Şəhid
Anarın Vətənə
sədaqət borcu...
İkinci Qarabağ müharibəsində
Vətən torpaqlarının
azadlığı uğrunda
silaha sarılıb əzəli və əbədi düşmənimiz
ermənilərin üzərinə
gedən qeyrətli oğullardan biri də Anar İlham
oğlu Mehdiyev olub. Bu Vətən sevdalımız müharibə
meydanında yağının kabusuna çevrilməklə
tarix yazır, 19 yaşında əbədi
ölümsüzlük - şəhidlik qazanıb. Elə buna görə
də onun ömür yolu nə qədər qısa olsa da, xalqın qəhrəmanlıq simvolu
kimi həmişə örnək göstəriləcək.
Torpaq uğrunda can qoyan Anar Mehdiyev 2001-ci il dekabrın 16-da Şabran rayonu, Zeyvə kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan ürəyində mənfur düşmənə qarşı kin, nifrət bəsləyən Anar orta məktəbi başa vurub, sevinə-sevinə ordu sıralarına yola düşüb. Yeganə amalı, məqsədi Vətəni göz-bəbəyi kimi qorumaq və məqamı gələndə son nəfəsinə qədər vuruşub müharibə meydanında yağı düşmənn ilan başını əzmək olub.
Bəli, cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində duran Anar Vətənini ürəkdən sevən, namuslu, vicdanlı gənc olaraq əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Xidmət zamanı bir qayda olaraq fallığı, nizam-intizamı ilə seçilib. Qatıldığı təlimlərdə komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirib. İşğalçı dığaların naqis əməllərinə qarşı həmişə barışmaz mövqeyini ortaya qoyan Anar nə edibsə yalnız Qarabağın azadlığını düşünüb. Odur ki, bu yolda ölümü də özünə şərəf sayıb...
Nəhayət, istəyinə çatıb, 27 sentyabrda 44 günlük haqq savaşımız başlanan kimi, qorxu nə olduğunu bilməyib, düşmənə qarşı ölüm-dirim mübarizədə qızmış pələngə dönüb. Vətənin qeyrətli, vicdanlı əsgər oğlu hər döyüşdə neçə-neçə erməni dığasının axırına çıxıb, onları lərzəyə salıb. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən ağır savaşda xüsusi qəhrəmanlıq nümunəsini göstərib. Düşmənə qan udduran Anar oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olaraq milyonların qəlbinə köç edib. Beləcə “Vətən uğrunda ölmək şərəfdir”, - deyən Anar arzusuna çatıb. Müqəddəs saydığı torpağı qanı, canı bahasına qoruyan igid əsgər doğma kəndində onun sinəsinə baş qoyub. Müharibə zamanı göstərdiyi şücaəti isə ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Zəfər
ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Unikal.-
2024.- 26 iyul, ¹26.- S.13.