Misilsiz igidlik
nümunəsi
Valeh İsbat oğlu Məmiyev 44 günlük İkinci Qarabağ müharibəsində misilsiz igidlik nümunəsi göstərərək adını əbədi olaraq Azərbaycanın qəhrəmanlıq tarixinə yazdı. Qartallar oylağı Yardımlı rayonunun Kürəçi kəndində dünyaya göz açan Valeh “Təki Vətən sağ olsun!” deyərək özünü odun-alovun içinə atanda ömrünün iyirmi altıncı baharına təzəcən qədəm qoymuşdu. O, Vətənini, xalqını canından əziz bilirdi. Qarabağı azad görmək uşaqlıqdan Vətən sevgisinə tapınan Valehin bütün arzularının başında dururdu...
Doğma Azərbaycanın hər guşəsini əziz bilən Valeh məqamında işğalçı düşmənin başını əzməkdən ötrü həyatını hərbiyə bağlayır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. Təhsil ocağında Vətəninə sədaqətli olmaq, öz qanından, canından belə keçməklə onu mərdliklə müdafiə etmək eşqi ilə hərbi sirlərinə dərində yiyələnir. Həm də bir il Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Zabit ixtisas kursunda peşəkarlığını daha da artırır. Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Milli Orduda tank taqımının və bölüyünün komandiri vəzifələrində cəbhə bölgəsində Vətənin keşiyində durur. Xidmət zamanı fəallığı, nizam-intizamı ona hörmət gətirir. Vətənə bağlı zabit baş leytenant hərbi rütbəsinə yüksəlir. Tabeliyində olan əsgərlərə tələbkarlıqla yanaşmaqla bərabər, həm də onlara böyük qardaş qayğısı göstərir. Həmişə öyrənməklə öz sahəsinin kamil bilicisi olur. 2018-ci ildə döyüş taktikasını, şəxsi heyətlə iş qabiliyyətini nəzərə alıb Valehini hissədə tank bölük komandiri seçirlər. "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)"yubiley medalına, Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanları layiq görülür. Həmişə deyir ki, qanımız, canımız hesabına əzəli, əbədi yurd yerimiz Qarabağın bir qarışı belə düşmənin tapdağında qalmamalı...
Baş leytenant Valeh Məmiyev İkinci Qarabağ müharibəsində tam şəkildə Vətənə olan məhəbbətini sübut edir. Tank bölüyünün komandiri kimi düşmənlə qeyri-bərabər döyüşə başlayır. Hər gün də erməni dığalarına qan qusdurub ürəyincə onlardan qisasını alır. Cəbrayılda, Zəngilanda, Füzulidə cəsurluqla vuruşur. Azərbaycanın üçrəngli qələbə bayrağını Qarabağın azad olmuş torpaqlarında ucaldığını görən igid Vətən sevdalısının qəlbində ermənilərdən intiqam almaq alovu get-gedə güclənir. Şəxsi şücaəti qələbə üçün böyük təminat verir. Oktyabrın 23-də Qubadlı rayonunun yaşayış məntəqələrinin azadlığı uğrunda əsl cəsarət, qəhrəmanlıq və fədakarlıq göstərir. Müharibə meydanında yağıya qarşı son nəfəsə qədər döyüşüb şəhidlik zirvəsinə yüksəlir. Tarix yazan qəhrəman Valeh milyonların könlünə köç etməklə bərabər, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif olunur.
Şəhidin atası İsbat kişi deyir: “Mən bir şəhid atası kimi oğlumla fəxr edirəm. Çünki oğlum Vətənini sevən, torpağını sevən bir qəhrəman idi. Vətənini sevdiyi üçün bütün döyüşlərdə qəhrəmanlıq göstərdi. Deyirdi ki, birinci Vətən, sonra ata, ana. Oğlum ölməyib. Qəlblərdə həmişə yaşayacaq”.
Elə əsl həqiqətdə belədir. Valeh Vətən, torpaq uğrunda şəhid olduğu üçün onun həyatı günəş kimi parlaq olacaq.
Zəfər Orucoğlu,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Unikal.- 2022.- 22 iyul.- S.12.