""Nizami Gəncəvi İli"nin elan
edilməsi Azərbaycan xalqının mədəniyyətinə,
milli kimliyinə və özünə qayıdışına sahibliyinin
sübutudur"
Xalqın ən böyük sərvətlərindən
biri milli-mənəvi
dəyərlərinin, mədəniyyətinin
formalaşmasında rol
oynayan dahi şəxsiyyətləri, tanınmış
mütəfəkkirləridir. Çünki bir xalqın
dünya sivilizasiyasında
özünəməxsus yer
tutmasında dahi şəxsiyyətləri xüsusi
rol oynayır. Biz də o xoşbəxt
xalqlardanıq ki, söz yaradıcılarımız
bəşəriyyətə öz töhfəsini verib və bütün
dünyada tanınır,
sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri də heç şübhəsiz özünəqədərki
bəşəri dəyərlərin
zirvəsində dayanan
Nizami Gəncəvidir.
Dahi Şeyx Nizaminin həyatı və ədəbi-elmi irsi hər kəs üçün ən yaxşı nümunə,
örnəkdir.
Bu il anadan olmasının
880 illik yubileyi tamam olan məşhur
mütəfəkkirimizin ölməz
ədəbi irsi təkcə xalqımızın
mənəviyyatının ayrılmaz hissəsinə
çevrilməyib, eyni
zamanda əsərlərindəki
humanizm, insana məhəbbət, yüksək
əxlaq, estetik zövq, dərin fəlsəfi fikir bütünlükdə insanlığa ünvanlanıb.
Qüdrətli söz sənətkarının
məşhur "Xəmsə"si
bəşəriyyətin mənəvi
sərvətlər axtarışının
zirvəsində dayanaraq,
dünya ədəbiyyatının
şah əsərləri
sırasında layiqli
yer tutub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli Sərəncamı ilə
ölkəmizdə "Nizami
Gəncəvi İli"nin
elan edilməsi mədəni və siyasi baxımdan böyük əhəmiyyət
kəsb edir.
Bu Sərəncamı təkcə ölkəmizdə
deyil, həmçinin
ölkə hüdudlarından
kənarda da qüdrətli söz və fikir ustadının
fəlsəfəsini daşıyan
insanlara verilən qiymətin təzahür forması kimi qiymətləndirmək olar. 2019-cu ilin
"Nəsimi İli",
2021-ci ilin isə
"Nizami Gəncəvi
İli" elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə,
milli kimliyinə və özünə qayıdışına sahibliyinin
sübutudur.
Nizami fəlsəfəsi
Şərqlə Qərbin
bir-birinə "aşiq
olduğu" bu coğrafiyanın hələ
XII əsrdən intellektli
insanların, mədəni
müxtəlifliyin, tolerantlığın
beşiyi olduğunu göstərir. Nəzərə
alsaq ki, hələ bu dövrlərdə dünyanın
bir çox yerində ilk ali
təhsil müəssisələri
yenicə yaranırdı,
dini zəmində münaqişələr baş
verirdi, Azərbaycanda isə xalqımız humanizm fəlsəfəsi
ilə tərbiyələndirilirdi.
Kamil insanın inkişaf dövrlərindən söz
açılırdı. Elə məhz buna görə də belə şəxsiyyətlərin
geniş təbliğinə
böyük ehtiyac
var. Mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi,
dini ayrı-seçkiliyin
siyasi ritorikada aktuallaşdığı bir
vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ
edən mütəfəkkirlərin
təbliği çox
vacibdir. Bu baxımdan belə ənənələri formalaşdıran
Nizami Gəncəvilərin
dünyaya təbliği
böyük əhəmiyyət
kəsb edir.
Zəngin mədəniyyətin yetişdirdiyi
belə şəxsiyyətlərin
təbliği siyasi baxımdan da xüsusi məna daşıyır. Bu il
xalqımız həm
də şanlı
ZƏFƏRİMİZİN 1 yaşını
qeyd edəcək. 880 il sonra
Azərbaycan xalqı ədaləti təbliğ
edən xalqdan həm də ədaləti təmin edən xalq kimi özünü təsdiq etdi. Bu baxımdan 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinin xüsusi siyasi yükü var.
