Hünər dastanlı Vətən sevdalısı
Cəlilabad rayonu, Göytəpə şəhərində dünyaya göz açan Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu Murad Nəbi oğlu Səlifov 44 günlük haqq savaşında ömrünü Vətəninin yaşaması naminə verməklə özü əbədiyyət ulduzuna dönüb. Bu müqəddəs yolu Murad hələ orta məktəbdə oxuduğu zaman həyatına daxil edib. Odur ki, Vətəninə , torpağına halal sevgisi, saf mənəvi dünyası onu həmişə yaşıdlarından fərqləndirib.
Qarı düşmənin Qarabağda törətdiyi qanlı hadisələr Muradı çox narahat edib. Odur ki, Vətənə olan oğulluq borcunu yerinə yetirəcəyi günün çatmasını səbirsizliklə gözləyib. Orta məktəbi başa vurub doğma Azərbaycana sipər, düşmənə çəpər olmaq amali ilə ordu sıralarına yollanıb.
Murad əlinə silah alıb, cəbhə bölgəsində əsgərlik həyatına başlayıb. Bütün çətinliklərə dözərək gecə-gündüz keşik çəkib, yeri gələndə düşmənə göz açmağa macal verməyib. Dəfələrlə dığaların təxribatının qarşısını alıb, onların arzusunu ürəyində qoyan cəsur əsgər hərbi hissədə vətənpərvərliyini, qeyri-adi bacarıq və qabiliyyətini, Vətənə, yoldaşlarına sədaqətini, doğma torpaq uğrunda ölməyə hər an hazır olduğunu aydın şəkildə göstərməyi bacarıb.
İstəyi Qarabağ torpaqların tezliklə mənfur düşmən tapdağından azad görmək olan Murad həqiqi xidmətdən sonra özünü həmişəlik hərbiyə bağlayıb. Çavuş rütbəsində səngərlərdə düşmənlə üz-üzə durmaqdan çəkinmir. Qanında cəngavərlik, mərdlik ruhu olan Murad təlimlər də fərqlənib, komandirlərin, əsgərlərin hörmətini qazanıb. Hər gördüyü işdə Vətənə, torpağa olan sonsuz bağlılığı ona mənəvi güc və qüvvə verib. Məqamı gələndə düşməni döyüşdə son nəfərədək məhv edəcəyinə tam inanıb.
2020-ci ilin sentyabrın 27-də başlanan , 44 gün çəkən haqq savaşımızda baş çavuş Murad Səlifov səngərə - erməni dığalarla döyüşə atılıb. İştirak etdiyi neçə-neçə ağır müharibə meydanında rəşadət nümunəsi göstərərək düşmənə ağır itkilər verib.
Yağı düşmənə qarşı sentyabrın 30-da Füzuli, Cəbrayıl istiqamətində ölüm-dirim savaşı başlanıb. Murad “Vətən sağ olsun” deyib qorxmadan düşmənin üstünə şığıyıb. Bir anın içində yağının kabusuna çevrilən qəhrəman Vətən oğlu qəfil atılan gülləyə tuş gəlib, əbədi olaraq gözlərini yumub. Şəhadət zirvəsinə ucalmaq səadəti alına yazılan şəhidin Cəlilabada dönüşü el-obada böyük bir izdihamla qarşılanıb. Torpaq daha bir qəhrəman oğlunu bağrına basıb. Beləcə adı əbədi tarixin şanlı səhifələrinə həkk olunan Murad milyonların and yerinə dönüb. Dövlət tərəfində isə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda medallarına layiq olub.
Şəhidimiz ailəli idi. Ümid və Yusif adlı övladları Vətənə əmanət qalıblar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Unikal.-
2024.- 23 avqust, ¹30.- S.13.