Zəfər şəhidlərinə
ehtiram
Vətənin qeyrətli övladları 44
günlük haqq savaşımızda canından keçərək
xalqımıza şanlı qələbə yaşatdılar.
30 il düşmənə əsir düşən ulu
Qarabağımızda üçrəngli qələbə
bayrağımızı ucaldan, ölümsüzlüyə
qovuşan qəhrəmanlardan Taleh İsmayılov, Valeh Əkbərzadə
Lənkəranın Boladi kəndində boya-başa
çatıblar. Vətən, torpaq sevgisi ilə
gözünü qırpmadan özünü odun, alovun
içinə atıb əbədiyyətə qovuşan qəhrəmanlarla
bütün lənkəranlılar qürur hissi keçirdir.
Böyüklü-kiçikli onları yad etməyi, xatirələrini
əziz tutmağı özlərinə müqəddəs
borcu bilir. Yeni Azərbaycan Partiyası Lənkəran Rayon təşkilatının
sədri İqbal Əmənullayev və partiya əməkdaşları
hər iki zəfər şəhidinin anım günündə
məzarlarını ziyarət etdilər, önünə
gül dəstələri qoydular. Həmçinin bildirdilər
ki, Taleh, Valeh kimi oğullar ölməzdir. Qanı bahasına
Vətəni alınmaz qalaya çevirənlər əbədi
olaraq qəlbimizdə yaşayacaq.
Taleh Səndəl oğlu İsmayılov 34 yaşında şəhidlik zirvəsinə ucalıb. Vətənə sevgi, düşmənə nifrət onun qəlbində məktəb illərində özünə yuva qurub. Cəbhə bölgəsində nümunəvi xidməti ona dərin hörmət qazandırıb. Həmişə düşmən tərəfindən Qarabağımızın işğalına qarşı barışmaz mövqe tutan Taleh yağıdan qisas alacağı günü gözləyib. Həyatını hərbə bağlamağı da bundan irəli gəlib. Əsgərlikdən sonra evə getmək əvəzi, yenidən şanlı forma geyinib müddətdən artıq hərbi qulluqçu kimi artilleriya divizionunda xidmətini davam edib. Bu zaman döyüş meydanında yağıya qalib gəlmək üçün hərbi silahlar, eləcə 122 mm-lik D-30 HAUBİTSA topu barədə mükəmməl biliklərə yiyələnib. Onun qazandığı biliklər 2016-cı ildə Aprel döyüşlərində öz bəhrəsini verib. Belə ki, savaş meydanında düşmənin kabusuna dönüb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan zaman Taleh döyüşə birinci qatılan igid oğullarımızdan biridir. Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Ağdamın azadlığı uğrunda böyük şücaət göstərib. Həmişə öndə olmaqla "Qələbə bizimdir!" sözləri dilindən düşməyib. 39 gün ağır müharibə meydanlarında yağıya qan qusduran qəhrəman Taleh Şuşa döyüşündə son damla qanına qədər vuruşub və şəhid olub.
Zəfər şəhidimiz Taleh İsmayılovun Murad, Yaqub, Yusif adlı 3 oğlu yadigar qalıb. Döyüş meydanında göstərdiyi hünəri isə dövlət tərəfindən III dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə", Xocavəndin, Füzulinin azadlığı uğrunda medallarına layiq görülüb.
22 fevral 1997-ci ildə dünyaya göz açan Valeh Əkbərzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrin tərkibində müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyət göstərib. Həmişə də sayılıb-seçilib. Hərbi xidmətdən sonra da gördüyü yaxşı, xeyirxah əməlləri ona başucalığı gətirib. 44 günlük Vətən naminə başlanan haqq savaşımıza könüllü qoşulub. Əlinə silah götürəndə ən böyük arzusu 30 il düşmən tapdağında qalan Qarabağımızı azad görmək olub. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən ölüm-dirim döyüşlərdə əsl qəhrəmanlıq göstərərək adını tarixə yazıb. Onun fədakarlığı, mərdliyi yoldaşlarına nümunə olub. Axırıncı dəfə Şuşada düşmənlə üz-üzə gəlib. Xeyli sayda erməni dığasını məhv etdikdən sonra 5 noyabr 2020-ci ildə şəhadətə yetib.
Qəhrəman döyüşçü Valeh Əkbərzadə ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Füzulinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Milyonların ürəyinə köç edən şəhid Valeh Əkbərzadənin hünərdə, qeyrətdə, Vətənə sevgidə ona bənzər Murad adlı oğlu yadigar qalıb.
Zəfər
ORUCOĞLU.
Unikal.-
2024.- 10 dekabr, №46.- S.15.