2012-ci ildə Prezident
cənab İlham Əliyevin təşəbbüsü
ilə yaradılan və dəstəyi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi tərəfindən
2021-ci ildə də dahi azərbaycanlı şair və mütəfəkkirin təbliği
istiqamətində bir
sıra fəaliyyətlərin
həyata keçirilməsi
nəzərdə tutulur.
Mərkəz bu günə kimi ölkəmizin beynəlxalq arenada müsbət imicinin gücləndirilməsi, eləcə
də ölkə həqiqətlərinin obyektiv
şəkildə dünyaya
çatdırılması istiqamətində həyata
keçirilən fəaliyyətlərə
böyük töhfə
vermişdir.
"Nizami Gəncəvi
İli" çərçivəsində
mərkəzin təşəbbüsü
ilə bir sıra mötəbər nəşrlərin çapı
nəzərdə tutulur. Bunlardan biri
Şərq miniatür
sənəti tarixinin öyrənilməsinə həsr
edilmiş "Şair
və Nəqqaş Qələminin Sehri.
Nizami
"Xəmsə"sindən seçilmiş miniatürlər"
adlı elmi-kütləvi
kitabın (Azərbaycan
və İngilis dillərində) çap edilməsidir. Belə
ki, həmin nəşr orta əsrlərdə mövcud
olan bütün miniatür məktəblərini
(Təbriz, Herat, Şiraz,
Qəzvin, İsfahan və s.) əhatə edən, eləcə də Nizami Gəncəvinin "Xəmsə"sinə
daxil olan poemalara müxtəlif dövrlərdə çəkilmiş
miniatürlər əsasında
hazırlanır. Sözügedən illustrasiyalar Asiya, Avropa, Şimali Amerikanın böyük muzey və kitabxanalarında
saxlanılan rəsm nümunələri əsasında
toplanıb. İlk
dəfə olaraq Nizaminin əsərlərinə
çəkilmiş və
İstanbulun Topqapı
Sarayı Kitabxanasında
saxlanılan 69 ədəd
"Xəmsə"nin rəsmi
əlyazma nüsxələrindən
41 ədədi araşdırmaya
cəlb olunub. Rusiya Milli Kitabxanasında saxlanılan "Xəmsə"
əlyazmalarına çəkilmiş
rəsmlər ayrıca
bir fəsildə təqdim olunur və kitabı xeyli zənginləşdirir.
Eyni zamanda Nizami Gəncəvinin həyat və yaradıcılığı məşhur
Azərbaycan şərqşünası,
filologiya elmləri doktoru, professor, əməkdar
elm xadimi, Harvard Universitetinin
fəxri doktoru Rüstəm Əliyevin
"Əbədi məhəbbət
haqqında poema" əsərindən seçmələrlə
təqdim olunur. Həmçinin kitabda "Müasir
Azərbaycan miniatürü"
adlı fəsil göstərir ki, bu gün Azərbaycanın
bir çox yaxşı fırça
ustalarının marağını
klassik miniatür sənəti cəlb etməkdədir və həmin sənət onların qarşısında
yeni yaradıcılıq
axtarışları üçün
geniş meydan açır.
Bundan əlavə Nizami dövrünü ictimai-siyasi
və mədəni münasibətlər müstəvisində
araşdırmaq, Nizamini
bu günün ədəbi-bədii təfəkkürü
daxilində təhlil edib onu milli
kimliyimizin təzahür
forması kimi təqdim etmək məqsədilə "Nizami
çağı" adlı
elmi araşdırma kimi müxtəlif nəşrlərin beynəlxalq
ictimaiyyətə təqdim
edilməsi nəzərdə
tutulur. Bütün bunlarla yanaşı
Mərkəz tərəfindən
yerli və əcnəbi nizamişünasların
iştirakı ilə
Nizami irsinin tədqiqi və təbliği məqsədilə
beynəlxalq konfransların,
onlayn müzakirələrin
təşkili planlaşdırılır.
"Nizami Gəncəvi
İli" çərçivəsində
Mərkəz tərəfindən
həyata keçirilən
layihə və tədbirlər, ümumilikdə,
Azərbaycanın və
ədibin dünyada geniş təbliği istiqamətində aparılan
uğurlu fəaliyyətə
töhfə olacaqdır.
Elnur Əliyev,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
Himayəçilər
Şurasının sədri
Unikal.- 2021.- 29 yanvar.- S.21.