhə
ilə qarşılayır:
- Bizə
dedilər ki, yüngül yaralanıb, gətirirlər evə.
İnanmadım. Geyinib qohumumla qapıdan çıxanda
gördüm Ədliyyə Nazirliyinin bütün
işçiləri dayanıblar. Mən onları
paltarlarından tanıyırdım. Yaxınlaşıb
soruşdum ki, Ruhinin iş yoldaşlarısınız?
Heç biri dillənmədi. Onda əlimi dizimə vurdum, dedim
bala o, uşağın yanına getmək lazım deyil, o,
özü evə gəlir (ağlayır).
İnciklik
Günel
həmin məşum, heç vaxt unutmayacağı
ağır günü belə xatırlayır:
- Mənə
də dedilər yaralıdı. Dedim, eybi yox, əli,
ayağı olmasın, gözləri görməsin, amma
sağ gəlsin. Qəti şəkildə ölümü ona
yaxın qoymadım. Təcili yardım gələnə qədər
heç nə ağlıma gəlmirdi. Bizə kim gəlirdi,
deyirdim niyə gəlmisiniz, nə olub? Görürdüm
qohumlar evləri yır-yığış edir, mebelləri
ora bura çəkirlər. Amma yenə də heç nə
anlamırdım. Təsəvvürümə belə gətirməzdim
sonra yaşadıqlarımı. Çünki doqquz ildə biz
həmişə bir-birimizin yanında olmuşuq, heç vaxt əlimizi
buraxmamışıq. Onu təcili yardım gətirəndə
yenə başa düşmədim, amma elə ki, tabutun bir
ucunu gördüm, ondan sonrasını xatırlamıram.
Ayılanda bütün səsim,
qışqırığım məhəlləmizi
başına götürmüşdü.
İndi
şəklini qarşıma qoyub saatlarla onunla
danışıram, ondan inciyəm. Deyirəm, ay Ruhin, niyə
məni qoyub getdin? (ağlayır) Bu yaxınlarda gördüm
yuxuda gəlib, qapının yanında dayanıb, gözləri
də dolub, deyir yaxşıyam, qorxma.
Ruhinin
şəhid olma xəbəri doğmalarının hərəsinə
bir cür formada çatır. Ancaq qara xəbər tez
yayılır axı. Ruhinin indi tək, boynubükük qalan
yeganə bacısı Gülnara da qardaşının xəbəri
yüyrək çatır. Gülnar xanımgilin ailə dostu
olan bir xanım onların qapısını döyür.
Döyülən qapı səsi, gələn qonaq
bacını şübhəyə salır.
- Onu
görən kim soruşdum, nə olub, niyə gəlmisən?
Dedi, heç nə olmayıb, geyin, hospitala gedək. O, hospital
deyəndə dizlərim əsdi, dedim şəhid olub. Boyun
olmadı, yaralı olduğunu dedi. Mən özüm tibb
bacısı işləyirəm, öz işimi o qədər
çox sevirdim ki, amma Ruhinin ölmündən, onun hadisəsindən
sonra işimi daha sevmirəm. Çünki bizim evə də təcili
yardım maşını gəldi. Biz hər gün şəhidləri
təcili yardım maşını ilə aparanda onsuz da mən
hər gün ölürdüm, deyirdim, ay allah, bu analara
oğul ölümü qismət eləmisən, heç
olmasa innən belə heç bir anaya qismət eləmə. Mən
o analarla, bacılarla bərabər ağlayıb, kədərlənirdim.
Onsuz da mən bu acını hər gün görürdüm,
yaşayırdım, tanrı mənə bunu niyə daha dərindən
yaşatdı (ağlayır).
Döyüş dostları...
Ruhinlə
bağlı xatirələr, fikirlər, ağrılı,
acılı söhbətlər bitmək bilmir. Sağollaşıb
çıxmaq istəyəndə qapı döyülür.
Müzəffər kişi Ruhinin cəbhədən qayıdan
dostlarının gəldiyini xəbər verir. Gedişimi bir
azca ləngidirəm. Ruhinlə birlikdə cəbhədə
olan qazilər bir-bir içəri girib Gülnaz xalanın əlindən
saçlarından öpüb keçirlər. Əsgər
çəkməsinin səsi, hərbi paltar qoxusu, şaxtadan
qarsımış üzlər... evdəkilərə şəhid
Ruhini xatırladır. Hər kəs bir tərəfdə
hıçqırır. Qazilər bir yerə cəm olandan
sonra Ruhinlə ən birinci gündən xidmət etmiş Cəlal
Quliyev deyir:
- Bizim
onunla keçirdiyimiz on yeddi gün ömrümüzə
yazıldı. Hamımız orda özümüzə
dörd, beş dost qardaş qazandıq. Amma Ruhin burda əyləşən
bütün oğlanların qardaşlığını
qazandı. Ruhin şəhid olmaya bilərdi. O, səngərdə
gizlənə, yaralı yoldaşını
çıxartmaqdan öz canına görə qorxa bilərdi.
O, qorxmadı, kişi kimi ölümün, güllənin
üstünə getdi. O, bizim hamımıza böyük
qardaş oldu. Heç kim ondan incik olmadı.
Kapitan!
Ruhinlə
tanışlığın qürurunu yaşayan Asif
Hüseynov isə vurğulayır:
-
Çox vaxt şəhid ailələri ilə
görüşəndə insanlar onlara təsəlli
üçün müəyyən sözlər deyirlər.
Ancaq biz bu gün burda Ruhin haqda nə deyiriksə, həqiqəti
deyirik. O, abrı, hörməti ilə adamı
utandırırdı.
Biz onunla
Bakıdan eyni avtobusda getdik. O, gözündə eynək
yolboyu bir kənarda sakitcə oturmuşdu. Ağcabədiyə
qədər biz onun səsini eşitmədik. Heç kimlə
ünsiyyət qurmadı. Heç kimdə deyə bilməzdi
ki, o, kapitandı. Amma 17 gün onunla cəbhədə
qardaşdan da yaxın olduq. Sonra bizi ayırdılar. Amma
döyüş boyu Ruhini unutmurduq. Mən onunla
görüşmək üçün günləri
sayırdım. Onun şəhid olma xəbərini eşidəndə
sarsıldım. Bircə təsəllimiz odur ki, Ruhinin də,
başqa şəhidlərimizin də qanı yerdə
qalmadı, torpaqlarımız işğaldan azad olundu. Ruhinin
can qoyduğu torpağa indi düşmən ayaq qoymur. Sabah,
birigün o torpaqlara Ruhinin balaları ayaq qoyacaqlar. Bəzən
deyirlər ki, vətən sağ olsun, vətən sağ
olsun, amma sizi inandırıram ki, vətən sağ deyil. Vətənin
hər qarışında o qədər oğulların
qanı var. Vətəndən soruşaq, görək
sağdırmı? Allaha and olsun, sağ deyil. Çünki o
boyda oğullar itirib. Ona Ruhin demirdik, komandir deyirdik. Bir dəfə
minomyot atəşindən qaçıb bir daşın
arxasında daldalandıq. Onda ona dedim, Ruhin sənə
adınla müraciət etməyə abır-həya edirəm,
ona görə də komandir deyirəm. Söz verirsən ki,
müharibədən sonra görüşəcəyik. Dedi, nə
komandir, nə rütbə, biz burda hamımız əsgərik.
Mən də sənin kimi döyüşməyə gəlmişəm.
İnşallah, görüşəcəyik...
Unikal.- 2021.- 22 yanvar.- S.18.