Vüsallaşan həsrətli günlər...
Şanlı tariximizə qızıl hərflərlə yazılan
44 günlük İkinci
Qarabağ müharibəsində
canını sevdalandığı
Vətənə fəda
edən qəhrəman
oğullardan biri də 1990-cı il dekabrın 17-sində Lənkəran
rayonunun Yuxarı Nüvədi kəndində
anadan olan zəfər şəhidi Vüsal Kamran oğlu Kazımovdur. İki ali təhsilli,
Vətən torpağının
bütövlüyü uğrunda
hər an canından keçməyə
hazır olan Lənkəran elinin qəhrəman oğlu həqiqi hərbi xidmətini layiqincə yerinə yetirib və baş leytenant kimi doğmaların yanına qayıdıb. Bir müddət Lənkəran
şəhər gənclər
və idman idarəsinin nəzdində
Uşaq- Gənclər
İdman məktəbinin
direktoru vəzifəsində
çalışıb.
Baş leytenant
Vüsal Kazımov
2020-ci il 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistanın işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən
müharibəsinə könüllü
qatılıb. Füzuli
əməliyyatında, Cəbrayıl
və Xocavənd rayonunun işğaldan azadlığı naminə
böyük şücaət
göstərib. Döyüş
yoldaşları ilə
birgə hər dəfə müqəddəs,
ulu torpağın bağrına zəfər
bayrağı sancanda Vətənə olan sevgisi, yağıya nifrəti daha da alovlanıb.
Neçə-neçə ağır müharibə
meydanından qalib çıxan baş leytenant sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə
qəhrəmanlıqla şəhadətə
yüksəlib. 29 noyabr
2020-ci il tarixində Lənkəranın Yuxarı
Nüvədi kəndində
böyük izdihamla uğrunda canından keçdiyi torpağa tapşırılıb. Ölümündən
sonra 3-cü dərəcəli
"Vətənə xidmətə
görə" ordeni,
"Vətən uğrunda",
"İgidliyə görə”,
Xocavəndin, Füzulinin
azadlığı uğrunda
medalları ilə təltif edilib.
Təkcə öz ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün əziz olan Vüsalın yarımçıq
arzularını cücərdəcək
iki qız övladını bizlərə
əmanət qoyub. Nuray və Aynur…
Vətən müharibəsi şəhidi
baş leytenant Vüsal Kazımovun anım günündə Yuxarı Nüvədi kənd tam orta
məktəbində “Qarabağ
Azərbaycandır” adlı
tədbir keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
Taleh Qaraşovun, millət vəkilləri Anar İsgəndərovun və Elçin Mirzəbəylinin, Lənkəran-Astara
Regional Təhsil İdarəsinin
müdir müavini Rəhim Rəhimovun, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımovun, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri
İlqar Orucovun, şəhid ailələrin,
müharibə əlilləri
və iştirakçıların,
rayon sakinlərin iştirak etdiyi tədbirin rəsmi hissəsində Vətən
şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla anıldı, məktəblilər tərəfindən
Dövlət Bayrağı
zala gətirildi və Dövlət Himni oxundu.
Açılış nitqində Lənkəran
ŞİH başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycan
dövləti tərəfindən
şəhid ailələrinə
və müharibə əlillərinə böyük
qayğı vardır.
Bu istiqamətdə ardıcıl və sistemli işlər həyata keçirilir. Şəxsən dövlət
başçısı cənab
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə
xüsusi diqqət və qayğısı nəticəsində onların
sosial müdafiəsi,
mənzil təminatı,
mənzil-kommunal şəraiti
daimi yaxşılaşır.
Dövlət başçısı cənab
İlham Əliyevin “Şəhid olmaq — xalqına, tarixə və gələcək nəsillərə misilsiz
xidmət deməkdir” fikrini xatırladan icra başçısı
bunun şəhid məfhumunun mahiyyətini,
onun xalqımız üçün nə qədər müqəddəs
olduğunu ən dəqiq şəkildə
ifadə etdiyini vurğuladı. Onun sözlərinə görə,
şəhidlərin yerini
heç kim doldura bilməz, lakin onların ailələrinin yanında
olmaq, onların ruhuna ehtiram göstərmək hər
birimizin ən müqəddəs borcudur.
