Şəhid adının müqəddəsliyi

 

Dağlar diyarı Lerikin qartal balası Altay Tahir oğlu Mövlanov 44 günlük  İkinci Qarabağ  müharibəsində Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Vətən yolunda canını qurban etdiyinə görə onun bu ölümü ömrünün sonu olmur.

Necə deyərlər, 20 yaşında Altay əbədiyyət adlı dünyasına qovuşmaqla  özünə  ürəklərdə yurd-yuva qurur. Qərinələr  keçəcək gələn nəsillər  tərəfindən Altay Vətənini özündən artıq sevən igid, mərd döyüşçü, layiqli vətəndaş kimi hər an ehtiramla xatırlanacaq. Dövlət tərəfindən layiq görüldüyü “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları onun keçdiyi  şərəfli yola  nümunə olacaqdır.

Doğma Lerik şəhərində Vətən, torpaq sevgisi ilə  boya-başa çatan  Altay 2018-ci ildə əsgər yaşına çatanda sevinir. Axı, işğal olunmuş  əzəli yurd yerimiz Qarabağ torpaqlardan  erməni faşistlərini  qovmaq onun ən böyük arzusu idi. Elə bu məqsədlə   Vətən qarşısındakı  borcunu  yerinə yetirmək üçün  hərbi xidmətə yola düşür. Ön cəbhədə xidmət edir, və bunu özünə şərəf bilir. Həm də  səmimiliyi, mərdliyi  Altaya  əsgər və zabitlərin hörmətini qazandırır.  O,  hərbi təlimlərdə  döyüş igidliyinə görə fərqlənir, eyni zamanda  nümunəvi xidməti ilə əsgər yoldaşlarında  Vətənə, torpağa  məhəbbət hissi yaradır.

Altay əsgərliyi başa vurub  Lerik şəhərinə qayıdır.  Canına yağı dadanmış   Vətən təəssübünü çəkən  Altay bir aydan sonra  düşməndən   qisas almaqdan ötrü yenidən hərbiyə yazılır. İkinci Qarabağ müharibəsi başlanır.  Müharibə  ölüm-itim olsa da, Altay  bunu  sevinclə qarşılayır.  Ona görə k,  Vətən torpağını azad etmək, yağı düşməndən intiqam almaq zamanı çatmışdı.  Lerikin qartal balası   əlinə silah alıb  ilk gündən  odun-alovun içinə, vuruşa atılır.  Vətəni öz qanı bahasına  yaşadan qeyrətli oğullardan  biri də  məhz o, olur.

Hər qarş  Vətən  torpağı uğrunda canından-qanından keçməyə hazır olan  Altay  Füzuli istiqamətdə gedən ağır müharibədə rəşadətlə, mətanətlə   döyüşür və erməni dığalarının neçə-neçə texnikasını sıradan çıxarır, canlı qüvvəsini  sarsıdır.   Oktyabrın  18-də  isə  “ Vətən yaşasın” - deyə polad sinəsini gülləyə sipər edir. Və torpaq uğrunda  axıtdığı qan qəhrəman əsgəri  əbədiyyətə  qovuşdurur.  Onun qısa həyat yolu  xalqı üçün Vətənə sevgi simvoluna dönür.

Bəli, Vətən, torpaq uğrunda şəhid olanların  ömür əbədidir.   Şəhid adının müqəddəsliyində  Altay Mövlanovun  yeri dünya durduqca saf ürəklər olacaqdır.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü

 

Unikal.- 2022.- 8 aprel.- S.13.