Şəhid Ülvinin hünər dastanı

 

İkinci Qarabağ savaşında 30 il düşmən əsarətində qalan Vətən torpaqların azadlığı naminə Ülvi İlham oğlu Alışov ağır döyüş meydanında şəhidlik zirvəsinə ucalanda 20 yaşında idi.

Onun bu qısa ömür yolu xalqın qəhrəmanlıq simvoluna dönüb tarixə düşdü. Ülvi Cəlilabad rayonunun Həziabad kəndində dünyaya göz açıb. İndi bütün Azərbaycan onu özünə əziz bilir, hər yerdə, hər zaman adı qürurla, iftixarla çəkilir. Həmçinin ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü "Füzulinin azad olunmasına görə" , "Vətən uğrunda", "Döyüşdə fərqlənəməyə görə" medalları Ülvinin Vətəninə, torpağına necə bağlı olduğunu bir daha göstərir.

Uşaq yaşlarından yaxşılardan görə-görə boy atan, canına, qanına mərdlik, cəngavərlik ruhu hopan, vətənpərvər gənc ordu sıralarına böyük həvəslə yollanıb. Cəbhə bölgələrin birinə düşüb, amalı Vətən torpaqlarını göz-bəbəyi kimi qorumaq, nifrət bəslədiyi erməni faşistlərinə mübarizliklə qalib gəlmək olub. Məqsədə çatmaq üçün müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, təşkil olunan hərbi təlimlərdə fəal olub, çətin sınaqlardan uğurla çıxıb. Necə deyərlər, qəlbində bitib-tükənməyən Vətən sevgisi, yağıya nifrət hissi daim öyrənməyə can atıb. Həmçinin keçdiyi təlimlərdən ən yaxşı döyüş hazırlığı adına layiq olmaqla çavuş rütbəsinə yüksəlib. Beləcə, Ülvinin vicdanı, qeyrəti, cəsurluğu, çevikliyi onu əsgərlərin, zabitlərin yanında başıuca edib. Həmişə deyib ki, Vətən torpaqlarını nəyin bahasına olursa-olsun murdar niyyətli düşmənlərin tapdağından azad etmək hər bir oğlun müqəddəs borcudur. Bu yolda canını, qanını belə fəda etməyə hazır olmalıyıq. Tapdalanmış namusumuzu, döyüşüb şəhid olan igidlərin qanını biz almalıyıq...

Nəhayət ki, Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışoun arzuladığı vaxt gəlib. 2020-ci il sentyabrın 27-də əynində cəngavər libası, əlində silah yağı döyüşçülərı ilə ölüm-dirim mübarizəsinə atılıb. Qəhrəman döyüşçü dığalara ilk sarsıdıcı zərbəni Füzulidə vurub. Ağır müharibə meydanında Ülvi öndə olmaqla tutduğu mövqedən bir addım da olsun geri çəkilmədən vuruşub. Dəqiq atəş zərbələri nəticəsində erməni işğalçıları xeyli canlı qüvvə hərbi texnika itkisi ilə üzləşib.

Döyüşə girdiyi gündən Ülvi göstərdiyi şücaətlərlə yadda qalıb. Sentyabrın 29-da sözün əsl mənasında tarix yazıb. Lakin amansız ölüm onu da haqlayıb. Qəfil atılan düşmən gülləsi Ülvinin böyük arzularına son qoyub. Vətən sevgisi ilə çırpınan ürəyi həmişəlik dayanıb. Müdafiəsinə qalxdığı torpaq uğrunda şəhid olub.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Unikal.- 2024.- 26 aprel, №14.-S.13.