Millət vəkilləri
Anar İsgəndərov,
Elçin Mirzəbəyli
öz çıxışlarında
dedilər ki, qəhrəman şəhidlərimiz
öz canları bahasına 30 il işğalda qalan Vətən torpaqlarını
düşməndən azad
etdilər, xalqımızın
birliyini, iradəsini və gücünü bütün dünyaya göstərdilər. Azərbaycanın
bugünkü gücü,
sabitliyi, azad və müstəqil yaşamaq haqqı məhz şəhidlərin
misilsiz fədakarlığı
ilə bağlıdır.
Sinəsini Vətənə
sipər edənlər
sübut etdilər ki, Azərbaycan xalqı heç vaxt əyilməz, heç vaxt haqqından dönməz.
Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışında
şəhid Vüsal Kazımovun qəhrəmanlığı
və Vətən qarşısında göstərdiyi
fədakarlığı nümunə
göstərdi, şərəfli
ömür yolu gələn nəsillər
üçün örnək
olacağını dilə
gətirdi.
Şəhid atası, professor Kamran Kazımov öz növbəsində
tədbir iştirakçılarını
səmimi-qəlbdən salamladı,
övladının xatirəsinə
göstərilən yüksək
ehtirama görə məktəb rəhbərliyinə
və təşkilatçılara
dərin təşəkkürünü
bildirdi və dedi:- Vətən bayrağını
uca tutan şəhid millətin əbədi şərəf
zirvəsidir. Fəqət,
bu cür tədbirlər təkcə
şəhidlərin əziz
xatirəsinin yaşadılması,
onlara ehtiram deyil, həm də gənc nəslin Vətənə
sədaqət və dövlətçilik ruhunda
tərbiyəsinə mühüm
töhfə verir. Məktəb kollektivinin göstərdiyi diqqət və həssaslıq şəhid ailələrinə
mənəvi dayağın
ən ali nümunəsidir və bu münasibət hər bir azərbaycanlının
qəlbində xüsusi
hörmət doğurur...
Rəsmi çıxışlardan
sonra məktəblilər
tərəfindən şəhidlərin
əziz xatirəsinə
həsr olunmuş şerlər, poetik kompozisiyalar və “Azərbaycan”, “Mənim atam qəhrəmandır”,
“Ana Can”, “Vətən əmanəti”,
“Şəhid Vüsal
Kazımov”, “Qayıdıram
sənə Şuşa”,
“Cənab Leytenant” və digər vətənpərvər mövzulu
mahnılar tədbirə
özgə bir ovqat qatdı.
Tədbirin sonunda
məktəbin direktoru
Ramiz Ramazanov şəhid Vüsal Kazımovun qəhrəmanlığını
və Vtətən qarşısındakı fədakarlığını
bir daha alqışladı, onun xatirəsinə dərin ehtiramını bildirdi. O,
həmçinin məktəb
kollektivinə, tədbir
iştirakçılarına və qonaqlara təşəkkürünü və minnətdarlığını
ifadə edərək
göstərilən səylərin
şagirdlərin vətənpərvər
ruhda tərbiyəsinə
verdiyi töhfəni vurğuladı.
Həmçinin rəsmilər zəfər
şəhidi baş leytenant Vüsal Kazımov və Birinci Qarabağ müharibəsinin şəhidi
Mais Mirzəcanovun məzarını ziyarət
etdilər, Yuxarı Nüvədi kəndində
yerləşən Vüsal
Kazımov adına parkda oldular.
Yazımın tamamında Lənkəran
Dövlət Universitetinin
Mətbuat xidmətinin
rəhbəri, gözəl
qələm əhli Esmira İsmayılovanın
bundan bir il qabaq şəhid
Vüsal Kazımovla bağlı dediyi sözlər yadıma düşür: “ Vüsal
Kazımovun qəhrəmanlığı
göz qabağındadır.
Vüsal Kazımov məmur övladı olmasına baxmayaraq, həm də ailənin tək övladı olaraq Vətən müharibəsinə
şəxsən öz
istəyi ilə getdi. İnanıram ki, ona vətənpərvərliyi,
Vətənə sədaqəti
və müharibədəki
şücaətini nəzərə
alıb Milli Qəhrəman adını
verilməsindən ötrü
Müdafiə Nazirliyi
tərəfindən cənab
Prezidentə məruzə
olunar.”
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Unikal.-
2025.- 5 dekabr, ¹46.- S.13.