Ölümsüz həyat

 

Şəhid kapitan Vüsal Tahir oğlu Quliyev 44 günlük haqq savaşımızda Vətən, xalq yolunda  özünü fəda etdiyinə görə əbədi bir ömür qazanıb. Bu, Vətən sevdalısı indi təkcə doğulub boya-başa çatdığı  cənub mirvarisi Lənkəranın deyil, bütün Azərbaycanın  qürur yeridir. Qərinələr keçəcək, gələcək nəsillərə də onun keçdiyi  şərəfli həyat yolu örnək olacaq.  Necə deyərlər, şəhidlər heç vaxt ölmür, səmada parlaq günəşə çevrilib mənən milyonların  könlünə   köç edirlər.

Ölümsüzlüyə qovuşan,  ürəklərin əbədi sakini olan  şəhid  Vüsal  Quliyev 39 yaşına qədəm qoydu.   Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində  bu münasibətlə  “Şəhidlər ölməz” adlı tədbir  baş tutdu.

Lənkəran şəhər İcra Hakimiyyəti rəsmilərinin, şəhid ailələrinin , Qarabağ müharibəsi əlillərinin, veteranların, rayon ictimaiyyəti nümayəndələrinin, şəhidin təhsil aldığı Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyasının müəllim və şagirdlərinin  qatıldığı tədbirdə əvvəlcə Vüsal Quliyevin şəxsi əşya və fotolarından ibarət sərgiyə baxış oldu. 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, ulu  öndər Heydər Əliyevin və  Vətən torpaqlarının azadlığı naminə şəhid olan qəhrəmanların  xatirəsini bir dəqiqəlik  sükutla yad etməklə tədbir başladı. Şəhid kapitanın  həyat yolunu özündə  yaşadan  video çarxın  nümayişindən  sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva  dedi:-Azərbaycan Prezidenti cənab İlham Əliyevin və rəşadətli  ordumuzun  qətiyyəti sayəsində 44 günə əzəli yurd yerimiz, 30 il əsarətdə olun Qarabağımız  düşmən işğalından azad edildi. Qazanılan möhtəşəm zəfər sayəsində həm də  ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsası qoyuldu.

Digər  natiqlər  bildirdilər ki,  Vüsal bizim fəxrimizdir.  Onun ömür yolu nə qədər qısa olsa da, o, gələcək nəsillər üçün bir şərəfli tarix yazıb. Vətənpərvərlik, cəsurluq, igidlik, mərdlik məktəbidir Vüsalın keçdiyi yol.  Belə ölümsüzlüyə qovuşan qəhrəmanları yad etmək, xatirəsini  əziz tutmaq  hər bir azərbaycanlının ən müqəddəs borcudur. Vüsalın axıtdığı qanla Qarabağımız canlanır, Vətən yaşayır.

Aşağı-Nüvədi kənd Sənətkarlıq Evinin müdiri Vüsal Bağırov Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Payızın 44 anı" kitabının müəlliflərindən   biri, şairə Xatirə Xatunun sözlərinə yazılan və musiqisini  Zəminə Tariyel qızı bəstələyən    Vüsal Quliyevə həsr olunan mahnını ifa etdi. Məktəblilərin, eləcə  şəhidin Vətənə əmanət qoyduğu  övladlarının ifasında səslənən  şerlər tədbirə özgə ovqat qatdı. Həmçinin Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Aygün Əkbərova çıxışında  ürəkləri riqqətə gətirən sözlər dedi   və şəhidin anasına yağlı boya ilə çəkilmiş  Vüsalın portretini təqdim etdi.

Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını  bildirdilər,  tədbirin təşkilində əməyi olan hər bir kəsə təşəkkür etdilər.

Uşaqlıqdan Vətənə sevgi, düşmənə nifrət ruhunda böyüyən   Vüsal Quliyev həyatını hərbiyə bağlayıb. Belə ki, orta təhsilini Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada alıb, Heydər Əliyev Ali Hərbi Məktəbinə daxil olub.  2007-ci ildə oranı leytenant kimi bitirib  Gəncə, Ağstafa, Ağcabədi, Beyləqan, Goran və Tərtərdə yerləşən hərbi hissələrdə Vətənə oğulluq borcunu  şərəflə, ləyaqətlə yerinə yetirib. Hərbin sirlərinə mükəmməl yiyələnib, hər an işğalçı  düşməndən qisas alacağı  günü gözləyib.  2020-ci ilin 27 sentyabrda arzuladığı məqam yetişib. Vüsal  ilik gündən kapitan rütbəsində  ön  cəbhəyə yollanıb, Vətən torpaqlarının  azadlığı naminə özünü odun-alovun içinə atıb.   Tərtər rayonu, Suqovuşan kəndində gedən ağır müharibə meydanında düşmənə qarşı son nəfəsə qədər döyüşüb şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra 3-cü dərəcəli  “Rəşadət” ordeninə,  “İgidliyə görə” “Vətən uğrunda” və  Füzulinin,  Qubadlının azadlığına görə medallarına layiq görülüb.  Otuz beş yaşında  əbədiyyət adlı dünyasına qovuşan  Vüsal  xalqına   iki qız, bir oğlan əmanət qoyub. Övladları da onun  kimi Vətənpərvər böyüyürlər...

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Unikal.- 2024.- 5 iyul, ¹23.- S.13.