Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzindədir

 

«MasterCard Worldwide» beynəlxalq kart təşkilatı Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün lazım olan dəstəyi davam etdirir. Bu barədə Vergilər Nazirliyində «MasterCard» nümayəndələri ilə keçirilən görüşdə bildirilib. Qeyd olunub ki, təşkilat nağdsız ödəniş sisteminin genişləndirilməsinə dair strateji çərçivələrin hazırlanması, qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi baxımından, Mərkəzi Bankla yanaşı, Vergilər Nazirliyi ilə də yaxından əməkdaşlıq edəcək.

Tədbirdə «MasterCard»la Vergilər Nazirliyi arasında əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji tərəfdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib. Vergilər nazirinin müavini İlkin Vəliyev «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı»na dair Tədbirlər Planında Vergilər Nazirliyinə həvalə olunmuş işlərin icra vəziyyətindən danışıb. Bildirilib ki, nazirlik nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə siyasət sənədlərini hazırlayaraq Mərkəzi Banka təqdim edib. Bununla yanaşı, vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemində şəffaflığın və hesabatlılığın artırılması və digər istiqamətlərdə mühüm addımlar atılıb. Qeyd olunub ki, Vergilər Nazirliyi ölkədə nağdsız hesablaşmaların inkişafına və əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu sahədə beynəlxalq tendensiyaları da diqqət mərkəzində saxlayır.

«MasterCard»ın dövlət qurumları ilə üzrə direktoru Süleyman Sözeri Azərbaycan Mərkəzi Bankının moderatorluğu ilə həyata keçirilən «Nağdsız Azərbaycan» Proqramı çərçivəsində Azərbaycanda nağdsız ödənişlərin əhatə dairiəsinin genişləndirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə görə biləcəkləri işlərdən, təmsil etdiyi təşkilatın əldə etdiyi təcrübələrdən danışıb.

Görüşdə nağdsız ödəniş sisteminə keçidin texnoloji təminatından da bəhs edilib. Tərəflər Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və «MasterCard»ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini, Mərkəzi Bankla birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönəldilən «Nağdsız Azərbaycan» layihəsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Bu layihə çərçivəsində Mərkəzi Bankla birlikdə pilot təşəbbüs kimi seçilmiş Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün təşkil etdiyi stimullaşdırıcı tədbirlər də iştirakçıların diqqət mərkəzində olub. Qeyd olunub ki, artıq Naxçıvanda əhali arasında nağdsız ödənişlərin artırılmasına geniş dəstək göstərilir. Həmin pilot layihənin müsbət nəticə verəcəyi və yaxın vaxtlarda əhatə dairəsinin daha da genişlənəcəyinə inam ifadə olunub.

Bildirilib ki, nağdsız hesablaşmaların artırılması sahəsində irəliləyişə nail olmaq üçün «kölgə iqtisadiyyatı»nın azaldılması, elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi vacib şərtlərdəndir. Bu baxımdan, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi xüsusi önəm daşıyır. Çünki ikili mühasibat və bütövlükdə «kölgə iqtisadiyyatı»nın yüksək olduğu şəraitdə nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi zamanı ciddi problemlər ortaya çıxır. Odur ki, nağdsız ödəniş sisteminə keçid üçün sahibkarlıq fəaliyyətində uçotqeydiyyat, şəffaflıq və hesabatlılıq əsas prinsiplər sırasındadır.

Görüşdə Vergilər Nazirliyi ilə «MasterCard» arasında əməkdaşlıq münasibətlərinin inkişaf pers­pektivləri və ölkədə ödəniş kartları infrastrukturunun inkişaf etdirilməsinə dair məsələlər də müzakirə olunub. «MasterCard»ın nümayəndələri hazırkı qlobal trendlər,  Azərbaycanda nağdsız ödənişin genişləndirilməsinin perspektivləri, ölkədə uçotqeydiyyat sisteminin təkmilləşdirilməsi, vergi nəzarəti tədbirlərinin effektliyinin artırılması istiqamətində öz mümkün təsir imkanları barədə təkliflərini veriblər.

Sonda «MasterCard» təmsilçiləri səmimi qəbula görə Vergilər Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər, fəaliyyətlərində uğurlar arzu­­­layıblar. Qonaqlar nağdsız ödənişlərin genişləndirilməsi sahəsində Azərbaycanın dövlət orqanları, o cümlədən Vergilər Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

 

Elxan SALAHOV

 

Vergilər.- 2018.-24 oktyabr.- S.2.