Günəş ömrü
yaşayanlar...
Baloğlan Şakir oğlu
Əhədlinin qismətində sevdalandığı Vətən
üçün qurban
getmək varmış. Odur ki, İkinci Qarabağ müharibəsində qorxmadan, çəkinmədən özünü odun-alovun
içinə atdı. Yağı düşmənlə son nəfəsə qədər döyüşüb 18 yaşında qəhrəmancasına
şəhid oldu. Şərəfli ölümü Vətəninə,
millətinə baş ucalığı gətirməklə,
həm də gələcək nəsillər üçün
örnək olacaq bir
tarixə döndü. Dövlət də
öz igid oğlunu daim ucalıqda saxlamaqla onu
ölümündən sonra 3-cü dərəcəli
“Vətənə xidmətə görə “ ordeni, “ Vətən uğrunda”,
“İgidliyə görə”, eləcə Füzulinin,
Qubadlının, Şuşanın azadlığına görə
medalları ilə təltif etdi.
Lənkəran rayonun Gəgiran kəndində anadan olan, üç bacının bir qardaşı Baloğlan Əhədli həyatı dərk edən gündən erməni quldurların hərəkətləri ilə heç cür barışa bilmir. Vətənin taleyini düşünən yeniyetmə məhz buna görə də ordu sıralarına yola düşəndə doğma Azərbaycana vicdanla, qeyrətlə xidmət edəcəyinə, murdar niyyətli erməni dığalarına qarşı amansız olacağına, məqamı gələndə vuruşub işğal altında qalan torpaqların, günahsız tökülən qanların qisasını alacağına and içir.
Baloğlan döyüş bölgəsində canından əziz bildiyi , daşına, torpağına ürəkdən bağlandığı, müqəddəsliyinə tapındığı Azərbaycanın keşiyində durur və ona yaralı övlad olduğu ilk günlərdən bilinir. Təlimlər zamanı isə göstərdiyi çevikliyi, yüksək döyüş keyfiyyətləri ona hörmət gətirir. Bir qaya olaraq əzəli, əbədi yurd yerimiz Qarabağın azadlığı uğrunda erməni quldarları ilə döyüşməyə həmişə hazır durur, qəlbində onlardan qisas almaq alovu get-gedə güclənir. Elə buna görə də 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ savaşı başladığı kimi Baloğlan qeyrətli Vətən oğulların sırasında müharibə meydanına birinci girir.
İgid əsgər erməni qəsbkarlarına qarşı mərdliklə vuruşur. Suqovuşandan Şuşaya qədər min əzablı-əziyyətli ölümlü yollar keçir. Endirdiyi sarsıdıcı zərbələri düşmənin xeyli sayda canlı qüvvəsi məhv edir, döyüş texnikasını sıradan çıxardır . Döyüşdən-döyüşə Baloğlan qələbəyə böyük ümid bəsləyir, tezliklə Vətən torpaqlarının tam azadlığına inanır. Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən ağır döyüşlərdə misilsiz fədakarlıq və şücaət göstərir. Son döyüş yeri Şuşada olur. Zəfərimizə bir gün qalmış düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində ömrünü Vətəninə bağışlayır. Doğma kəndi Gəgiranda uğrunda qan tökdüyü torpağın sinəsinə əbədi baş qoyur. Və Günəş ömrü yaşamaq üçün milyonların ürəyində özünə yer edir.
Zəfər Orucoğlu,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Unikal.- 2023.- 10 mart.- S.13.